Vətəndaş, alim,
jurnalist - Teymur Əhmədov-85
Vətəndaşlıq təkcə rəsmi-hüquqi
qeydiyyatdan ibarət deyil. Əsl vətəndaşlıq insanın
fəaliyyətinin, şəxsiyyətinin vətənə,
millətə, dövlətə və dövlətçiliyə
gərəklik dərəcəsi ilə
ölçülür.
Professor
Teymur Əhmədovun ömür yolunun şüurlu həyat və
fəaliyyət tarixinə nəzər salanda bütün
hallarda adamda onun həmin tələblərə uyğun gəldiyi
qənaəti hasil olur; orta məktəbi qızıl medalla
bitirəndə də, ali məktəbdə
təhsil alanda da, İrəvanda, Bakıda jurnalist, publisist,
alim və yazıçı kimi fəaliyyət göstərəndə
də, Teymur müəllim birinci növbədə vətəndaş
olaraq qalır.
İrəvanda
"Sovet Ermənistanı", Bakıda "Azərbaycan"
jurnalı, "Vətən səsi", "Respublika" və
digər mətbu orqanlarda məsul vəzifələrdə - ədəbi
işçi, şöbə müdiri, məsul katibin
müavini, baş redaktor vəzifələrində
çalışarkən qələmə alıb dərc
etdirdiyi elə ilk yazılarından onun elmi və publisistik
qabiliyyəti ilə yanaşı, vətəndaş müəllif
mövqeyi də aydın sezilir. Bu keyfiyyətləri
ilə ona təkcə soydaşları deyil, erməni həmkarları
da hörmətlə yanaşır, Teymur şəxsiyyəti
və mövqeyi ilə hesablaşmaya bilmirdilər.
T.Əhmədovun
hələ İrəvanda ikən dərc etdirdiyi məqalə
və kitablarda Azərbaycanın zəngin ədəbi və mədəni
sərvətə, soydaşlarının yüksək intellektə
malik olmalarından gələn qürur hissi həmin milli-mənəvi
keyfiyyətlərlə rus, erməni, gürcü, ukrayn və
digər xalqların kifayət qədər savad və nüfuz
sahibi olan nümayəndələrinin ehtiramla bəhs etmələri,
Azərbaycan şair və ədiblərinin bədii irslərindən
bəhrələnmələrini həm də sözdə təsdiqləmələrindən
də güc alır. Ona görə bu cür
tarixi və ədəbi faktları öz yazılarında-məqalə
və kitablarında diqqət mərkəzində saxlayıb
xüsusi vurğulayır. Sovetlər Birliyinə daxil
olan xalqların həm ziyalı elitasının, həm də
sıravi nümayəndələrinin Azərbaycanın ədəbiyyat
və mədəniyyət təmsilçiləri,
ayrı-ayrı nümayəndələri ilə yaranıb
formalaşan qarşılıqlı dostluq və əməkdaşlıq
duyğularının kökündə daha çox Azərbaycanın
intellektual zənginliyi,mənəvi- əxlaqi kamil, istedad və
səmimiyyəti dayandığını görür və
vurğulayırdı.
Hələ İrəvanda yaşayıb işləyərkən
Abasqulu bəy Şadlinski haqqında çap etdirdiyi əsərində
Teymur müəllimin alim vətəndaş mövqeyi, milli
qürurdan doğan qətiyyəti, qorxmazlığı ilə
yanaşı, yazılarında bir diplomat, ideoloq səriştəsi
də görünür. Erməni daşnaqlarına, onların
liderlərinə cəsur azərbaycanlı komandir Abasqulu bəy
Şadlinskinin tutduğu divan sosialist ideyaları pərdəsi
arxasından ucalan vətəndaş təəssübkeşliyi
ilə işıqlandırılmışdır. Teymur
Əhmədovun bu istiqamətdəki
araşdırmalarını, "Vedibasarın
qanlı-qadalı günləri (1918-1919-cu illər)",
"Erməni xəyanəti və ya Andranik Ozanyanın
qanlı əməlləri (1918-1920-ci illər) " və s.
kitab və məqalələrində davam etdirmiş, hər dəfə
də həmin problemlə bağlı yeni və daha
tutarlı faktları, tarixi sənədləri oxuculara təqdim
etmişdir. Bütün bu keyfiyyətləri
onun elmi fəaliyyətinin də əsasını təşkil
edir. Belə ki, Teymur müəllim böyük ictimai
xadim, yazıçı və publisist, alovlu vətənpərvər
olan Nəriman Nərimanovun ədəbi, elmi və publisistik
irsi ilə yanaşı dövlət xadimi kimi fəaliyyətini
araşdırarkən də tədqiqat obyektinə zaman-zaman
yenidən qayıtmış və hər dəfə də
onu yeni sənədlər, faktların işığında
elmi-nəzəri cəhətdən xeyli təkmilləşdirmiş,
yeniləndirmiş, zənginləşdirmişdir.
