"Kitabi-Dədə Qorqud"u dünyaya tanıdan xarici alimlər Bakıda

 

"Kitabi-Dədə Qorqud" abidəsinin alman şərqşünas alimi Heynrix Fridrix fon Dits tərəfindən üzə çıxarılması, nəşr edilməsi dünya elm aləminə tanıdılmasının 200 illiyi ilə bağlı 2015-ci il boyu keçirilən tədbirlərin hesabat xarakterli konfransı başlayıb. 

 

Bu barədə BSU-nun Mətbuat xidməti məlumat yayıb.

 

Azərbaycan Respublikasının Millətlərarası Multikulturalizm Dini məsələlər üzrə Dövlət Müşavirliyinin rəhbərliyi Mədəniyyət Turizm Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bakı Slavyan Universitetinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək konfransdan əvvəl BSU-da Dəyirmi masa olub. Dəyirmi masada ölkəmizdə səfərdə olan xarici elm adamları - türkoloqlar, qorqudşünaslar, BSU-nun tələbələri iştirak ediblər.

 

Tədbirin moderatoru, Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının sədri, professor Rəhilə Qeybullayeva  xarici qonaqları tələbələrə təqdim edərək bildirib ki, "Kitabi-Dədə Qorqud"un alman dilində ilk tərcüməsi nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı çərçivəsində həyata keçirilən layihələrə dünyanın tanınmış elm adamları böyük töhfələr veriblər: "1815-ci ildən bu günə qədər müxtəlif alimlər tərəfindən "Kitabi-Dədə Qorqud" dastanının təbliğatı təşviqatı ilə bağlı böyük işlər görülüb. Onun nəticəsidir ki, Azərbaycan xalqının mənəviyyat eposu olan bu dastan  multikultural dəyərlərimizi dünyada geniş təbliğ edə bilir".

 

Fikrət Türkmən: "Dastanın hər sətri ətrafında araşdırma aparaq"

 

İzmir Ege Universitetinin professoru Fikrət Türkmən "Kitabi-Dədə Qorqud" dastanının türk dünyasının şifahi xalq yaradıcılığında tutduğu əvəzsiz rolundan danışıb: "Dastanda hələ elm aləminə məlum olmayan söz deyimlər ətrafında araşdırmalar aparılır. Hər yeni kəşf insana möcüzə təsiri bağışlayır. Düşünürsən ki, belə tarixi olan, zəngin adət-ənənəyə malik toplum necə möhtəşəmdir. Biz alimlər dastanın nəinki hər boyu, hər sətri ətrafında diqqətli araşdırmalar apararaq türk xalqının qədər zəngin düşüncə tərzinə malik olduğunu göstərməliyik".

 

Mustafa Kaçalin: "Türk xalqı üçün hər il "Dədə Qorqud" ili olmalıdır" 

 

Marmara Universitetinin professoru Mustafa Kaçalin çıxışında Prezident İlham Əliyevin dastanın 200 illiyi ilə bağlı imzaladığı Sərəncamı yüksək qiymətləndirərək vurğulayıb ki, bu addım xalqın milli mənəvi dəyərlərinin dövlət siyasətinin əsasında dayandığının göstəricisidir: "Mən  "Kitabi-Dədə Qorqud" irsinin təbliğatı ilə bağlı qardaş ölkədə keçirilən silsilə tədbirlərin bir neçəsinə qatılmışam. Tədbirlərdə səslənən fikirləri, həmkarlarımla görüşləri, gördüyümüz işləri tez-tez xatırlayıram. Düşünürəm ki, bir toplumu dünyada ayaqda saxlayan əsas dayaq onun mədəniyyətidir. "Kitabi-Dədə Qorqud" dastanını oxuyanlar türk toplumunun böyük mədəniyyətə malik olduğunu aşkarca görürlər. Ona görə biz dastanla bağlı layihələrimizi dayandırmamalıyıq. Türk xalqı üçün hər il "Dədə Qorqud" ili olmalıdır".

 

David Qotsiridze: "Kitabi-Dədə Qorqud" bütün dünya xalqlarına nümunədir"

 

Tiflis Dövlət Universitetinin professoru David Qotsiridze "Kitabi-Dədə Qorqud"un özəlliyinə diqqət çəkərək, dastanın bütün dünya xalqlarına nümunə olduğunu deyib: "Əxlaq dəyərləri, milli mənəviyyata söykənən həyat tərzi, ərazinin əhalinin idarə olunması  bütün toplumlar üçün əxz ediləsi vacib şərtlərdir. "Kitabi-Dədə Qorqud" dastanında əksini tapan türk toplumunun həyat tərzi bu mənada başqa xalqlar tərəfindən mütləq dərindən öyrənilməlidir". 

