Təranə Məmmədova:
“Məqsədimiz insanı özü-özünə
inandırmaqdır”
“Loqos” zamanın övladıdır. Məqsədimiz
insanı özü-özünə inandırmaqdır”.
“Loqos” Psixoloji Nitq və İnkişaf Mərkəzinin rəhbəri
Təranə Məmmədova maraqla qarşılanan
çıxışına bu çağırışla
başlayıb, daha sonra bildirdi ki, Azərbaycan sözün
geniş mənasında dünyanın cavanlaşan ölkələri
sırasındadır.
Statistikaya görə bizdə əhalinin yarıdan
çoxu yeniyetmələr və gənclərdir. Hansı
yaş qrupuna məxsusluğundan asılı olmayaraq cəmiyyət
üzvlərinin təbii və sosial münasibətlər
baxımından biri-birinə qırılmaz tellərlə
bağlı olduqlarını nəzərə alsaq deyə bilərik
ki, gəncliyin ruhu ölkənin ruhu deməkdir. Məhz
bu səbəbdən 23 il bundan əvvəl
müstəqillik uğrunda mübarizənin möhtəşəm
dalğasında, xalqın tələbi ilə hakimiyyətə
gələn Ulu Öndər Heydər Əliyevin ilk
görüşləri də gənclərlə olmuşdu.
1994-cü ildə Gənclər və İdman Nazirliyinin təsis
edilməsi, ilk Gənclər Forumunun keçirilməsi, bu sahədə
qanunvericilik bazasının yaradılması, dövlət
proqramlarının icra edilməsi, ümumiyyətlə sivil məqsədləri
nəzərdə tutan dövlət gənclər siyasətinin
qurulması ümumən cəmiyyətin inkişafına əhəmiyyətli
töhvələr vermişdir. Sonrakı mərhələdə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən
aparılan dövlət siyasətinin yekunları, nailiyyətlər
yeniyetmə və gənclərin sağlam həyat tərzinə,
təhsilinə, yaradıcılığına, iş fəaliyyətinə
ideal şərait yaratmışdır. Bu gün
ardıcıl və dəyərli fəaliyyəti dünyada
tanınan Heydər Əliyev Fondunun, Fondun rəhbəri, UNESCO
və ISESCO-nun xoşməramlı səfiri, millət vəkili
Mehriban xanım Əliyevanın səhiyyə, təhsil, elm,
incəsənət, idman, ekologiya və digər əhəmiyyətli
sahələrdə icra etdiyi orijinal layihələr
bütün cəmiyyətin, o cümlədən yeniyetmə
və gənclərin həyatına yeni rəng qatmış,
digər ictimai təşkilatlar üçün əsl
örnək və yeni təşəbbüslərə stimul
olmuşdur.
Bu uğurların mənbəyində hansı amil
dayanır? Səbəb birmənalıdır; çünki, Azərbaycan
dövləti insanların həyat şəraitinin yüksəlişini,
hər bir kəsin rifah halının rahat və firəvan
olmasını özünün başlıca məqsədi
sayır. Çünki Prezidentimizin dönə-dönə
dediyi kimi, müasir Azərbaycan intibahının mahiyyəti
sosial xarakterlidir.
Dünya təcrübəsi göstərir ki, hərtərəfli
inkişaf üçün icra edilən dövlət əhəmiyyətli
tədbirlər ümumən cəmiyyətin dəstəyini
qazanıb, yeni təşəbbüslərlə zənginləşəndə
daha fərqli yekunlar alına bilir. Bu ümumi yanaşmanın sadə
izahı belədir; cəmiyyətin inkişafına yönəlik
dövlət siyasəti insanlar tərəfindən həssaslıqla
dəyərləndirilməli, bəs mən xalqıma və
dövlətimə hansı təşəbbüslə
yardımçı ola bilərəm? – arzusu doğurmalıdır.
