Yusif Səmədoğlu - ölümdən sonrakı həyat

 

 

Qusar meşəsinin ortasında balaca bir evdi. Nağıllarda təsvir olunan daxmalara bənzəyirdi. Dörd dövrəsi ağacdı. Dəniz uzaqdadı, çox uzaqda...

 

Ona görə gecənin bir aləmi dalğaların səsinə yuxudan ayılanda qorxumdan nə edəcəyimi bilmirdim?! Külək qalxdıqca "dəniz" ləpələnir, mənsə vahimələnirdim. Heç kəsi oyadıb narahat eləmək istəmirdim. Birtəhər sabahı gözlədim, səhər açılan kimi bizi qonaq eləmiş ev yiyəsindən ötən gecəki "dəniz"i xəbər alanda xeyli sadə cavabdan təəccübləndim. Dalğaların səsini yaradan yarpaqlar imiş. Külək əsəndə yarpaqların xışıltısı dəniz ləpələrinin səsini andırırmış...

 

Onda uşaq idim! Yusif Səmədoğlunu oxumamışdım. Amma illər keçdi, ilk dəfə "Qətl günü" romanını oxuyanda həmin o uşaqlığımda qalmış gecəni, ruhumu sarmış vahiməni xatırladım:

 

"...hərdən qoşa vələsin kəlləsində ləpədöyənin səsinə bənzər bir səs qopurdu, deyirdin,  yaxınlıqda dəniz var, amma bu səsdən adam diksinirdi".

 

Bu dəfə də təsirləndim, amma başqa səbəbdən; həyatın, gerçəkliyin belə dəqiq, həm də yüksək bədiliklə yazılmasından. Yusif Səmədoğlu yaradıcılığı ədəbiyyatın klassik tərifinə tam uyğundur; ədəbiyyat həyatı obrazlı şəkildə əks etdirən söz sənətidir. Bu tərif Yusif Səmədoğlunun yaratdığı ədəbiyyata birbaşa aiddi. Onun bütöv irsini - bir neçə hekayəsini, "Qətl günü" romanını və yarımçıq qalmış "Deyilənlər gəldi başa" əsərini ümumilikdə məhz belə səciyyələndirmək olar: "Həyat və zaman haqqında hekayət". Bu mənada yazıçının yazaraq yaratdığı həyat həm gerçək, yəni hamımızın yaşadığı həyatdı, həm də bir az da özünün uydurduğudu. O, reallığı daha dəqiq, daha dolğun, tərifdə deyildiyi kimi - "obrazlı şəkildə" çatdırmaq üçün edir bütün bunları: mistik qəhrəmanlar, sürealist süjetlər, irreal səhnələr hamısı bu gerçək həyatın dərin qatlarına enməkdən, fəlsəfəsini anlamaqdan, anlatmaqdan ötrüdü. Və bu əsərlərin demək olar ki, hamısında yazıçı mövqeyinin duyulmaması, müəllifin xeyirə pərəstişinin, şərə nifrətinin, müsbət-mənfi qəhrəman bölgüsünün açıq-aşkar hiss olunmaması da fərqli məqamdı. Müəllif sadəcə həyatı göstərir, öz üsulları, öz vasitələriylə adi gözlə görünməyən həqiqəti üzə çıxarır, nəticə isə oxucuya qalır.

 

lll

 

