"Nabat" bizim taleyimizdir

 

 

 

“Bu film öz poetikasına görə film-ikonadır. Beləsi Azərbaycan kinematoqrafiyasında hələ indiyəcən olmayıb”.

 

Aydın Talıbzadə

 

Belə təmiz - həyati kadrları axırıncı dəfə hardasa görmüşəm, amma harda?! Film ilk kadrlardan məni tutur. Süd bankası qucağında kəndə gedən bu qadını da tanıyıram. Bu cığırlar da mənə tanışdı... Dumanlı dağlar, yal-yamac, işıq dirəkləri, qırmızıpapaq evlər, paltar sərilmiş şəritlər, ölümünə fitfa verilmiş kəndin adamı diksindirən, üşüdən, vahimələndirən sükutu... bir , bir Nabat Ananın çarəsizliyi, fədakarlığı ümidi...

 

"Nabat" filmi uzun quraqlıqdan - 22 ildən sonra Azərbaycan kinosuna yağan narın yağışdı. Qarabağ mövzusunda çəkilən ən təsirli, ən uğurlu filmlərdən biridir. Müharibədən bəhs etsə , "Nabat" ağı, yuğlama estetikasından işıq ili qədər uzaqdı. Filmdə bir damla göz yaşı axmır, amma "Nabat" başdan-ayağa göz yaşıdı. Bu göz yaşının içindən polad iradəli bir qadının doğulduğu torpağın yeddi qatına kök atan sevgisi, bu sevginin içində ölümü öldürən ümidi Azərbaycan qadınının vüqarı boylanır.

 

"Nabat" Qarabağ dərdlərini, Qarabağ insanının gözə görünməyən hisslərini, yaşantılarını uzun illərdən sonra tamaşaçıya yaşadan, xatırladan filmdir.

 

Film həm bir qadının, bir Ananın timsalında evini, yurdunu, torpağını tərk etməyən, taleyi bugünəcən müəmmalı qalan insanların xatirəsinə xəfif hörmət ehtiramdı. Ən əsası, "Nabat" müharibə mövzusunda milli ruhda çəkilən bəşəri filmdi.

 

 Tanınmış teatrşünas Aydın Talıbzadənin dediyi kimi: "Nabat" dünya ilə müasir kino dilində danışan bir filmdir; elə bir film ki, özünə "arthaus", "intellektual kino" parametrlərində yer bulur".

 

Əgər belə olmasaydı, dünyanın nüfuzlu kinofestivalları "Nabat"ı belə heyranlıqla qarşılamaz, dinindən, irqindən, milliyyətindən asılı olmayaraq tamaşaçılar "Nabat"ı belə ürəkdən sevməz, alqışlamazdı.

 

"Nabat" necə yarandı, necə oldu ki, bu film qısa vaxt ərzində beynəlxalq festivallarda bu qədər uğur qazandı?

 

Filmin ideyası hələ Qarabağda döyüşlər gedən zaman sənədli filmlər studiyasında işləyən rejissor Elçin Musaoğlunu düşündürməyə başlayır. Bu ideya əsasında rejissorun atası tanınmış yazıçı Musa Quluzadə "Qarı qartal" povestini yazır illər sonra Elçin Musaoğlu dostu Elxan Nəbiyevlə birlikdə bu povest əsasında film ssenarisi yazaraq arzusunu gerçəkləşdirir.

 

Filmin adı da təsadüfən seçilməyib. Rejissor belə deyir: "Nabat həyat deməkdir. Mən sonra gördüm ki, filmin adı qədər düzgün seçilib. Festivalda hamı "Nabat" sözünü gözəl tələffüz edirdi bu, mənim xoşuma gəlirdi. Adın mənası da uyğun gəlirdi - həyat verən. Mən filmimi bizim Analara həsr etdim. Əslində bu film müharibə əleyhinə çəkilmiş ekran əsəridir".

 

İşğal zamanı sakinlər kəndi tərk edir Nabat adlı qadın axınla yox, axına qarşı gedərək evini, kəndini, torpağını tərk etmir.

 

Rejissor Elçin Musaoğlu bir gecədə yoxa çıxmış kəndin mənzərəsini ən incə detalına qədər, miniatür lövhələrlə, ən əsası, həyatın bir parçası kimi ekrana gətirir.