Bir sıra hallarda, bizdən
asılı olmayan ictimai mühitdə insanlara – uşaqlara,
yeniyetmələrə, gənclərə, ailələrə,
valideynlərə psixolji baxımdan dəstək olmaq, mürəkkəb
həyat yollarında insanın özünə inamını
artırmaq mərkəzimizin başlıca məramıdır
– deyə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin
rəhbəri Təranə Məmmədova “Azərbaycan: Gənclər
və Psixologiya” I Konfransında fikrini
yekunlaşdırmışdır.
Yeri gəlmişkən,
Bakının bənzərsiz memarlıq quruluşuna malik
Fairmont Oteldə sözügedən mərkəzin təşəbbüsü
və təşkilatçılığı ilə “Azərbaycan:
Gənclər və Psixologiya” mövzusunda keçirilən
konfransa dövlət rəsmiləri, millət vəkilləri,
tanınmış ekspert və psixoloqlarla yanaşı ali məktəb tələbələri,
maraqlananlar qatılmışdır.
Azərbaycan
Dövlət himninin səslənməsindən və “Loqos”un yaranma zərurəti,
qısa vaxt ərzində gördüyü işlərdən
bəhs edən video çarxın nümayişindən sonra
aparıcı Ceyhun Əli konfransı açmış və
günümüzün aktual mövzularından olan psixoloji
proseslər, Azərbaycan gənclərinin bu sahədəki fəaliyyəti,
yeniliklər barədə çıxışlar dinlənilmişdir.
Ötən qısa vaxt xronikasını canlandıran
video-çarxda “Loqos”un 2014-cü ilin
martında Bakının N. Nərimanov
rayoununda fəaliyyətə başlaması, müəyyən
təcrübələrdən sonra Yasamal rayonunda yeni
filialın yaranması zərurəti ön plana çəkilir,
peşəkar psixoloqları, loqopedləri cəmləşdirə
bilən “Loqos”un uğurları konkret faktların
işığında əks olunur.
Milli-mənəvi
dəyərlərə, dövlətin gənclər siyasətinə
əsaslanan mərkəz dünya təcrübəsindən
faydalanır, xarici ölkələrdən - Almaniya, Türkiyə
və Rusiyadan mütəxəssislər
dəvət edilir, treninqlər, seminarlar, fərdi məsləhətlər
təşkil olunur, yüksək səviyyədə həm
maarifləndirmə, həm də psixoloji xidmət
aparılır.
Paytaxtın xəstəxana və məktəbləri ilə
əlaqələr qurulur, cəmiyyətə daha çox
faydalı olmaq üçün birgə əməkdaşlıq
yolları araşdırılır. “Loqos”un əhatə
dairəsi Bakı şəhəri ilə məhdudlaşmır.
Mərkəz öz işini həm də
respublikanın rayonları ilə əlaqəli şəkildə
qurmağa üstünlük verir.
Mərkəzdə intensiv fəaliyyət göstərən
kurs, proqram, məşğələ və təlimlər
psixoloji durumun sabitləşməsi və sahə üzrə
maarifləndirmənin geniş spektrini əhatə edir. “Art klub”, “Psixologiya klubu”,
“Ebru sənəti”, “Ümumi psixologiya kursu”, “Qrup
terapiyası”, “Analar klubu” bu qəbildəndir.
Mərkəzin fəaliyyət dairəsi genişləndikcə,
təcrübə artdıqca daha mükəmməl və
faydalı təşəbbüslər önə
çıxır, yeni layihələrə imza atılır.