Nəriman
Nərimanovun dramaturji irsinin öyrənilməsinə həsr
etdiyi dissertasiya və onun monoqrafiya halında nəşrində
ədibin sənət yolu, obrazlar aləmi, əsərlərinin nəşri, tamaşa tarixləri,
ideya-estetik keyfiyyətləri barədə əsaslandırılaraq
irəli sürülən fikirlər özünün elmi dəyərini
və aktuallığını qoruyub saxlamaqdadır. N.Nərimanovun
tarixi faciə janrında yazdığı "Nadir şah"
dramının mövzusu, obrazlar sistemi, ideyalar aləmi
geniş və ətraflı təhlil edilərkən ədibin
əsərdə qabarıq görünən bütöv Azərbaycan
arzuları və dövlətçilik görüşləri
üzərində xüsusi dayanılması T.Əhmədovun
həm də araşdırmalarının gələcək
üfüqlərinin genişlənməsinə
hesablandığı barədəki ehtimalları doğrultdu;
o, növbəti -doktorluq dissertasiyasını böyük ədib
və dövlət xadiminin- Nəriman Nərimanovun
bütövlükdə həyat və yaradıcılıq
yolunun tədqiqinə həsr etdi. Bu
araşdırmada N.Nərimanovun nasir, publisist və dramaturq
portreti, demək olar ki, bütün tərəfləri ilə
canlandırıldı. Bununla qalmayıb
N.Nərimanovun dövlət xadimi, vətən, millət,
torpaq təəssübkeşi kimi son dərəcədə
çətin, üzüntü, sarsıntı və
ağrılarla dolu fəaliyyətinin uzun müddət gizli
saxlanılmış səhifələrinə işıq
saldı. O, torpağa, yurda alim-vətəndaş sevgisi
və təəssübü ilə hazırlayıb çap
etdirdiyi " Nəriman Nərimanov. Məktublar
və Qarabağ məsələsinə dair sənədlər"
(Bakı, 2002) adlı kitabında Zəngəzur, Göyçə,
Qarabağ torpaqları (əraziləri) ilə bağlı erməni-
rus siyasətçilərinin məkrli siyasi addımlarına
N.Nərimanovun təkbaşına və fədakarcasına
mübarizəsinin ayrı-ayrı məqamları tarixi sənəd
və faktların təkzibolunmaz "şahidliyi" ilə
üzə çıxarılmasına nail olmuşdur. Bu zaman sətirlər və sənədlər arasından
N.Nərimanov fədakarlığı, mübarizliyi, cəsarəti
ilə yanaşı T.Əhmədov təəssübkeşliyi
və vətəndaş- müəllif mövqeyi də
qabarıqlığı ilə görünür.
Professor Teymur Əhmədov öz sevgisində də, nifrətində
də sabitqədəmliyi ilə seçilir. Bu xüsusiyyət
onun Abasqulu bəy Şadlinski və N.Nərimanovla
yanaşı ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik
dühasına və şəxsiyyətinə münasibətinin
ardıcıllığında və qətiyyətində də
qabarıq görünür. Belə ki, hələ
1990-cı illərin əvvəllərində Heydər
Əliyev Naxçıvanda yaşayıb fəaliyyət
göstərdiyi ağır və sıxıntılı
dövrdə Bakıda çıxan hər hansı KİV-də
onun haqqında ötəri bir qeyd belə getməsinə rəvac
verilməyəndə Teymur Əhmədov baş redaktoru (və
təsisçisi) olduğu "Vətən səsi" qəzetində
Heydər Əliyevin həm haqqında yazılar verir, həm də
onun baş redaktora-T.Əhmədova ünvanlanmış
teleqram və açıq məktubunu dərc edirdi. Bəzi dostlarının ehtiyatla onu belə hərəkətlərdən
uzaq olması haqdakı çağırışlarına
heç məhəl belə qoymurdu. Çünki
o, Heydər Əliyev dühasını, onun vətən, xalq
və dövlət qarşısındakı xidmətlərini
yüksək qiymətləndirir, belə bir şəxsiyyətin
böhtanlar, yersiz qınaqlar burulğanında gizlədilməsi
cəhdləri ilə heç vəchlə barışa
bilmirdi. Vəzifə postundan
uzaqlaşdırıla biləcəyi haqda olan açıq və
gizli eyhamların tezliklə həqiqətə çevriləcəyi
ehtimalı da T.Əhmədovu öz yolundan döndərmədi.
