Gözün aydın, tənhalıq

 

 

Qatarlanıb alnımdakı qırışlar,

Artıq qəlbdə qəm ilməli naxışlar.

Çıxıb getdin, gedəmmədim, bağışla,

Sənsiz həyat yaman dadsız olubdur.

 

Həsrət bir gün səni də qollarına alacaq. Sıxacaq, sıxdıqca sən heydən düşəcəksən. Ehtiyacın qolları kimi, vüsalın şirinliyi kimi güclüdür bu qollar. Amma insanı yaşadan bir qüvvə var... Onun iç dünyası və bu dünyanın sakinləri... Təsəllin Ananın yeni və əbədi evi olacaq. Burada sürən səssizlik, sükut... Bəzən bu sakitlik də səni bezdirəcək, sənə elə gələcək ki, bu günləri haçansa yaşamısan. Bəzən bir çimdik rahatlıq axtaracaqsan, gözlərinin yorğunluğuna səpmək üçün. Mən də bunları yaşamışam, doğmalarımı itirdiyim günlərdə...

 

Nurəngiz Gün sevənlər Mahnı Teatrına toplaşmışdılar. Bir-bir gələn dəvətliləri qarşıladın. Zala göz gəzdirib, hər şeyin yerində olmasına nəzarət etdin. Özünəməxsus kübarlıqla, təmkinlə, mədəniyyətlə hamını salamlayıb yerinə keçdin. Ssenari necə qurulmuşdursa, hər şey öz axarı ilə gedirdi. Qonaqlar Nurəngiz Günün şəninə, gözəlliyinə, istedadına, xanımlığına, qələminə, vətənpərvərliyinə, millətsevərliyinə yaraşan xoş sözləri mirvari kimi sapa düzdülər.

 

Nurəngiz Gün şeirində ən müxtəlif motivlər qəribə bir şəkildə - şairin öz qəribəliyi kimi qəribə bir şəkildə çulğalaşır. Bu motivlərin mozaikasını açdıqca oxucunun gözləri qarşısında gözəl bir poeziya naxışı, çələngi cilvələnir. Çünki Nurəngiz xanım formadan düşməmək üçün hər gün məşq edən idmançı kimi yazmaq üçün yazmır və həmişə yazmır. Yalnız yazmaya bilməyəndə yazır və bu cür şeirlərin ürəkdən gəlib ürəklərə təsir etməsi təbii bir işdir.

 

Teymur Kərimli

 

Nurəngiz xanımın şeirləri daha çox bir ürəyin tək deyiminə-monoloquna bənzəyir. Şeirlərindəki ağrı insan ömrü və həyatının mənası haqqmda düşüncələrdən doğur. Bu baxımdan oxuculara təqdim edilən növbəti şeir kitabının adı burada toplanmış yazıların ruhunu çox uğurlu şəkildə ifadə edir. Kitabdakı şeirlər doğrudan da yol gedən adamın ovqatı ilə yol üstündə yazılıb, amma qəribə bir yoldur. Günlərlə evindən bayıra çıxmasa belə Nurəngiz xanım həmişə bu yolun üstündə və həmişə hərəkətdədir. Bir ucu ana dünyasında, bir ucu günəşi öpmək həsrətində olan bu yol əbədiyyət yoludur. Görüşlər və ayrılıqlar yoludur. Eniş-yoxuşları, dolanbac və adlamacları ilə doğma yoldur.

 

Sabir Rüstəmxanlı

 

Gün-Günəşin qısa formasıdır. Azərbaycan şeirində Günlər çoxdur. Amma hamısı işıq saçmır. Məhsəti, Natəvan, Heyran xanım, Fatma xanım Kəminə, Umgülsüm, Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Mədinə Gülgün - bunların poeziyada saçdıqları işığın ömrü əbədiyyət qədər olacaq. Siz də bu işığı tükənməyən, sönməyən Günlərin sırasındasınız.

 

Müasir Azərbaycan poeziyasının mənzə rəsində onun özünəməxsus Səsi, Yeri, Məkanı, Zamanı var. Səsi şeirlərində, şeirləri səsində olan Nurəngiz xanım poeziyamızın AĞ ÇİÇƏYİdir. Bu çiçək illər keçdikcə poetik təravətini itirmir. Şeirə başladığı ilk gündən bu günəcən yönü, üslubu, deyim və duyum tərzi başqalaşmayıb, amma hər təzə şeirində, poemalarında o çiçəyin saçdığı işığa bürünmək olar...