Yusif Səmədoğlu 1935-ci ildə dünyaya gəlib. Yaşasaydı, 80 illik yubileyi qeyd olunacaqdı. 80 yaşlı yazıçının bu günü müşahidə edib nələr yaza biləcəyini düşünürəm. Və bu fikirlə əsərlərini, romanını yenidən oxuyub görürəm ki, əslində o çağdaş zamanı yazıb artıq. "Qətl günü" təkcə Yusif Səmədoğlu yaradıcılığının deyil, bütöv Azərbaycan nəsrinin müasir terminlə ifadə etsək, "brend"i sayıla bilər. Üç fərqli zaman təsvir edilmiş bu romanı elə yüngülvari araşdıranda görürsən ki, əsər bütün dövrlər və zamanlar barədədir, bütün dövrlərin və zamanların qanunları, bu qanunlar içərisində yaşamaq uğrunda mübarizə aparan insan haqqındadır. Birinci dövr - təxminən XVIII əsr Azərbaycanı, ikinci dövr - XX əsrin 30-40-cı illəri, üçüncü dövr - yenə də təxminən 70-80-ci illər. Bu üç zamanda baş verən hadisələr həm bir-birindən uzaqdır, qəhrəmanlar fərqlidir, həm də bir-biriylə bağlıdı, qəhrəmanların taleyi oxşardır, biri digərinin davamıdır.

 

Əsərin qəlizliyi, çətin qavranılması, təhlilə gəlməməsi haqda müxtəlif fikirlər var. Amma bir az diqqətlə, peşəkar yanaşanda açarın elə mətnin özündə olduğunu başa düşürsən. Yazıçının "Dərd də azar kimi gələndə batmanla gəlir." - priyomu çox şey deyir. Əsərin müxtəlif məqamlarında "qonq" kimi səslənən bu fikir əsas qayəni ifadə edir.  Müəllif hər üç dövrü birləşdirən dərdlərdən danışır əslində və buna qəhrəmanın düşüncələri vasitəsiylə eyham vurur: "Və birdən Mahmudun ağlına bir fikir gəldi: adamları bir-birinə bağlayan dərddir. Dərd uzun bir kəndirdi ki, dünyanın belinə toqqa kimi dolanıb, hamı bu kəndirdən yapışıb bir-birinə sarı gəlir..."  Bəs bu dərd nədi, nədən ibarətdi? Məsələn, XVIII əsrdə yaşayan Xacə Ənvərlə 70-ci illərin sadə kənd sakini Tatar Temirin ümumi dərdi ola bilərmi? Yazıçının öz təbiriylə desək, "dünyanın belinə toqqa kimi dolanan" dərd hansı yerdə, hansı məqamda birləşdirir bu adamları? Bu sualların da cavabı mətnin özündədir:

 

"Fikirləşdi ki, bu zəmanədə heç bəndəyə "dərd görməmisən" demək olmaz, bu, ağ yalan olar. Hərənin çiynində dağ boyda dərdi var, biri bu ağırlığa dözür, Temir demişkən, bir yanın boş qoyur, o biri qatlanır, dördayaq olub ulaya-ulaya dağa-daşa düşür". 

 

Yəni əslində bu zəmanədə yaşamağın özü artıq "dərd çəkmək" - deməkdi. Və hərənin çiyninə düşən, ömrü boyu daşımalı olduğu "dağ boyda dərd"in adı da ZAMANdı. Əsərdən çıxan çoxlu nəticələrdən biri də budur ki, zaman hələ indiyə kimi heç vaxt insanın tərəfində olmayıb. Dövrlər bir-birini əvəz etdikcə amansız qanunların şəkli dəyişir, mahiyyət dəyişmir. Ədalətli, xoşbəxt cəmiyyət isə utopiyadır. Amansızlıqla edam olunmuş şairin əlyazmalarını qaçıran təlxək (!) Üfləmə Qasım qan tökülməyən, baş kəsilməyən məmləkət axtarır. Amma məgər beləsi varmı, varsa hardadı? Yazıçı özü də əsərdə bu sualı açıq qoyur:

 

"Amma getməliydi, lazım olsa xortdanın özün qucaqlayıb onunla bir yerdə bu meşədə gecələməliydi: şairin əlyazmalarını uzaqlara, qan tökülməyən, baş kəsilməyən bir yerə aparıb orda çörəyi halal adamların diyarında otun-ələfin altından gün işığına çıxarmalıydı. Amma təlxək qüssəli-qüssəli xəzan yarpaqlarına bir də baxıb düşündü ki, görən, bu dünyada çörəyi halal olan adamların diyarı hardadı?"

