"Nabat" bizim taleyimizdir
“Bu film
öz poetikasına görə film-ikonadır. Beləsi Azərbaycan
kinematoqrafiyasında hələ indiyəcən olmayıb”.
Aydın
Talıbzadə
Belə təmiz
- həyati kadrları axırıncı dəfə hardasa
görmüşəm, amma harda?! Film ilk kadrlardan məni tutur.
Süd bankası qucağında kəndə gedən bu
qadını da tanıyıram. Bu cığırlar da mənə
tanışdı... Dumanlı dağlar, yal-yamac, işıq
dirəkləri, qırmızıpapaq evlər, paltar sərilmiş
şəritlər, ölümünə fitfa verilmiş kəndin
adamı diksindirən, üşüdən, vahimələndirən
sükutu... Və bir də, bir də Nabat Ananın çarəsizliyi,
fədakarlığı və ümidi...
"Nabat"
filmi uzun quraqlıqdan - 22 ildən sonra Azərbaycan kinosuna
yağan narın yağışdı. Qarabağ mövzusunda
çəkilən ən təsirli, ən uğurlu filmlərdən
biridir. Müharibədən bəhs etsə də,
"Nabat" ağı, yuğlama estetikasından
işıq ili qədər uzaqdı. Filmdə bir damla göz
yaşı axmır, amma "Nabat" başdan-ayağa
göz yaşıdı. Bu göz yaşının içindən
polad iradəli bir qadının doğulduğu torpağın
yeddi qatına kök atan sevgisi, bu sevginin içində
ölümü öldürən ümidi və Azərbaycan
qadınının vüqarı boylanır.
"Nabat"
Qarabağ dərdlərini, Qarabağ insanının gözə
görünməyən hisslərini,
yaşantılarını uzun illərdən sonra
tamaşaçıya yaşadan, xatırladan filmdir.
Film həm
də bir qadının, bir Ananın timsalında evini, yurdunu,
torpağını tərk etməyən, taleyi bugünəcən
müəmmalı qalan insanların xatirəsinə xəfif
hörmət və ehtiramdı. Ən əsası,
"Nabat" müharibə mövzusunda milli ruhda çəkilən
bəşəri filmdi.
Tanınmış teatrşünas
Aydın Talıbzadənin dediyi kimi: "Nabat" dünya ilə
müasir kino dilində danışan bir filmdir; elə bir film
ki, özünə "arthaus", "intellektual kino"
parametrlərində yer bulur".
Əgər
belə olmasaydı, dünyanın nüfuzlu kinofestivalları
"Nabat"ı belə heyranlıqla qarşılamaz, dinindən,
irqindən, milliyyətindən asılı olmayaraq
tamaşaçılar "Nabat"ı belə ürəkdən
sevməz, alqışlamazdı.
"Nabat"
necə yarandı, necə oldu ki, bu film qısa vaxt ərzində
beynəlxalq festivallarda bu qədər uğur qazandı?
Filmin
ideyası hələ Qarabağda döyüşlər gedən
zaman sənədli filmlər studiyasında işləyən
rejissor Elçin Musaoğlunu düşündürməyə
başlayır. Bu ideya əsasında rejissorun atası
tanınmış yazıçı Musa Quluzadə
"Qarı və qartal" povestini yazır və illər
sonra Elçin Musaoğlu dostu Elxan Nəbiyevlə birlikdə
bu povest əsasında film ssenarisi yazaraq arzusunu gerçəkləşdirir.
Filmin
adı da təsadüfən seçilməyib. Rejissor belə
deyir: "Nabat həyat deməkdir. Mən sonra gördüm
ki, filmin adı nə qədər düzgün seçilib.
Festivalda hamı "Nabat" sözünü gözəl tələffüz
edirdi və bu, mənim xoşuma gəlirdi. Adın mənası
da uyğun gəlirdi - həyat verən. Mən filmimi bizim
Analara həsr etdim. Əslində bu film müharibə əleyhinə
çəkilmiş ekran əsəridir".
İşğal
zamanı sakinlər kəndi tərk edir və Nabat adlı
qadın axınla yox, axına qarşı gedərək evini,
kəndini, torpağını tərk etmir.
Rejissor
Elçin Musaoğlu bir gecədə yoxa
çıxmış kəndin mənzərəsini ən incə
detalına qədər, miniatür lövhələrlə, ən
əsası, həyatın bir parçası kimi ekrana gətirir.
