Azərbaycançılıq ideologiyasının təkamülündə yeni mərhələ - İlham Əliyev mərhələsi

 

 

 

Azərbaycançılıq ideologiyasının tarixi məzmununu, yaxud tarix fəlsəfəsini aydın dərk (və ya ən azından təsəvvür) etmək üçün  fikrimizcə, üç mühüm məqama diqqət yetirmək lazım gəlir ki, bunlardan biri həmin  ideologiyanın etnoqrafik kökləri (qaynaqları, mənbələri, əsasları…), ikincisi, XIX əsrin sonu XX əsrin  əvvəllərinə təsadüf edən təşəkkül və ya formalaşma dövrü, üçüncüsü isə XX əsrin 20-ci illərindən başlayan təkamül mərhələləridir.

 

Azərbaycançılıq ideologiyası, etnoqrafik köklərini də nəzərə alsaq, heç şübhəsiz, Azərbaycan xalqı ilə yaşıddır. O mənada ki, hər bir xalq tarix səhnəsinə çıxa- çıxa  öz milli  ideologiyasının etnoqrafik əsaslarını da yaradır… Və bunu adət-ənənələrində, şah əsərləri olan eposlarında, dahi mütəfəkkirlərinin yaradıcılığında, böyük qəhrəmanlarının, xüsusilə dövlət xadimlərinin fəaliyyətində (və mübarizələrində!) əks etdirir. Sübuta ehtiyac yoxdur ki, Azərbaycan xalqının "Dədə Qorqud", "Koroğlu" kimi eposları, Nizami, Nəsimi, Füzuli, Vaqif kimi mütəfəkkirlərinin yaradıcılığı, Atabəylər, Şah İsmayıl Xətai, Nadir şah kimi qəhrəman dövlət xadimlərinin fəaliyyəti (və mübarizələri!), mahiyyət etibarilə, azərbaycançılıq inersiyasının bilavasitə ifadəsi, təzahürləridir. Əgər bu zəngin, çoxşaxəli, ümumiyyətlə, ciddi tarixi varisliyi olan "ifadə"lər (və "təzahür"lər) olmasaydı, XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan xalqının milli ideologiyası da formalaşa, mükəmməl müddəalarla meydana çıxa, formulə oluna və yeni tarixi şəraitdə xalqa aydın yol göstərə bilməzdi.

 

Azərbaycançılıq ideologiyası XIX əsrin sonu XX əsrin əvvəllərində təşəkkül tapıb formalaşdıqdan sonra bir  əsr sürən təbəddülatlı, lakin mənsub olduğu xalqın iradəsini ifadə etdiyindən ardıcıl, davamlı bir təkamül yolu keçmişdir ki, onun - azərbaycançılıq ideologiyasının təkamül tarixinin, fikrimizcə, aşağıdakı mərhələləri mövcuddur:

 

1) XX əsrin 20-ci illərinin əvvəllərindən həmin  əsrin 30-cu illərinin sonlarına qədər,

 

2) XX əsrin 30-cu illərinin sonlarından həmin əsrin 70- ci illərinin əvvəllərinə qədər,

 

3) XX əsrin 70-ci illərinin əvvəllərindən həmin əsrin 80-ci illərinin sonlarına qədər,

 

4) XX əsrin 80-ci illərinin sonlarından  XXI əsrin 10- cu illərinin əvvəllərinə qədər,

 

5) XXI əsrin 10-cu illərindən sonra...

 

Azərbaycançılıq ideologiyasının təkamülündə (və milli ruhun gücləndirilməsində!)  İlham Əliyev mərhələsi XXI əsrin 10-cu illərinin əvvəllərindən başlayır.   bizim günlərdə həm  inamla, böyük enerji ilə, həm də miqyasını genişləndirərək (və təkmilləşərək) davam edir...

