“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər

 

 

I cild (noyabr 1918 - aprel 1920)

 

Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov

 

Transliterasiya redaktorları: professor  Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev) Azərbaycan Şurayi-Millisi tarixindən

 

Azərbaycan Şurayi-Millisinin 1918 sənə iyun ayının 17-də Gəncədə Fətəli xan Xoyski hökuməti-hazirəsini təşkil edərək bütün səlahiyyəti-hökuməti kəndisinə tövdi ilə tətil etdigi qarelərimizə məlumdur. İyunun 17-i Azərbaycan tarixi-istiqlalına səbt olunacaq günlərdir. Şurayi-Millinin təkrar həyat və fəaliyyətə başlandığı bu gündə fövqüzzikr günün iclasını qaparkən Şurayi-Milli rəisi Rəsulzadə Məhəmməd Əmin həzrətləri tərəfindən irad olunan nitqi nəşr etməyi münasib gördük.

 

İştə nitqin məzmunu

 

Həzərat! Daha sabahkı iclasımızı açdığım zaman nə kibi məsuliyyətli və ağır bir zaman içərisində bulunduğumuzu ixtar eləmişdim. Tarixi məsuliyyətin bütün o çəkilməz yükünü şimdiki qərarınızla Fətəli xan Xoyski cənablarının təşkil elədigi hökumətinin omuzlarına yüklədiniz. Bu qərar bir tərəfdən əhvalın icabı, digər tərəfdən də “Blok” ilə “Hümmət”in istefaları üzərinə mənən və şəklən alınma məcburiyyətini hasil etmişdi.

 

Dünya müharibəsi və Rusiya inqilabının təsiratı ilə yeni doğmuş və həyati-siyasiyyəyə ilk qədəm basmış olan Azərbaycan qayəsi əhatə olunmaz mühüm dəqiqələr keçiriyor. Bu yeni türk növzadi-siyasəti rüşdü-büluğ bulub da millətlər zümrəsinə bir amili-həyat olaraq girə biləcək, yoxsa sısqa çocuqlar kibi südəmər halında ikən tərki-həyat edəcəkmidir!? İştə bütün zehinləri işğal edən bir məsələ! İştə bir zamankı müqəddərati-milliyyəyi əllərinə alanlar üçün Azərbaycan növzadını tələf etdirməmək kibi müşkül, fəqət müşküllügi ilə bərabər şərəfli bir vəzifə və məsuliyyət tərtib ediyor. İştə böylə bir zamanda və bu böyük məsuliyyəti-əzimənin bari-giranı altına girmiş olduğu halda Fətəli xan cənabları hüzurunuza çıxıb da etimadınızı istəməklə kəndisinə iqtidar arıyor. Fəqət bunu yaparkən o, diqqət etdiniz yəqin ki, nə qədər sararmış, titrəmişdi. Siz onu ehtimal ki, heç bir zaman və heç bir məkanda bu dərəcədə lərzan və hərasan görməmişdiniz. Bu nəyə bənzər bilirmisiniz? Dəhşətli həngamlarda səfəhati-hərbin məsuliyyətli dəmlərində ricət yapmaq məcburiyyətində qalan bir ordunun mövqeyi-məxsusi son dərəcə imkanı qədər mühafizə etmək üzrə bırakdığı məfruzəyi istila edə bilən həras və xəşyətə...

 

Əvət, əfəndilər, Azərbaycanın paytaxti-müvəqqətəsi bulunan Gəncədə naqis də olsa hakimiyyəti-milliyyəyi təmsil edən bir müəssisənin şu surətlə meydandan çəkilmək məcburiyyətində qalması heç şübhəsiz demokrasinin bir ricəti və qüvai-mürtəcenin bir müvəffəqiyyətidir. Bu ricət və pak qüvvətlərə müqabil qara və napak qüvvətləri təqviyə edəcəkdir. Bu nöqteyi-nəzərdən baxılınca ilk nəzərdə bizim halımız o qara binanın halına bənziyor kibidir. Bu hallar bizdə Rusiya məqasidi-inqilabisinin iflasına dair bir əqidə hasil ediyor. Fəqət əfəndilər! Zəvahirlə bakmıyalım, səthi düşünməyəlim, pək də məyus olmayalım.

