Sənətin ziyalılıq zirvəsi:
Cahangir Zeynalov
(Əvvəli
ötən sayımızda)
Cahangir Zeynalov səhnədə son dəfə 9 mart
1918-ci ildə “Hacı Qara” tamaşasında baş rolda
çıxış edib. “İsmailiyyə” binasında
göstərilən bu tamaşanı “Zülfüqar bəy və
Üzeyir bəy Hacıbəyli qardaşlarının
“Müdiriyyəti” truppası hazırlamışdı. Tamaşaya quruluşu Hüseyn Ərəblinski
vermişdi. Həmin dövrdə
truppanın baş rejissoru Üzeyir bəy Hacıbəyli idi.
“Hacı
Qara” tamaşası oynanılandan təxminən iki həftə
sonra, 1918-ci
ilin 17 martında mənfur erməni daşnakları Bakıda
vəhşiliklə yanğınlar və qırğınlar
törətdilər. Soyqırımına məruz
qalmamaq üçün Cahangir Zeynalov həyat yoldaşı
Hüsniyə xanımla və körpə qızı Nəsibə
ilə İranın Ənzəli şəhərinə, ticarət
məsələləri ilə bağlı müvəqqəti
orada yaşayan qaynatası Məşədi Əbdüldayan
Hüseynovun yanına gedib. Oktyabrın əvvəllərində
ara sakitləşəndə o, ailəsi ilə
Bakıya qayıdıb. Dənizdə
güclü fırtına olduğuna görə onları gətirən
“Ardahan” gəmisi sahilə yan ala bilməyib. Səkkiz gün açıq dənizdə qalan gəmidə
natəmizlikdən yatalaq (tif) xəstəliyi yayılıb.
Cahangir Zeynalov da bu xəstəliyə tutulub.
Nəhayət, şəhərə çatandan
bir həftə sonra yaxın dostlarından, hətta əksər
qohumlarından xəbərsiz dünyasını dəyişib
(22 oktyabr 1918).
lll
Cahangir
Zeynalovun səhnə fəaliyyətini iki hissəyə
bölmək olar:
1) aktyorluq fəaliyyəti;
2) rejissorluq yaradıcılığı.
Onun
aktyorluq fəaliyyətinin özünü də iki qismə
ayırmaq olar: milli dramaturqların müxtəlif janrlı
pyeslərinin tamaşalarında və tərcümə əsərlərində
oynadığı rollar. Qeyd edim ki, aktyor ifa
etdiyi rolların əksəriyyətini müxtəlif
quruluşlarda dəfələrlə oynayıb.
Azərbaycan
müəlliflərinin dram, faciə və komediyalarında ifa
etdiyi rollar: Mirzə Fətəli Axundzadənin
komediyalarında Hacı Qara (“Hacı Qara”), Şahbaz bəy və
Məstəlişah (“Müsyö Jordan və dərviş Məstəlişah”),
Molla İbrahimxəlil (“Molla İbrahimxəlil kimyagər”),
Tarverdi (“Xırs quldurbasan”), Mirzə Həbib (“Lənkəran
xanının vəziri”), Nəcəf bəy Vəzirovun əsərlərində
Hacı Qənbər (“Hacı Qənbər”), Ağakərim
xan (“Ağa Kərim xan Ərdəbili”), Vəli (“Müsibəti-Fəxrəddin”),
Əbdürrəhim bəy Haqverdiyevin dram və faciələrində
Tavad Maqobeli, Rzaqulu Mirzə və Mirzə Cəfər xan
(“Ağa Məhəmməd şah Qacar”), Hacı Səməd
ağa (“Bəxtsiz cavan”), Kişi (“Kimdir müqəssir?”),
Mahmud (“Millət dostları”), Dərviş (“Xəyalət”), Nəriman
Nərimanovun pyeslərinin tamaşalarında Şamdan bəy
və Hacı İbrahim (“Şamdan bəy”), Ədhəm və
Cavad (“Nadir şah”. Bu əsər “Nadir şah Əfşar və
yaxud İranın Kəbir inqilabı” adı ilə də
oynanılıb), həmçinin İsmayıl Rüstəmbəyovun
“Dövləti bisəmər”ində Hacı Fərəc, Mehdi
bəy Hacınskinin “Sultan Əbdüləzizin xəli”ndə
Həsən Xeyrulla Əfəndi, Süleyman Sani Axundovun
“Tamahkar”ında Hacı Murad.