 

Müşahidələr (və araşdırmalar) göstərir ki, müasir mərhələdə -İlham Əliyev mərhələsində  azərbaycançılıq ideologiyasının  təkamülünü bir sıra mühüm əlamətlər şərtləndirir ki, onlardan birincisi həmin ideologiyanın tarixinə (bu tarixin bütün yönlərilə obyektiv öyrənilib mənimsənilməsinə) elmi, ictimai-siyasi və mədəni marağın  indiyə qədər görünməmiş bir şəkildə  artmasıdır.

 

Bu gün ölkədəki iqtisadi, ictimai-siyasi və intellektual-mədəni şərait imkan  verir ki, azərbaycançılıq ideologiyasının  keçdiyi tarixi yol hərtərəfli, dərindən və geniş müzakirələr əsasında necə varsa o cür araşdırılıb öyrənilsin,  xüsusilə gənc nəslin Azərbaycan xalqını, Azərbaycan dövlətini  müstəqilliyə gətirib çıxaran milli ideologiya, onun hansı müzakirələrdə, mübahisələrdə və münaqişələrdə formalaşdığı, eləcə də Əli bəy Hüseynzadə, Məhəmməd ağa Şahtaxtinski, Əhməd bəy Ağayev, Nəriman Nərimanov, Məmməd Əmin Rəsulzadə, Səməd Vurğun, Mirzə İbrahimov kimi müxtəlif  miqyaslı və mövqeli milli ideoloqların təfəkkür tərcümeyi-halları haqqında kifayət qədər aydın (və mükəmməl) təsəvvürləri olsun. Halbuki bu imkan əvvəlki mərhələlərdə ya yox idi, ya da müxtəlif səbəblər üzündən bu və ya digər dərəcədə məhdud olmuşdu.

 

Azərbaycan Prezidenti İlham Əliyevin 21 yanvar 2014-cü il tarixli sərəncamı ilə "türk xalqlarının mədəni  inteqrasiyasının məfkurə kimi təşəkkül  tapmasında mühüm rol oynayan, müasir cəmiyyət quruculuğunda demokratik prinsiplərin  ənənəvi dəyərlər zəminində bərqərar  olmasının vacibliyini irəli sürən və müstəqil milli dövlətçiliyin nəzəri əsaslarının hazırlanmasında yaxından iştirak edən… görkəmli ictimai xadim" Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi müasir Azərbaycan dövlətçiliyinin (və Prezident İlham Əliyevin), ilk növbədə, milli ideologiyanın tarixinə münasibətinin  göstəricisidir. Və bu sözləri cənab Prezidentin bir sıra digər sərəncamları (xüsusilə, azərbaycançılıq ideologiyasının banilərindən biri olan, uzun illər adının çəkilməsi  belə qadağan edilmiş Məmməd Əmin  Rəsulzadənin  yubileyinin keçirilməsi haqqındakı sərəncamı) barəsində də demək olar.  Onların hər biri, bir tərəfdən, milli ideologiya klassiklərini geniş ictimai miqyasda tanıtmağa; ikinci tərəfdən, milli ictimai şüuru zənginləşdirməyə, onun polifoniyasını təmin etməyə; üçüncü tərəfdən isə,  milli ideologiyanın köklərini, mənbələrini (və ümumən tarixini!) onun  müasir təzahür texnologiyaları ilə  üzvü vəhdətdə - bir bütöv halında təsəvvür eləməyə münbit (və rəsmi!) şərait yaradır.

 