 

Hendrik Bushoten: "...biz sizi sevdik"

 

Almaniyanın Maynz Universitetinin professoru Hendrik Bushoten həmvətəni olan Heynrix Fridrix fon Ditsin əməyinə, türkoloq alimin ruhuna Azərbaycanda göstərilən  hörmətə görə, başda cənab Prezident İlham Əliyev olmaqla Azərbaycan xalqına minnətdarlığını bildirib: "Mən Azərbaycanda bir neçə dəfə olmuşam. Sizin xalq həqiqətən "Kitabi Dədə Qorqud" dastanında əksini tapan dəyərləri özündə daşıyır. Tarixi, milli dəyərləri bu günə daşımağı bacaran xalqlar möhtəşəmdir. Öz növbəmdə mən Fridrix fon Ditsin ruhuna minnətdarlığımı bildirirəm ki, "Kitabi Dədə Qorqud" dastanını elm aləminə tanıtmaqla Azərbaycan xalqını gözəl tərəfləri ilə bizlərə göstərdi, biz sizi sevdik".

 

Fabio Salomon: "Kitabi-Dədə Qorqud"u oxudum, Şərqi gördüm"

 

Türkiyənin  Koç Universitetinin professoru, italiyalı alim Fabio Salomoni Homerin əsərləri ilə "Kitabi-Dədə Qorqud" dastanını müqayisə edib: "Homeri oxuyandan sonra gözlərimin qarşıs;nda Qərb ənənələri canlanırdı. "Kitabi -Dədə Qorqud"u oxudum, Şərqi gördüm. Bu dastan Şərqi tanıtmaq üçün gözəl vasitədir".

 

Aleksandr Bondarev: "Azərbaycan xalqı soykökü ilə fəxr etməli xalqlardandır"

 

Moskva Dövlət Linqvistik Universitetinin professoru Aleksandr Petroviç Bondarev müxtəlif ölkələrdə beynəlxalq tədbirlərin iştirakçısı olduğunu xatırladaraq, Azərbaycana gələndə rahat olduğunu, isti mühitə düşdüyünü vurğulayıb: "Azərbaycan xalqı soykökünü dərindən tanıyan onunla fəxr edən xalqlardandır. Bu xüsusiyyət azərbaycanlılara hörmət gətirir. Rus xalqı ilə Azərbaycan xalqını bir-birinə bağlayan tarixi köklər var. Bizim xalq da milli dəyərləri hər şeydən üstün tutur, Azərbaycan xalqı da. Bu oxşarlığımız dostluğumuzu əbədi olaraq saxlayır.

 

Pyaxin Georgi Vladimiroviç: "Dastanlar xalqlara dost olmağı öyrədir"

 

Rusiyada fəaliyyət göstərən "Xudojestvennaə literatura" nəşriyyatının direktoru, akademik Pyaxin Georgi Vladimiroviç dastanların xalq ruhunu ifadə etdiyi üçün əbədi olduğunu bildirib: "Əvvəllər iki dövlət arasında münasibətlər korlananda siyasət xalqların əlaqələrinə də təsir edirdi. Artıq çoxdandır ki, bu yanaşmaya son qoyulub. Türkiyə ilə Rusiya arasında soyuq yellər əsməsinə baxmayaraq, cəmiyyətin bir-birinə olan hörməti azalmayıb. Mənim azərbaycanlı dostlarım var ki, nə baş verməsindən asılı olmayaraq, onları əziz adamım hesab edirəm.  Dastanlar xalqlara dost olmağı öyrədir, mədəniyyət təbliğatçısı olması ilə millətləri insanlıq işığı ətrafında birləşdirir.  Türk dünyasının yaratdığı "Kitabi- Dədə Qorqud" eposu məhz bu gücə malikdir".

 

25 dilə tərcümə olunan "Basatın Təpəgözü öldürdüyü boy"

 

Alman şərqşünası Fridrix fon Dits 1815-ci ildə ilk dəfə "Kitabi-Dədə Qorqud" dastanı aşkara çıxararaq "Bastın Təpəgözü öldürdüyü boy"u alman dilinə çevirib geniş "Müqəddimə" ilə dünya elminə təqdim edib. Bu əsər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən olduğu kimi 25 dilə çevrilərək nəşr olunub.

 

Kitab dəyirmi masada qonaqlara hədiyyə edilib.

 

Ölkəmizdə qonaq olan xarici alimlər Azərbaycan Respublikasının millətlərarası multikulturalizmdini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin qəbulunda olublar. Azərbaycana növbəti dəfə dəvət aldıqları üçün  dövlət müşavirinə minnətdarlıqlarını bildirən qonaqlar bizim ölkəni özlərinin vətənləri hesab etdiklərini dilə gətiriblər və qeyd ediblər ki, Azərbaycanı beynəlxalq səviyyədə təqdim və tərənnüm etdiklərinə görə fəxr hissi keçirirlər.

 

525-ci qəzet.- 2015.- 23 dekabr.- S.7