Müasirləşən
Azərbaycan:
yeni yüksəliş mərhələsinin memarı
Tale bu ölkəyə Heydər Əliyev kimi
böyük şəxsiyyət və ulu öndər qismət
edib.
Onun xidmətlərini Azərbaycan xalqı heç zaman
unutmayacaq. Həm də ona görə ki, ulu öndər bu millətə
İlham Əliyev kimi lideri də bəxş edib. 12 ildir ölkəyə rəhbərlik edən
İlham Əliyev dövlətçilik və xalqın
rifahı üçün əhəmiyyətli olan
bütün sahələrdə böyük uğurlara nail
olub. İndi faktiki olaraq mütəxəssislər
yeni məmləkətdən və yeni cəmiyyətdən bəhs
edirlər. Nəzərə almaq
lazımdır ki, dünya miqyasında çox ziddiyyətli və
təhdidlərlə dolu proseslərin cərəyan etdiyi
mürəkkəb bir vəziyyətdə müsəlman
ölkəsini regional liderə çevirmək, beynəlxalq təşkilatlarda
böyük nüfuz qazanmaq, BMT kimi təşkilatda yüksək
pilləyə qalxmaq, sosial-iqtisadi sahədə ciddi uğurlar əldə
etmək asan məsələ deyil. Bunlardan
əlavə, sivilizasiyaların və mədəniyyətlərin
dialoqu sahəsində əhəmiyyətli təşəbbüslərlə
çıxış edib, nəhəng layihələri həyata
keçirmək siyasi iradə və yüksək peşəkarlıq
tələb edir. Azərbaycan cəmiyyəti
üçün ənənəvi olan multikulturalizmi dövlət
siyasəti səviyyəsinə qaldırıb, konkret
proqramlarla ona müasir məzmun verən İlham Əliyevin bu
addımlarını dünyanın bir sıra tanınmış
şəxsiyyətləri digərlərinə nümunə
olaraq göstərirlər. Bunlar Azərbaycan dövlətçiliyi
üçün tarixi məqamlardır!
Siyasətdə
varislik: Azərbaycan xalqının uğurlu seçimi
Müasir dünya reallığında hər bir dövlətin
inkişafı və ya tənəzzülü birbaşa rəhbərin
idarəçilik qabiliyyətindən asılıdır. Əslində,
tarixin bütün dönəmlərində belə olub.
Lakin indi siyasi iradə, çevik diplomatiya,
liderin kommunikabellik səviyyəsi və strateji təfəkkürü
ayrılmaz vəhdət təşkil etməlidir. Təsadüfi deyil ki, məhz rəhbərin bu
xüsusiyyətlərinə görə ən kasıb ölkəni
belə inkişaf etdirmək mümkün olur və ya
bütün imkanlara baxmayaraq, hansısa dövlət kənar
qüvvələrdən asılı vəziyyətə
düşür. Yaxın keçmişin
dünya təcrübəsi bunu dəfələrlə
sübut edib.
Azərbaycanın son 12 ildə keçdiyi yola nəzər
saldıqda, Prezident İlham Əliyevin ölkəni davamlı
və dönməz inkişaf xəttinə
çıxardığını görmək
mümkündür. İndi Azərbaycan Cənubi Qafqazın
lider dövlətidir. Keçən əsrin
90-cı illərinin əvvəllərində isə ekspertlər
ölkəmizin perspektivi haqqında elə də nikbin
proqnozlar vermirdilər. 1993-cü ilin
yayında ulu öndər Heydər Əliyev hakimiyyətə
gələndən sonra yüksəlişin əsası
qoyuldu.
Bütün sahələrdə islahatlara başlayan
ümummilli lider qısa zamanda ölkəni sabitliyə
qovuşdurdu, onun iqtisadi inkişaf modelini dəqiqləşdirdi. 2003-cü ildə
dövlət başçısı seçilən İlham
Əliyev isə bu prosesi uğurla davam etdirməyə
başladı. İndi keçilən həmin
yola baxdıqda, nəzəri və praktiki əhəmiyyətli
çoxlu sayda məqamlara rast gələ bilərik.
Əvvəlcə onu deyək ki, Azərbaycan son 12 ildə
həyatın bütün sahələri üzrə tərəqqiyə
nail olub. O,
hazırda dünyanın ən sürətlə inkişaf edən
dövlətlərindən biridir. Dünya
miqyasında ümumi böhranın davam etdiyini nəzərə
alsaq, bunun strateji əhəmiyyətini daha aydın dərk edərik.
