Azərbaycan davalı şair
Dünən - dekabrın 25-i sevimli şairimiz Ramiz
Qusarçaylının doğum günü idi. Şəxsiyyətini və
yaradıcılığını çox sevdiyim, şeirlərini
hər zaman sevərək, böyük zövqlə
oxuduğum Ramiz müəllimi təbrik edir, ona mənalı
ömür, daha böyük yaradıcılıq
uğurları arzulayıram! Sözünüz heç tükənməsin,
Ramiz müəllim! Çoxlarının hiss etməyini, deyə
bilmədiyini, yazmağı bacarmadığını duyan
ürəyiniz, deyən diliniz, yazan qələminiz var olsun!
Gözündən
ölməyə başladı atam,
Gözündən düşməyə başladı
dünya.
Saraldı
gözünün ağ çiçəkləri,
Gəlib
gözlərində qışladı dünya...
Şeir
elə ilk misrasından cəlb edir məni... Qulaq kəsilirəm...
Getdikcə sözlərin, misraların ahənginə
qarışır nəfəsim...
...Gözüylə
dünyanın arasındakı,
İşıqlı nə varsa uçuracaqdı.
Elə
yapışmışdı gözü ölümdən,
Elə
bil əlindən qaçıracaqdı...
Bir-birinin
ardınca düzülən sözlər yalnızca misra, bənd
yox, bir ölüm mənzərəsi yaradırdı gözlərimin
qarşısında... Artıq yanımda
dayanıb bu şeiri mənə dinlədən insanın
varlığını belə unutmuşdum. Gözlərim
hər an yağmağa hazır bahar buludu
kimi dolmuşdu...
Bir az sonra şeiri dinlədən dostumun səsi
çəkib aldı məni xəyalların soyuq
ağuşundan:
- Bəyəndin?
-
Çoooox...
Bu an qulaqlarımda səslənən ölüm
melodiyası susdu, qarşımda gözlərini süzdürə-süzdürə
nazlanan ölüm bir göz qırpımında yoxluğa
qarışdı...
- Müəllifi
kimdi bu şeirin?
- Ramiz
Qusarçaylı.
Düzünü deyim ki, bu adı birinci dəfə idi
eşidirdim.
O vaxta qədər heç bir şeirini oxumamışdım.
Bəlkə öz səhvim idi, bəlkə də
tale qarşılaşdırmamışdı. Ancaq tanışlığımız çox
gözəl bir şeirin vasitəsiylə oldu.
Sonradan Ramiz Qusarçaylının
yaradıcılığı ilə daha yaxından
maraqlanmağa başladım. Sonra bir tədbirdə bu
böyük şairlə görüşmək şərəfinə
nail oldum...
Ramiz Qusarçaylı qələmi iki əsri bir-birinə
bağlayan bir körpünü xatırladır. Hansı ki, istənilən an körpünün bizim əsrə aid
başından boylanıb ötən əsri rahatca görmək,
onun haqqında təsəvvür əldə etmək
mümkündür.
Ramiz Qusarçaylı səfalı təbiəti, zəngin
tarixi, şirin dili, mehriban və istiqanlı əhalisi ilə
məşhur olan Qubada yaşayır. Ancaq onu məşğul
edən, ürəyinə dərd salan, gecəsini
gündüzünə qatan problemlər bir əyaləti, bir
şəhəri, bir ölkəni əhatə etmir. Onun fikir-xəyalları dağlar, dərələr
aşır, sərhədləri adlayır, ölkələr
dolaşır, gecə-gündüz yorulmadan, usanmadan yol gedir.
Şairi incidən dünyanın dərdləridir, bəşəriyyəti
bürüyən ağrı-acılardır:
Adam - adam aşınır Yer,
Qiyamətə
daşınır Yer,
Daha
Göydən boşanır Yer,
Talağına
şükür, Dünya!
Şair bu yaşına kimi çox adamlarla
qarşılaşıb, demək olar ki, hər cür insan
görüb.