 

"Qətl günü" romanının az qala hər cümləsi ideyaya xidmət edir. Yazıçı bəzi məqamlarda Çexovsayağı eyhamlarla - qəhrəmanların tamam başqa, bəlkə də adi məişət məsələlərini müzakirə etdiyi anlarda qısa "atmacalarla" bu ideyanı (yaxud ideyaları) göstərir.

 

"Xatirələr üstünə gələndə, kilidli qapılardan biri açılıb, boğazından içinə qaynar qurğuşun töküləndə, ürəyinə də damcı-damcı ağrı axanda, gərək ya fit çalıb, göz vurub özünü səfehliyə qoyasan, ya əllərini qaldırıb təslim olasan. Başqa yol yoxdur. Çünki keçmiş həmişə pusqudadır, fürsət düşən kimi tətiyi çəkir. Vay o gündən ki, güllə səni tapa". 

 

"Keçmiş həmişə pusqudadır". Həm xalqın keçmişi; ona görə yazıçı dərdi keçmişdən üzübəri təsvir edə-edə gəlir. Həm də ayrı-ayrı qəhrəmanların keçmişi; ona görə Zülfüqar kişi ölüm ayağında illər öncə yuxarıdan gələn əmrlə öldürdüyü  Sarıca oğlu Məhəmmədi xatırlayır. Yazıçının əsas uğuru bütün zamanları, bütün dövrləri qarışdırıb bir bütöv "zaman" yaratmasıdı. Yəni, burda keçmiş, gələcək yoxdu əslində, hər şey indi baş verir - müəllifin hadisələri qələmə aldığı vaxtda və bu "İNDİ" bütün zamanların və cəmiyyətlərin içərisini göstərir: hökmdarla Salahovu əsrlər ayırır. Amma Salahov hökmdarın mənəvi varisidi, əsrlərin bu üzündəki obrazıdı, şərin simvoludu.  Yüzillərin bu tərəfində şairləri meydanda edam eləmirlər, dərisin soymurlar, dilin kəsmirlər, amma yenə də zaman, mühit sənətkara qarşıdı - Sədi Əfəndi kimi ziyalıları cəmiyyət bir tərəfdən sıxışdırır, "yuxarılar" başqa tərəfdən. Xalq mütləq hakimiyyət qarşısında acizdi, qorxu insanların mənəviyyatına qənim kəsilib. Yeganə azad adam, şair Millətin gözü önündə edam olunur, bir kəs cınqırını çıxarıb etirazını bildirmir. Yazıçı bu məqamı hökmdarın dilindən şərh edir:

 

"Bu məmləkətin xanını edam etdik, kəndini-kəsəyini oda verdik, qolunda təpər qalmış erkəklərinin hamısını qılıncdan keçirib qanına qəltan elədik və bir kimsə qorxmadı və yerli camaatdan da bir kimsə artıq-əskik danışmadı. İndi bir dılğır şairin üstündə, mənim zəbt etdiyim məmləkətin camaatı, yəni öz hökmdarının üzünə olacaq?!"

 

...Alqış nidaları elçilər otağının mərmər sütunlarını, bər-bəzəkli divarlarını yalayıb ərşə dirəndi..."