Prezident həyata keçirdiyi islahatları elmi əsaslarla,
bu günün tələblərini nəzərə almaqla və
peşəkarlıqla işləyib hazırlayıb. Bunu görmək üçün bəzi rəqəmlərə
nəzər salmaq yetərlidir.
İnsan
faktoru: İlham Əliyevin strateji hədəflərindən
biri
Yalnız 2014-cü ildə Azərbaycanın dövlət
büdcəsi Cənubi Qafqazın ümumi büdcəsinin 76
faizini təşkil edib. Həmin ilin 10 ayı ərzində ümumi daxili məhsul
2,8% artıb. Qeyri-neft sektorunda artım isə
6,6% təşkil edib. Keçən ildə
ölkədə işsizliyin səviyyəsi 5%-ə
düşüb, əhalinin gəlirləri isə 4,7% artıb. Bütövlükdə sənaye
istehsalı 2,7 dəfədən çox
artıb.
Bu proses
yeni istehsal sahələrinin yaradılması və
diversifikasiya prosesinin davamlı aparılması fonunda baş
verib. Başqa sözlə, ölkədə sənayenin
inkişafında ənənəvi sahələrlə
yanaşı, yeni yaradılan və müasir avadanlıqlarla təchiz
edilən obyektlər ciddi rol oynayıb. 2014-cü ildə
200-dək yeni sənaye müəssisəsi
açılıb! Bu da öz növbəsində
Azərbaycanda sosial-iqtisadi islahatların
düşünülmüş və əsaslandırılmış
qaydada aparıldığını göstərir.
Azərbaycana sərmayə qoyuluşu da sürətlə
davam etməkdədir. Hər il ölkə
iqtisadiyyatına milyard dollarla yatırımlar edilir. İldən-ilə Azərbaycana xarici sərmayəçilərin
marağı artır. İş
adamları ölkədə yaradılmış əlverişli
şəraitdən istifadə edərək, daha geniş şəkildə
fəaliyyət göstərirlər. Prezident
İlham Əliyev bu istiqamətdə işlərin yeni səviyyəyə
qaldırılacağını bildirib. Korrupsiyaya
qarşı aparılan güzəştsiz mübarizə
dövlət başçısının verdiyi vədə
ciddi əməl etdiyini təsdiqləyir. Ekspertlər
hesab edirlər ki, Azərbaycanda həyata keçirilən bu
işlər bundan sonra da müsbət istiqamətdə
inkişaf edəcək.
Bütün bunlar dövlət
başçısının ölkənin müasir tələblər
səviyyəsində inkişafına sistemli yanaşması
sayəsində baş tutub. O cümlədən Prezident İlham
Əliyev elm, təhsil, mədəniyyət, idman və səhiyyədə
islahatların aparılması və yeni inkişaf səviyyəsinə
yüksəlməsi üçün səmərəli
proqramları həyata keçirməyə nail olub. Bu prosesin təməlində isə Prezidentin
geniş fəlsəfi məna daşıyan ""qara
qızıl"ın insan kapitalına çevrilməsi"
təşəbbüsü durur. Faktiki
olaraq, bu tezislə bütövlükdə idarəetmə fəlsəfəsi
yeniləşmiş olur. Konkret deyilsə,
bütün dəyərlərin əsasına insan amili qoyulur
ki, bu da müasir dünyada olduqca böyük əhəmiyyət
kəsb edir.
İlham Əliyev bu istiqamətdə ciddi addımlar
atır. Artıq Azərbaycan insan faktoruna strateji əhəmiyyət
verən sosial rifah dövləti kimi tanınır. Bu kontekstdə dövlət
başçısının intellektual potensialın yüksəldilməsinə
verdiyi önəmi ayrıca vurğulamaq lazımdır. Azərbaycanın bütün bölgələrindəki
məktəblər əsaslı təmir edilib, müasir təhsil
avadanlıqları ilə təchiz olunub. Ali
təhsil müəssisələrində tədrisin keyfiyyətini
artırmaq üçün səmərəli tədbirlər
həyata keçirilir. Gənclərin dünyanın
tanınmış ali məktəblərində
təhsil alması sahəsində böyük proqramlar
reallaşdırılır.