 

Uzun illər meşəbəyi işləyən İsgəndər kişinin evi kənddən xeyli aralıdır. Oğlu şəhid olub, özü yataq xəstəsidir, arvadı Nabat günaşırı kəndə gedib süd satır. Əvəzində qənd-çay alıb evlərinə qayıdır. Son vaxtlar kənddə pis xəbərlər dolaşır, təkəmseyrək köçlər gözə dəyir. Nabat xəstə ərinə gördüklərini, eşitdiklərini yox, ümidli nələrsə danışır. bir gün kəndə gələndə kəndi yerində tapmır...

 

Uğursuzluq uğursuzluq dalınca gəlir, İsgəndər kişi ölür, qadın təkbaşına ərini min bir əziyyətlə dəfn edir, inəkləri yoxa çıxır, evlərinin ətrafında boz qurd peyda olub Nabata hayan olur.

 

Müharibə Nabat arvadla boz qurdu yaxınlaşdırır: Nabat arvad yerini-yurdunu, oğlunun məzarını, xəstə ərini qoyub getmədiyi kimi, boz qurd da yuvasını, balalarını qoyub gedə bilmir.

 

Silahı, sursatı olmayan Nabat Ana kəndi folklorumuzdakı hikmətlə qoruyur: şəri işıqla qovub uzaqlaşdırır.

 

Nabat Ana hər axşam kəndin bütün evlərində lampa yandırıb pəncərənin önünə qoyur, düşmən tərəf günlərlə kəndin yaşadığını zənn edib yaxın düşmür. Tərslikdən neft get-gedə qurtarır. Lampalar yanmasa, fəlakət olacaq, kənd öləcək.   

 

Nabat Ana kəndin ölümünü görməmək üçün ölümü seçir, amma yenə ümidini itirmir, qapının ağzında oturaq vəziyyətdə sanki kiminsə yolunu gözləyirmiş kimi dünyasını dəyişir... Öləndən sonra belə ümidi itmir, inanır ki, kimsə gələcək, mütləq gələcək... film işıqlı, ümidli sonluqla bitir...

 

Xatırladaq ki, Mədəniyyət Turizm Nazirliyinin sifarişi ilə 2014-cü ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan "Nabat" tammetrajlı bədii filminin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Elçin Musaoğlu Elxan Nəbiyev, quruluşçu operatoru Abdulrəhim Beşarat (İran), prodüseri Müşfiq Hətəmovdur.

 

Ekran əsərində əsas rolları Fatimə Motamed Arya (İran), Vidadi Əliyev, Ramin Zeynalov, Sabir Məmmədov başqaları oynayırlar.

 

"Nabat"ın uğurlarından biri düzgün aktyor seçimidir. Elçin Musaoğlu Nabat roluna İranın məşhur aktrisası Fatimə Motamed Aryanı dəvət etməklə daha bir uğura imza atdı. Tamaşaçı Fatiməni Nabat kimi tanıdı, nabat kimi sevdi "Nabat" kimi qəbul etdi.

 

Fatimə Motamed Arya müsahibələrinin birində "Nabat" filmi barədə ürəyindən keçən sözləri səmimi şəkildə etiraf etdi: "Filmin ssenarisini, hadisənin lentə alındığı yeri, Nabat obrazını çox bəyəndim, sözün həqiqi mənasında çox sevdim. Nabata olan məhəbbətim nəticəsində Azərbaycan dilini öyrəndim. Çəkilişlər zamanı isə özümü əsl Azərbaycan qadını kimi hiss edirdim. Düşünürəm ki, bir Nabat olaraq mən artıq azərbaycanlıyam".

 

Filmdə aktyor Vidadi Əliyevin İsgəndər rolu da həyatiliyi, gerçək yaşantıları ilə yadda qalır.

 

"Nabat"ın uğurunda quruluşçu operator Abdulrəhim Beşaratın (İran) əməyi göz qabağındadı. Filmdə kameranın gözündən heç nə yayınmır, kameranın arxasındakı insanın həssaslığı film boyu izlənilir.

 

"Nabat" qısa vaxt ərzində İtaliya, ABŞ, Braziliya, Yaponiya, Estoniya, Mərakeş, Kanada, Almaniya, Hindistan, Türkiyə, İran kimi ölkələrin ən nüfuzlu film festivallarında iştirak etdisevildi...

