Günelin "Kağız gəmilər"i
GƏNC YAZIÇI GÜNEL NATİQƏ AÇIQ MƏKTUB
Açıq məktubları kimlər kimlərə
hansı məqsədlə yazır, mən bunun fərqində
deyiləm, mənə elə gəlir ki, "açıq məktub"
məxfi söhbət üçün açardı.
Deyirəm,
ay Günel, şər deməsən, xeyir gəlməz, bəlkə
sənin bu "Kağız gəmilər"in düşəydi
bir qrofamanın əlinə, heç bilirsən bir qədər
əvvəlindən, bir az ortasından, azacıq da
axırından oxuyub nə yazardı?.. Bilirsən,
nə? Hə, yazardı ki, necə yəni
"Kağız gəmilər?" Bəyəm
biz bilmirik kağız gəmilərin taleyini? Gölməçəyə
salandan azacıq sonra islanıb batır və
qarışır o gölməçənin
zığına-palçığına... Hə,
indi bu minvalla nə söyləmək istəyirsən? Demək istəyirsən ki, bizim gənclərin
arzuları ümidləri o kağız gəmilər kimi
batığ, qarışıb
zığa-palçığa? Yazardı
ki, niyə şəkk gətirərsən, insanların
içindəki işıqlı sabahlara, nurlu gündüzlərə?
Yazardı ki, başlayaq elə "Kağız gəmilər"dəki
birinci hekayədən (əgər buna hekayə demək caizsə?) -"Kələmin
içindən çıxmış qızın nağılı"ndan;
sənin ədəbi qəhrəmanlarından biri məşhur
"On iki stul" əsərinə istinad edərək deyir:
"...o bütün dünya elmlərinə yiyələndikdən
sonra süpürgəçi işləyirdi". Bu nə deməkdi yoldaş Günel? Budurmu sənin vətəndaşlığın?
Sən niyə bu işıqlı cəmiyyətə
qara yaxırsan? Bəyəm sən bilmirsən
ki, bizim irfan çobanlarımızın xətri indi necə əziz
tutulur? Onların üzünə cəmiyyətdə
açılan qapılardan xəbərin yoxdurmu?
Barmağını yum, bircəciyin say, de görüm o
süpürgəçilik eləyən irfan çobanı
kimdi? Əlbəttə, istisnalar ola bilər,
amma elmi fəzalarda qanad çalanlarımız daha çoxdu,
axı, amma sən onları görmürsən, əvəzində
yuxu görürsən: "...və hər dəfə yuxudan
oyananda varlığının sevincini yaşamağa macal
tapmamış yoxluğunu dərk edir və onu yenidən
itirirəm". Nə qədər pessimist
düşüncə? Gənc yazarın missiyası
oxucunu pərvazlandırıb uçurtmaqdı, üzmək
yox!!!
"Sərgi salonunun ən kədərli
"eksponatı". Guya bu hekayə
başlığıdır? Balam, belə
də ad olar? Bəyəm sən "ədəbiyyat
nəzəriyyəsi"ndən bu qədər xəbərsizsən?
Nə isə... Adı hekayə qoyulmuş bu cızma-qaradan
belə çıxır ki, əsas personaj "bər-bəzəkli
mebelləri, göz oxşayan aksessuarları, möhtəşəm
texniki cihazları ilə tamaşaçılara adrenalin kimi təsir
etmiş bir sərgi salonunda yalnız orda səslənən
melodiyanı "görə" bilir və etiraf edir ki, o
italyan musiqiçisinin "eşitdiyim andan qəlbimə hopan
o qeyri-adi musiqisi olmasaydı, bu insan çoxluğunda
özümü balaca, yalqız bir balıq kimi hiss etməkdə
davam edəcəkdim".
Nə isə, bu italyan musiqiçisi çalır və
personaj da başlayır bu coşqun, cahanşümul təntənədə
sızıldamağa. Və başlayır bu əcnəbi
musiqiçiyə də şər atmağa; guya o ömrü
boyu insanlardan təcrid yaşayıb və öz "qərib
ruhunun sehirli kədəri üçün..."
çalıb və çalır. Görürsənmi,
sərginin təntənələri,
tamaşaçıların üzündəki səadət
nurunu təsvir etmək əvəzinə hansı yerdən qan
çıxartmaq, hansı budağı silkələmək
istəyirsən?
Yoldaş
Günel, sən yazırsan ki, içimdəki səsləri
tökməyə yer axtararkən ayağım gölməçələrdə
islanır, kağız gəmilər kirli sularda
büzüşüb palçığa
qarışırdı. Ay bərəkallah! Bəyəm
sənin içindəki səslər noğul-nabatdı ki,
harasa boşaldasan? Daha sonra, yenə həmin
cızma-qarada yazırsan ki, "dönüb evə
qayıtdım. Yenə doğma divarlar.
