Sənətin ziyalılıq zirvəsi: Cahangir Zeynalov

 

 

(Əvvəli ötən sayımızda)

 

Cahangir Zeynalov səhnədə əvvəllər əsasən Sultanməcid Qənizadə və Həbib bəy Mahmudbəyovun hazırladıqları tamaşalarda oynayıb. XIX əsrin sonlarında isə sənət və məslək dostu, aktyor Əbülfət Vəlinin qardaşı Nəcəfqulu Vəliyevlə birgə tamaşalar hazırlayıblar. 1900-cü ildə Müsəlman (Azərbaycan - İ.R.) dram artistləri dəstəsinin ("Şirkət" də deyilib) təşkilində ustad sənətkarın müstəsna rolu olub. "Nicat" (1906), "Səfa" (1912), "Nəşri-maarif" mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr truppalarında əsasən aktyorluq edib və həm də müxtəlif janrlı əsərlərə quruluş verib.

 

1896-cı ildə Bakı milyonçusu Musa Nağıyev bir sıra istedadlı, ümidverən, münəvvər gənclərin təhsil almalarına, yaxud ilkin həyat fəaliyyətlərinə  himayədarlıq edirdi. Həmin gənclərin sırasında Cahangir Zeynalov da vardı. Bu gənclər ildə bir neçə dəfə, yəni bayramdan bayrama teatr tamaşaları hazırlayıb oynayırdılar. Həmin gənclərdən ömrünün sonuna qədər səhnədən ayrılmayan yalnız Cahangir Zeynalov olub. Burada bir məsələni qeyd etmək lazımdır ki, həmin tamaşalardan əldə olunan gəlirin böyük qismi qiraətxanaya və kasıb şagirdlərə xərclənib. Görünür Cahangir Zeynalovun xarakterini zinətləndirən xeyirxahlıq, ziyalı alicənablığı, maarifpərvərlik  kimi keyfiyyətləri həmin illərdə daha da formalaşıb.

 

Maraqlı olan bir də budur ki, XX əsrin sonlarında çıxan mətbuat nümunələrində (məsələn, "Tərcüman", rus dilində "Kaspi" qəzetləri) Cahangir Zeynalov oxuculara çox istedadlı, əsl peşəkar aktyor kimi təqdim olunurdu. Hətta onun müxtəlif tamaşalardakı maraqlı, məzmunlu, ifadəli və təbii oyunu başqalarına örnək göstərilirdi.

 

"Səfa" mədəni-maarif cəmiyyəti 1910-cu ildə təşkil edilib. İki il sonra isə onun nəzdində eyniadlı teatr truppası yaranıb və onun həm təşkilində, həm də formalaşmasında Cahangir Zeynalov misilsiz xidmətlər göstərib. Adi bir faktı yada salım. 1914-cü ilin ilk günlərində "Səfa" cəmiyyətinin ümumi iclası keçirilib. Cahangir Zeynalov 41 səslə teatr heyətinə sədr seçilib. O dövrdə kifayət qədər məşhur olan Hacıağa Abbasov 33 səslə, Abbasmirzə Şərifzadə 29 səslə üzvlüyə seçiliblər. Bu fakt da Kərbəlayi Cahangirin necə hörmət və nüfuz sahibi olduğunu bir daha göstərir.

 

Qabaqcıl təhsil ocaqlarından olan "Səfa" məktəbində Səməd Mənsur, Abbasmirzə Şərifzadə, Cəfər Bünyadzadə ilə yanaşı Cahangir Zeynalov da dərs demişdir. O, dəfələrlə "Səfa" cəmiyyəti teatr bölməsi idarə heyətinə seçilmişdi.

 

Bir daha təkrar edirəm ki, Cahangir Zeynalov birinci Azərbaycan aktyorudur ki, teatr ictimaiyyəti ona təntənəli yubiley ("Yomi ali") keçirib. Səhnə fəaliyyətinin 25 illiyi münasibətilə "Nicat" cəmiyyətinin Qurban bayramı günündə (30 noyabr 1910-cu il) Tağıyev teatrında keçirdiyi yubiley təntənəsi iki hissədən ibarət olb. Rəsmi hissədə "Nicat"ın sədri aktyor haqqında məruzə edib. Sonra aktyorun ünvanına göndərilmiş təbrik teleqramları oxunub, müxtəlif mədəni-ictimai qurumların nümayəndələri çıxışlar ediblər. Fasilədə tanınmış xanəndələr və sazandələr çalıb-oxuyublar. Əsl bayram təntənəsinə çevrilən mərasimin ikinci hissəsində Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" komediyası oynanılıb. Vəzir Mirzə Həbib rolunu Cahangir Zeynalov ifa edib.

