Sənətin ziyalılıq zirvəsi:
Cahangir Zeynalov
Azərbaycan teatr tarixində elə aktyorlar var ki, onlar
milli səhnə sənətimizin təşəkkülünün
sütunları əzəmətindədirlər.
Bu gün yüksək inkişaf mərhələsində
inamla addımlayan milli teatrımızın əzəmətli
sütunlarından biri də Cahangir Zeynalovdur.
Əvvəla onu deyim ki, Cahangir Zeynalov səhnə sənətimizdə
bir sıra özəlliklərin yaradıcısıdır. Onlardan bir
neçəsini xatırlayaq.
Cahangir Zeynalov Azərbaycanda ilk peşəkar üç
aktyordan birincisidir.
Cahangir
Zeynalov Azərbaycanda "Ev teatrı"nın
ilk və yeganə yaradıcısıdır.
Cahangir Zeynalov Azərbaycan realist aktyor məktəbinin
banisidir.
Cahangir
Zeynalov Azərbaycanda aktyorluq sənətinin nəzəri-estetik
prinsiplərini müəyyənləşdirib qələmə
alan ilk nəzəriyyəçi
aktyor-teatrşünasdır.
Cahangir
Zeynalov Azərbaycan teatrında səhnə
yaradıcılığına yubiley keçirilən ilk
aktyordur (30 noyabr 1910-cu il).
Cahangir Zeynalov tacirliklə yanaşı, paralel olaraq
aktyorluq, müəllimlik ("Səfa" məktəbində)
edən, teatr təşkilatçısı kimi fəaliyyət
göstərən ("Nicat" və "Səfa"
truppalarında) ilk azərbaycanlıdır.
Cahangir
Zeynalov Azərbaycanda bir qrup kasıb səhnə fədailərinə
teatr mövsümündə hər ay müəyyən donluq
(maaş) verən ilk ziyalıdır.
Cahangir Zeynalov Azərbaycanda ilk qüdrətli aktyordur ki,
şəxsiyyəti cəmiyyətin bütün təbəqələrində
(adi fəhlədən tutmuş Bakı milyonçularına,
dövlət dumasına qədər) ehtiramı hər yerdə
uca tutulub.
Cahangir Zeynalov Azərbaycanda ilk aktyordur ki, Bakıda yaşayan
tatar, rus, gürcü, yəhudi, polyak... ziyalıları onun sənətinə
və şəxsiyyətinə böyük ehtiram və rəğbət
bəsləyiblər.
Cahangir Zeynalov Azərbaycanda ilk aktyordur ki, Bakıda
açılan qiraətxanaya xeyli sayda təmənnasız
kitab bağışlamışdır. "Səfa"
kitabxanasına müxtəlif adda 50 kitab hədiyyə
etmişdi.
Cahangir
Zeynalov o nadir ziyalılardan idi ki, 20-25 yaşlarında zəngin
kitabxanası vardı və hər il bu xəzinəsini
yeni-yeni əsərlərlə zənginləşdirirdi.
Cahangir Zeynalov dünyada mövcud olan türk dilli xalqların
ilk üç peşəkar, yüksək
professionallığa malik aktyorlarından biridir.
Və nəhayət,
Cahangir Zeynalov Azərbaycan peşəkar teatrının tarixində qüdrətli
nəsil səcərəsi yaradan ilk aktyordur, Onun özü
(1886 - 1918-ci illər), aktrisa qızı Nəsibə xanım
Zeynalova (1932 - 2004-cü illər), nəvəsi aktyor və
rejissor, pedaqoq Cahangir Novruzov (1971-ci ildən indiyədək)
milli teatr tariximizdə parlaq səhifələr yazıblar.
Təbii ki, bu siyahını bir qədər də uzatmaq
olar. Ancaq və di gəl ki, bu insan ilk növbədə
Azərbaycan teatrının qüdrətli simalarının
ilk üçlüyünə daxil olduğuna görə mən
də onun ləyaqətlə yaşanan ömür yolunun bu
qoluna xüsusi diqqət ayırmaq istəyirəm.
lll
Milli teatrımızın fəxri Kərbalayi Cahangir
Zeynalov 1865-ci ildə Bakıda doğulub. Atası Məşədi
Rza kimi Cahangir də tacirlik etmişdir.