 

Bəncə, Rusiya inqilabi-əzimi hər nə derlərsə-desinlər, qətiyyən iflas etmədi. Rusiyada inqilab nə yapacaqdı? Bu suala “Böyük Rusiya” fikri ilə məsmum olan rus inqilabçıları nöqteyi-nəzərindən degil, inqilabın kəndi təbiətini təhlil edərək cavab verməlidir. Böylə bakılırsa Rusiya inqilabı məzlum və məğdur siniflərlə məhkum millətləri azad etməlidi. Məğdur siniflər, təqdir edəlim ki, istədiklərindən fəzləsini aldılar. Millətlər isə birər-birər kəsbi-istiqlal ediyorlar. Əvət, dünyanın altıdan birini tutan böyük Rusiya parçalanıyor. Fəqət inqilab böyük Rusiya yaratmaqlamı müvəzzəf idi? Qətiyyən degildi. İfrata gedən sinif hürriyyətləri əlbəttə ki, təyid olunacaq və mötədil bir şəklə girəcəkdir. Çünki bu hürriyyətin şəkli-haziri heç şübhəsiz ki, hürriyyət degil, bir afət və fəqət bu yolda yapılacaq ricət əminəm ki, hər halda inqilabdan əvvəl mövcud olan hüdudun ötəsində degil, bərisində təvəqqüf edəcəkdir. Demək, əhval əvvəlkisinə nisbətlə hər halda iyi olacaqdır.

 

Əfəndilər! Bən sabiq Rusiya ərazisində güzəran etməkdə bulunan vəqaeyə böylə bakıyorum, buna görə də hala ümidlərimlə bərabər olaraq yaşıyorum. Biliyoram, əfəndilər ki, Azərbaycan Rusiya inqilabının vəz etmiş olduğu müsbət nəzəriyyələrlə elan etdigi əqanimi-hürriyyətdən son dərəcədə istifadə edəcəkdir.

 

İştə müstəqil bir Azərbaycan, siyasətən kəsbi-hürriyyət və istiqlal edəcək Azərbaycanda ictimai hürriyyətlər və hüquqi-bəşərə aid dəsturlar hər halda müstəbid Rusiya zamanından daha geniş, daha əlverişli olacağına şübhə etməm. Hətta əfəndilər, söyləmək istərəm ki, Azərbaycan Qafqasiyada ən hürriyyətpərvər və inqilabçı təsəvvür olunan Gürcüstandan daha məsuddur. Çünki burada bizim daxili hürriyyətlərimizə icrayi-nüfuz edən və edəcəgi mütəsəvvür bulunan qüvvət yabancı bir qüvvət degil, öz qüvvətimizdir. (Alqışlar). Burada istiqbal böyük və şanlı bir millətin müxtəlif şöbə və budaqlarını tövhidə doğru gedəcək ki, eyni məqsədimizdir. (Alqışlar). İctimai və hüquqi hürriyyətlərdə bərfərz qaib etsək belə, siyasətən qazanacaq, təlafi-mafat edəcəgiz. Halbuki Ukrayna, Gürcüstan və sairə öylə degildir. Əvət, əfəndilər! Pək də naümid olmayalım. Tarixin amali-milliyyəmiz nöqteyi-nəzərindən müsaid bir zamanında olduğumuzu, türk ittihadı üçün fürsət ələ keçdigini unutmayalım. Bütün məsaimizi bu hürriyyəti-siyasiyyənin təşəbbüsünə sərf edəlim. Bunun üçün də hər dürlü fədakarlığa amadə bulunalım.