 

Yubiley münasibətilə "Günəş", "Nicat", "Səda", "Bakı", "Bürhani Tərəqqi", rus dilində çıxan "Kaspi",  "Kavkazskaya kopeyka" qəzetləri geniş və məzmunlu məqalələr yazıblar. Həmin məqalələrdə sənətkarın yaradıcılığının canı-cövhəri, milli teatrımızın inkişafındakı misilsiz xidmətləri barədə geniş, dəyərli və əhatəli fikirlər söylənilib. Mətbuat öz səhifələrində Nəriman Nərimanovun, Mehdi bəy Hacınskinin, Bakıda fəaliyyət göstərən Boyarskinin teatr truppası aktyorlarının, müxtəlif redaksiya heyətlərinin təbriklərini çap etmişdi. Bu yazıların əsas dəyəri orasında idi ki, onları oxuyanda Cahangir Zeynalovun yaradıcılığının bədii-estetik mahiyyəti, şəxsiyyətinin xarakterik keyfiyyətləri bütün canlılığı, təbiiliyi, dolğunluğu, ziyalılığının dolğunluğu, şəxsiyyətinin kamilliyi və əzəməti, ləyaqətinin ucalığı bütün incəlikləri ilə gözlərimiz önündə canlanır.

 

Təntənəli gecədə "Nicat" tərəfindən Səməd bəy Acalov, gürcü nəşri-maarif cəmiyyətindən Nasidze, bütün Azərbaycan dram artistləri adından Qulamrza Şərifzadə, "Maloposs", "Kulturnıy soyuz", "Prosvita", "İttihad", "Nəşri-maarif" (İranın), "Yəhudilər" cəmiyyətləri, "Yeni Fyuzat", "Molla Nəsrəddin" məcmuələri, "Səda", "Tərcüman" qəzetləri aktyoru təbrik etmişlər, yubilyara qiymətli hədiyyələr bağışlamışlar. Onların içərisində qızıl cib və qol saatları da vardı. Edilən çıxışların əksəriyyətinin mətnlərinin məğzi mətbuatda verilib və burada aktyorun sənətkarlığı, təşkilatçılıq bacarığı, şəxsi inşani keyfiyyətləri barədə dəyərli fikirlər söylənilib. Buradan da açıq-aydın görünür ki, Cahangir Zeynalovun yaradıcılıq yubileyi geniş mənada Bakı teatr mühitinin bayram təntənəsinə çevrilib. Bu, ilk növbədə müxtəlif millətlərdən mədəniyyət işçilərindən ibarət elit təbəqədə sənətkarın hörmət və izzətinin çox uca tutulduğuna dəlalət edir.

 

Cahangir Zeynalovun ev teatrı bir növ həm də kiçik studiya-emalatxana idi. Burada ustaddan sənətin sirlərini öyrənən səhnə həvəskarlarının əksəriyyəti sonralar şan-şöhrət sahibi oldular, müxtəlif fəxri adlara layiq görüldülər, teatr sənətimizin tərəqqisində möhtəşəm uğurlar qazandılar. Əlbəttə burada uzun siyahı vermək olar, ancaq məsələnin əsas mahiyyət və dəyəri sayda deyil, görülmüş işin dəyərindədir.

 

Təxminən 40-45 yaşlarından Cahangir Zeynalovun hörmət-izzəti teatr ictimaiyyətində çox uca tutulurdu və ağsaqqallıq səlahiyyətini qazanmışdı. O, "Nicat", "Səfa" cəmiyyətləri teatr dəstələrinin, Müsəlman artistləri ittifaqının, Hacıbəyli qardaşlarının "Müdiriyyət" teatr truppası arasındakı xoşagəlməz ləcliyi, mənasız çəkişmələri aradan qaldırmış, onları ümumi mədəniyyətimizin tərəqqisi naminə birləşməyə çağırmışdır. Ağa Cahangir "Nicat"la Üzeyir bəy Hacıbəyli arasında məhkəmə həddinə çatmış konflikti aradan qaldırmışdı.

 

Cahangir Zeynalov xeyli müddət "Nicat" mədəni-maarif cəmiyyəi idarə heyətinin fədakar üzvlərindən olub. 1909 - 1910-cu illərdə cəmiyyətin sədri İsa bəy Aşurbəyli olduğu dövrdə "Nicat"ın fəaliyyətində ciddi qüsurlar da vardı və həmin nöqsanlar əsasən qurumun sədrinin səhvlərindən irəli gəlirdi. Həmin səhvləri cəsarətlə cəmiyyətin idarə heyətinin iclasında kəskin tənqid edən ağa Cahangir idi. Məhz onun kəskin çıxışındam sonra "Nicat"ın fəaliyyətində xeyli səmərəli dəyişiklik olub. "Nicat"ın teatr bölümünün Üzeyir bəy Hacıbəylinin operalarına qarşı ədalətsiz mövqeyi xeyli yumşalıb.