Konfransda
belə layihələrdən birinin ideya rəhbəri və təşkilatçısı
“Loqos”un gənc əməkdaşı Fidan
Azərqızının gənclərin psixoloji maarifləndirilməsinə
xidmət edən layihə barədə verdiyi məlumatlar
böyük maraq doğurdu. Psixologiya
Akademiyası layihəsi iştirakçısı olan 160 gənc
öyrənci də konfransa dəvət olunmuşdu. Gənc
psixoloq qeyd etdi ki, onların arasında müxtəlif ali məktəblərin tələbələri
də var, öz uşaqları ilə doğru-düzgün
münasibət qurmaq, övladlarını mənəvi-psixi
sağlam böyütmək istəyində olan analar da. Belə bir konfransın iştirakçısı
olmaq biz gənclər üçün həqiqətən
qürurvericidir. Gənclərin cəmiyyətə
açıq olması, özünə inam səviyyəsinin
yüksəlməsi baxımından əvəzsizdir.
Prezident
Administrasiyası İctimai-Siyasi Məsələlər
şöbəsinin gənclər təşkilatları ilə
iş sektorunun əməkdaşı Rahu Qurbanova “Loqos”un
önəmli mövzuda konfrans düzənləmək təşəbbüsünü
yüksək dəyərləndirərək qeyd etdi ki,
ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən gənclər siyasəti Azərbaycan
gənclərinə istənilən sahədə
özünütəsdiq etmək, uğur qazanmaq
üçün böyük imkanlar yaradır. Dünyada,
eləcə də ölkəmizdə baş verən ictimai
siyasi hadisələr, dəyişikliklər təbii ki,
insanların, xüsusən də yeniyetmə və gənclərin
psixologiyasına təsirsiz ötmür.
Bu baxımdan “Loqos” kimi mərkəzlərin sayı daim
artmalı, maarifləndirmə və psixoloji xidmət işi
peşəkarlara həvalə olunmalıdır. Gəncliyin də
üzərinə bu sahədə böyük məsuliyyət
düşür. Təsadüfi deyil ki,
böyük rus yazıçısı Lev Tolstoy lap erkən -
18 yaşında onu uğur və xoşbəxtliyə aparan 10
psixoloji qaydanı müəyyənləşdirmişdi.
Millət vəkili Bəxtiyar Əliyev
çıxışında maraqlı məqamlara toxundu. Mərkəzin
təşəbbüsünü alqışlayan natiq qeyd etdi
ki, psixologiya elminə münasibət totalitar rejimdə dar
çərçivədə aparılırdı. Yalnız müdafiə sənayesində, kosmik sahədə
psixoloji tədqiqatlara yer verilirdi ki, bunlar da qapalı şəraitdə
və məxfi olurdu. Cəmiyyətə
çox cüzi informasiya verilirdi. Bu da əlbəttə
ki, təlim tərbiyə işinin qurulması, ideoloji proseslərə
müəyyən təsir imkanlarının tapılması
məqsədilə edilirdi.
Əvvəllər o məsələlər ki, burjua
xarakterli sayılır, tənqidə məruz qalır və
elmdən uzaq fikir kimi qəbul edilirdi, müstəqillik
dövründə onlara yeni nəzərlə baxıldı. Başqa
sözlə Azərbaycan cəmiyyəti psixoloji biliklərlə
silahlanmağa başladı. Müstəqilliyimizin ilk illərində
ali məktəblərdə psixologiya şöbələri
yaradıldı, bu sahədə kadr hazırlığına start verildi.
Artıq bu sahədə xeyli işlər
görülüb və görülür. Qanunvericilik
bazası möhkəmləndirilir, elmi-tədqiqat işlərinin
həcmi genişləndirilir. Dünyanin hər
yerində olduğu kimi, bizdə də psixologiya sahəsində
problemlər də var, çatışmazlıqlar da. Azərbaycan
ali məktəbləri hər il 350-400 psixoloq hazırlayır. Beş minə yaxın orta məktəbimiz oldugunu nəzərə
alsaq nəticə təbii ki qaneedici olmayacaq. Səhiyyə sahəsində də vəziyyət
belədir. Bu gün səhiyyə ocaqlarında 250 psixoloqa ehtiyac var. Son illərdə
fəaliyyətə başlayan Psixi Sağlamlıq Mərkəzinin
yaradılması, problemin həlli istiqamətində müsbət
addımdır.
