Azərbaycan Yaponiyada
Beynəlxalq Mədəniyyət Festivalında
TƏDBİRDƏ ÖLKƏMİZİ HOKKAYDO UNİVERSİTETİNDƏ TƏHSİL ALAN ƏLİBƏY MƏMMƏDOV VƏ QABİL ƏLİYEV TƏMSİL EDİB
Dekabrın
19-da Yaponiyanın Hokkaydo Universitetində keçirilən Beynəlxalq
Mədəniyyət Festivalında Azərbaycan yüksək səviyyədə
təmsil olunub.
Qeyd
edək ki, sözügedən festival hər yeni il ərəfəsində
Hokkaydo Universiteti Xarici Tələbələr
Assosiasiyasının (HUISA) təşkilati dəstəyi və
sponsorluğu ilə keçirilir. Hokkaydo Universitetində 1822
xarici tələbə təhsil alır ki, bunlardan cəmi
ikisi azərbaycanlıdır. Onlardan biri isə məhz
sözügedən Hokkaydo Universiteti Xarici Tələbələr
Assosiasiyasının prezidenti, siyasi elmlər üzrə
doktorant tələbə Əlibəy Məmmədovdur.
Əlibəy
Məmmədov 2014-cü il may ayının 15-də ilk dəfə,
2015-ci il aprel ayının 23-də isə ikinci müddətə
universitetin xarici tələbələri tərəfindən
assosiasiyanın prezidenti seçilib. Onun sözlərinə
görə, hər il sözügedən mədəniyyət
festivalında bir-birindən gözəl, möhtəşəm
çıxışları izləmək üçün
yüzlərlə insan festivala qatılır. Bu il Sapporo şəhər
İcra Hakimiyyətindən yüksək vəzifəli şəxslərin
və şəhər ziyalılarının festivalı izləməyə
gəlməsi ilə də yadda qalan olub.
Beynəlxalq
Mədəniyyət Festivalı Hokkaydo Universitetinin dəstəyi
ilə ötən il olduğu kimi bu ildə universitetin ən
gözəl və geniş zallarından biri olan, eyni zamanda, ən
müasir tələblərə cavab verən "Klark"
zalında təşkil olunub. Əlibəy Məmmədov qeyd
edib ki, bu zalda festivalı keçirmək üçün hələ
ötən ildən universitet rəhbərliyinə müraciət
edilib. İştirakçılar öz milli geyimlərində
çıxış ediblər. Ən çox maraq dairəsində
olan çıxışlar isə milli rəqslər və
milli musiqilər olub.
Əlibəy
Məmmədovun sözlərinə görə, bu il
festivalın səviyyəsini daha da artırmaq məqsədilə
Sapporo Ohdori Lions Club və Hokkaydo Universiteti Beynəlxalq
Əlaqələr şöbəsinin üzvlərindən
ibarət münsiflər heyəti təşkil olunub və
maraqlı çıxışları ilə seçilən
iştirakçılara pul mükafatları da təqdim edilib.
Bundan əlavə, iştirakçılara yüksək keyfiyyətli,
Hokkaydo Universiteti Xarici Tələbələr
Assosiasiyasının, Hokkaydo Universitetinin, Sapporo Ohdori Lions
Club-un loqosu da daxil olan xüsusi sertifikatlar təqdim edilib.
Ə.Məmmədov
qeyd edib ki, o festivalın təşkilati işləri ilə həddindən
artıq məşğul olsa da, festivalda Azərbaycan rəqsləri
ilə bağlı xüsusi çıxış edib. Əvvəlcə
Hokkaydo Universitetinin Xarici Tələbələr
Assosiasiyasının prezidenti kimi 2015-ci ildə əldə
etdiyi uğurlardan danışan həmyerlimiz bildirib ki, 2015-ci
ildə ilk böyük işləri cari ilin fevral ayında
Sapporo şəhərində keçirilən və 1 həftə
ərzində 2 milyondan çox turistin qatıldığı
Sapporo Beynəlxalq Qar Festivalında tarixdə ilk dəfə
olaraq Azərbaycanın təmsil olunması olub.
Ə.
Məmmədov qeyd edib ki, Yaponiyada Qar Festivalında Azərbaycanın
təmsil olunması bir tarixi hadisə idi.