Uzun illər
meşəbəyi işləyən İsgəndər
kişinin evi kənddən xeyli aralıdır. Oğlu şəhid
olub, özü yataq xəstəsidir, arvadı Nabat
günaşırı kəndə gedib süd satır. Əvəzində
qənd-çay alıb evlərinə qayıdır. Son
vaxtlar kənddə pis xəbərlər dolaşır, təkəmseyrək
köçlər gözə dəyir. Nabat xəstə ərinə
gördüklərini, eşitdiklərini yox, ümidli nələrsə
danışır. Və bir gün kəndə gələndə
kəndi yerində tapmır...
Uğursuzluq
uğursuzluq dalınca gəlir, İsgəndər kişi
ölür, qadın təkbaşına ərini min bir əziyyətlə
dəfn edir, inəkləri yoxa çıxır, evlərinin ətrafında
boz qurd peyda olub Nabata hayan olur.
Müharibə
Nabat arvadla boz qurdu yaxınlaşdırır: Nabat arvad
yerini-yurdunu, oğlunun məzarını, xəstə ərini
qoyub getmədiyi kimi, boz qurd da yuvasını, balalarını
qoyub gedə bilmir.
Silahı,
sursatı olmayan Nabat Ana kəndi folklorumuzdakı hikmətlə
qoruyur: şəri işıqla qovub uzaqlaşdırır.
Nabat Ana hər
axşam kəndin bütün evlərində lampa
yandırıb pəncərənin önünə qoyur,
düşmən tərəf günlərlə kəndin
yaşadığını zənn edib yaxın
düşmür. Tərslikdən neft get-gedə qurtarır.
Lampalar yanmasa, fəlakət olacaq, kənd öləcək.
Nabat Ana kəndin
ölümünü görməmək üçün
ölümü seçir, amma yenə də ümidini itirmir,
qapının ağzında oturaq vəziyyətdə sanki
kiminsə yolunu gözləyirmiş kimi dünyasını dəyişir...
Öləndən sonra belə ümidi itmir, inanır ki, kimsə
gələcək, mütləq gələcək... Və film
işıqlı, ümidli sonluqla bitir...
Xatırladaq
ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə
2014-cü ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm"
kinostudiyasında istehsal olunan "Nabat" tammetrajlı bədii
filminin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari
müəllifləri Elçin Musaoğlu və Elxan Nəbiyev,
quruluşçu operatoru Abdulrəhim Beşarat (İran),
prodüseri Müşfiq Hətəmovdur.
Ekran əsərində
əsas rolları Fatimə Motamed Arya (İran), Vidadi
Əliyev, Ramin Zeynalov, Sabir Məmmədov və
başqaları oynayırlar.
"Nabat"ın
uğurlarından biri də düzgün aktyor seçimidir.
Elçin Musaoğlu Nabat roluna İranın məşhur
aktrisası Fatimə Motamed Aryanı dəvət etməklə
daha bir uğura imza atdı. Tamaşaçı Fatiməni
Nabat kimi tanıdı, nabat kimi sevdi və "Nabat" kimi qəbul
etdi.
Fatimə Motamed Arya müsahibələrinin birində "Nabat" filmi barədə ürəyindən keçən sözləri səmimi şəkildə etiraf etdi: "Filmin ssenarisini, hadisənin lentə alındığı yeri, Nabat obrazını çox bəyəndim, sözün həqiqi mənasında çox sevdim. Nabata olan məhəbbətim nəticəsində Azərbaycan dilini öyrəndim. Çəkilişlər zamanı isə özümü əsl Azərbaycan qadını kimi hiss edirdim. Düşünürəm ki, bir Nabat olaraq mən artıq azərbaycanlıyam".
Filmdə aktyor Vidadi Əliyevin İsgəndər rolu da həyatiliyi, gerçək yaşantıları ilə yadda qalır.
"Nabat"ın uğurunda quruluşçu operator Abdulrəhim Beşaratın (İran) əməyi göz qabağındadı. Filmdə kameranın gözündən heç nə yayınmır, kameranın arxasındakı insanın həssaslığı film boyu izlənilir.
"Nabat" qısa vaxt ərzində İtaliya, ABŞ, Braziliya, Yaponiya, Estoniya, Mərakeş, Kanada, Almaniya, Hindistan, Türkiyə, İran kimi ölkələrin ən nüfuzlu film festivallarında iştirak etdi və sevildi...