Məlum olduğu kimi, istər təşəkkül dövründə, istərsə də müxtəlif təkamül mərhələlərində, xüsusilə XX əsrin 20-ci illərinin əvvəllərindən 70-ci  illərinin əvvəllərinə, yəni Heydər Əliyev dövrünə qədər  azərbaycançılıq ideologiyası həm ölkə daxilində, həm də ölkə  xaricində (mühacirətdə) biri digərindən, demək olar ki, təcrid olunmuş halda fəaliyyət göstərmişdir. Ölkə daxilində bu ideologiya get-gedə məhdudlaşdırılmış, hətta tamamilə unutdurulması üçün hər  cür cəhdlər edilmiş, az-çox təzahürləri isə müxtəlif mənəvi-ideoloji istiqamətlərə (məsələn, liberal vətənpərvərlik) yönəldilməklə amorflaşdırılmış və ya "simasızlaşdırılmışdır"… Xaricdə  (mühacirətdə) isə sosial bazası olmayan romantik xəyallara çevrilmişdir… Və bütün hallarda Azərbaycan xalqının  milli ideallarının qarşısını həm administrativ (aqressiv!),  həm diplomatik (aldatma!), həm də ekspressiv (şirnikləndirmə!) yolları ilə  məhz Sovet- sosialist ideologiyası  kəsmiş, lakin milli idealları məhv etmək mümkün olmadığı kimi, milli ideologiyanı da sona qədər unutdurmaq,  yaddaşlardan silmək mümkün olmamışdır.

 

Azərbaycançılıq ideologiyasının təkamülündə İlham  Əliyev mərhələsinin ikinci  mühüm əlaməti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə, onun milli dövlət quruculuğu fəlsəfəsinə ölkə, eləcə də dünya miqyasında layiq olduğu bir ehtiramla,  intellektual- analitik həssaslıqla  yanaşılmasıdır. Və bu, ona görə zəruridir ki, Heydər Əliyev azərbaycançılıq  ideologiyasının bir-birindən əsaslı şəkildə fərqli olan iki- üçüncü   və dördüncü təkamül  mərhələsinin lideri (müəllifi!) olmaqla yanaşı, bu gün davam edən  beşinci mərhələsinin perspektivlərini də müəyyənləşdirmişdir.

 

Heydər Əliyevin tarixi xidmətlərinin həm ölkə, həm də dünya miqyasında yüksək qiymətləndirilməsi, geniş təhlil (və təbliğ) olunması azərbaycançılıq ideologiyasının, Azərbaycan xalqının milli ideallarının təntənəsi deməkdir.  heç də təsadüfi deyil ki, bugünkü siyasi  leksikonda "heydərəliyevçilik" anlayışı "azərbaycançılıq" anlayışının yeni tarixi şəraitdəki məzmununu (və  mahiyyətini!) ifadə edir. İstər Sovet  dövründəki məlum (və mürəkkəb!) şərtlər daxilində, istərsə də  müstəqillik dövrünün ondan heç  də az mürəkkəb (və ziddiyyətli!) illərində ümummilli lider Azərbaycanı Azərbaycan və Azərbaycan xalqını Azərbaycan xalqı  edəcək bütün milli mənəvi enerji mənbələrinin  tam gücü ilə işləməsi üçün hər cür  tədbirləri görməklə azərbaycançılıq ideologiyasını legitimləşdirə, reallaşdıra, beləliklə də, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin cəsarətlə (və  qürurla!) "bizim siyasətimiz - bizim  işimizdir" deməsinə əsas verə bildi.

 

Üçüncü mühüm əlamət, heç şübhəsiz, azərbaycançılıq ideologiyasının tərkib hissələri olan türkçülük, müsəlmançılıq  müasirliyin üzvi vəhdətdə, heç birinə digərindən daha böyük üstünlük vermədən, bir bütöv halında qəbul edilərək xalqın milli mənafeləri naminə həyata  keçirilməsidir.  Bu məsələ ona görə çox  əhəmiyyətlidir ki,  Azərbaycan xalqı müxtəlif  tarixi dövrlərdə (azərbaycançılıq ideologiyasının təşəkkül tapıb formalaşdığı XIX əsrin sonu XX əsrin əvvəllərindən  başlayaraq) gah türkçülüyə, gah müsəlmançılığa, gah da  müasirliyə əlahiddə üstünlük verilməsindən irəli gələn ictimai-siyasi problemlərlə üz-üzə dayanmağa  məcbur olmuşdur. Və bunun da mənfi nəticələrini, xüsusilə milli inteqrasiyasının,  mütəşəkkilliyin süni olaraq pozulmasını, yaxud zəifləməsini tarix, yəqin ki, həmişəlik öz yaddaşına yazmışdır.