Elm və təhsilin tərəqqisini müasir
informasiya-kommunikasiya texnologiyaları və kosmik sənayenin
inkişafı olmadan təsəvvür etmək çətindir. Son 12 ildə
dövlət başçısı bu sahələrə də
ciddi fikir verib. Müasir
informasiya-kommunikasiya texnologiyalarının Azərbaycana gətirilməsi
və tətbiqi istiqamətində konkret addımlar
atılıb. Bununla bağlı Qərbin
aparıcı şirkətlərinin rəhbərləri ilə
şəxsən görüşən Prezident səmərəli
əməkdaşlıq haqqında razılıq əldə
edib.
İsveçrənin Davoş şəhərində
keçirilən ənənəvi iqtisadi forumda, Uzaq Şərq
ölkələrində təşkil olunmuş tədbirlərdə
bu istiqamətdə ölkə rəhbərinin real
addımları olub. Son olaraq, Çinə səfərində
İlham Əliyev iki ölkə arasında
informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın
genişləndirilməsinin vacibliyini xüsusi
vurğulayıb. Çin tərəfi də
bu məsələdə Azərbaycan rəhbəri ilə həmrəy
olduğunu bəyan edib. Şübhə
yoxdur ki, həmin istiqamətdə əməkdaşlıq yeni
səviyyəyə yüksələcək.
O cümlədən
Azərbaycanın kosmik sənaye sferasında uğurlu fəaliyyətinin
davam edəcəyinə şübhə yoxdur. Artıq
ölkəmizin bir neçə kosmik peyki orbitdədir.
Keçən il "Azersky"
müşahidə peyki "Azərkosmos" ASC-yə təhvil
verilib. Mütəxəssislər bu peykin
geniş tətbiq sahələri olduğunu, müdafiə, təhlükəsizlik,
fövqəladə hallar, təbii ehtiyatların tədqiqi və
başqa istiqamətlərdə bu kosmik aparatdan istifadə
olunacağını deyirlər.
Onu xüsusi qeyd etməyə ehtiyac vardır ki, Cənubi
Qafqazın heç bir dövləti kosmik sənayedə bu
cür irəliləyiş əldə edə bilməyib. Ermənistan
isə, ümumiyyətlə, bu sahədə çox geridədir.
Təbii ki, burada dövlət
başçısının şəxsi keyfiyyətləri və
siyasi səriştəsi haqqında yuxarıda
vurğuladığımız məqamları xatırlamaq
lazımdır. İlham Əliyev regionun
aparıcı lideri kimi fəaliyyət göstərir.
Bütün bunlar insan faktoruna ölkədə verilən
qiyməti ifadə edir. Bundan sonra da insan və onun intellekti
dövlət başçısının ən çox
önəm verdiyi məsələ olacaq. Bunu
ölkə rəhbərinin islahatları daxili imkanlar
hesabına inkişaf etdirmək haqqında ifadə etdiyi fikirlər
təsdiqləyir. Məlumdur ki, müstəqillik
əldə etmiş ölkələrin modernləşməsində
iki strategiya mövcuddur. Biri xarici
yardıma əsaslanan yeniləşmədir. Bu, istənilən dövləti kənardan asılı
hala salır. Digəri isə daxili imkanlar
hesabına müasirləşmək, yeniləşmək və
tərəqqiyə nail olmaqdır.
Hər bir dövlət ikinci yolla inkişaf etməyi arzu
edərdi. Lakin bunu ağıllı və müasir tələblərə
cavab verəcək şəkildə həyata keçirə
bilən ölkə başçısı lazımdır.
İlham Əliyev bu məqsədə
ardıcıl, qətiyyətli siyasəti nəticəsində
nail olub. O, həmin hədəfləri qarşısına
qoyarkən, bir sıra adamlar şübhə ilə
yanaşırdılar. Ancaq artıq Azərbaycan
kosmosa peyk göndərən dövlətlərdən biridir.
"Azerspace"-1 və "Azerspace"-2 peykləri
kosmosa Azərbaycanın adını yazıb. Bu zəfərin müəllifi məhz Prezident
İlham Əliyevdir.