Respublikanın o zamankı rəhbərliyinin tarixi ərazilərimizdən
qovularaq Bakıda sığınacaq tapan qərbi azərbaycanlıların
şəhərdən çıxarılması məqsədi
ilə tətbiq etdiyi zorakı, qeyri-insani əməlləri
ifşa edən və soydaşlarımızın
hüquqlarının müdafiəsinə yönəldilən
irihəcmli yazını "Vətən səsi"ndə dərc
etdi. Kollektiv imza ilə çıxan həmin məqalə həm
dövlət rəhbərliyində, həm də ictimaiyyət
içində böyük əks-səda doğurdu... Nəhayət, cürbəcür
çirkin bəhanələrlə "Vətən səsi"
qəzetinin baş redaktoru vəzifəsindən
uzaqlaşdırılan Teymur müəllim ruhdan
düşüb sayılmadı,
"Vətən həsrəti", "Ata
yurdu", "Yeni fikir" və
s. qəzetlərin baş redaktoru kimi fəaliyyətini davam
etdirdi.
T.Əhmədov "Respublika" qəzetinin baş
redaktoru kimi səmərəli fəaliyyətində əvvəlki
əzmkarlığını, dövlətə və dövlətçiliyə,
vətənə və xalqına sədaqətini daha da
möhkəmləndirmiş, kamilləşdirmiş, yeni və
uğurlu səhifələrə imza atmışdır. Onun toplayıb tərtib
etdiyi dörd cildlik "Heydər Əliyev və mətbuat"
üçcildlik "Heydər Əliyev və mədəniyyət",
"Heydər Əliyev və qadın siyasəti", həmçinin iqtisadiyyata, siyasətə
dair digər kitablar yüksək peşəkarlıq və
elmi səriştə ilə hazırlanmaqla Heydər Əliyev
şəxsiyyətinə sonsuz sevgi və ehtiram nümunəsi
olub, ayrı-ayrı ,əsasən də humanitar elmi
düçüncə sahəsi mütəxəssislərinin
tez-tez müraciət etdikləri ən mötəbər nəşrlərdəndir.
(T.Əhmədov bu istiqamətdəki fəaliyyətini
Azərbaycan Respublikası Prezidenti cənab İlham
Əliyevin mətbuat və mədəniyyət sahəsi ilə
bağlı görüş, çıxış və
müsahibələr toplusunun nəşri ilə də davam
etdirir).
Beləliklə, professor Teymur Əhmədovun vətəndaş
alim və jurnalistik fəaliyyəti qovuşuq şəkildə
püxtələşir, inkişaf edir. Bu hal onun
ayrı-ayrı tarixi və ədəbi şəxsiyyətlərə
bəslədiyi vətəndaş-alim münasibətində,
hazırlayıb çap etdirdiyi nəşrlərə müxtəlif məzmunlu
münasibətlərində də müşahidə edilir.
Məsələn,
Nəriman Nərimanov, Süleyman Rüstəm, Səməd
Vurğun, Abdulla Şaiq, Xəlil Rza Ulutürk, Zəlimxan
Yaqub, Mirzə İbrahimov və Mir Cəlal Paşayev ( sonuncu
iki cilddən ibarətdir) şəxsiyyətlərinə həsr
edilən kitab-albomlar elmi-nəzəri səviyyə və
mündəricəsi, fakt və material zənginliyi, mükəmməl
sistemliyi ilə diqqəti cəlb edir. Həmin nəşrlərdən
aydın olur ki, Teymur Əhmədovun elmi (və bədii) tərtibçilik
uğurunun arxasında onun elmi erudisiyası, axtarış səbri
və dözümü, fakt və materialları çeşid
ardıcıllığı ilə düzmə səriştəsi,
incə zövqü, işinə dərin məsuliyyət
hissi, hər şeydən əvvəl tədqiqat obyektlərinə
sonsuz sevgisi və ehtiramı durur. Özünün
orijinallığı ilə seçilən bu nəşrlərin
hər birinin təkrarsızlığını onların həsr
olunduqları tarixi və ədəbi şəxsiyyətlərin
özgünlüyü müəyyən edir. Həm də ona görə
ki, professor Teymur Əhmədov həmin nəşrlərə
daxil etdiyi elmi tədqiqat xarakterli yazıları, müxtəlif
ədəbi, elmi material və tarixi sənədləri, foto və
illüstrasiyaları elə səriştə və elmi
prinsiplə yerləşdirir ki, onların həsr edildiyi şəxsiyyətlər
fərdi ədəbi simaları hərtərəfli fərdi
cizgiləri ilə göz önündə canlanırlar. Bu da həmin kitab-albomların elmi-nəzəri məzmununu
təmin etmiş olur. (Qeyd edək ki, C.Məmmədquluzadə
və R.Rzaya həsr edilən kitab-albomların
hazırlanmasında akad. İ.Həbibbəyli
və prof. B.Bağırov T.Əhmədovun bu sahədəki təcrübəsindən
bəhrələnmişlər).