 

Vaqif Yusifli

 

Bir böyük söz ustası, libretto yazarı... şeirlə rəqs edən, qiraətini ifadə etməyə aciz olduğum səs... Aman ya Rəbbim!.. kim bilir, bəlkə də şeir adına duymaq istədiyi, illərdir tərif edə bilmədiyim səs...günlərcə qulaqlarımdan ayırmadığım şeirlə yaşayış, rəqqaslıq, Azərbaycan və türk dünyasında yaxından tanınan, mənimsə təəssüf ki, gec tanıdığım böyük şair... Nurəngiz Gün...

Osman Baş

 

Ruhu azad qadın.

Azadlığı

Qəlbində yaşadan qadın.

Qəlibə salınmış dünyada

Olduğu kimi yaşadı

Yaşadığı kimi oldu.

          

Narıngül

 

Nurəngiz Günün şeirlərini oxuyarkən mənə elə gəlir ki, onların heç biri kağız üzərində yazılmayıb. Sadəcə deyilib-işdən ağı kimi, hayqırtı kimi. Beləcə, mən də Nurəngiz xanımın "Yol gedirəm" kitabı ilə üz-üzə qalıb bakirə bir eşqin ovcundan tökülən mirvari kimi bəyaz səhifələrə səpələnmiş bir kəlmələrlə danışıram -Dünyanın sahibsiz dənizlərində yol azmış çılğın və dəli sevdalardan, Tanrı sevgisinə bürünmüş İnsan eşqindən, ata ocağından, Vətən torpağından...

 

Onunla sabaha kimi baş-başa qalacağam.

 

Dünyan bütün sınırlarına meydan oxuyan bu təmas heç zaman bitməyəcək. Tanrıya doğru uzanan yol kimi:

 

Dodaqlarımda təbəssüm

Bəbəklərimdə

ümid

qürur,

İçimdə ağlamaq ehtiyacı...

Yol gedirəm

 

Elçin Mirzəbəyli

 

O, Qadınlığın Müstəsna Halı idi. Bu Halda ən müxtəlif halətlər qarışmışdı bir-birinə: bəzən uşaq kimi şıltaq, bəzən kədərli, bəzən şad-xürrəm, bəzən susqun, bəzən sirli, bəzən ovuc kimi açıq, bəzən ürək qədər qapalı... və bütün bu halətləri ilə birgə sevimli bir Qadın. "Nə demişəmsə, nə söyləmişəmsə, elimə, obama məhəbbətdəndi..." yazan Nurəngiz Gün təpədən-dırnağa sevgi şairi idi... - Vətən sevgisi, övlad məhəbbəti, qadın eşqi maraqlı bir şəkildə onun mətnlərində qovuşurdu.

 

Nurəngiz Gün azad və yalqız Qu quşu idi. "Kimsəsizliklər yeyirdi içini", "boyu biçimində ayrılıqlarla yaşayırdı" və hər şeirində sanki Qu quşu nəğməsi oxuyurdu - sonuncu və ən əziz nəğməsiymiş kimi.

 

Sevinc Mürvətqızı

 

Bilmirəm, insanlara münasibətdirmi səbəb, amma Nurəngiz Günün şeirlərində meşə cəngəlliyi bu cəmiyyətdən, torağay, pələng, bülbüllə söhbət isə insanlarla söhbətdən daha maraqlıdır. Bu sevgiyə haqq qazandıraqmı? Bilmirəm. Amma fakt faktlığında qalır ki, bu şeirlərdə meşə cəngəlliyinin qəhrəmanları insanlardan daha etibarlı sayılır, daha çox sevinc, yaşamaq istəyi bəxş edir.

Nərgiz Cabbarlı

 

Bütün ssenari boyu anana həsr etdiyin ürək yanğısı, göz yaşları, qəlb ağrısı ilə ona göndərdiyin məktublar hamını kövrəltdi.

 

Ayrılığın ölümün acı olmasını orada əyləşənlərin hamısı dadmışdı. Ona görə də kimsə göz yaşlarını saxlaya bilmirdi.

 

Bu insanlardan biri də mən idim. 3 ayın içində iki doğmamı, atamı, anamı itirdim. Hər gecə mən də anama gizli-gizli məktublar yazıram, ünvanına çatmasa belə...

 

Azərbaycan qadını qədər dözümlü, səbrli, qara saçını edən, övladı yolunda şam kimi yanan ikinci bir qadın varmı görən?! Bu yerdə bir bayatı haraylayıram:

 

Araz yandı, alışdı,

Ah naləyə qarışdı.