 

İlham Əliyevin siyasi-ideoloji fəaliyyətində türkçülük Azərbaycan xalqının  öz mənşəyi etibarilə türk etnosundan yaranması həqiqətinin milli ictimai dərkindən başlayıb müasir türk dünyasının üzvi tərkib hissəsi olması, beynəlxalq aləmdə türk dünyasının ortaq maraqlarının cəsarətlə müdafiəsinə qədər gedir.  Və təsadüfi deyil ki, Azərbaycan Prezidenti türk dünyasının öndə gedən liderlərindən biri kimi böyük nüfuz  sahibidir.

 

İslam (müsəlman) dünyasına mənsubluq da bugünkü  Azərbaycanın həm mənəvi-mədəni, həm də ictimai- siyasi xarakterində bütün parlaqlığı ilə təzahür edir. İlham Əliyevin müsəlman  xalqlarına qarşı müəyyən  beynəlxalq dairələrdə aparılan mürtəce, antihumanist kampaniyalara dəfələrlə ən yüksək  tribunalardan öz etirazını bildirməsi, Azərbaycanın bir nümunəvi müsəlman ölkəsi olaraq inkişafı buna sübutdur.

 

 Və eyni zamanda bugünkü Azərbaycan  xalqı dünyaya açıq, müasir dünyanın iqtisadi, sosial-siyasi və mədəni texnologiyalarını inamla mənimsəyən, onun (müasir dünyanın) qlobal  idarəçiliyində get-gedə güclənən imkanları səviyyəsində iştirak edən xalqdır.

 

Türkçülük, müsəlmançılıq və müasirlik triadası bu gün  Azərbaycanda klassik formulunda (və tipologiyasında) tətbiq edilməklə qalmayıb mərhələnin (və dövrün) tələblərinə  uyğun olaraq yaradıcılıqla  yaşanır ki, bu da Azərbaycan dövlətinin yürütdüyü  tarazlaşdırılmış, humanist və uzaqgörən (mövcud problemlərin tezliklə həllinə  yönəlmiş perspektivli) siyasətin nəticəsidir.

 

Müxtəlif mədəniyyətlərə, dünyagörüşlərinə təmkinli dialoq əsasında  hörmətlə yanaşılması, qloballaşan dünyanın çağırışlarına həssas, anlamlı münasibət, multikulturalizm azərbaycançılıq ideologiyasının təkamülündə İlham Əliyev mərhələsinin, fikrimizcə, mühüm əlamətlərində dördüncüsü hesab oluna bilər. Nə üçün? Ona görə ki, hər hansı ideologiya, nə qədər mütərəqqi olsa da, özünü təcrid edirsə, həm tarixi (passiv), həm müasir (aktiv), həm də gələcək (perspektiv) çox müxtəlif (biri digərini inkar, yaxud təsdiq edən, yaxud da bir-birinə loyal və ya liberal münasibətlərdə olan) ideologiyalarla hesablaşmazsa, prinsip etibarilə, yaşaya bilməz.

 

Azərbaycan xalqı (və dövlətçiliyi) tərəfindən azərbaycançılıq  ideologiyasının tətbiqi, müdafiəsi və inkişaf etdirilib təkmilləşdirilməsi dünya miqyasında çox müxtəlif (və qaynar!) ideoloji proseslər kontekstində baş verdiyi hamıya məlumdur. Və bu  proseslər azərbaycançılığı birmənalı inkar edə bilmədiyi kimi, birmənalı təsdiq də edə bilməz.

 

Beşinci əlamət Azərbaycan xalqının dünya miqyasında milli-mənəvi, mədəni bütövlüyünün möhkəmlənməsi üçün ardıcıl mübarizə aparılmasıdır ki, bunun  müsbət nəticələrini görməmək mümkün deyil.