 

Sizi, ey heyəti-hökumət, böylə bir əmri-əzimin ifası üçün tövkil ediyor, bütün məsuliyyəti öhdeyi-hökumətimizə təhmil etməklə zənn etməyiniz ki, yalnız qalıyorsunuz. Yetişər ki, siz keçirməkdə olduğumuz zamanın əhəmiyyəti ilə mütənasib, amali-milliyyə ilə müvafiq, türklük əlasına, Azərbaycanın hürriyyətinə, türk kütleyi-nasının mənafeyinə mətuf olan icraatınızda kəhalət və müsahilə göstərməyib də, yorulmaz bir əzmlə çalışasınız. Biz hər zaman sizə məin olmaya hazırız, istədiginiz zaman bizi kəndinizlə bərabər bulacaqsınız. Biz hüzurumuzla sizə məin olmaya hazır olacağımız kibi icabı təqdirində başqa yollarla da sizi təqviyəyə hazırız. Nitəkim bugünki tətilimiz dəxi bu hisslə və bu məqsədlə icra olunuyor.

 

Şurayi-Millinin heyəti-hazirəsi həqqində vaqe olan tənqidatə qarşı buradan bəhs etməyə lüzum görmüyorum. Siz biliyorsunuz ki, bu tənqidat heyətdən ziyadə əsasa mətufdur. Bu münəqqidlər həqqindəki mühakimatı tarixə həvalə edəlim. Bir kaç ay sonra əgər bu vahi tənqidlərdə arzuyi-millət arayan ərkan əsasın degil, heyətin əleyhində isələr hürriyyət intixabatı təminilə millətin həqiqi tələqqiyatını görürlər. Millət kəndisi bizimlə onların arasında həkəm, o zaman həqq ilə batil də əyan olur.

 

Şimdi artıq bu ağır günlərdə öhdəsinə bir vəzifə tövdilə tərk etdigimiz hökumətə ərzi-vida edəlim də ayrılalım.

 

Əfəndilər! Sizdən, kəndi həqqimdə əzvi-ehtiramdan başqa bir şey görmədigim əziz arkadaşlarımdan ayrıldığım əsnada öhdəmə vagüzar etmiş olduğunuz vəzifə saiqi ilə yapmış olduğum qüsurlarımın əvəzini diləməgi ayrıca istirham edərim. Şimdi vəqt gəliyor, saati-vida vuruluyor. Yekdigərinə qardaşcasına əlvida edəlim. Və ayrılırkən - əfəndilər! Bu ümidlə gedəlim ki, inşəallah yakında, Azərbaycanın paytaxtı bulunan Bakıda Azərbaycan Məclisi-Müəssisan dairəsində buluşuruz.

 

Yaşasın Azərbaycan, yaşasın türklük! (Şiddətli və sürəkli alqışlar). Məclis saat ikidə qapanıyor.

 

Azərbaycan”, 16 noyabr 1918, ¹41

 

Tövdi - təslim etmə; vidalaşma

Rüşdü-büluğ - həddi-büluğa çatan

Bari-giran - ağır yük

Lərzan - titrəyən, titrək

Hərasan - qorxaq, ürkək

Təqviyə - qüvvətləndirmə

Məsmum - zəhərlənmiş

Xəşyət - qorxu

Müvəzzəf - vəzifə həvalə edilən

Əqanim - əsillər

Mafat - itmiş, yox olmuş

Tövkil - vəkil etmə

Tövhid - birləşmə

Həkəm - münsif, arbitr

İstirham - yalvarma, xahiş etmə

Məfruzə - ayrılmış, ifraz edilmiş, fərz edilən, vacib olan

Məin - daşan su

 

Azərbaycan Parlamanında

 

16 təşrini-sani saat 1-də təyin edilmiş olan iclas saat 2:15 dəqiqədə açılıyor. Hələ saat 12-dən iclasın intizarında yüzlərcə adam duruyor. Nəhayət, Məclis açılıyor. Şurayi-Milli əzası və nazirlər qabaqca hazırlanmış yerləri işğal ediyorlar. Əcnəbi məmləkət nümayəndələrindən Gürcüstan və Dağıstan hökumətləri nümayəndələri, erməni və rus Milli Şuraları nümayəndələri və İran general konsulu isbati-vücud ediyorlardı.