Günümüzün
narahatçılıq doğuran məsələlərindən
birinin də biganəlik
olduğunu diqqətə çatdıran natiq bunun
yadlaşma sindromuna gətirib
çıxara və nəticədə psixoloji proseslərin
daha da dərinləşə biləcəyini vurğuladı.
Psixololi maarifləndirmə və psixoloji xidmət mərkəzlərinin
işini dəyərləndirən millət vəkili
müharibə şəraitində yaşayan,
torpaqlarının bir hissəsi Ermənistanın
işğalı altında olan, bir milyondan çox vətəndaşı
məcburi köçkün taleyi yaşayan ölkə
üçün bu sahədə görülən işlərin
boyük əhəmiyyət kəsb etdiyini xüsusi olaraq vurğuladı.
Onu da əlavə etdi ki, əhaliyə psixoloji dəstək
məsələsi vacib olduğu qədər də
ehtiyatlı yanaşma tələb edir. Söhbət insan
taleyindən, psixoloji müdaxilədən gedirsə bu iş
yalnız peşəkarlara etibar olunmalıdır. Hər hansı qeyri peşəkar yanaşmanın, doğru
olmayan psixoloji müdaxilənin nəticələri vəziyyəti
daha da gərginləşdirər, arzuolunmaz fəsadlar yaradar.
Millət vəkili peşəkarların xarici ölkələrdə
işləmək meylinə də mənfi münasibətini
bidirərək dedi ki, bir vaxtlar BDU-nun məzunlarının təşəbbüsü
ilə Psixoloqlar Assosiasiyası yaradılmışdı. Cəmiyyətdə onlara ögey münasibət
vardı. Biz onlara dəstək verdik.
Uğurlu layihələr həyata keçirdilər, xeyli
iş gördülər. Çox təəssüflər
olsun ki əmək sərf eləyib yetişdirdiyimiz
kadrları xarici ölkələr çəkib apardılar.
Psixologiya sahəsində kadr
hazırlığı çox vacib məsələdir,
onların qorunub saxlanması daha vacibdir.
Ölkəmizin prezidenti İlham Əliyevin insan
kapitalının formalaşması ilə bağlı
konsepsiyası birmənalı və əhəmiyyətlidir. Orada deyilir ki,
bizim siyasətimiz yüksək texnologiyalar cəmiyyətinin
qurulmasına nail olmaqdır. Belə cəmiyyəti
isə insan kapitalının formalaşması sayəsində
qurmaq mümkündür.
Peşəkar psixoloq hazırlığı mühüm
məsələdir. Etiraf etməliyik ki, bu gün bütün
sahələrdə - kənd təssərrüfatından
başlamış bank sisteminə qədər peşəkar
psixoloq kadrlarına ehtiyac var. Eləcə də Milli Ordumuzda.
90-cı illərdə baş verənləri
xatırlayarsınız yəqin. Fərarilik
pik nöqtədə idi. Bəzi gənclər
ordudan, vətənə xidmətdən qaçırdı.
Bu qorxunc bir tendensiya idi. Şükürlər
olsun ki, indi belə hallar yox dərəcəsindədi. Amma orduda sağlam psixoloji iqlimin yaradılması
davamlı xidmət tələb edir.Vətənin keşiyini
çəkən əsgər bu işi sevərək etməlidir. Bu danılmaz həqiqətdir
ki, psixoloqlar, söhbət təbii ki, peşəkarlardan gedir,
seçdikləri yolun şərəfli olduğu qədər
çətin və məsuliyyətli olduğunu
unutmamalıdırlar. Bu günün aktual məsələlərindən
biri də gənclərin potensial imkanlarını aşkara çıxara bilməsi
və onu gerçəkləşdirməsi üçün
münbit şəraitin yaradılmasıdır.