 

Məgər bu sözlər, bu şərh yalnız o dövrəmi aiddi? Mərmər sütunları lərzəyə gətirən alqışlar sonralar totalitar rejimin də simvollarından birinə çevrildi. Hətta ictimai əsaslarla "çəpikçilər ştatı" da yarandı idarələrdə. Yazıçı bu cür kiçik və böyük detallardan istifadə edərək yaltaqlığı, riyakarlığı, qorxaqlığı simvollaşdırır. Bu mənada əsər həm də informasiya verir. Çağdaş dövr gənclərinin, yəni o zamanı görməyənlərin Sovet sistemi gerçəkliklərini təsəvvür etməsi üçün zəngin material var romanda. Bu mənada xəstənin düşüncələri, xatirələri xeyli təsirlidir:

 

"Xəstəliyimin mənə xeyri də bu oldu ki, daha məni tez-tez yoldaş Filankəsovun yanına iclasa-filana çağırmırlar. İçirəm dərmanlarımı, yatıram yorğan-döşəyimdə. Nə məni çağırırlar, nə də mən onlara zəng vururam. Dünyada görəsən can rahatlığından yaxşı şey ola bilərmi?"

 

Tək elə gətirdiyim bu kiçik parçadan xeyli dərin mətləbləri əxz etmək olar. Həyat o qədər qəliz, qanunlar o qədər sərtdir ki, xəstəlik, yorğan-döşək "can rahatlığı" sayılırmış. Təki səni yoldaş Filankəsovun yanına çağırıb çək-çevirə salmasınlar...

 

Müəllifin bütün bu incə mətləblərdən xəbərdar olması, bəlkə də elə real həyatda baş vermiş hadisələri qələmə alması təbiidi. Mühitin necə deyərlər,  ortasında, Səməd Vurğunun ailəsində dünyaya gəlmiş adamın bunları bilməsində qeyri-adi bir şey yoxdu. Qeyri-adi olan bu reallıqların necə yazılmasıdı. Bəzən real həyat hadisələri elə yazılır ki, əhvalatlar xronika, personajlar yazıçı əlində "marianetka" təsiri bağışlayır. Amma Yusif Səmədoğlunun yüksək nasir peşəkarlığı böyüyüb boya-başa çatdığı mühiti, az qala evinin içində gedən söhbətləri son dərəcə bədii şəkildə qələmə almağa imkan verib.

 

Əsərin əsas məziyyətlərindən biri də dilidir. Yazıçı müxtəlif dövrləri fərqli dillərdə təsvir edir. Və bununla dil tariximizi də, dilin keçdiyi inkişaf yolunu da canlı səhnələrlə, əyani şəkildə göstərmiş olur. XVIII əsr hadisələri daha ağır, qəliz, sanki əruzun "rəməl"ində olduğu kimi ləngərli dildə, 30-40-cı illər, Sədi Əfəndinin gündəlikləri Sultan Məcid Qənizadənin, Mirzə Cəlilin, Əbdürəhim bəy Haqverdiyevin dilində, bir az daha müasir zaman isə çağdaş, anlaşıqlı, sadə üslubda qələmə alınıb. Bu bəddi məziyyətləri vurğulayınca bir məsələni də xüsusi qeyd etmək istərdim. Yusif Səmədoğlu bu romanla ədəbiyyatımıza yeni forma gətirib, üç fərqli üslubu bir əsərdə birləşdirib, amma mənə görə "Qətl günü"nün digər bir üstünlüyü də şəhər nəsri - kənd nəsri "qarşıdurması"nın mənasızlığını göstərməsidi. Yazıçı Sədi Əfəndinin gündəliklərindəki şəhər ab-havasını, yaxud xəstənin mərkəzdəki mənzilini, şəhər əhlinin həyat tərzini nə qədər dəqiqliklə, canlı, koloritli səhnələrlə təsvir edirsə, kür qırağındakı balaca kəndi, kənd adamlarının məişətini, xarakterini, ləhcəsini də o qədər səlis çatdırır. Yəni bu əsərlə Yusif Səmədoğlu eyni yazıçının həm kənd, həm şəhər mədəniyyətini, həm kitabdan gəlmə yazı texnikası, peşəkarlığı, həm də həyatdan gələn ruhu, koloriti özündə birləşdirə biləcəyini sübut edir. 