 

Salon tamaşaçılarla dolu idi.

 

Rəsulzadə Məhəmməd Əmin bəy cənabları sədr yerini tutaraq iclası açıyor və aşağıdakı nitqi ilə hazirunə xitab ediyor:

 

Möhtərəm Şura əzası! Bu gün Azərbaycan Şurayi-Millisi Azərbaycanın baş və ayrılmaz bir əzasını təşkil edən paytaxtında açılıyor. Azərbaycanlılar, necə ki hamınıza məlumdur, heç vəqt hürriyyət və istiqlaliyyət fikrindən ayrılmayaraq daima bu uğurda çalışmış, mübarizə eləmişlərdir, Rusiya çarizmi dövründə onların fəaliyyəti yalnız milli ədəbiyyat, milli məktəb, milli mədəniyyət mübarizəsində təzahür etmişdir. Çarizmin süqutu ilə bütün millətlər əl-ələ verib müqəddərati-milliyyələrinin həlli, hüquq və istiqlaliyyətləri yolunda çalışdılar. Fəqət çarizm süqutundan sonra inqilab öylə şəkil və surət aldı ki, millətlərin hüquqi təmin edilmədi. Millətlər arzu və amallarına nail olmadılar. Fəqət nə qədər sədlər çəkilsə, maneələr qonulsa belə inqilab nəticəsində bütün millətlər inqilabın fütuhat və meyvələrindən istifadə etdilər.

 

Bədə sədr cənabları Qafqasiyanın Rusiyadan ayrılması, Qafqasiya millətlərinin istiqlaliyyət elan etmələri, Azərbaycan Milli Şurası elanı və işi hökumətə tapşıraraq səhnədən çəkilməsini təsvirlə diyor ki:

 

“Şimdi artıq Şurayi-Milli yenidən həyata dəvət edildi.

 

Bakının ziynəti, milli hiss və cərəyanların məcmui, milli təşkilatının mərkəzi “İsmailiyyə” idi. Arzu ediliyordu ki, Milli Parlamanımız haman möhtəşəm binada iclas qursun. Fəqət bu gün o möhtəşəm bina xərabə halına gəlib, iclasımız bələdiyyə salonunda açılıyor. Lakin ev yanar, amma millət, milli istiqlaliyyət fikri, milli ruh ölməz. Ev yanar, fəqət millət onun şöləsi ilə tutuşar, milli hüququnu almaq, milli müqəddəratını öz əlinə salmaq uğrunda çalışar. Qoy bu atəş bizi yaksın, amal şöləsi versin! Burası var ki, bu gün biz qayət müşkül bir vəziyyətdəyiz.

 

Doğrudur, Milli Şuramız Məclisi-Müəssisan əzası ilə tamam xəlq tərəfindən seçilmiş bir şura degildir. Lakin tarix öylə şeylərə çox təsadüf etmiş, çox öylə əmrlərə şahid olmuşdur. Bugünki Milli Şuramız parlaman surəti almaq üçün genişliyəcək, oraya bütün siniflərdən, müqəddəratını Azərbaycan müqəddəratı ilə əlaqədar edib, Azərbaycanın şadlığı ilə şadlanan, qəmi ilə qəmgin olanbütün millətlərin nümayəndələri cəlb olunacaqdır. O vəqt tam bir parlamana malik olacağız. Fəqət hələ bugünki günə nail olmaq üçün millətimiz nə qədər fədakarlıqlarda bulunmuş, nə qədər qurbanlar vermişdir. Azərbaycan istiqlaliyyət, bu muxtariyyəti yolunda nə qədər qurban verdigimizə möhtəşəm “İsmailiyyə” binasının xərabəsi müdhiş bir timsaldır. Bundan əlavə hamımız bilməliyiz ki, bu səadətə nail olmamızda biz, hər şeydən ziyadə bizim dəvətimiz, ricamız ilə imdadımıza gəlmiş və bizim həyatımızı qurtarmış olan türk əskərlərinə mədyunuz.