Onların arasında “qapıb bir-birini tutanlar” da var, “iliyinə,
sümüyünə qədər ac olanı” da var, “adamdan
asılanı” da var, bir yetim payına göz dikən də
var, özü içində min cür şeytan bəsləyə-bəsləyə
bir şeytanı daşlamaq üçün gedəni də
var... Şair insanların bu qədər
böyük sürətlə cılızlaşmasından təəssüf
hissi keçirir. Ona görə də son
çarə kimi üzünü Allaha tutan müəllif ondan
adamları nə quşdan, nə heyvandan deyil, elə adamdan
qorumasını istəyir.
“Hərənin bir cür zurnaçı” olduğu
dünyada şair “züy tuta bilməməsi” ilə bir
növ fəxr edir. O, başqaları kimi öz mənafeyini güdmür,
öz mənfəətinin arxasıyca qaçmır.
Özü də dediyi kimi onun davası safdır, təmizdir:
Davam nə
can davasıdı,
Nə də
yorğan davasıdı,
Azərbaycan
davasıdı -
Ayrı dava mənlik deyil.
Uzun müddət idi Ramiz müəllimin
yaradıcılığını araşdırırdım. Onun müxtəlif
şeirlərini oxuduqca arada şeirlərdə vəsf olunan
dağlardan əsən xəfif meh
dalğalandırırdı saçlarımı. Sonra o meh dolaşıb gəldiyi çəmənin
ətrini yayırdı otağa. Elə bu an
hardansa uzaqlardan, lap uzaqlardan quşların civiltisi bir oynaq nəğmə
kimi oxşayırdı qulaqlarımı. Bir az
keçmiş dağların nazlı gəlini Afurca
çağlayıb - coşur, elə misraların
arasındanca atırdı özünü, şəlalənin
saf suyu ilə islanırdı üst-başım. Hər sətir
yenicə şumlanmış torpaq, hər misra yenicə
biçilmiş otun xoş rayihəsi ilə
oxşayırdı könlümü:
Elə
bil çəməndə toy-düyün olub,
Heyrətim güllərin gözündən öpür.
Arılar
o qədər ərköyün olub,
Qönçə açılmamış üzündən
öpür.
Və ya:
Gül elə
soyundu ləçəklərini,
Arılar
üzünü yana çevirdi,
Bu
çiçək axşamı, bu gül axşamı...
“Dünya
kökdən düşüb” deyən şair dünyanın
faniliyini dərk edir, özünü dünya nemətləri
üçün öldürən insanların halına
baxıb elə dünyanın özüylə birgə
gülür:
Nə
daş, nə tüldü dünya,
Daş əldə
güldü dünya...
Dünya
mənim deyənin,
Yasında
güldü dünya...
Ali məktəbdə
ədəbiyyat nəzəriyyəsi fənnində belə bir
mövzu var idi: yazıçının
yaradıcılığı araşdırılarkən şəxsiyyəti,
yaşadığı mühit, mənsub olduğu cəmiyyət
də öyrənilməlidirmi? Bu mövzu ətrafında
ədəbiyyatşünaslar üç qismə
bölünüb, üç fikri müdafiə edirdilər.
Birinci qisim ədəbiyyatçılar
yazıçının şəxsiyyətini,
yaşadığı mühitin öyrənilməsini vacib
sayır, hətta əsərlərindən belə
üstün tuturdular. Onlar öz fikirlərini
belə əsaslandırırdılar ki, ədəbiyyat həyatı
əks etdirir, yazıçı da əsərlərini həyatdan
alırsa, demək ki, öz ətrafından,
yaşadığı cəmiyyətdən, öz
dövründən bəhrələnmiş olma ehtimalı
daha yüksəkdir. Buna görə də
bir yazarın əsərlərini daha yaxşı mənimsəmək
üçün öncə onun şəxsiyyəti
araşdırılmalıdır.
İkinci qisim isə yazıçının şəxsiyyətinin,
yaşadığı mühitin öyrənilməsini
heç də önəmli hesab etmir, heç buna gərək
də görmürlər. Onların fikrincə, qələmə
alınan ədəbiyyat nümunəsi
yazıçının təxəyyülünün məhsulu
da ola bilər. Bu cür əsərlərə
ətrafın təsirini düşünmək yersizdir.
