Müsabiqədə fərqlənən uşaq rəqs kollektivləri mükafatlandırılıb
Dekabrın 22-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında uşaq rəqs kollektivlərinin respublika müsabiqəsində qalib gəlmiş və fərqlənmiş kollektivlərin mükafatlandırılma mərasimi və yekun konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək müsabiqənin əhəmiyyətindən söz açıb.
Bildirib ki, müsabiqə gənc istedadların üzə çıxarılması, yaradıcılıqlarının inkişafına kömək və onlara dövlət qayğısının göstərilməsi, uşaq, yeniyetmə və gənclər arasında rəqs sənətinin təbliği məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunub.
Nazir müavini istedadlı gənclərə göstərilən dövlət qayğısından və bunun səmərəli nəticəsindən söz açıb.
Qeyd olunub ki, ölkə başçısı İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu istiqamətdəki işləri gənc istedadların peşəkarlığının artırılmasına xidmət edir.
Sonda müsabiqədə laureat adı almış və fərqlənmiş rəqs kollektivlərinə Mədəniyyət və Turizm Nazirliyinin müvafiq dərəcəli diplomları, fəxri fərmanları və mükafatları, digər iştirakçılara isə tərifnamələr təqdim olunub.
Qeyd edək ki, müsabiqəyə 20-dək rəqs kollektivi qatılıb.
525-ci qəzet.- 2015.- 24 dekabr.- S.7.