 

Tarixi taleləri elə gətirmişdir ki, azərbaycanlıların və ya Azərbaycan türklərinin  bu gün yalnız beşdən biri müstəqil Azərbaycan Respublikasının  vətəndaşıdır. Təxmini hesablamalara görə, dünya azərbaycanlılarının beşdən dördü öz tarixi Vətənində yüz (hətta min!) illərlə necə məskun olmuşdursa bu gün də məskundur… Ona görə də  əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bir siyasətin - Dünya azərbaycanlılarının həmrəyliyinin miqyasının genişləndirilməsi siyasətinin müasir mərhələdə Azərbaycan  dövlətçiliyi tərəfindən uğurla davam  etdirilməsi heç bir alternativ qəbul eləməyən bir zərurət olub azərbaycançılıq ideologiyasını zənginləşdirən, ona güclü enerji verən, onun məzmununu (hətta fəlsəfəsini) bütövləşdirən konseptual hadisədir. Hər şeydən əvvəl ona görə ki, dünyanın harasında məskunlaşmasından asılı olmayaraq, kiçik istisnaları nəzərə almasaq, azərbaycanlılar eyni etnik mənşəyə, eyni dinə mənsub olub eyni mental  xüsusiyyətlərin, eyni adət-ənənələrin daşıyıcısıdırlar. Və onların eyni bir dilləri - Azərbaycan dili, yaxud Azərbaycan türkcəsi mövcuddur...

 

Əlbəttə, qloballaşan müasir dünyada azərbaycanlıların siyasi- inzibati sərhədləri aşaraq bir- birlərilə sıx ünsiyyətə  girmələri, ümummilli  maraqlarını humanizm, insan hüquqları çərçivəsində təmin etmələri yalnız milli yox, həm də insani  (ümumbəşəri!) bir ehtiyacdır ki, əlahiddə hadisə olmayıb bütün millətə xasdır...

 

Azərbaycan xalqının (və insanının) dünyanın inkişaf etmiş xalqları (və insanları)  ilə müqayisədə ikinci, hətta üçüncü dərəcəli olması kompleksinin sürətlə aradan qaldırılması baxımından görülən işlərə (və onun uğurlu nəticələrinə), fikrimizcə, altıncı  əlamət kimi baxmaq olar.

 

Etiraf etməliyik ki, azərbaycanlılarda uzun on illər (hətta əsrlər!) belə bir  kompleks olmuşdur. Ziyalıların öz ana dillərindən (və prinsip etibarilə, mənsub olduqları xalqdan) imtina edib müxtəlif əcnəbi dillərdə danışıb yazmaları, özlərinə əcnəbi  soyad formaları qəbul etmələri və s. həmin "gerilik" kompleksinin təzahürləri (və nəticələri) idi ki, milli tarixin son mərhələsinə qədər bu və ya digər dərəcədə davam edirdi… Ancaq bu gün heç bir azərbaycanlı özünü nə bir rusdan, nə bir almandan, nə bir fransızdan, nə də bir ingilisdən aşağı hesab etmir.  Və milli qürur yalnız sözdə deyil, həm   işdə, əməldədir. Ölkədə abadlaşan, "yeni rəmzlər"ini yaradan şəhərlər (xüsusilə Bakı!), kəndlər, çəkilən yollar, yaradılan təhsil müəssisələri, tətbiq edilən müasir idarəçilik  texnologiyaları, dünya standartları ilə müqayisə olunan müxtəlif təsisatlar, idmanda, mədəniyyətdə indiyə qədər bu miqyasda görünməmiş  beynəlxalq uğurlar Azərbaycan  insanını mənən, ruhən yüksəldən, əgər belə demək mümkünsə, onun  katarsisini təmin edən elə hadisələrdir ki, yalnız bu günlə məhdudlaşmayıb  onun (Azərbaycan insanının) gələcək taleyini, xarakterini müəyyən edir.   bu taleyüklü işlər, əməllər Azərbaycan xalqının  tarixində həmişəlik olaraq İlham Əliyevin adı ilə qalacaqdır...