Onun ziyalılığına çıraq tutmaq
üçün qısaca şəkildə bunları
xatırlatmaq istəyirəm. Cahangir bəy
Əncuman məktəbində ibtidai təhsil
almışdı. Geniş mütaliəsi
vardı. Öz üzərində işləməklə
rus, ərəb, fars və fransız dillərini
mükəmməl bilirdi. İstanbulda olan
dostları ilə Osmanlı türkcəsində məktublaşırdı.
Şəxsi kitabxanasında klassik türk ədibləri
Əbdülhəq Hamidin, Namiq Kamalın və Şəmsəddin
Saminin kitabları vardı. Klassik Azərbaycan
və Şərq poeziyasını sevirdi, həmçinin dünya
dramaturgiyasından, XVIII - XIX əsr Avropa nəsrindən xəbərdar
idi. Ticari işlərini başa vurandan
sonra vaxtını səhnədə, mütaliədə,
ziyalılarla görüşlərdə, xeyriyyə məqsədilə
düzənlənən müsamirələrdə keçirərdi.
Onun dostluq etdiyi maarifçi ziyalılardan bir neçəsinin
adını xatırladıram: Həsən bəy Zərdabi,
Nəcəf bəy Vəzirov, Nəriman Nərimanov,
Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir bəy Hacıbəyli,
Hüseyn Ərəblinski, Səməd Mənsur...
Mən Cahangir Zeynalovu nə həyatda, nə səhnədə
görməmişəm. Görə də bilməzdim, çünki mən
ustadın ölümündən 31 il sonra
dünyaya gəlmişəm.
Aya, əcəba, bəs məni cəsarətləndirən
nə olub ki, Cahangir Zeynalov haqqında, onun səhnə
yaradıcılığı barədə fikir söyləməyə
cəhd göstərmişəm?
Azərbaycan teatrı, xüsusən onun təşəkkülünün
ilk mərhələsinin inkişaf ritmi və müxtəlif
teatr truppalarının formalaşma prosesi barədə
oxuduğum kitablardan Cahangir Zeynalov haqqında məlumatlar
almışam.
Xüsusən fədakar tədqiqatçı
Qulam Məmmədlinin sənədləri yığıb
toplayaraq tərtib etdiyi Cahangir Zeynalovun yaradıcılıq
salnaməsi kitabından çox bəhrələnmişəm.
Akademik Milli Dram Teatrı haqqında 3 cildlik kitab (1873 - 2014)
üzərində işləyəndə zəngin arxiv
materialları ilə tanış
olmuşam. Bu arxiv materiallarında Cahangir
Zeynalovun oynadığı tamaşalar, ona keçirilən təntənəli
yubiley haqqında hədsiz məlumatlar var. Elə məlumatlar
ki, nəinki bir məqaləyə, hətta cild-cild kitablar
yazmağa bəs edər.
Ən əsası odur ki, Cahangir Zeynalovun səhnə fəaliyyəti
barədə heç olmasa məqalə yazmaq hər bir
teatrşünasın mənəvi borcudur.
Cahangir Zeynalov yaradıcılığına müraciət
etməyimizin əsaslarından biri də odur ki, biz nəsil
teatrsevərlər onların əkib-becərdikləri,
ucaltdıqları sənət ağacının
yarpaqlarıyıq. Onlara qibləgah kimi baxırıq.
Bir də
məsələ ondadır ki, mən Cahangir Zeynalovu ruhən
çox yaxşı duyuram, hiss edirəm və xəyalən
onu səhnədə hansısa rolda təsəvvür edirəm.
Xüsusən mənə elə gəlir ki, onu Vəzir Mirzə
Həbib, Hacı Qara ("Lənkəran xanının vəziri",
"Hacı Qara", Mirzə Fətəli Axundzadə),
Hacı Qənbər ("Hacı Qənbər", Nəcəf
bəy Vəzirov) rollarında görmüşəm.