Professor
Teymur Əhmədov AMEA-nın Nizami adına
Ədəbiyyat İnstitutunda elmi fəaliyyətini jurnalistliklə
paralel şəkildə davam etdirir. O, əvvəlcə
institutun müvafiq şöbələrində
çalışmış, sonra isə akademik Mirzə
İbrahimovun təşəbbüsü və Heydər
Əliyevin xeyir-duası ilə yaradılan Cənubi Azərbaycan
ədəbiyyatı şöbəsində səmərəli
elmi yaradıcılıqla məşğul olmağa
başlamışdır. Özünün bütün elmi,
publisistik və ictimai vətəndaşlıq fəaliyyətində
bütöv Azərbaycan amalını rəhbər
tutan T.Əhmədov Mirzə İbrahimovun vəfatından
sonra fəaliyyəti dayandırılan həmin şöbənin
fəaliyyətinin bərpasına nail olmuş və
yarımçıq qalmış işlərin tamamlanması
ilə yanaşı yeni tədqiqatların əsasının
qoyulmasına nail olmuşdur. Nəticədə
"Cənubi Azərbaycan ədəbiyyatı
antologiyası" adlı nəşrin sonrakı cildləri,
XIX əsr və XX əsrin əvvəlləri Cənubi Azərbaycan
ədəbiyyatı tarixinə həsr edilmiş iki cilddən
ibarət fundamental elmi nəşrlər oxucuların
ixtiyarına verilmişdir. Həmin nəşrlər
elmi ictimaiyyət tərəfindən rəğbətlə
qarşılanmış, mətbuatda əks-səda
doğurmuşdur.
Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin
həmin mötəbər nəşrlərinin hər birinin təşkili,
hazırlanması redaktəsi və çap edilməsində
Teymur müəllimin həm müəllif, həm də
ümumi rəhbərlik əməyi böyükdür, təqdirəlayiqdir.
Professor T.Əhmədov çoxcildlik Azərbaycan ədəbiyyatı
tarixini beşinci cildinin də müəlliflərindən
biridir.
Professor Teymur Əhmədov elmi-nəzəri və təcrübi
toplama və tərtibat işini digər sahələr və
istiqamətlər üzrə də aparmaqdadır. Onun səbrlə,
elmi-metodiki səriştə ilə toplayıb tərtib etdiyi
hər biri iki və üç cilddən ibarət "XIX əsr
Azərbaycan ədəbiyyatı müntəxəbatı",
"XX əsr Azərbaycan ədəbiyyatı müntəxəbatı",
"Azərbaycan uşaq ədəbiyyatı
antologiyası", Nəriman Nərimanovun,
X.R.Ulutürkün, Əndəlib Qaracadağinin
seçilmiş əsərləri və bu kimi digər nəşrlər,
həmçinin "Jurnalist olmaq istəyirsənsə..."
kitabı səriştəli, təcrübəli, zəhmətkeş,
alim əməyinin qiymətli bəhrələridir.
Teymur Əhmədov bütün bunlarla yanaşı
çox böyük çətinliklə başa gəlməklə,
kollektiv əmək tələb edən ensiklopedik nəşrlərə
də təkbaşına imza atmışdır. "Azərbaycan Sovet
yazıçıları", "XX əsr Azərbaycan
yazıçıları", "XX-XIX əsrlər Azərbaycan
yazıçıları", "Müasir Azərbaycan yazıçıları
(soraq kitabçası)", Azərbaycan Elmlər
Akademiyasının və AMEA Nizami adına Ədəbiyyat
İnstitutunun yubileylərinə həsr edilmiş "Müqəddəs
elm məbədi", "Nizami adına Ədəbiyyat
İnstitutu" adlı kitablar tərtibat texnikasının
kamilliyi və elmi-bədii mükəmməlliyi ilə maraq
doğurur.