Ana baladan ötrü,

Qismətiylə barışdı.

 

lll

 

Analar balam dedi,

"Dağılmaz qalam" dedi.

Mən ölsəm, ölüm deyil,

Yaşasın balam dedi.

  

Səni kimdən soruşum, Ana! Uçan quşlardan, köç edən qərib durnalardan, əsən küləklərdən, ömrünü sona vermək istəməyən titrəyən otlardan, axan sulardan, payız ömrünü başa vuran bir-bir budağından düşən yarpaqlardan, ya uzanan, uzandıqca göz yoran yollardan, ya da eyni ahənglə keçən günlərdən, aylardan soruşum səni, Ana!

 

Əzizim, anam haray,

Uçuldu qalam, haray!

Viran bağçada solan,

Nərgizim, lalam haray!

 

O gün Nurəngiz Günün ziyarətinə getmişdim. Daş da çiçək açmışdı onun gözəlliyindən, gülə-çiçəyə qərq olmuşdu soyuq məzarı doğmaların yanında. Yəqin narahat ruhu artıq rahatlıq tapıbdı!

 

Bircə onu bilirəm ki, o gün çoxları Nurəngiz Günün yerində olmaq, bir çoxları sənin yerində olmaq istərdilər. Kaş ki, bu "səhnəyə" gənclərimiz baxaydılar, onlar valideyn sevgisinin necə uca, itkisinin necə ağır, çətin olduğunu dərk edəydilər. Bəlkə onda atılmışlar, yadlara satılmışlar olmazdı. Bəlkə onda Qocalar evi boşalar, uşaq evləri boş qalardı. O gün insanlığın zəfər günü olardı.

 

Əzizim Jalə, əhsən səni dünyaya bəxş edən valideynlərinə, əhsən sənə tərbiyə verən, böyüdən Anaya. O gün sən nə alim, nə türkoloq, nə millət vəkili, nə də filoloq idin. Sadəcə, o gün sən övlad idin. Ana ayrılığına, acısına, yoxluğuna, itkisinə üsyan edən bir övlad!

 

Ötən günlər

Xəyal imiş,

Bir də geri dönə bilməz

Şam ki, söndü,

ha alışdır,

yana bilməz.

 

Və nəhayət hər görüşün bir başlanğıcı olduğu kimi, bir sonu da var.

 

Gələn qonaqlarına bir-bir təşəkkür etdin, minnətdarlığını bildirdin. Səhnəni rövnəqləndirən aparıcıları, aktyorları, rejissorları da unutmadın. Anasız ötən bir günün, bir ilə bərabər olduğunu və günlərin necə ağır olduğunu söyləyib, titrək səslə söz verdin - daha sizləri kövrəltməyəcəm. Bundan sonra nikbin olacam.

 

Ol gözəl qız, Ol! Gözəl gözlərinə sevinc yaraşır. Düzdür, gözəllər hər halı ilə gözəl olurlar. Amma qoy gözlərin sevincdən dolsun. Dolan bulud kimi boşalsın... yaz yağışı kimi yusun aparsın bütün dərdini, qəmini.

 

Bilirəm, səni sevənlər çox təsəlli veriblər. Səbirli ol. Gələn getməlidir bir gün. Şükür Allaha özünəməxsus, bənzərsiz il ömür sürdü!

 

Sənin isə ən böyük təsəllin - "Biz səninlə mütləq görüşəcəyik, mənim ququşum, bitməyən düşüncəm" - kəlməsidir.

 

Gedirəm, arxamca siz ağlamayın,

Ay məni sevənlər, mənə əlvida.

Geriyə dönərmi?... Çətin...

Ay ötən günlərim, sizə əlvida.

 

Demirəm yenidən qayıt ömrümə,

Demirəm gəl məni bağışla.

O sənsiz xatirə buludu,

Yağacaq, gözümdən yağışla.

 

Sən yoxkən bu dünya beləcə,

Yox olub düşəcək gözümdən.

İllərin acısı yaş olub,

Eləcə asılar üzümdən.

 

Gedirəm, illərin bir xəyal,

Saçıma səpilən dənə əlvida.

Könlümü bürüyən sevda havası,

Deyəcək yenə də, yenə, əlvida...

 

Xədicə İSGƏNDƏRLİ

525-ci qəzet.- 2015.- 24 dekabr.- S.6.