Qısır divarlar. Barsız
divarlar. Olsa-olsa onlar boşluqlara hamilə
qala bilərdi". Balası, axı sən
niyə "barsız divarlar"dan bar umursan? Cənnət timsallı bağlarımıza nə gəlib?
O ki qaldı "qısır divarlar"ın boşluqlara
hamilə qalmasına, bu nağıllarda ola
bilər, amma məsələ burasındadır ki, sən
nağıllarımızı da məsxərəyə
qoyursan, axı. Deyirsən ki, Cırtdanla Devin
ortaq nöqtələri var və hətta bu ortaqlıq
onların arasında olan fərq qədər böyük
miqyasdadır. Və sonra da soruşursan "Bəs bu necə
ola bilər?" Bilirsən,
de də. Oxucudan niyə soruşursan?
Maraqlıdır, yox, yox, gülməlidir ki, "Qara bəxtim
oyanmazmı?" cızma-qarasında bu mövzuya yenidən qayıdırsan və müəmmalı bir Cin rəvayətinə
əsaslanaraq yazırsan: "...Bir-birinə zidd qütblərdə
daim çevrilmə gedir, bu nəzəriyyəyə görə,
AĞI QARANIN, QARANI İSƏ AĞIN DAXİLİNDƏ
AXTARMAQ LAZIMDIR". Nə deyim Vallah, tapsan bizə
də papaq elə.
"Çiskinli
günün yağmur duası"nda iki ayağını bir
başmağa dirəyib deyirsən: "Payız
yağırdı". A balam, bu payız -ana təbiətin
bu ruzi-bərəkət fəsli-yağışdı, doludu,
qardı yağa? İndi tay
keçib, pis yaxşı duadı da yazmısan. Amma yazmamısan ki, bu duanı neyləyək?
Gündə beş dəfə dilimizin
ucunda söyləyək? Yoxsa,
çınqılı bir torbaya salıb sancaqla
cılıqqamıza (canlığımıza) pərçim
eləyək? "...Yağmur
duası"nda yazırsan ki, mənim də payızım var,
hər mövsümdə içimdə, gözümdə,
saçlarımda hiss etdiyim payızım, öz yolunu gözləyən
payızım. Bu payızın da öz
payızı var bəlkə də.
Balası, necə yəni "bəlkə də?" Bu
yaradıcılıq sənin üçün tapmacadı?
Yeri gəlmişkən, mən "Kağız gəmilər"i
vərəqləyəndə hiss elədim ki, sən folklorun
tapmaca "bucağında" da (nə üçünsə)
sintez aparırsan və nağılların sonunda göydən
düşən almaları da, bu almaları yetişdirən
ağacları da öz istədiyin kimi
"sızıldadırsan" və hərdən şeirlərinə
istinad etdiyin Vaqif Bayatlı kimi oxuculara təlqin etməyə
çalışırsan ki: "...Yaşamaq bir ağac
kimi...". Balası, niyə İNSAN kimi yox,
ağac kimi? Hələ sonra da kommunist Nazim Hikmətin
misralarını yada salırsan:
"Yaşamaq
bir ağac kimi tək və hür
Və bir orman kimi qardaşcasına".
İncimə,
balası, avazın yaxşı gəlir, oxuduğun
...
"Kağız gəmilər"i vərəqləyəndə
mən belə qandım ki, sənin oxuduğun yalnız Marina
Svetayeva, Pasternak, Mayakovski, Transtromer, Hemenquey, Brodski, Əziz
Nesin, Mandelştam və s. solaxay (məcazi mənada!!!)
yazıçılar, şairlərdi.
Mandelştam
haqqındakı "portret məqalə"nin
adı da ölüm saçır! "Sözün
ölümə gedən yolu!" O.Mandelştam
haçansa yazmağa bir şey tapmayanda yazıb ki, dünya ədəbiyyatı
nümunələrini mən iki hissəyə bölürəm:
İcazəli yazılanlar və icazəsiz yazılan əsərlər.
Əvvəlcədən icazə verilmiş
şeylər barədə yazanların mən üzünə
tüpürmək, başlarına dəyənəklə
vurmaq istəyirəm".
Günel
yoldaş, lap tutaq ki, O.Mandelştam ac qaldığı
günlərin birində, acından belə bir şey
qaralayıb, bəs de görüm bu gözəl dövranda sən
bu qaralamanı "işıqlandırmaqda" nə məqsəd
güdürsən?
Yenə
qayıdaq O.Mandelştam haqqındakı "portret"ə.