 

Azərbaycançılıq ideologiyasının təkamülündə İlham Əliyev mərhələsinin yeddinci əlaməti həm iqtisadi, həm siyasi, həm də mədəni sahələrdə (bu sahələrin təsəvvürə gətirilməsi belə çətin olan çox geniş spektrində) beynəlxalq əlaqələrin, başqa sözlə,  Azərbaycan- Dünya dialoqunun zəngin təcrübəsinin  qazanılmasıdır.

 

Bu isə ilk növbədə o deməkdir ki, azərbaycançılıq ideologiyası (və Azərbaycan xalqının milli idealları), bir vaxtlar olduğu kimi, məhdud bir miqyasda qalıb, "özümüz deyib, özümüz eşidək" prinsipi ilə mövcud olmur, universallaşır, hüdudlarını genişləndirir, ümumən insan ( və dünya) təfəkkürü mövqeyindən görünüb etiraf olunur… Tarixi (və cari) rəqibləri açıq mübarizəyə çəkir, onların hansısa gizli "laboratoriyalar"da hazırlanmış məkrli planlarını alt-üst edir...

 

Beynəlxalq "Dialoq"lara ev sahibliyi edən Azərbaycan indiyə qədər görünməmiş bir miqyasda müxtəlif ideyaların, ideologiyaların həmsöhbət olmasına inamla münsiflik etdikcə azərbaycançılıq məfkurəsi də zənginləşir, beynəlxalq nüfuzunu gücləndirir, yüksək standartlı paradiqmalara yiyələnir...

 

Səkkizinci əlamət Azərbaycan xalqının intellektual səviyyəsinin yüksəldilməsi, müasir texnologiyalara yiyələnməsinin sürətlənməsi, perspektivli  özünüifadə (və özünütəsdiq)  metodlarının, üsullarının və vərdişlərinin xüsusilə gənc nəsil tərəfindən mənimsənilməsidir.

 

Etiraf etmək lazımdır ki, azərbaycançılıq ideologiyasının gənc nəsil tərəfindən bu qədər kütləvi (və intellektual!) səviyyədə mənimsənilməsi heç bir mərhələdə mümkün olmamışdır…

 

Azərbaycanın regionda, ümumən beynəlxalq aləmdə söz sahibi olması, onun mövqeyi ilə hesablaşılması, çoxstandartlılığı, xüsusilə cari konyukturluluğu ilə  tanınan dünyanın "haqq-hesab"ından kənarda qalıb təcrid olunmaması, çox güman ki, doqquzuncu  əlamətdir.

 

Və bu əlamətin özünəməxsusluğu ondan ibarətdir ki, Azərbaycan xalqının milli ideologiyası çevik, elastik, diplomatik resurslara  yiyələnmiş, hər hansı "gözlənilməz" ideoloji hücumlara qarşı müqavimət (hətta əks-hücum) "immunitetlər"i qazanmışdır...

 

Nəhayət, Azərbaycançılıq ideologiyasının təkamülündə İlham Əliyev mərhələsinin onuncu əlaməti həmin ideologiyanın inkişafı üçün geniş perspektivlər təmin etməsidir ki, bu, milli ideologiyanın (azərbaycançılığın) gələcəyi barədə tamamilə nikbin fikirdə olmağa hər cür imkanlar verir. Xüsusilə o mənada ki, azərbaycançılıq ideologiyası qarşısında bu gün polemika üçün hüdudlar qoyacaq heç bir maneə, yaxud həmin ideologiyanın təkamülünü ya ləngidəcək, ya da süni şəkildə sürətləndirəcək heç bir konyuktur müdaxilə yoxdur.

 

Azərbaycançılıq ideologiyasının təkamülündə İlham Əliyev mərhələsi özünəməxsus dinamizmi ilə zənginləşməkdə, milli ictimai şüurun əsaslarını müəyyənləşdirməkdə və Azərbaycan xalqının dünya birliyindəki  mövqelərini inamla yüksəltməkdədir.