 

Tənqidçi alim, professor Vaqif Yusifli "Yusif Səmədoğlu - böyük nəsr ustası kimi" məqaləsində yazıçının xarakter yaratmaq bacarığından söz açaraq yazır: "Yusif Səmədoğlu Xarakter ustası idi. İstənilən bir nəsr əsərinə ya da ssenariləri əsasında çəkilən filmlərə baxın. Şəksiz ki, istər nəsr əsəri olsun, istərsə də bədii film - bu əsərlərdə Yusif Səmədoğlu istedadlı bir sənətkar olduğunu sübut edir - bütün yazıçı mədəniyyəti, xüsusilə təsvir üsulunun özünəməxsusluğu və rəngarəngliyi ilə...  Bu mənada "Qətl günü" romanını zəngin xarakterlər qalareyasına bənzətmək olar".

 

Bu zəngin qalereyada Salahov, Kərimli, Xəstə, Sədi Əfəndi kimi həlledici, dərin, çoxqatlı xarakterlər də var, Tatar Temir, feldşer Mahmud, Moşu kimi sadə, ilk baxışda adi adamlar da... Zəminə kimi ərinin qayğısını çəkən, onun sağalmasıyçün gecəsini gündüzünə qatan qadınlar da var, Marqo kimi fəlakət, Səlimə xanım kimi qəribə qadınlar da...

 

Və bu yerdə, ümumilikdə Yusif Səmədoğlu nəsrinin qadın qəhrəmanlarından danışanda "İncə dərəsində yaz çağı" hekayəsindəki Sayalını yada salmaq yerinə düşər. Məhz klassik azərbaycanlı xanımı - qısaca ifadə eləsək, əriylə nəfəs alan qadın obrazları Yusif Səmədoğlu ruhuna daha yaxındı desək, yanılmarıq. Yazıçı bu cür xanımları xüsusi sevgiylə təsvir edir. Hətta bəzi məqamda onların qayğıkeşliyindən təsirlənir də... "Qətl günü"ndə uzun sürən xəstəlikdən sonra Xəstənin ilk dəfə eşiyə çıxması məqamında müəllif məhz Zəminənin xarakterini, həlimliyini, mehribanlığını göstərir:

 

"Blokun qapısından həyətə çıxan kimi bir-iki addım qabağa atıb başımı yuxarı qaldırdım, beşinci mərtəbənin kəllə-çarxındakı balkonumuza və balkonda dayanıb sevinə-sevinə mənə əl eləyən Zəminəyə baxdım. Mən də əlimi plaşımın cibindən çıxarıb ona əl elədim, Zəminə aşağı əyilib çığırdı:

 

-Urra!

 

Mən də sevincək ona cavab verdim:

 

- Urra! - Yaxşı ki həyətdə heç kəs yoxdu, bizim bu qəribə "urra"-larımızı eşidən olmadı. - Qayıt otağa, soyuq dəyər.

 

Zəminə yenə çığırdı:

 

- Çox uzaqlarda hərlənmə! Evə gələndə pilləkənləri ehmal-ehmal qalx! - Sonra əli ilə ürəyini göstərdi".

 

Ağır, çoxtərəfli, qəliz süjetin içərisində belə sadə səhnələr adamda ilıq, "şirin" hisslər oyadır. Eyniylə "İncə dərəsində yaz çağı" hekayəsində olduğu kimi; Səlimə arvadın şəhərdən gələn həkimdən dərman alması, sağalacağına sadəlövh bir inam bəsləməsi adamı bu cür təsirləndirir:

 

"Əlini qoynuna salıb pulları çıxartdı. Vertolyotun yönəldiyi səmtə sarı qaçmağa başladı. Sayalı arvadın müsibətli səsi vertolyotun uğultusuna qarışdı:

 

- Əylə, başına dönüm, əylə, ay doxtur! İncəli Çərkəz ölüm ayağındadır. Başına dönüm, ay doxtur. O da hökumət adamıdır, kolxoz qurub, bandit tutub! Əylə!...