 

Məlumdur ki, milli peşəkar teatrımız təşəkkül tapdığı 1873-cü ildən 1920-ci illərin əvvəllərinə qədər aktrisa yoxluğuna məruz qalıb. Ona görə də qadın rollarını kişilər, XX əsrin əvvəllərində həm də azərbaycanca az-çox danışa bilən əcnəbi xanımlar ifa ediblər. Səhnəmizdə qadınların olmamasından həmişə rahatsızlıq keçirən Cahangir Zeynalov qızını aktrisa görmək istəmişdir. Aktyorun bu arzusu reallaşdı, ancaq amansız ölüm sənətkara bunu görməyə imkan vermədi. Onun qızı Nəsibə xanım Zeynalova atasının bünövrəsini qoyduğu realist aktyor məktəbi ənənələrini ləyaqətlə davam etdirən qüdrətli sənətkarlarından oldu. Cəsarətlə deyə bilərəm ki, Nəsibə xanımın adı milli teatr tariximizin klassikləri ilə bir sırada çəkilir.

 

1903-cü il oktyabr ayının 27-də Tağıyev teatrında Mirzə Fətəli Axundzadənin "Hacı Qara" tamaşası oynanılıb. Bu səhnə əsəri komediyanın yazılmasının 50 illiyinə həsr edilib. Quruluşçu rejissoru dramaturq Əbdürrəhim bəy Haqverdiyev olan tamaşada baş rolu Cahangir Zeynalov ifa edib. Premyeradan iki gün sonra "Kaspi" qəzetinin yazdığına görə "Hacı Qara" tamaşası böyük uğur qazanıb. Bu uğuru təminatlandıran əsas ifaçı məhz ağa Cahangir idi ki, onun dadlı-duzlu, yumorlu-ironiyalı oyunu dəfələrlə alqışlarla qarşılanıb.

 

Elə buradaca qeyd edim ki, 1896 - 1904-cü illərdə ifası dönə-dönə alqışlarla qarşılanan aktyorların arasında birincilik daim Cahangir Zeynalovun qismətinə düşüb.

 

Məşhur maarifçi qələm sahibləri Hüseyn Minasazov, Mehdi bəy Hacınski, Rəhim bəy Məlikov, Seyid Hüseyn, Hacı İbrahim Qasımov, Cəmo bəy Hacınski, Nəriman Nərimanov, Məmmədsadıq  Axundov və başqaları Cahangir Zeynalovun 1900 - 1918-ci illəri əhatə edən səhnə obrazları, aktyorluq məharəti, yüksək peşəkarlığı, uğurlu rejissor quruluşları haqqında məqalələr yazıblar. Həmin məqalələri illərin ardıcıllığı ilə oxuduqca sənətkarın yaradıcılığının yüksəliş mənzərəsi gözlərimiz önündə parlaqlıqla canlanır.

 

Əbdürrəhim bəy Haqverdiyevin təşəbbüsü, Cahangir Zeynalovun xərci və rəhbərliyi ilə 1903-cü ildə Mərdəkanda, Şüvələnda, Buzovnada pulsuz "Müsyö Jordan və dərviş Məstəlişah", "Lənkəran xanının vəziri" (Mirzə Fətəli Axundzadə), "Ayı" (Anton Çexov) tamaşaları göstərilib. Sənət əsərinə dəvət alan imkanlı xeyirxah adamlar könüllü şəkildə xeyriyyəçilik ediblər. Onların topladıqları pul xaricdə təhsil alan kasıb tələbələrə verilib. Bu fakt çağdaş günümüz üçün də örnək xarakteri daşıyır.

 

Bakının teatr ictimaiyyəti mütəfəkkir-dramaturq Mirzə Fətəli Axundzadənin anadan olmasının 100 illik yubileyinə 1911-ci ildən hazırlaşırdı. Həmin il dekabrın 2-də Əbdürrəhim bəy Haqverdiyevin Mirzə Fətəliyə həsr etdiyi "Xəyalət" dramı tamaşaya qoyulub və Tağıyev teatrında göstərilib. Cahangir Zeynalov həmin tamaşada Dərviş rolunu oynayıb. Bu, öz yerində. Rəsmi hissədə dördüncü çıxış edən ağa Cahangir olub. O, Axundzadənin dramaturji yaradıcılığı, onun əsərlərinin milli teatr sənətimizin təşəkkülündə, təkamül və tərəqqisində oynadığı əhəmiyyətli rolu barədə çox əhatəli, məzmunlu, dəyərli məruzə söyləyib.

 

Yaxud başqa bir önəmli hadisə. 1914-cü ilin aprel ayında Mirzə Ələkbər Sabirin xatirə gecəsini keçirmək qərarlaşdırılır. Həm də qərara alınır ki, həmin tədbirdə repertuar yalnız dahi şairin şeirlərindən ibarət olsun. İfa olunacaq şeirləri Sabirin əsərlərindən seçmək Süleyman Sani Axundova, Seyid Hüseynə, Hacıağa Abbasova... və Cahangir Zeynalova tapşırılır.

 

Zeynalov bəzi qəzet məqalələrində söylədiyi fikirlərə söykək üçün Məhəmməd Füzulinin misralarına da istinad edirdi.

 

(Ardı var)

İlham RƏHİMLİ

 

525-ci qəzet.- 2015.-25 dekabr.- S.6