Mərhum şair Məmməd Aslanın 75 illiyi qeyd edilib

 

 

Ötən gün Azərbaycan Yazıçılar Birliyində (AYB) bu yaxınlarda dünyasını dəyişmiş görkəmli şair Məmməd Aslanın 75 illik yubileyi ilə bağlı tədbir keçirilib.

 

Şairin xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra tədbirin aparıcısı - publisist Əlövsət Ağalarov şairin yaradıcılıq yolu barədə çıxış edib.

 

Xalq şairi Sabir Rüstəmxanlı Məmməd Aslanla dostluğundan söz açaraq, onun insan şair kimi məziyyətlərindən danışıb: "Məmməd Aslan ömrü boyu kiminsə qulluğunda yaşamayıb, kiminsə minnətini götürməyib. Rəsmi protokollarla qiymətləndirilən şair olmayıb. Onun balaca bir dünyası var idi, o da Məmməd Aslan dünyası idi. Əslində, şairin dünyası bir az da Kəlbəcərlə bağlıdır. Kəlbəcərin dünyası qədər zəngindirsə, sözü o qədər zəngindir. Məmməd Aslan həmin təbiətin, sözün yadigarı idi".

 

Tənqidçi Vaqif Yusifli çıxışında şairin şeirlərinin aşıq, ozan ədəbiyyatı ilə bağlılığını poeziyamızda rolunu vurğulayıb.

 

Filoloq İlham Məmmədli, şairlər Adil Cəmil, Qəşəm Nəcəfzadə başqaları çıxış edərək şairin yaradıcılığından söhbət açıb, xatirələrini bölüşüblər.

 

MÜŞFİQ

525-ci qəzet.- 2015.- 24 dekabr.- S.7.