 

Sayalı arvad çox qaçdı, amma vertolyota çata bilmədi. Üzüqoylu çəmənliyə yıxıldı".

 

Yazıçı adi bir kənd qadınının nəcib, insani hisslərini səxavətlə təsvir edir. "İki ayaqlı" bəndələrin içərisində belələrinin də varlığını göstərir. Dünya təkcə Salaxovlardan, Kərimlilərdən ibarət deyil.

 

... Bir də Baba Kaha var axı! Ədalət tərəzisini yeri gələndə tənzimləyir, qəzəblənir "kökünüz kəsilsin, ay ikiayaqlı bəndələr" - deyib "batmanla dərd" göndərir. Romanda iki simvolik qəhrəman var: Kirlikir və Baba Kaha. Mənə görə Kirlikir yazıçının həyata, zamana ironiyasıdır və bütün həqiqətlərin məhz Kirlikirin dilindən verilməsi təsadüf deyil. Kirlikir Həqiqətin simvoludu. Və yazıçı bununla o təsvir etdiyi bütöv ZAMANda həqiqətin harda olmasını, kir içində itib batmasını göstərir.

 

Baba Kahanı isə Allahın, taleyin, qədərin simvolu hesab etmək olar. Çünki məhz "ikiayaqlı" bəndələr bəd əməllər törədəndə, yalan, pislik ayaq açıb yeriyəndə Baba Kaha hirslənir və yazıçı onun qəzəbini küləklə simvollaşdırır.

 

Zülfüqar kişi Sarıca oğlu Məhəmmədi güllələyəndə, hökmdar şairin edamı haqqında danışanda, Səlimə xanımla Xəstə Sədi Əfəndi haqda telefonda söhbət edəndə və başqa bu cür həlledici, simvolik məqamlarda külək əsir, qopur, uğuldayır. Ən böyük qisası isə Baba Kaha - külək hökmdardan alır:

 

"Yuxarıda elə bil nəsə partladı, daş daşa dəydi, qaya qayaya toxundu, uğultu-vıyıltı qulaqlarına dolub beyinlərini eşim-eşim eşdi və hər ikisi eyni zamanda başa düşdü ki, bu səs - küləyin həmləsinə davam etməyib, uçub yerlə-yeksan olmuş saray divarlarının səsidir. Hökmdar daha heç nə demədi, hökmdarın xacə Ənvərin yanında ilk dəfə gözləri doldu, xacə Ənvər onun əllərindən öpdü".

 

Yazıçının təsvir etdiyi hər üç zamanın sonluğundan çıxan nəticələr eynidir: bütün zalım hökmdarların sonu faciəli ölümdür, sənətkarın, şairin yeganə "qazancı" dünyada qoyub getdiyi "heç zaman yanmayan, itməyən" əlyazmalarıdır, heç nə itmir, heç nə yaddan çıxmır, tarixə qovuşmur, hər kəs gec ya tez keçmişinə görə cavab verməli olacaq...  

 

lll

 

Bir daha yazımın əvvəlindəki fikrə qayıdıb vurğulamaq istəyirəm ki, Yusif Səmədoğlunun nəsri, ələxüsus "Qətl günü" romanı həyatın özü qədər çoxqatlıdır, rəngarəngdir, işıqlıdır. Bəli, yazıçı reallığı yazır, qəddar qanunlardan danışır, amma həm də bir işıq, ümid, inam yeri göstərir. Anar "Həqiqət günü" adlı məqaləsində yazır:

 

"Romanda ağır, faciəvi söhbətlər var. Finalı da yalançı, saxta gümrahlıqdan uzaqdır.  Amma "Qətl günü" bir oxucu kimi məndə ən işıqlı, xoş duyğular oyatdı".