Deməli, Azərbaycan son 12 ildə həm də kosmos
ölkəsinə çevrilib. Bu, şübhəsiz
ki, intellektual potensialın milli sərvətə çevrilməsi
sahəsində çox ciddi bir addımdır. Ölkənin 2020-ci ilə qədər dövrü əhatə
edən inkişaf strategiyasına nəzər saldıqda, insan
kapitalına diqqətin daha da artırılacağını
görmək çətin deyil. Bu o deməkdir
ki, Azərbaycanın inkişaf etmək və modernləşmək
kursu dəyişməzdir. İlham
Əliyev dövlət başçısı kimi fəaliyyət
göstərdiyi müddətdə zamanın tələblərinə
çevik reaksiya verə bilən və müstəqil
demokratik dövlətçiliyin inkişafı
üçün bütün imkanları yaradan kurs
hazırlaya bilib. Etiraf edək ki, bu, tarixi uğurdur!
Xarici
siyasət: üç faktorun vəhdəti kontekstində
Həmin bağlılıqda xarici siyasət sahəsində
görülən işləri xüsusi vurğulamaq gərəkdir. Müasir
tarixi mərhələdə bu sfera olduqca böyük əhəmiyyət
kəsb edir. Dövlətin beynəlxalq
imicinin formalaşmasının onurğa sütununu məhz
onun diplomatiyası, reallaşdırdığı xarici siyasətin
məzmunu təşkil edir. Azərbaycan
ötən 12 ildə həmin sahədə çoxvektorlu, əhatəli
və perspektivləri proqnozlaşdırılan şəffaf
bir xətt seçdiyini təsdiq edib. Məhz bu müddət
ərzində başqaları üçün nümunə ola biləcək bir fəaliyyət modeli
formalaşıb. Biz xarici siyasətdə enerji,
iqtisadi və mədəni faktorların yeni nisbətinin müəyyənləşməsini
nəzərdə tuturuq. Fikrimizi bir qədər
geniş ifadə edək.
Məsələ ondan ibarətdir ki, Azərbaycan
diplomatiyası dövlətlərarası münasibətlərin
tənzimlənməsində və beynəlxalq təşkilatlar
çərçivəsində kifayət qədər fəal
mövqe nümayiş etdirib. Bu, Prezident İlham
Əliyevin hücum taktikasına və önləyici tədbirlər
strategiyasına üstünlük verməsi sayəsində
reallaşıb. O cümlədən ölkə rəhbəri
informasiya savaşında hücum mövqeyini tutmaq barədə
xüsusi tapşırıq verib. Bunun nəticəsində
beynəlxalq miqyasda Azərbaycanın uğurları daha da
artıb. Bu kimi addımların birbaşa nəticəsidir
ki, Azərbaycan BMT TŞ-nin qeyri-daimi
üzvlərindən biri seçilib. İlham
Əliyevin həmin tarixi hadisə ilə bağlı BMT-nin
yüksək tribunasından etdiyi çıxışı
yaddaşlardan silinməyib. Bunlar erməni
diplomatiyasını və anti-azərbaycançı qüvvələri
faktiki olaraq çaşqın vəziyyətə salıb.
Həmin proses indi də davam edir.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli
naminə titanik səylər göstərir. Bu zaman Ermənistan
tərəfinin qeyri-konstruktiv mövqe tutmasına baxmayaraq,
sülh üçün əlindən gələni edir.
Bu bir reallıqdır ki, məhz Azərbaycan tərəfinin
səbri, konstruktiv yanaşması və beynəlxalq hüquqa
üstünlük verməsi sayəsində indi regionda sabitlik
hökm sürür. Şübhəsiz, bu
prosesdə dövlət başçısının ordunu
gücləndirmək sahəsində atdığı cəsarətli
addımları xüsusi vurğulamaq lazımdır. Azərbaycan ordusu son 12 ildə sürətli
inkişaf yolu keçib. Əsgərlərin
döyüş hazırlığı yüksəlib, ordunun
texniki təchizatında inqilabi işlər görülüb.
Ermənistan tərəfindən atılan hər bir təxribatçı
addıma layiqincə cavab verilib. Buna görədir ki,
zaman-zaman işğalçılar fəallaşsa da, hərbi
sahədə uğur qazana bilməyəcəklərinə tam
əmin olublar. Son nəticədə, belə
bir vəziyyət rəsmi İrəvanı
danışıqlar masası arxasına oturmağa məcbur
edir. Görünür ki, Azərbaycan rəhbərliyinin
"sərt güc"lə "yumşaq güc"ün
bir-birini tamamlamasını "ağıllı
strategiya"ya çevirə bilməsi, düşməni
ciddi narahat etməkdədir.
