"Kəsilməyən atəş səsləri" təqdim olundu

 

"Vahid Məhərrəmovun "Kəsilməyən atəş səsləri" kitabında müəllifin gördüyü, müşahidə elədiyi fakt hadisələrin bədii əksi var, kitabdakı hekayələrin əksəriyyətində Qarabağ dərdimizin göynərtisi, itirilmiş torpaqlarla bağlı ağrılarımız hiss edilir.

 

Hekayələşdirilmiş mövzuların (təxəyyüllə vəhdətdə fakt hadisələrin) kövrəkliyini , ağrı-acılarını da milli-xəlqi heysiyyət müstəvisində oxuya-oxuya zamanında gördüklərimizi, eşitdiklərimizi, duyduqlarımızı yenidən yaşayırıq. Atəş səslərini hərə öz duyumu (dünyaduyumu) səviyyəsində eşidir. Bu səsləri həm yazıçı fəhmiylə eşidən Vahid Məhərrəmov duyduqlarını (şahidi olduqları öz yerində) nəsrləşdirir, tarixləşdirir". Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda "Kəsilməyən atəş səsləri" kitabının təqdimatında məhz bu qəbil fikirlər səsləndi.

 

Birliyin katibi, yazıçı İlqar Fəhmi kitabın çağdaş ədəbiyyatımızda yerinin məhz mövzu baxımından müəyyənləşdirilməsinin gərəkliyini diqqətə çatdırmaqla hekayələrin müharibənin yaddaşlara bədii əsərlər vasitəsilə köçürüldüyünü qeyd etdi.

 

Filologiya elmləri doktoru Vaqif Yusifli Vahid Məhərrəmovun yaradıcılığında ən başlıca məziyyət kimi əsərlərin həyatiliyini, həyati faktları, hadisələri ədəbiyyata gətirmə istəyini, əsərlərin məhz bu istəyin nəticəsi kimi maraqla oxunduğunu, obrazların da hadisələr, faktlar kimi həyatdan gəldiyini, əsərlərdə müharibənin bədii əksinin aydınlığıyla göründüyünü dedi.

 

"Azərbaycan" jurnalının baş redaktor müavini, ədəbiyyatşünas Südabə Ağabalayeva müharibə dövründə yaranan ədəbiyyatın təsirini önə çəkərək, Vahid Məhərrəmovun hekayələrinin bu baxımdan oxunmasının, təhlil edilməsinin vacibliyini vurğuladı.

 

Yazıçı Elçin Hüseynbəyli Vahid Məhərrəmovun vaxtilə "Ulduz" jurnalında nəşr edilən hekayələrinin işığını "Kəsilməyən atəş səsləri" kitabında da gördüyünü, bunun ədəbi uğur olduğunu bildirdi.

 

Yazıçı Zemfira Məhərrəmli jurnalist Vahid Məhərrəmovla hərbi mövzuda yazan yazıçı Vahid Məhərrəmovu eyniləşdirən bir məqamı xatırlatdı: vətəndaşlıq, səmimiyyət.

 

Professor Qulu Məhərrəmli, tarix elmləri doktoru Mehman Süleymanov, tədqiqatçı Şəmistan Nəzirli, tərcüməçi Həmzəli İlyas, şair Qəşəm Nəcəfzadə, jurnalist Murad Qoçuoğlu, hərbi jurnalist Səfər Mahmudzadə, jurnalist Lalə Hüseynova, şair Dayandur Sevgin, ehtiyatda olan polkovnik-leytenant Təranə Məmmədova başqaları da kitabın məziyyətlərindən danışdılar.

 

Rəşid FAXRALI

525-ci qəzet.- 2015.-25 dekabr.- S.7.