Universitetin
xarici tələbələri, məktəblilər, şəhər
ziyalılarının yaxından iştirakı və Sapporo
Ohdori Lions Clubun maliyyə dəstəyi ilə12-ci əsrin
tarixi abidəsi sayılan Qız Qalası və Azərbaycanın
milli geyimlərində olan həmyerlilərimizin qarda heykəlcikləri
hazırlanıb.
Qeyd
edək ki, Qız Qalası və Milli geyimlərin qardan heykəlciklərinin
hazırlanması təşəbbüsü ilə həmyerlimiz
Ə.Məmmədov hələ 2014-cü ilin oktyabr ayında
çıxış edib.
Ə.
Məmmədov çıxışının ikinci hissəsini
Azərbaycan toylarının ayrılmaz bir parçasına
çevrilən "Naz eləmə" rəqsinə yönəldib.
O izləyicilərə "Naz eləmə" rəqsi
haqqında açıqlama verərək, onun Azərbaycan cəmiyyətində
olan yerindən söz açıb. Rəqslə bağlı
professional video nümayiş etdirilib. O qeyd edib ki,
çıxış bitdikdən sonra bir çox insanlar Azərbaycan
rəqsləri ilə bağlı öz xüsusi
maraqlarını ifadə ediblər. Onların içərisində
Azərbaycana getmək istədiklərini bildirənlər də
az olmayıb.
Hokkaydo
Universitetinin Biznesin İdarəsi və Menecment fakültəsi
üzrə magistr təhsili alan digər həmyerlimiz Qabil
Əliyev Beynəlxalq Mədəniyyət Festivalında
uğurla çıxış edərək Azərbaycan
musiqisi haqqında ətraflı məlumat verib.
O
bildirib ki, Azərbaycan musiqisinin kökləri qədim
dövrlərə dayanır: "Qobustanda qayaüstü rəsmlərdən
(yallı-rəqs) başlayaraq, Azərbaycanda melodiya və ritm
zənginliyi ilə fərqlənən çoxlu sayda
mahnılar var. Bundan əlavə Azərbaycanın klassik musiqi
sərvəti olan muğamlar milli musiqi mədəniyyətinin
əhəmiyyətli bir hissəsini təşkil edir. Azərbaycan
musiqi sənəti tarixinə çoxlu görkəmli
muğam ustaları - ifaçılar daxildir. Onlar arasında
Qarabağ xanəndələrinin xüsusi yeri var.
Mirmövsüm Nəvvab, Cabbar Qaryağdıoğlu, Xan
Şuşinski, Bülbül və digərlərinin
adlarını çəkmək olar."
Daha
sonra Q.Əliyev "Kitabi-Dədə Qorqud" dastanından
bizə gəlib çıxan qopuz, saz, aşıq sənəti
haqqında məlumat verib, xalq musiqisindən
danışıb. O Azərbaycanda, həmçinin, caz, rok,
pop kimi müasir musiqi janrlarının inkişaf etdiyini
xüsusilə vurğulayıb.
Çıxış
zamanı Azərbaycanın Xalq artisti Çingiz Mehdiyevin
ifasında "Qaval daşı", Mənsum İbrahimovdan
"Səni qəmli görəndə", Alim Qasımov və
Fərqanə Qasımovanın muğamla sintez şəklində
ifa etdiyi "Say it right (Nelly Furtado)" mahnısı səsləndirilib.
Daha
sonra Q.Əliyev 1965-ci ildə ekranlaşdırılan Çar
hakimiyyətinə qarşı qiyamı əks etdirən
"Yenilməz batalyon" filminin musiqisi haqqında məlumat
verib və mahnını canlı ifa edib. Onun canlı ifası
izləyicilərdə xüsusi maraq oyadıb. Sonda filmdən
fraqment səsləndirilib.
Qeyd
edək ki, hər iki həmyerlimiz Yaponiyanın Azərbaycandakı
Səfirliyində keçirilən imtahanlarda birinci yerə
çıxaraq (Əlibəy Məmmədov 2011-ci ildə,
Qabil Əliyev 2013-cü ildə), Yaponiya hökumətinin
dövlət təqaüdləri hesabına Hokkaydo
Universitetində təhsil almağa göndəriliblər.
Onu
da əlavə edək ki, ötən il olduğu kimi bu ildə
festivalda İndoneziya, Banqladeş və Hindistan təmsilçiləri
xüsusi fəallıqları ilə seçiliblər. Sonra
çıxışçılar və münsiflər heyəti
ilə xatirə şəkli çəkilib.
Ceyhun ABASOV
525-ci qəzet.-
2015.- 23 dekabr.- S.3