Səhnəyə ilk dəfə 1885-ci ilin Novruz
bayramında çıxıb.
Bu vaxtlar
o vaxtlar idi ki, Mirzə Fətəli Axundzadə 7 il idi dünyasını dəyişmişdi.
Bu vaxtlar o vaxtlar idi ki, Azərbaycanın teatr fədailəri
bayramlardan bayramlara (əsasən Orucluq, Qurban və Novruz
bayramlarında) tamaşalar oynayardılar.
Bu vaxtlar o vaxtlar idi ki, Bakıda hələ kiçik və
pərakəndə şəkildə fəaliyyət göstərən
truppa yox idi.
Bu vaxtlar o vaxtlar idi ki, teatr tamaşalarını müəllimlər,
türk-rus məktəbinin şagirdləri təşkil edib
oynayırdılar.
Bu vaxtlar o vaxtlar idi ki, Cahangirlə birlikdə səhnəyə
çıxanlardan yalnız müəllim Əbülfət Vəli
(1885-ci ildən) və Məhəmməd Əlvəndi (Məlikov.
1890-cı ildən) ömürlərinin sonuna kimi teatr deyilən
sənətdən ayrılmadılar.
Bu vaxtlar o vaxtlar idi ki, XIX əsrin sonlarında, XX əsrin
əvvəllərində Bakıda teatr sənətinin
inkişafında misilsiz xidmətləri olan Nəcəf bəy
Vəzirov Petrovski-Razumovski Akademiyasının Meşəçilik
şöbəsini bitirərək İrəvan
quberniyasının Dilican nahiyəsində meşəbəyi
işləyirdi. Əbdürrəhim bəy Haqverdiyev hələ
Şuşada realnı məktəbdə, Nəriman Nərimanov
Gürcüstanda Qori müəllimlər seminariyasında
oxuyurdular. İlk teatr truppasını
yaratmaq istiqamətində səmərəli işlər
görmüş Sultanməcid Qənizadə və Həbib bəy
Mahmudbəyov Tiflisdəki Aleksandrovski Müəllimlər
İnstitutunda təhsil alırdılar. Üzeyir bəy
Hacıbəyli isə Cahangir səhnəyə
çıxandan altı ay sonra doğulub...
SSRİ
Xalq artistlərindən Mirzağa Əliyev səhnəyə
ilk dəfə Cahangir Zeynalovdan 16 il sonra (1901-ci il), Sidqi Ruhulla
23 il sonra (1908-ci il), teatr fədaisi Hüseyn Ərəblinski
12 il sonra (1897-ci il), Xalq artistləri Hüseynqulu Sarabski 17 il
sonra (1902-ci ildə), Abbasmirzə Şərifzadə 23 il sonra
(1908-ci il) çıxıblar...
Bütün bunları nə üçün
xatırladıram?
Xatırladıram ona görə ki, baxın görün
tarixin belə bir mürəkkəb gərdişli zamanında
Cahangir Zeynalov səhnəyə məhəbbətində sadiq
fədai olması ilə necə möhtəşəm cəngavərlik
edib. Yaratmaq eşqinin atəşi onu heç vaxt tərk
etməyib. Aktyorun sənət
yanğısı onun qəlbinə, davranışına hakim
kəsilən səmimiyyətlə birləşərək
ifa etdiyi obrazlara təbiilik ruhu aşılayırdı.
Peşəkar teatrımızın təşəkkül
tapmasından sonra rol üzərində nəzəri prinsiplərlə,
bədii mətnin ideya yükünə uyğun şəkildə
yaradıcı axtarışlarla işləyən Cahangir
Zeynalov olub. Buna görə də onun iafasında hər hansı
səhnə surtinin inkişaf xəttini ifadəli
aydınlıqla görmək mümkün idi.