Dünyanın ən qocaman və Avropanın dörd böyük kino yarışmasından biri olan 71-ci Venesiya Film Festivalında ilk dəfə olaraq Azərbaycanın tammetrajlı "Nabat" filmi kinofestivalın əsas müsabiqədən sonra ikinci vacib bölümdə "Horizontlar" proqramında nümayiş olundu, "Nabat" filmi 27-ci Tokio Beynəlxalq Film Festivalında iştirak etdi, Almaniyanın 63-cü Mannheim-Heidelberg film festivalında 3 mükafata layiq görüldü, İranda keçirilən 33-cü Fəcr Beynəlxalq Film Festivalının "East Panorama" müsabiqə proqramında "Nabat" "Ən yaxşı rejissor" mükafatını qazandı.
Vyanada "LETS CEE" Beynəlxalq Film Festivalında "Ən yaxşı baş rol ifaçısı" nominasiyasında Nabat rolunun ifaçısı Fatima Motamed Arya qalib elan olundu.
3-cü İstanbul Boğaziçi Film Festivalında isə "Nabat" "Ən yaxşı aktrisa" ödülünə layiq görüldü."Nabat"ın festival həyatı davam edir...
"Nabat" həm də Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün kinematoqrafiyamızın əlinə düşən fürsətdi. Sadəcə bu fürsəti qaçırmamalıyıq, Elçin Musaoğlunun fərqli rejissor məktəbindən yararlanıb kino xəzinəmizi zənginləşdirməliyik.
Dünyanın nüfuzlu kütləvi informasiya vasitələri də "Nabat" filminə biganə qalmayıb və bu film barədə çoxsaylı silsilə yazılar çap olunub. İtaliyanın məşhur onlayn jurnalı olan "ArtsLife" jurnalı "Nabat" filmi barədə"Müharibəyə qarşı mübarizə aparan tənha qadın" "Nabat: una donna sola contro la guerra") sərlövhəli yazı çap edib ki, bu yazıda filmin süjet xətti, rejissor işi, aktyor oyunu barədə oxuculara dolğun məlumat verilir. Yazının müəllifi Gaetano Moraca "Nabat"ı müharibə mövzusunda həssaslıqla çəkilən və müharibələri pisləyən film kimi təhlil edir.
Aydın Talıbzadənin "Nabat" filmi barədə yazdığı "Olum və ölüm arasında dözüm" yazısı bu film barədə "film" kimi bir yazıdır və yeri gəldikcə bəzi məqamları nəzərinizə çatdırdım.
Sonluğu da Aydın Talıbzadənin Elçin Musaoğlu barədə dediyi sözlərlə bitirmək istəyirəm:
"...Mən burada türk rejissorları Semih Kaplanoğlu ilə, Nuri Bilgə Ceylan ilə salamlaşdım, İran kinosundan Abbas Kəyarüstəmini, Möhsün Məhməlbəfi tanıdım, rus kinosundan Andrey Tarkovskini gördüm. Onu da gördüm ki, Elçin Musaoğlu bu rejissorların sənət konseptlərini öz kinematoqrafiyasında "əridib" və dünya kinosunun bir nömrəli adları siyahısına öz adını da yazdırıb. Bu, Elçin Musaoğlunun kinematoqrafiyasıdır: bu, Elçin Musaoğlunun üslubudur. Vallah da ki, ƏHSƏN! ".
Belə uğurlu sonluğundan sonra heç nə deməyəcəm. Amma yazımın əvvəlində belə təmiz - həyati kadrları hardasa gördüyümü demişdim.
Elçin Musaoğlu bir gecədə
boşaldılmış, yoxa çıxmış kəndimizi
ekrana gətirmişdi, Elçin Musaoğlu qonşu kənddə
yaşayan, oğlunun məzarını qoyub getməyən
Ədil kişinin, oğluyla kəndlərini tərk etməyən,
torpağını tərk etməyən yüzlərlə
insan taleyini "Nabat"da əbədiləşdirmişdi.
Evindən, yurdundan, torpağından ayrı düşən
insanlar üçün "Nabat"a baxmaq çox
ağırdı. Çünki o bizim taleyimizdir...
Təranə
VAHİD
525-ci qəzet.-
2015.- 24 dekabr.- S.7.