 

Məncə, Anarın bu fikirlərini Yusif Səmədoğlunun bütün əsərlərinə aid etmək olar. İlk gənclik romantikasıyla yazılmış "220-ci otaq", uğursuz, sadə sənət adamlarının kədərli həyatını təsvir edən "Bayatı-Şiraz", "Foto-Fantaziya", "zülüm ölümlərdən" danışan "Astana" hekayəsində də o işıq göz qamaşdırır. Və görünür bu işıq yazıçının özünün parlaq şəxsiyyətindən gəlir. Yazıçı haqqında "Yusifli, Yusifsiz günlər" adlı xatirələr kitabını oxuduqca bu orijinal, parlaq insanın cizgilərini  müxtəlif adamların xatirələrində daha aydın görmək olur. Və onun haqqında eşitdiyim, oxuduğum xatirələrdən, məqalələrdən çıxardığım nəticə budur ki, o əsərlərində gerçək həyatı yazdığı kimi, real həyatın özünü də "ədəbiyyat" kimi yaşayıb. Yəni sənətlə həyat ondan ötəri bir məhfum, bir bütöv "varlıq"dı. Bu məqamda "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadənin səfərlərimizdən birində danışdığı xatirə yadıma düşür. O söyləyir ki, "bir gün redaksiyaya gəlib otağa girəndə gördüm ki, Yusif (onda Y.Səmədoğlu dərginin baş redaktoru idi) pəncərənin önündə əyilib nəsə edir. Yaxınlaşanda heyrətləndim, əlindəki çörəyi ovub balaca siçan balalarını yemləyirdi. Məni görüb pıçıltıyla "Səs eləmə, Kirlikirin uşaqlarıdı, yemək verirəm" - dedi və bunu deyəndə çox ciddi idi. Mən sakitcə geri çəkilib otaqdan çıxdım".

 

Yusif Səmədoğlu həyatının son illərində quşlar, balıqlar saxlayırmış. Müsahibələrində deyirdi ki, hər şeydən yorulanda, bezəndə evinin içindəki "təbiət"də, "heyvanlar aləmi"ndə rahatlıq tapır. Yarımçıq qalmış "Deyilənlər gəldi başa" romanını oxuyanda məndə belə fikir yarandı ki, bu əsər, ümumiyyətlə yaradıcı proses onun digər "sığınacağı" olub. Bəlkə elə ona görə Yusif Səmədoğlu yazmağı mütəmadi məşğuliyyət, iş saymadığı üçün, yazıçılığı peşə hesab etmədiyi üçün az yazıb. Sadəcə yaşayıb və yazmaq da bu yaşayışın, həyatın tərkibi olub. Haqqında çəkilmiş televiziya filmində həyata və sənətə münasibətini çox sadə ifadə edir:

 

"İndi başa düşmüşəm ki, insan niyə görə yaşayır. İşdən gəlirsən, nəvə gəlib qucağında oturur və sən başa düşürsən ki, boş yerə doğulmamısan. İnsanın ən ümdə vəzifəsi odur ki, özündən sonra gözəl bir nəsil qoyub getsin!"

 

Qəribə bir ölümqabağı ovqat var bu sözlərdə. Həm də təvazökarlıq. Ən gözəl Azərbaycan romanlarından birini yazmış sənətkar iddiasızdı. Amma axı özünün ideyası budur ki, heç nə unudulmur, keçmiş heç vaxt KEÇMİR... Ona görə də Yusif Səmədoğlunun bənzərsiz əsərləri oxucularının, Milli Azadlıq Hərəkatı zamanı meydanda etdiyi çıxışlar minlərlə insanın zarafatları, qayğıkeş hərəkətləri, mehriban münasibəti dostlarının, doğmalarının, ailə üzvlərinin yaddaşlarında buraxılmış mirasdı... Və bu mirasın özünün də ayrıca taleyi, həyatı var. Yusif Səmədoğlu ölümündən, bu dünyadakı cismani varlığının sona yetməsindən sonra məhz bu həyatı yaşayır...

 

 

PƏRVİN

525-ci qəzet.- 2015.-25 dekabr.- S.7