Guya bir yumoristik şeiri ilə "Ellər atası"na, rəhbərə
atmaca atan O.Mandelştam haqqında Buxarin deyib ki, "yoldaş
Stalin, Mandelştama dəymə, şairlər həmişə
haqlıdır, tarix onların tərəfindədir". Hə indi, Günel yoldaş, nə demək istəyirsən?
Demək istəyirsən ki, "tarixə
düşmək" xətrinə "icazəli əsərlər"
yazmayaq? Nədən, kimdən yazmaq
yasaqdırsa, onlardan yazaq?
İosif Brodski haqqında elə yazırsan ki, guya Sovet
hökuməti əslən yəhudi olan bu şairə göz
verib, işıq verməyib. Onda gəl lap açıq
danışaq, əgər Sovet hökuməti ona göz verib,
işıq verməsəydi, o, Nobel ödülünə layiq
görülərdimi? 50 yaşında
İtaliyada mühacirətdə olarkən rus mənşəli
itlayan tələbəsinə - Mariya Sotsaniyə vurula və
sonra da o qızı "eşqin toruna" salıb ala bilərdimi?
Hələ də məşədi İbada
gülürüksə, bəs o Brodskini niyə qınamayaq?
Xəbərin varmı, sənin o Brodskin Soveit hökumətində
cəmi 8 il təhsil görüb və 8
illik təhsillə də ABŞ universitetlərində dərs
deyib. Bu, Sovet təhsilinin uğuru deyil, bəs nədir?
Bilmirəm, xəbərin var, ya yox. Sənin
o Brodskin axırdan axıra, bu yazıdan iraq,
tüpürdüyünü yalayıb, yazıb ki,
başınıza gələnlər üçün
heç vaxt, heç kimi, heç nəyi - dövləti,
xalqı, tarixi, valideynlərinizi, uşaqlarınızı,
günün doğuşunu - günahlandırmayın. Çünki günahı başqa yerdə
axtardığınız vaxt həyatınızda nəyisə
dəyişmək əzmini və cəsarətini itirirsiniz.
Mənə gülməli gələn yazılarından biri də qardaş Türkiyə haqqında ömrü boyu gülməli şeylər yazan, öz türk arkadaşlarını satira, yumor atəşi altında saxlayan Əziz Nesin haqqında qaraladıqlarındı. Allah səni güldürsün!
"...Yaşamaq bəlkə də ölümü gözləməklə gözəldir..." Guya bu Əziz Nesinin öz dilindən çıxan sözdür. Olsun! Amma sənin xəbərin varmı ki, bu Məhəmməd hümməti - müsəlman olan Əziz Nesin son vəsiyyətində nə söyləyib? Deyib ki, mənim nəşimi kəfənləyib məzara qoymayın, verin Tibb fakültəsinin tələbələrinə ki, yarıb təcrübə aparsınlar. Bəs müsəlmançılıq, bəs şəriət? Bax budur sənin əziz Əziz Nesinin. Belə çıxır ki, Sənin bu Əziz Nesinin atalıq hissindən də "sakat" (yəni səqqət) imiş. Ölənə yaxın yazıb qoyub ki, kitablarımdan toplanan paranı internat məktəbə vəsiyyət edirəm, öz uşaqlarım çörəkpulunu öz əllərinin zəhmətilə qazanmalıdırlar.
"İnsan yalnız dedikləri üçün deyil, həm də susduqları üçün məsuliyyət daşıyır". Bu da Əziz Nesinin sözüdür. Bəyənib, seçdiyin sözü. İndi, yoldaş Günel mən sənin "Kağız gəmilər"ini oxuyandan sonra bir çoxları kimi susa da bilərdim, amma fikirləşdim, bir halda ki, danışanda da, susanda da məsuliyyət daşıyıram, ürəyimi boşaldım. Boşaltdım ki, izim qalsın, sənin nağıl qəhrəmanların demişkən, tikmədim özüm qalam, tikdim ki, izim qala...
Yeri gəlmişkən sənin bir efir həmkarın var, Təranə Vahid, onun da kitabını vərəqlədim və gördüm ki, o öz yazı-pozusuyla səndən də uzağa getməyə can atır! Biz ölmüşük, bəyəm, hələ gör bu yaxınlarda, qəzetdə olmasa da, saytlarda ona nə toy tuturam.
S.A. Hə, Günel, bütün bunlar sənə bir qrafomanın söyləmək istədikləridi. O ki qaldı mənə, sənin "Kağız gəmilər"in məni bir neçə gün sadəcə oxucuya çevirdi. Çoxdan idi ki, heç bir toplu məni bu qədər məşğul etməmişdi.
Hörmətlə, Məmməd ORUC
525-ci qəzet.-
2015.- 24 dekabr.- S.8.