 

Qorqudşünaslığın işığında

 

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Kitabi-Dədə Qorqud"un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinə həsr olunmuş elmi-bədii yubiley tədbiri keçirilib. Fondun informasiya təminatı sektoru bildirir ki, tədbirdən əvvəl iştirakçılar teatrın foyesində təşkil olunmuş sərgi ilə tanış olublar.

 

Sərgidə "Kitabi-Dədə Qorqud"un tədqiqinə aid nəşrlər, bu eposla bağlı məktəblilərin çəkdiyi rəsmlər, eləcə də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən görkəmli alman şərqşünası və diplomatı Henrix Fridrix fon Ditsin 1815-ci ildə alman dilinə tərcümə edərək çap etdirdiyi "Basatın Təpəgözü öldürməsi" boyunun 25 dildə nəşri nümayiş olunub.

 

Təntənəli yubiley tədbirində Bilik Fondunun "Qardaşlaşmış məktəblər" layihəsinin iştirakçıları olan məktəblilər də iştirak ediblər. Quba şəhər 3 nömrəli tam orta məktəbin şagirdi Flora Səlimova tədbirdə Ümummilli lider Heydər Əliyevin "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik təntənəli yubileyi mərasimindəki çıxışından fraqmenti xüsusi maraq və diqqətlə izlədiyini deyib. "İlk dəfə idi ki, belə yüksək səviyyəli dövlət tədbirində iştirak edirdim. Təhsil aldığım məktəb Bilik Fondunun "Qardaşlaşmış məktəblər" layihəsinə qatılıb. Biz Fondun maarifçilik istiqamətində həyata keçirdiyi layihələrdə həvəslə iştirak edirik. Mən ilk dəfə belə böyük bir auditoriyanın qarşısında - Dram Teatrın səhnəsində çıxış edirdim. Doğma ləzgi dilimdə "Kitabi-Dədə Qorqud"un "Təpəgöz" boyundan bir fraqment oxudum. Bu, mənim üçün çox xoş oldu".

 

Bilik Fondunun Beyləqan rayonu üzrə nümayəndəsi, N.Allahverdiyev adına 1 nömrəli tam orta məktəbin direktoru Gülbəniz Cəfərova Beyləqan məktəblilərinin Fondun xətti ilə "Qardaşlaşmış məktəblər", "Kitabi-Dədə Qorqudun izi ilə" layihələrində yaxından iştirak etdiklərini, "Kitabi-Dədə Qorqud" və H.Fridrix fon Dits - 200" Beynəlxalq Şagird Konfransında uğurla çıxış etdiklərini xatırladıb. "Yerli ziyalılar, şagirdlərimiz Bilik Fondunun layihələrinə böyük həvəslə qatılırlar. Bax belə mötəbər bir tədbirə bizim də dəvət almağımız bölgə ziyalısına, bölgə məktəblisinə dövlətin diqqət və qayğısının bariz nümunəsidir. Yubiley mərasimində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin çıxışı bir məktəb direktoru kimi mənə çox mətləbləri xatırlatdı. Doğrudan da, ölkə başçısının müvafiq Sərəncamı qorqudşünaslığa yeni bir nəfəs verdi, ruh gətirdi, onun perspektivlərini müəyyənləşdirdi".

 

Sabunçu rayonu 252 nömrəli tam orta məktəbin VII sinif şagirdi Dilan Abdullayeva tədbirdə "Kitabi-Dədə Qorqud" dastanından bir hissəni kürd dilində səsləndirib. Dilan bu tədbirdə iştirakını ömrü boyu unutmayacağını deyib. "O qədər xoş təəssüratla ayrıldım ki... Məktəbdə "Kitabi-Dədə Qorqud" dastanı haqqında eşitmişəm. Dastandan bəzi boyları oxumuşam. Burda isə ilk dəfə mənsub olduğum xalqın dilində - kürd dilində dastandan bir parça oxudum. Yaşım az olsa da anlayıram ki, 25 dildə dastanın "Təpəgöz" boyunun tərcümə olunaraq dərc edilməsi Dədə Qorqudun bizi birləşdirməsi deməkdir". 