 

Dünyanın ən qocaman və Avropanın dörd böyük kino yarışmasından biri olan 71-ci Venesiya Film Festivalında ilk dəfə olaraq Azərbaycanın tammetrajlı "Nabat" filmi kinofestivalın əsas müsabiqədən sonra ikinci vacib bölümdə "Horizontlar" proqramında nümayiş olundu, "Nabat" filmi 27-ci Tokio Beynəlxalq Film Festivalında iştirak etdi, Almaniyanın 63-cü Mannheim-Heidelberg film festivalında 3 mükafata layiq görüldü, İranda keçirilən 33-cü Fəcr Beynəlxalq Film Festivalının "East Panorama" müsabiqə proqramında  "Nabat" "Ən yaxşı rejissor" mükafatını qazandı.

 

Vyanada "LETS CEE" Beynəlxalq Film Festivalında "Ən yaxşı baş rol ifaçısı" nominasiyasında Nabat rolunun ifaçısı Fatima Motamed Arya qalib elan olundu.

 

3-cü İstanbul Boğaziçi Film Festivalında isə "Nabat" "Ən yaxşı aktrisa" ödülünə layiq görüldü."Nabat"ın festival həyatı davam edir...

 

 "Nabat" həm də Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün kinematoqrafiyamızın əlinə düşən fürsətdi. Sadəcə bu fürsəti qaçırmamalıyıq, Elçin Musaoğlunun fərqli rejissor məktəbindən yararlanıb kino xəzinəmizi zənginləşdirməliyik.

 

Dünyanın nüfuzlu kütləvi informasiya vasitələri də "Nabat" filminə biganə qalmayıb və bu film barədə çoxsaylı silsilə yazılar çap olunub. İtaliyanın məşhur onlayn jurnalı olan "ArtsLife" jurnalı "Nabat" filmi barədə"Müharibəyə qarşı mübarizə aparan tənha qadın" "Nabat: una donna sola contro la guerra") sərlövhəli yazı çap edib ki, bu yazıda filmin süjet xətti, rejissor işi, aktyor oyunu barədə oxuculara dolğun məlumat verilir. Yazının müəllifi Gaetano Moraca "Nabat"ı müharibə mövzusunda həssaslıqla çəkilən və müharibələri pisləyən film kimi təhlil edir.

 

Aydın Talıbzadənin "Nabat" filmi barədə yazdığı "Olumölüm arasında dözüm" yazısı bu film barədə "film" kimi bir yazıdır və yeri gəldikcə bəzi məqamları nəzərinizə çatdırdım.

 

Sonluğu da Aydın Talıbzadənin Elçin Musaoğlu barədə dediyi sözlərlə bitirmək istəyirəm:

 

"...Mən burada türk rejissorları Semih Kaplanoğlu ilə, Nuri Bilgə Ceylan ilə salamlaşdım, İran kinosundan Abbas Kəyarüstəmini, Möhsün Məhməlbəfi tanıdım, rus kinosundan Andrey Tarkovskini gördüm. Onu da gördüm ki, Elçin Musaoğlu bu rejissorların sənət konseptlərini öz kinematoqrafiyasında "əridib" və dünya kinosunun bir nömrəli adları siyahısına öz adını da yazdırıb. Bu, Elçin Musaoğlunun kinematoqrafiyasıdır: bu, Elçin Musaoğlunun üslubudur. Vallah da ki, ƏHSƏN! ".

 

Belə uğurlu sonluğundan sonra heç nə deməyəcəm. Amma yazımın əvvəlində belə təmiz - həyati kadrları hardasa gördüyümü demişdim.

 

Elçin Musaoğlu bir gecədə boşaldılmış, yoxa çıxmış kəndimizi ekrana gətirmişdi, Elçin Musaoğlu qonşu kənddə yaşayan, oğlunun məzarını qoyub getməyən Ədil kişinin, oğluyla kəndlərini tərk etməyən, torpağını tərk etməyən yüzlərlə insan taleyini "Nabat"da əbədiləşdirmişdi. Evindən, yurdundan, torpağından ayrı düşən insanlar üçün "Nabat"a baxmaq çox ağırdı. Çünki o bizim taleyimizdir...

 

Təranə VAHİD

525-ci qəzet.- 2015.- 24 dekabr.- S.7.