Professor Teymur Əhmədov elmi kadrların
hazırlanması işində də səmərəli fəaliyyət
göstərir. Onun elmi rəhbərliyi ilə iyirmidən çox adam müxtəlif mövzularda dissertasiya
müdafiə etmişdir. O, onlarla gənc tədqiqatçının
rəsmi opponenti olmuş və ya dissertasiyanın
avtoreferatına rəy vermişdir. Otuzdan
artıq kitabın (elmi və ədəbi) redaktoru və ya rəyçisi
olmuşdur. Respublikada ədəbiyyatşünaslıq
elminin təşkilində Əlaqələndirmə
Şurasının elmi katibi kimi səmərəli fəaliyyət
göstərmişdir.
Bütün bunlarla yanaşı Teymur Əhmədov
jurnalistlik fəaliyyətini təkcə "Respublika" qəzeti
ilə məhdudlaşdırmır. O, məşhur "Füyuzat"
jurnalının nəşrini davam etdirmək məqsədilə
həmin adda həmtəsisçisi olduğu jurnalın
baş redaktoru və XX əsrin əvvəllərində
qadın mətbu orqanı kimi nəşr edilən
"İşıq" qəzetinin adını
daşıyan "İşıq" qadın
jurnalının təşəbbüsçüsü, redaksiya heyətinin
üzvüdür. "Füyuzat" jurnalının hər
ayda çıxan nömrələrinə yazdığı ənənəvi
"Baş redaktordan" başlıqlı məqalələr
dövrün ictimai-ədəbi,
sosial-mədəni hadisə və proseslərinə ayıq
alim-jurnalist baxışının sərrastlığı və
nömrənin materiallarının qavranılmasında oxucuya
irşad-yolgöstərən, bələdçi olmaq
missiyası ilə maraq və rəğbət doğurur.
Teymur müəllimin tədqiqatçılıq və əməli jurnalistlik fəaliyyətinin nəticələrindən onun həmkarlarının bəhrələndikləri barədə yuxarıda etdiyim ötəri qeydə onu da əlavə etməyi lazım bilirəm ki, "Respublika" qəzetində on ilə yaxın Teymur müəllimin rəhbərliyi ilə çalışdığım müddətdə qazandığım təcrübə və vərdişlər, həmçinin onun hər nömrənin maketinin tərtibi, fotoların səhifələr üçün çeşidlənməsi üzərində çox vaxt heç kəsə etibar etməyib özü gördüyü işləri müşahidə etməyim və "Jurnalist olmaq istəyirsənsə..." kitabındakı materiallar Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində dərs deyərkən və "Jurnalist sənətkarlığı" (Bakı, 2015) kitabını yazarkən xeyli dadıma çatmışdır.
Teymur müəllim həssas və xeyirxah insandır. Ona üz tutan hər kəsə, hətta heç tanımadığı adamlara belə mümkün qədər əl tutmağa çalışdığının dəfələrlə şahidi olmuşam. Bütün bu cəhətlərinə görə övladları da özündən geri qalmırlar.
Yuxarıda qeyd etdiyim kimi, o sevgisində də, nifrətində, qəzəbində də sabitqədəmdir; sevgisi və etibarı ona çoxlu dostlar, arxa qazandırdığı kimi, etibarsızlığı, üzüdönüklüyü bağışlaya bilmir, qəzəbi, nifrəti də (ermənilərə olduğu kimi) özünə və yaxın ətrafına qarşı müxtəlif təzyiq və zərərlərə səbəb olur. Ancaq o, bütün hallarda öz qətiyyətindən dönmür, təbiətinə dönük çıxmır. Bu da, məncə, hər kəsi özü kimi görmək istək və tələbindən irəli gəlir.
Bütün bunlarla yanaşı, Teymur müəllimin tərəfdarları, himayədarları, onu sevənlər daha çoxdur. Təsadüfi deyil ki, onun hərtərəfli səmərəli fəaliyyəti mətbuatda və ictimai-elmi mühitdə yüksək qiymətləndirilmiş, müxtəlif mükafatlara, o cümlədən, dövlət tərəfindən "Tərəqqi medalına" layiq görülmüşdür.
Teymur Əhmədova səmərəli elmi, ictimai fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü təyin edilmişdir. Ona 85 yaşı yola salandan sonrakı fəaliyyətində də cansağlığı arzulayırıq!
Alxan BAYRAMOĞLU
filologiya elmləri doktoru, professor
525-ci qəzet.- 2015.-25 dekabr.- S.8