 

Tədbirə Astaradan qatılan N.Gəncəvi adına orta məktəbin XI sinif şagirdi Şəbnəm Qurbanzadə deyib ki, belə bir tədbirdə iştirak etmək ona nəsib olduğu üçün çox sevinir. "Mən zala daxil olanda, belə möhtəşəm bir tədbirə qatıldığıma görə çox qürur duydum. Kamal Abdulla, Anar kimi yazıçılarla, nazirlərlə, görkəmli dövlət və mədəniyyət xadimləri ilə bir tədbirdə iştirak etmək, hələ onların qarşısında çıxış etmək bir Astara məktəblisi üçün məsuliyyətli və sevindirici idi. Talış dilində "Kitabi-Dədə Qorqud"dan bir hissəni oxudum. Bu, mənim üçün həm də gözlənilməz idi. Qəlbimdə belə bir istək yarandı - "Dədə Qorqud" dastanının tərcümə olunmadığı dil qalmasın! Qoy bütün dünya Azərbaycanın bu möhtəşəm abidəsi ilə tanış olmaq imkanı qazansın".

 

Qəbələ rayon Nic qəsəbə 1 nömrəli tam orta məktəbin şagirdi Ronaldo Köçəri udi xalqının təmsilçisi kimi səhnəyə qalxıb, udi dilində dastandan bir parçanı səsləndirib. "Türkiyə, Almaniya, Rusiya, İran, Gürcüstan, İtaliya və digər ölkələrdən gəlmiş alimlərin, qorqudşünasların iştirak etdiyi bir yubiley tədbirində Qəbələ məktəblisi kimi iştirakım məni çox sevindirdi. Xüsusilə Dram Teatrın səhnəsinə çıxmağım, ana dilimdə - qədim udi dilində "Dədə Qorqud"dan seçmələri səsləndirməyim heç vaxt yadımdan çıxmayacaq. Tədbirdəki musiqi nömrələrindən böyük zövq aldım. Dastan haqqında çoxlu yeni biliklər əldə etdim. Nicə qayıdanda dostlarımla bölüşəcəyim çox şey var".

 

Bakıdakı 46 nömrəli məktəbin şagirdi, Nicat Fərəcullayev "Kitabi-Dədə Qorqud" və H.Fridrix fon Dits - 200" Beynəlxalq Şagird Konfransında da maraqlı məruzə ilə çıxış edib: "Bilik Fondunun təşkil etdiyi Şagird Konfransı mənə çoxlu dostlar qazandırdı. Bizi "Dədə Qorqud" birləşdirir. Yubiley tədbirində isə mən dastandan bir fraqmenti ivrit dilində oxudum. Çox xoşbəxtəm ki, ilk dəfə bu möhtəşəm dastanı belə yüksək səviyyəli tədbirdə ivrit dilində məhz mən səsləndirdim".

 

2015-ci il bitir. Artıq dünya ədəbiyyatının və mədəniyyətinin əvəzsiz abidəsi olan "Kitabi-Dədə Qorqud"un tədqiqata cəlb olunmasının 200 ili tamam oldu. İl ərzində həm ölkə daxilində, həm də xaricdə Respublika prezidentinin "Kitabi-Dədə Qorqud"un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd olunmasına dair imzaladığı Sərəncama əsasən, müxtəlif tədbirlər keçirildi. Lakin bu, yekun deyil, hələ qarşıdakı onilliklərdə də bu Sərəncamdan irəli gələn məsələlər tədqiq olunacaq, qorqudşünaslıq daha da inkişaf etdiriləcək, şaxələnəcək. Bir məktəblimizin dediyi kimi - Qoy  "Dədə Qorqud"un tərcümə olunmadığı dil qalmasın"!

 

Nizami Cəfərov

525-ci qəzet.- 2015.- 24 dekabr.- S.4.