Millət
vəkili Qənirə Paşayeva gənclər və psixologiya,
ailələr və psixologiya movzularında konfrans, seminar və
mühazirələrin davamlı təşkilinin cəmiyyət
üçün faydalılığından söz
açdı. Mənəvi psixoloji tərbiyənin
öncə ailələrdən başlanmasının
vacibliyini vurğulayan natiq el müdriki Xoca Nəsrəddinlə
bağlı ibrətamiz bir nümunəni xatırlatdı.
Övladını düzgün tərbiyə
etmək arzusunda olan ata Xoca Nəsrəddindən məsləhət
istəyir. Uşağın hansı yaşda olması
sualına,- qırx günlükdür,-
cavabını alan müdrik sakit və əmin tonla,-cox
gecdir,-deyir. Əsrlərin sınağından çıxan
bu ibrətamiz örnəyin əlavə şərhə
ehtiyacı olmadığını diqqətə
çatdıran millət vəkili psixoloji maarifləndirmə
işinin kiçik cəmiyyət olan ailədən
başlamasının, məktəblərdə bu sahəyə
ciddi diqqət yetirilməsinin, məktəb valideyn, müəllim
şagird münasibətlərinin müsbət yöndə həll
olmasının vacibliyini, uşaqlarda, yeniyetmələrdə
güvən hissinin zəifliyi faktorundan
narahatlığını söylədi. Qənirə
xanım əslində qadın hərəkatı
üçün söylənən və özünün də
sevdiyi belə bir hikmətli ifadəni xatırlatdı. Duyğularınıza diqqət edin,
düşüncələrinizə çevrilə bilər,
düşüncələrinizə diqqət edin, fikilərinizə
çevrilə bilər, fikirlərinizə diqqət edin, əməllərinizə
çevrilə bilər, əməllərinizə diqqət
edin, taleyinizə çevrilə bilər. Sonra
o, kütləvi informasiya vasitələrinin psixoloji maarifləndirmə
işində böyük rolu olmasından danışdı,
radio və televiziyalarda, müxtəlif mətbu nəşrlərdə
bu vacib məsələnin kifayət qədər
işıqlandırılmadığını həmkarlarının
diqqətinə çatdırdı. Psixoloqlara xidmət
işi ilə yanaşı cəmiyyətin haqlı
narahatlığına səbəb olan psixoloji vəziyyətlər,
onların yaranma səbəbləri ilə bağlı
araşdırmalar aparmağı tövsiyə edən natiq
Türkiyədə intiharın,
depressiyanın çoxalması, antidepressantlardan istifadənin
artması səbəblərini öyrənən bir
araşdırmadan söz açdı, bizdə də belə
araşdırmalara ehtiyac olduğunu dedi.
Çıxışının sonunda Q.Paşayeva mətbuat
nümayəndələrinə yeniyetmə və gənclərin
psixologiyasına, psixi sağlamlığına mənfi təsir
göstərən proqram və verlişlərin nümayiş
olunmaması mesajını verməklə yanaşı
psixoloji marifləndirmənin əhatəsinin genişləndirilməsi,toplumun
psixoloji sağlamlığı ilə bağlı peşəkar
ekspert, psixoloq və terapevtlərin iştirakıyla müzakirə
və diskussiyalara daha çox diqqət ayrılmasının
zəruriyyətini bildirdi.
Biz xoşbəxt nəslin nümayəndələriyik
ki, iki əsrin qovşağında yaşamışıq. Iki ictimai
informasiyanın bir-birini əvəzləməsinin şahidi
olmuşuq. Qədim çinlilər deyirdilər
ki, səni görüm keçid dövründə
yaşayasan. Ağır, acınacaqlı
illərdi. Xalqların pərən-pərən
düşməsi, mədəniyyətlərin açıq
aşkar yer üzündən silinməsi gözlərimiz
qarşısında baş verirdi, - deyən professor Qəzənfər
Paşayev yeni
nəslin aparıcı qüvvəsi olan gənclərin
gördüyü işlərin əsl vətənpərvərlik
nümunəsi olmasından qürurlandığını gizlədə
bilmədi. Belə bir möhtəşəm otelin bu gözəl
zalında kiçik bir təşkilatın yüksək səviyyədə
konfrans keçirə bilməsi, dövrün aktual məsələsini
müzakirəyə çıxara bilməsi Azərbaycan
dövlətinin gəncliyə diqqətinin bariz nümunəsi
olmaqla bərabər gənclərin vətənpərvərlik ruhunun yüksəlməsinin
göstəricisidir, - dedi.