Azərbaycan diplomatiyası son 12 ildə dövlətlərarası
əməkdaşlıq sahəsində də ciddi uğurlar əldə
edib. İlham Əliyev regionun bütün böyük
dövlət başçıları ilə səmərəli
danışıqlar aparıb, qarşılıqlı
faydalı sazişlər imzalanmasına nail olub. İndi Azərbaycanın təhlükəsizliyi
üçün mümkün olan hər bir şey edilib.
Ölkəmiz regionun ən sabit dövlətidir.
Bundan əlavə, Qərbin güclü dövlətləri
ilə də əlaqələr inkişaf etdirilib. O cümlədən beynəlxalq
təşkilatlarla əməkdaşlıq yeni səviyyəyə
qaldırılıb. ABŞ və Avropa
İttifaqı ilə fəal surətdə təmaslar qurulub.
Eyni zamanda, Şərq dövlətlərinə
ölkə başçısı uğurlu səfərlər
edib, strateji əhəmiyyətli sazişlər imzalayıb.
Demək olar ki, bütün müsəlman
ölkələri ilə əlaqələr qurulub və
inkişaf edir. Azərbaycan həm də
İslam Əməkdaşlıq Təşkilatının
(İƏT) fəal üzvü kimi öz töhfəsini verməkdədir.
Son 12 ildə Azərbaycan beynəlxalq əməkdaşlığın
üçtərəfli və dördtərəfli
formalarına yeni məzmun verib. Azərbaycan-Türkiyə-Gürcüstan,
Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Türkiyə-Türkmənistan-Gürcüstan
və digər əməkdaşlıq formatları
reallaşmaqdadır. Əlaqələrin
bu şəkildə qurulması həm siyasi sabitliyi təmin
etməyə, həm iqtisadi əməkdaşlığı
inkişaf etdirməyə, həm də təhlükəsizlik
məsələlərini yeni səviyyədə nəzərdən
keçirməyə imkanlar yaradır. Bütövlükdə
isə regional əməkdaşlığın fərqli məzmun
alması üçün yeni imkanlar açılır.
Prezident İlham Əliyevin bu istiqamətdəki
fəallığı etiraf olunur.
Məsələnin maraqlı tərəfi ondan ibarətdir
ki, diplomatiya sahəsində əldə edilən bu nailiyyətlər
enerji siyasəti ilə tam uyğunluq təşkil edir. Keçən
müddət ərzində bu istiqamətdə Prezident
İlham Əliyev çox uğurlu addımlar atıb. Avropanın enerji xəritəsini dəyişəcək
TANAP və TAP layihələrinin reallaşması
üçün ölkəmiz səylərini əsirgəməyib.
Azərbaycan rəhbərini siyasi iradəsi nəticəsində
bu layihələrə hazırda Avropa özünün enerji təhlükəsizliyinin
əsas təminatçısı kimi baxır. Buna paralel
olaraq, enerji daşıyıcılarının nəqli sahəsində
Azərbaycan ciddi işlər görür. Artıq Yeni İpək Yolu işləyir. Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin yaxın gələcəkdə
istifadəyə verilməsi nəzərdə tutulur. Yuxarıda sadalanan layihələr
bütövlükdə regional inteqrasiyaya böyük mənada
təkan verə biləcək işlərə məhz Azərbaycanın
əsas töhfə verdiyini göstərir. Bu məqam təhlükəsizlik faktoru ilə
regional əməkdaşlığın optimal nisbətinin
müəyyənləşdirilməsi istiqamətində
bölgədə əsas işləri Azərbaycanın
gördüyünü sübut etməkdədir.
Dialoq və
sülh yolunda: multikulturalizm dövlət siyasəti kimi
Dövlət başçısı son 12 illik fəaliyyəti
dövründə çox mühüm bir uğura da imza
atıb. İlham Əliyev siyasi, iqtisadi, enerji təhlükəsizliyi
məsələlərinə mədəniyyətin,
tolerantlığın və multikulturalizmin nə dərəcədə
töhfə verə biləcəyini konkret proqramları ilə
sübut etməkdədir. "Bakı
prosesi" adlanan, sivilizasiyalar və mədəniyyətlərarası
dialoqun müasir nümunəvi modeli hesab olunan silsilə tədbirlər
bu aspektdə ciddi əhəmiyyət kəsb edir.