Sultanməcid
Qənizadənin “Axşam səbri xeyir olar” (Məşədi
Şaban), “Xor-xor” (Seyfulla), “Dursunəli və ballıbadı”
(Dursunəli), Məmmədhəsən Həsənovun “Pinəçi
Seyfulla” (Seyfulla), Vasaq Mədətov Nəzminin
“Qırt-qırt” (Ağa Murad), İsgəndər Məlikovun
“Yaxşılığa yamanlıq” (Kişi), “Molla Nəsrəddin”
(Molla Nəsrəddin) vodevillərində əsas obrazları
ifa edib.
Əcnəbi
dramaturqlardan Lev Tolstoyun “Əvvəlinci şərabçı”
(Potap), Fridrix Şillerin “Qaçaqlar” (Qoca Moor), Jan Batist
Molyerin “Zorən təbib” (Eyvaz), Şəmsəddin Saminin “Dəmirçi
Gavə” (Qubad və Fərhad), “Əhdə vəfa”
(Zübeyr), Hüseyin Bədrəddin və Məhəmməd
Rüfətin “Əmir Əbül Üla” (Rəbi), Sergey
Lanskoyun “Qəzavat” (Qoca sərkərdə), Vano
Mçedaşvilinin “Qaçaq Kərəm” (Çinovnik və
Xanın katibi), Namiq Kamalın “Vətən, yaxud Osmanlı
müharibəsi” (Şeyxülislam) əsərlərinin
tamaşalarında maraqlı və əlvan səhnə
personajları yaradıb. Üzeyir bəy
Hacıbəylinin “O olmasın, bu olsun” (“Məşədi
İbad”) operettasında Rza bəy və Rüstəm bəy,
Zülfüqar Hacıbəylinin “Evliykən subay”ında
Hacı Soltan obrazlarını şövqlə oynayıb.
Cahangir Zeynalov daramatik-fəci səciyyəli obrazları
da inamlı cəsarətlə, füsunkar lətafətlə
və ecazkar cazibədarlıqla oynayırdı. Ümumiyyətlə
aktyorun bu səpkili rollarının ifasında tükənməz
coşqunluq vardı. Əsası isə o
idi ki, coşqunluğun, cəsarətin mayasında yüksək
peşəkarlığın ahəngdar təcəssümü
vardı.
Cahangir Zeynalovun zəngin
yaradıcılığının rejissorluq qolu xüsusi tədqiqata
layiqdır.
Bu sahədə səmərəli fəaliyyət göstərən
sənətkar “Səfa” teatr truppasında Mirzə Fətəli
Axundzadənin “Hacı Qara”, Nəcəf bəy Vəzirovun
“Hacı Qənbər”, Namiq Kamalın “Vətən, yaxud Osmanlı
müharibəsi”, “Əhdə vəfa”, Zülfüqar bəy
Hacıbəylinin “Evliykən subay”, Əbdürrəhim bəy
Haqverdiyevin “Millət dostları”, Jan Batist Molyerin “Zorən təbib”,
digər truppalarda Cəlal Yusifzadənin “Fərhad və
Şirin” (opera), Şəmsəddin Saminin “Dəmirçi Gavə”,
Nəriman Nərimanovun “Nadir şah” (“Nadir şah
Əfşar” adı ilə) səhnə əsərlərinə
maraqlı quruluşlar verib. Onun
hazırladığı komediyalarda meydan teatrının ifadə
prinsiplərindən, oynadığı məsxərə
personajlarında milli karnaval estetikasından həssaslıqla
istifadə olunub.
Cahangir Zeynalovun yaradıcılığının
özünəməxsus estetik səciyyələri var. Bədii
cəhətdən məna və məzmununu, mahiyyət və
dəyərini çağdaş dövrümüzdə də
saxlayan bu səciyyələrin bir neçəsini göstərmək
yerinə düşər.
Aktyor milli folklorumuzun, xalq oyun-tamaşalarının
mayasından şirələnən yumordan
yaradıcılıqla bəhrələnirdi.
O
dövrdə dəbdə olan süni pafosla danışmaqdan,
ritorikadan, boğazdan yuxarı deklomasiyaçılıqdan,
saxta hərəkətlərdən cəsarətlə imtina
edib.