Üçüncü qisim tənqidçilər isə
hər ikisinə eyni cür yanaşmağın tərəfdarıdırlar. Belə ki, əgər
bir yazarın yaradıcılığı
araşdırılırsa, həmin yazar bütünlüklə
öyrənilməlidir. Həm əsərləri,
həm şəxsiyyəti, həm də
yaşadığı mühit ümumi halda
araşdırılmalı və yalnız bundan sonra onun
yaradıcılığı haqqında söz deyilməlidir.
Əslində, mənim fikrimcə də əgər bir
şairin, bir yazıçının əsərləri
haqqında danışırıqsa, o yalnız yazar kimi yox, həm
də insan kimi öyrənilməlidir. Çünki
istər - istəməz hər bir insanın
yaşadığı cəmiyyət, dövr, şəxsi həyatında
baş verən hadisələr, özünün daxili xarakteri
də qələmə aldığı əsərə və
ya ən yaxşı halda hansısa obraza təsirini göstərir.
Məhz bunun nəticəsidir ki, Ramiz Qusarçaylı
haqqında olan bu yazını yazmağa tələsmədim,
şeirlərində gördüyüm Ramiz müəllimi həyatda
da axtardım və çox sevindirici haldır ki, tapdım. Gördüm
ki, Ramiz müəllim yalnız qələm arxasında vətənpərvər
olan, yalnız kağızın üstündə insanlıq
nümayiş etdirən, tribuna qarşısında pəhləvana
dönən şairlərdən deyil. Onun əlində
qələm olsa da, olmasa da o, yenə də eyni insandır.
Buna görə də onun hər misrasında ucalan haqq səsi
insanın qulaqlarını yağır eləmir:
Dizimin
üstünə gələnlər artır,
Dizlər gözdən salır düz adamları.
Dizimdən
aşağı ölənlər artır,
Artır bu dünyanın diz adamları.
Yuxarıda qeyd etdiyim kimi, şairin şəxsiyyəti
ilə sözləri bir-birini tamamlamalıdır. Bunu Ramiz
müəllim də gözəl anlayır. Elə onun ürəyini bulandıran da ətrafındakı
şair həmkarlarının bəzilərinin
saxtakarlığıdır. “Kəs, bu
şairin də dadına baxaq” deyən müəllif başqa
bir şeirində şairlərin iki dövrünü
müqayisə edir. Bu müqayisə satirik dillə elə
qələmə alınıb ki, insan şairlərin
halına gülmək, yoxsa ağlamaq lazım olduğunu
anlaya bilmir:
...Nizama
düşübsüz, səfə düşübsüz,
Cild-cild,
kitab-kitab rəfə düşübsüz,
O qədər
çoxalıb yazmalı dərdlər,
Deyən
dərd əlindən kefə düşübsüz,
Axşamınız xeyir, şair dostlarım.
İndi nə
sevincdən göz yaşları var,
Nə qəmin üzünə gülür şairlər.
Bir zaman
öləndə doğulardılar,
İndi
sağlığında ölür şairlər,
Ramiz
Qusarçaylı, axşamın xeyir.
Ramiz Qusarçaylı yaradıcılığından
danışıb onun vətənə, Azərbaycana,
Qarabağa həsr olunmuş şeirlərini xatırlamamaq ən
azından günah olar. Ümumiyyətlə, Ramiz müəllimin bütün
yaradıcılığında bir nisgil, bir intizar, bir
üsyan, bir hayqırış var. “Gecələr dağlara
baxa bilməyən” şairin bu həsrəti bir dağ olub
asılıb ürəyindən.
Ramiz müəllimin şeirlərində Şuşa həsrəti bir başqa cür göstərir özünü. Onun dillər əzbəri olan “Azərbaycan bayrağı” şeirinin bir yerində şair deyir:
...Şuşada sən qonduğun daşa
pir deyəcəyəm,
Çəkəcəyəm gözümə
kölgən düşən torpağı,
Azərbaycan bayrağı...
Şairi bütöv Azərbaycan dərdi göyüm-göyüm göynədir. Vətəninin getdikcə daralan sərhədlərini görən bu vətən həsrətli insanın sinəsindən bir ah qalxır ki, bu ah bir alova dönüb- dağları, daşları, o taylı, bu taylı Azərbaycanı bir-birindən ayrı salan tikanlı məftilləri yaxıb, yandırır, yox edir. Şair Vətəninin başına gətirilən müsibətlərin günahını onun-bunun üstünə atmır, hamı kimi özünü də günahkar bilir, özünü də bağışlamır:
Ürək dindi ağla, söz dindi ağla,
Ağla hər misranı, hər bəndi ağla.