Professor Nadir İsmayılovun
Respublika Psixi Sağlamlıq Mərkəzində tibbi
psixoloq kadrlarının hazırlaması, psixoterapevt Elmir
Əkbərin ailədaxili münasibətlər, bu münasibətləri
gərginləşdirən səbəblər barədə dəyərli
fikirləri maraqla dinlənildi. Professor Ramiz Əliyev
qeyd etdi ki, əvvəllər dünyada aparıcı
psixoloqlar kişilər olub. Azərbaycanda
vəziyyət necədir? Elə
konfransın keçirildiyi zala nəzər salsaq
qadınların çoxluq təçkil etdiyini görərik.
Məktəblərimizdə kişi müəllimlər
demək olar ki, yox dərəcəsindədir. Televiziya
ekranlarında qadınlar çoxluq təşkil edir. Bu faktor məni sevindirdiyi qədər də qorxudur.
Zənnimcə azərbaycanlı kişilərin
passivləşməsi prosesi gedir. Psixologiyanın qəribəliyi
ondadır ki, başqalarının görə bilmədiyini
görür, başqalarının önəm vermədiyi xırda
nüansları önə çıxarır. Hörmətli psixoloqlarımız yaxşı olar
bunları da araşdırsınlar ki, qadınların fəallaşması
fonunda kişilərin passivləşməsi xeyrimizə və
ya ziyanımızadır. Professor psixoloji
mərkəzlərin artmasından yaranan
narahatlığını da əsaslandırdı: Psixoloji
xidmət göstərən, maarifləndirməni
qarşıya məqsəd qoyan qurumların sayının
artması məni bir qədər qorxudur. Sevindirici haldır
ki, müstəqilliyimizin ilk illərində daha çox
mağaza, ticarət mərkəzləri açmağa həvəs
göstərən insanlar bu gün öz bilik və
bacarıqlarını fərdi inkişafla yanaşı, cəmiyyətə
daha çox fayda verən sahələrdə sınayırlar.
Amma xüsusən psixologiya sahəsində təşviş
doğuran bir məqam da var ki, belə mərkəzlərin
artması qeyri peşəkarların axınına gətirib
çıxara bilər. Çünki
ölkəmizdə bu sahədə yetərincə peşəkar
psixoloqlar yoxdur. Bir fransız atalar
sözündə deyilir ki, yaxşı bağ salmağın
kəsə yolu bu işi yaxşı bağbana
tapşırmaqdır.
Təhsil
nazirliyi İnkişaf proqramları şöbəsinin baş
məsləhətçisi Vəfa Yaqublu məktəb müəllimlərinin
psixololoji biliklərinin azlığı, bəzi hallarda
heç olmaması emosional zorakılığa gətirib
çıxarır,-dedi. Daha sonra psixoloq kadrlarının
azlığından, bir çox hallarda məktəb psixoloqlarının
bilik səviyyəsinin aşağı səviyyədə
olmasından narahatlıq duyan natiq Təhsilin İnkişafı
üzrə Dövlət Strategiyasında səriştəli
valideyn proqramının hazırlanması prosesində peşəkar
psixoloqları əməkdaşlığa
çağırdı.