Teatrda estetik savadsızlığın əleyhinə çıxaraq
real oyun-ifa üslubunun sistemlər toplusunu yaradıb.
Oynadığı rolda doğruçuluğa, həyatiliyə,
inandırıcılığa nail olmaq üçün daxili
inkişaf məntiqinə əsaslanıb.
Müxtəlif üslubları öz oynunda həssaslıqla,
yüksək peşəkarlıqla, ahəngdar cazibədarlıqla
sintez edə bilib.
Onun bünövrəsini qoyduğu aktyor məktəbi
köklü və davamlı prinsiplər əsasında
qurulmaqla öz poetikasının müəyyən vacib
göstərici-prinsiplərini formalaşdırıb.
Rolunu nə qədər coşqun ehtirasla,
çılğın temperamentlə oynasa da, heç vaxt obrazın
daxili sürət-ritminin inkişaf ahəngindən
çıxmırdı. Həmin rolla təqdim etmək istədiyi
bədii-estetik fikrin əsas mahiyyətindən
uzaqlaşmırdı. Eyni zamanda həqiqət,
reallıq, təbiilik, cazibədarlıq keyfiyyətlərinə
daim sadiq qalırdı.
Oynadığı obrazın (məsələn, Hacı
Qara, Hacı Qənbər, Vəzir Mirzə Həbib)
ictimai-sosial mənsubiyyətindən çıxış edərək
onun cəmiyyətdə tutduğu mövqeyini özü
üçün aydınlaşdırırdı. Sonra qənaətlərinə
uyğun məntiqlə personajın davranışını, ədalarını,
danışıq tərzini, geyimini müəyyənləşdirirdi.
Müxtəlif tamaşalarda və yaşının
müxtəlif çağlarında dramatik rollar (məsələn,
Hacı Səməd ağa, Qoca Moor) oynasa da təbiətən,
yaradıcılıq ehtirasının ifadə zənginliyi
baxımından komik olan Cahangir Zeynalov sənətdə hər
cür zahiri əyləncəliyin, yüngül
oyunbazlığın, şitliyin əleyhinə olub. Teatrı
yüksək, ülvi hisslərə, mənəvi-əxlaqi dəyərlərə
çıraq tutan müqəddəs sənət ocağı
sanırdı.
El arasında daim özünü yüksək ləyaqətlə,
ağır ağayanalıqla aparıb. Kamil şəxsiyyət
kimi hər yerdə hörmət və izzəti uca tutulub.
Həyatda, müxtəlif təbəqəli cəmiyyətdə
onu müdrik ağsaqqal, xeyirxah insan, kamil ziyalı kimi qəbul
ediblər.
Aktyor peşəsini həmişə müqəddəs
tutub, sənətinə ciddi yanaşmayanları sərtliklə
tənbeh edib.
Bütövlükdə teatra əvəzsiz tərbiyə
ocağı kimi baxıb.
lll
Nəsibə xanımın bir neçə dəfə
gözləri yaşara-yaşara, kövrək yanğıyla
anasından eşitdiyi ata vəsiyyətini
danışdığının şahidi olmuşam. Cahangir Zeynalov
tapşırıb ki, mənim başıma bir iş gəlsə
hər il “Səfa” məktəbində
oxuyan kasıb şagirdlərə verdiyim 300 qızıl
onluğu əsirgəməyin. Sizə lazımi
qədər miras qoymuşam, yerdə qalanını verin, Azərbaycan
teatrına xərcləsinlər. Ağa
Cahangir ölüm ayağında deyib ki, iki yaşlı Nəsibə
atasız qalır. Mənim yubileyimə hədiyyə
verilən yağlı boya ilə çəkilmiş portretim
qızıma cehiz olsun. Qoy simam həmişə
onun gözləri önündə canlansın.
Nəsibə
xanımla evlərində olan söhbətlərimizin birində
dedim ki, o portreti görmək istəyirəm.
Dodaqlarından təbəssüm əskik olmayan Nəsib
xanımın çöhrəsi tutuldu. Yanaqlarında
göz yaşları muncuqlandı. Bir xeyli
susdu. Handan-hana xırıltılı səslə dedi:
- Yoxdu o
şəkil, İlham...
Soruşdum:
- Niyə
yoxdu? Bəs hardadı?