Təbrizi, Şuşanı, Dərbəndi... ağla,
Mənim ölmüşümə rəhmət düşürmü?
Şairi hər yerdə olduğu kimi məhəbbət şeirlərində də cəsarətli görürük. Onun sevən aşiqi sevgisi uğrunda hər cür əzab-əziyyətə, hətta ölümə belə hazırdır:
...Çox ayrılıq əsdi bizdən,
Üşüdülər istimizdən...
Dağ yeriyə üstümüzdən,
Keçə... səni sevəcəyəm...
Və ya:
Sığışmırdım yerə-göyə,
Bəlkə quru səsdim sənə,
Şeirim, sözüm azdı deyə
Ürəyimi kəsdim sənə...
Ramiz müəllimin şeirlərini oxunaqlı, təsirli edən bir sıra səbəblər var. Ən başlıcası odur ki, şair şeirlərini Azərbaycan ədəbiyyatının “ana vəzni” hesab olunan, laylalarımızın, bayatılarımızın, nəğmələrimizin söyləndiyi heca vəznində qələmə alır. Bütün çətinliklərinə baxmayaraq, heca vəzninin Azərbaycan xalqına, oxucusuna olan doğmalığını, onun ruhuna yaxınlığını kimsə inkar edə bilməz. Başqa bir cəhət isə şairin dil sadəliyi, şeirlərində bədii təsvir və ifadə vasitələrinin zənginliyidir. Şair oxucusu ilə elə onun öz sadə, şirin ana dilində, el ləhcəsi ilə danışır. O, yeri gələndə “ev”ə “öy” deyir, ya da xalq arasında “çobanaldadan” kimi tanınan bir bitkini şeirinə obraz olaraq seçə bilir:
Bir ot bitir
bu yerlərin
dərəsində,
dərələrin tirəsində...
...yaşıl
otun bir adı var,
ada bax,
Çobanaldadan...
Şair
epitet, metafora, metonimiya, litota, mübaliğə, inversiya kimi bədii
təsvir və ifadə vasitələrindən də
böyük ustalıqla istifadə edir:
Dağlar
bir-birinin xətrinə dəyir,
Daşlar
bir-birini yeyir, baxsana-
- misralarında metaforanın gözəl bir
nümunəsi ilə qarşılaşırıq. Belə ki, burada insana aid xüsusiyyətlər
dağların, daşların üzərinə
köçürülür. Və ya şairin “Gileyli”
şeiri başdan-sona metaforaların üzərində qurulub:
Bu yaz gec
gəlmişəm doğma yerlərə,
Gəzdiyim yamaclar, yallar gileyli.
Başımın üstündə buludlar küskün, -
Ayağım altında yollar gileyli.
Ramiz Qusarçaylının şeirlərində mübaliğə (şişirtmə) və onun əksi olan litotanın (kiçiltmə) da gözəl nümunələrinə rast gəlirik. Məsələn:
Baxma nə yazılıb daşımın üstə,
Qəbrim çiçəkləyər ahımdan, gözəl.
Bir bulud
ağlasa başının üstə,
Mənəm,
muğayat ol ruhumdan, gözəl-
-misralarıyla
müəllif dərdinin, sevgisinin nə qədər
böyük olduğunu göstərməyə
çalışırsa,
Gül
gülə ötürər,
Sünbül
sünbülə,
Yaşıl
heydən salar, al vurar məni,
Elə
durulmuşam, elə yüngüləm,
Bir
quş dimdiyində qaldırar məni-
- sözləriylə isə özünün
cismini o qədər kiçildir ki, hətta bir quşun belə
onu qaldıra biləcəyini söyləyir...
Fikrimcə, müasir ədəbiyyatımızda Ramiz
Qusarçaylı kimi sözün qədrini, dəyərini
anlayan, sözə sahib çıxan vicdanlı bir şairin
varlığı XXI əsr Azərbaycan ədəbiyyatının
önəmli qazancıdır, desəm, əsla mübaliğə
etmiş olmaram.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2015.- 26 dekabr.- S.30