Pozitiv
psixoloq Elvira Babayeva, psixoterapevt Rüstəm Salayev, Azərbaycan
Tələbə Gənclər Təşkilatı İctimai
Birliyinin icraçı direktoru Şəmsi Gülverdi,
Psixologiya Akademiyası layihəsində fəallığı
ilə seçilən Solmaz Şükürova və Murad Heydərov
mövzu ətrafında çıxışlar etdilər.
İstək liseyinin icraçı direktoru Anar Məmmədov bildirdi ki, müasir dünya, çağdaş təhsil uşaqların qarşısında çox böyük tələblər qoyur. Güclü olmaq, durmadan çalışmaq tələbi, bal yarışması, xarici dil yarışması və digər yarışlar... Biz şagirdləri o dərəcədə yükləyirik ki, sanki onlar insan deyil texnikadır. Məktəb insan yetişdirmək vəzifəsidən getdikcə uzaqlaşır. Ən böyük arzum milli-mənəvi dəyərlərə əsaslanan təhsil modelinin hazırlanmasıdır. Boşanmaların sayının çoxaldığı, sosial şəbəkələrin durmadan artdığı, şagirdlərin beynində zərərli dəyərlərin formalaşdığı dönəmdə peşəkar psixoloqlara ehtiyacın nə dərəcədə böyük olduğunu anlamaq çətin deyil. Gənc kadrlar öz üzərlərində ciddi şəkildə işləməli, bilik və bacarıqlarını artırmaqla bərabər təcrübə keçməlidirlər. Sevindirici haldır ki, kifayət qədər peşəkarı ətrafında birləşdirən “Loqos” kimi mərkəzlərin sırası genişlənir.
25 il əvvəl Respublikanın ilk məktəb psixoloqlarından biri kimi işə başlayan Psixologiya üzrə fəlsəfə doktoru “Loqos”un baş psixoloqu Elmira Mirzəyeva da maraqlı məqamlara toxundu. İki dahi Ziqmund Freyd və Eynşteynin yazışmasından bir dialoqu misal gətirdi. Freyd Eynşteynə yazır ki, mən sənə qibtə edirəm. Eynşteynin nə üçün sualına Freydin cavabı belə olur: - Sən fiziksən, bu sahəyə meyl göstərənlər azdır. Mən psixoloqam və hər kəs də psixoloq olmaq istəyir. E. Mirzəyeva qeyd etdi ki, dahilərin ötən əsrin əvvəllərində səslənən ibrətamiz fikirləri bu gün bizim cəmiyyətimiz üçün də keçərlidir.
Əlavə şərhə ehtiyac olmasa belə deməliyəm ki, Azərbaycanda da bu proses gedir. Psixologiya təhsili olmayanlar hər hansı bir treninqdə iştirak edir, sertifikat alır, özünü psixoloq kimi təqdim edərək fəaliyyətə başlayır. Təəssüflər olsun ki, bir çox halda qeyri peşəkarlara ekranda çıxış etmək imkanları yaradılır. Psixologiya elə bir elm sahəsidir ki, neytral mövqedə dayanmır. Psixoloji müdaxilənin iki tərəfi ola bilər. O ya xeyir, ya da ziyan verəcək. Psixologiya son dərəcə ehtiyatlı olmağı tələb edir. Psixologiyadan anlayışı belə olmayan şəxslər bəzən qəzet, jurnal səhifələrində gördükləri xarici ölkə vətəndaşlarının həyat tərzinə uyğun testləri tərcümə edərək əhali arasında yayır. Bu yalnış və zərərli yanaşmadır.
Uzun illər Azərbaycanda özünü doğruldan, sözün həqiqi mənasında peşəsinin mahiyyətini dərindən dərk edən və bu işə ürəklə yanaşan peşəkarların çalışdığı bir mərkəzin olmasını arzulamışam. Sevinirəm ki, bu gün bu məsuliyyətli vəzifəni öz üzərinə götürən, “Loqos” kimi bir mərkəz var və onun qapıları hər kəsə açıqdır.
Rəhilə
Gülgün
525-ci qəzet.- 2015.-25 dekabr.- S.4