Nəsibə
xanım dedi:
- Rəhmətlik
anam danışırdı ki, şura hökuməti gələndə
əmlakımızı müsadirə etdilər. Atanın kitabxanasını, kabinetinin əşyalarını
yığıb-yığışdıranda həmin şəkli
də divardan çıxarıb apardılar. Evimizi yağmalayanlar yükləri daşımaq
üçün dörd hambal
çağırmışdılar. Onlar səhnəsi
olan, teatr tamaşaları hazırlanan böyuk zaldakı nəhəng
Təbriz xalçasını bükdülər, amma
qaldırıb aparmağa gücləri çatmadı.
Rus zabiti gedib bir neçə əsgər də
çağırdı, bir yerdə o qiymətli
xalçanı apardılar...
Atama
yubileyində verilən qiymətli hədiyyələri də
həmin gün evdən götürüblər...
Qızıldan olan cib və qol saatlarını da...
Ürəkgöynədən
faktdır... ancaq nə etmək olar...
Cahangir Zeynalov neftxuda deyildi, lakin təhsilə,
teatrın tərəqqisinə, kitabxanaya imkanı daxilində
pul xərcləyirdi.
Sözün əsl mənasında kamil ziyalı idi.
lll
Qayıdıram
Qulam Məmmədlinin “Cahangir Zeynalov. Həyat və
yaradıcılığı haqqında sənədlər”
kitabının yeni nəşrinə. Bu
kitab birinci dəfə Azərbaycan Teatr Cəmiyyətinin
(indiki Teatr Xadimləri İttifaqı) xətti ilə 1968-ci
ildə “Azərnəşr”də çap olunub. İndi,
yəni üstündən 47 il keçəndən
sonra həmin kitabı tapmaq müşkül məsələdir.
Digər
tərəfdən, bu kitabda son dərəcə zəngin
fakt-sənədlər var və belə xəzinəni
çağdaş dövrün aktyor, rejissor, teatrşünas tələbələrinə
çatdırmaq üçün onu mütləq latın
qrafikasında çap etməyə ehtiyac yaranıb.
Cahangir Zeynalov barədə çoxlu xatirələr və bir neçə iri həcmli məqalə-oçerk yazılıb. Çox-çox təəssüflər olsun ki, bu görkəmli sənətkara xüsusi monoqrafiya həsr olunmayıb. Təbii ki, bu diqqətsizliyin əsas ağırlığı biz teatrşünasların üzərinə düşür. Bunu etiraf etməklə yanaşı, nədənsə qəlbimdə bir rahatlıq var. Belə bir inamım var ki, istedadlı, bacarıq və qabiliyyətlərinə inandığımız gənc teatrşünaslardan kimsə Cahangir Zeynalovun zəngin, bənzərsiz yaradıcılığı haqqında elmi iş, bir başqası monoqrafiya yazmaq niyyətinə düşəcək. Bax, onda həmin tədqiqatçıların əsas istinad əsəri Qulam Məmmədlinin təkrar nəşr edilən kitabı olacaq.
Onu da qeyd edim ki, haqqında söhbət açdığım bu kitab geniş mənada 1896 - 1918-ci illər Bakı teatr mühitinin müxtəlif problemlərini öyrənmək baxımından da çox dəyərlidir. Kitabda toplanmış sənədlərin çox az qismi rus dilində, böyük əksəriyyəi isə ərəb qrafikası ilə dərc olunmuş qəzet və jurnallardan götürülüb. Məsələnin bu tərifi də var ki, Azərbaycanda həmin qrafikanı bilən çox az adam var. Deməli, Qulam müəllimin tərtib etdiyi kitab artıq tədqiqatçı üçün xeyli mürəkkəb işləri asanlaşdırıb.
Cahangir Zeynalovun nəvəsi, Azərbaycanda və həmçinin Türkiyədə məşhur olan istedadlı aktyor-rejissor Cahangir Novruzov gərgin axtarışlarla xeyli yeni nadir fotolar əldə edib. Onların kitabın yeni nəşrində verilməsi faktoloji zənginliyi bir qədər də artırıb.
Bundan artıq nə deyim?
Mənə sevinclə, ürəklə xeyir-dua vermək qalır.
“Cahangir Zeynalov. Həyat və yaradıcılığı haqqında sənədlər” kitabının qədəmləri uğurlu olsun!
5 noyabr 2015-ci il
İlham RƏHİMLİ
525-ci qəzet.- 2015.- 26 dekabr.- S.31.