Dünyanın
tanınmış diplomatları, siyasətçiləri, elm
və mədəniyyət xadimləri "Bakı
prosesi"ndə bir araya gəlir, fikir mübadiləsi
aparır və fərqli mədəniyyətlər arasında
əlaqələrin inkişaf etdirilməsi perspektivlərini
müzakirə edirlər. Bunun fonunda multikulturailzmin
dövlət siyasətinin ayrılmaz bir parçası səviyyəsinə
yüksəldilməsi tarixi bir hadisədir.
Çünki dünyanın demək olar ki, bütün regionlarında baş verən ixtilafların əsas səbəblərindən birinin fərqli din və mədəniyyətlərə dözülməz münasibətin olmasıdır ki, bu da bəşəriyyətin varlığını sual altına almaqdadır. Azərbaycan Cənubi Qafqazda yerləşən ölkə kimi bu anlamda qlobal tərəqqiyə və barışa töhfə verən dövlət obrazına malikdir. Bunun əhəmiyyətini gələcək nəsillər daha yaxşı dərk edəcəklər, lakin elə indi də dünyanın əksər siyasətçiləri və görkəmli elm və mədəniyyət xadimləri Azərbaycanı multikultural dəyərləri nümunəvi inkişaf etdirən ölkə olaraq qəbul edirlər. Bu kontekstdə dünya siyasəti üçün ciddi əhəmiyyət daşıyan bir özəlliyi vurğulamaq gərəkdir.
Hazırda mütəxəssislər "ağıllı güc" strategiyasının perspektivi haqqında müxtəlif təhlillər verirlər. Ancaq reallıqda hansı dövlətin bu kursa əməl etdiyi elə də aydın deyil. Böyük dövlətlər daha çox öz maraqlarını üstün tutan mövqe nümayiş etdirirlər. Orta səviyyəli ölkələr isə kifayət qədər fəallıq göstərə bilmirlər. Müstəqilliyini əldə etmiş dövlətlər sırasında yalnız Azərbaycan konkret layihələri ilə "ağıllı güc" strategiyasını həyata keçirir. Bu sırada yuxarıda vurğuladığımız mədəniyyətlər və sivilizasiyalararası dialoqun təşkilinə Bakının ciddi önəm verməsi ilə yanaşı, cəmiyyət daxilində multikultural dəyərlərin öz plana çəkilməsini də qeyd etmək lazımdır. Bundan başqa, Azərbaycan dünyanın müxtəlif ölkələrində (məsələn, Gürcüstanda, İtaliyada, Fransada) mənsubiyyətindən asılı olmayaraq dini abidələri bərpa edir. Postsovet məkanında ikinci belə bir nümunə yoxdur. Bu siyasi kursun memarı isə Prezident İlham Əliyevdir.
Təbii ki, Prezidentin 12 illik fəaliyyətinin bütün aspektlərini bir məqalədə əks etdirmək mümkün deyil. Lakin yuxarıda vurğulamağa çalışdığımız məqamlar da bu müddət ərzində Azərbaycanın dövlət olaraq keyfiyyətcə yeni bir səviyyəyə yüksəldiyini təsdiq edir. Faktiki olaraq, yeni bir cəmiyyət formalaşıb. Bu proses uğurla inkişaf etdirilir.
Onun təməlini ulu öndər qoyub. Heydər Əliyevin həyata keçirdiyi böyük islahatların bəhrəsidir ki, indi Azərbaycan daha yüksək hədəfləri qarşısına qoya bilir. Çox əlamətdardır ki, ötən 12 ildə İlham Əliyev varisi olduğu siyasi kursu yüksək peşəkarlıq və qətiyyətlə inkişaf etdirib. Nəticədə, Azərbaycan yeni bir məmləkətə, dövlətə, cəmiyyətə çevrilib. Öz daxilində multikultural dəyərləri təkmilləşdirən, regional səviyyədə sosial-mədəni və iqtisadi inteqrasiyanı təşviq edən, qlobal miqyasda mədəniyyətlərarsı dialoqu və enerji təhlükəsizliyini konkret layihələri ilə dəstəkləyən, müasir, demokratik, müstəqil bir dövlətimiz var! Onu Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni qələbələr gözləyir!
525-ci qəzet.- 2015.- 24 dekabr.- S.5.