Cahangir
Zeynalovun (sonralar onun bünövrəsini qoyduğu ənənəni
Hüseyn Ərəblinski davam etdirdi). Bakıda
fəaliyyət göstərən Lanskoy, Şorşteyn,
Aqriptseva kimi aktyorların truppaları ilə yaxından
yaradıcılıq əlaqəsi vardı. Onların hazırladıqları, eyni zamanda qastrola gələn
kollektivlərin tamaşalarına müntəzəm
baxırdı. Hətta 1916 - 1918-ci illərdə
baxdığı tamaşalar barədə rəylərini, sənət
və sənətkarlıq barədə düşüncələrini,
nəzəri-təcrübi qənaətlərini,
yürütdüyü mühakimələrini təcəssüm
etdirən fikirlərini traktat səpkisində "Teatro dəftərçəsi"
("Əxz etdiyim hərəkətlər") adı ilə
yazıb. Müəyyən vərəqləri itmiş həmin
dəftərçə Cəfər Cabbarlı adına
Azərbaycan Teatr Muzeyində saxlanılır.
"Teatr dəftərçəsi"ni oxuyarkən birmənalı şəkildə o qənaətə gəlmək olur ki, Cahangir Zeynalov dünya şöhrətli qələm ustadlarından Uilyam Şekspirin "Hamlet" və "Otello", Fridrix Şillerin "Qaçaqlar", Aleksandr Ostrovskinin "Gəlir yeri", Aleksandr Puşkinin "Xəsis cəngavər", İohan Volfanq Hötenin "Faust" dramlarını, Cüzeppe Verdinin "Riqoletto" operasının librettosunu və partiturasının özəlliklərini dərindən bilib. Bu əsərlər barədə dəyərli təhlili fikirlər söyləyib.
Maddi imkanı geniş olan Cahangir Zeynalov aktyorlara həmişə əl tutur, təmənnasız pul yardımı edirdi. O, indiki Azərbaycan və Dilarə Əliyeva küçələrinin kəsişməsində yerləşən Şahmat klubunun yerindəki şəxsi evində yaşayırdı. Bu ərazi həmin dövrdə bazar küçəsi adlanırdı. Evinin şimal pəncərələri Quba meydanına açılırdı. Hər iki məkan gur ticarəti ilə məşhur idi. Ağa Cahangir böyük bir vaxtını məşq üçün ayırmışdı. Hətta otağın baş hissəsində səhnə də düzəltdirmişdi. Mirzağa Ağayev, Hacıağa Abbasov, Məhəmməd Əlvəndi, Əbülfət Vəli, Hüseyn Ərəblinski, Mirmahmud Kazımovski kimi aktyorlar, səhnə fadiləri olan müəllimlər Sultanməcid Qənizadə, Həbib bəy Mahmudbəyov və digər səhnə vurğunları həmin zalda məşq etmiş, tamaşalar hazırlamışlar. Cahangir Zeynalov məşqdən sonra iştirakçıların hamısına bir yerdə süfrə açardı. Ümumiyyətlə maddi imkanı geniş olan Cahangir Zeynalov aktyorlara həmişə əl tutur, pul yardımı edərdi.
Tarixdən məlumdur ki, Hacı Zeynalabdin Tağıyevin teatr binası həmişə əcnəbilərin, xüsusən uzun illər Polonskinin icarəsində olub. Onun truppasında Pyotr Krayevski adlı məşhur komik olub. XX əsrin ilk onilliyinin ikinci yarısında Cahangir Zeynalov onunla danışıb ki, gənc aktyorlar Mirzağa Əliyev, Hacıağa Abbasov və daha bir neçə səhnə həvəskarı ilə məşğələlər aparsın, onlara ustad dərsləri versin. Krayevski razılaşıb və bu köməkliyinə görə hər ay Cahangir bəydən zəhməthaqqı alıb. Hacıağa Abbasov öz xatirələrində yazır ki, Krayevskinin sənət təlimləri bizim üçün kiçik məktəb idi.
(Ardı var)
İlham RƏHİMLİ
525-ci qəzet.- 2015.- 24 dekabr.- S.6.