 

Bədə natiq gərək türklər və gərəksə Azərbaycanın vermiş olduğu qurbanlar, vətən və millət şəhidlərinin tərhimi-ruhi üçün ayağa qalxmayı təklif ediyor. (Hamı qalxıyor). Sonra Şurayi-Milli əzası Lütfəli bəy Behbudovun tərhim üçün ayağa qalxmayı təklif ediyor, yenə (hamı qalxıyor).

 

Sonra təkrar nitqinə davamla diyor ki: bu gün biz azərbaycanlılar şuraya yığıldıqda Milli Şura əzaları və bütün hüquqi-milliyyənin müdafiəsi, namusi-milliyyənin mühafizəsi üçün firqə nizai, sinif münaqişəsi və sairəyi kənara ataraq əl-ələ versək, müttəhidən çalışsaq əmin olmalıdır ki, vicdani-bəşərdə yerləşmiş olan hüquqi-milliyyədən məhrum qalmarız. Hazırda qalib, məğlub ümumidövlət və millətlər arasında ən artıq intişar tapan haman millətlərin müsavati-hüquqi və müqəddərati-milliyyə təyininin özlərinə tapşırılması şüarıdır. Əminəm ki, burası quru söz olmayıb, bəşəriyyətin milyonlarca qurban verməsi, cəmiyyəti-bəşəriyyətin buna müvafiq vəziyyət alması iqtizasıdır. Bəşəriyyətin vicdanına inanalım. Bu uğurda çalışalım və əmin olalım ki, çalışsaq “Cəmiyyəti-Əqvam” içində Azərbaycanın da yeri olacaqdır. Böylə bir yer bulmağa həqqimiz olduğunu kimsə inkar etməz.

 

"Azərbaycan”, 17 noyabr 1918, ¹42

 

Tövdi - təslim etmə

 

Azərbaycan Milli Şurasında Birinci iclas

 

(keçən nömrədən mabəd)

 

Fətəli xan Xoyski - sədrdən sonra hökumət rəisi Fətəli xan Xoyski çıxaraq hökumət namından Şurayi-Milliyi təbrik ediyor və vəqtin qeyri-müsaidligi, vəziyyətin təqazasından dolayı müfəssəl məlumat verəmmiyəcəgini bildirərək diyor ki: Şurayi-Milli dəvəti üçün 6 ay möhlət verilərək bütün ümuri-ixtiyar hökumətə tapşırılmış olduğu halda, bütün öhdəsinə verilmiş vəzifəyi ifa etmədən Şurayi-Milliyi vəqtindən əvvəl çağırmasının səbəbi budur ki, Şurayi-Millidən ayrılan zaman hökumətin işləri maliyyat, əskər və daxili intizam cəhətlərindən qayət fəna idi. Anarşi hökmfərma idi; daha mühümi budur ki, paytaxtımız əlimizdə degildi. Hökumət müşkül bir vəziyyətdə və bugünki yığılışa nail olmaq üçün bir çox mübarizə və davalar qarşısında idi. Şükür olsun ki, şimdi anarşi qırılmış, maliyyat yaxşı bir halə gətirilmiş, dəmiryolu və sairə düzəlmiş, Azərbaycan üçün qoşun əmələ gətirilmişdir. Bakı məsələsi hüsni-həll olunaraq zülmlə əlimizdən alanlardan təmizlənib geri alındı və şimdi paytaxtımız oldu. Paytaxtımız əlimizdə olmadıqca Məclisi-Müəssisan dəvəti, hətta hazırlığı qeyri-mümkün idi. Şimdi Bakı alınaraq idarə işləri bir qaidəyə salınar-salınmaz Məclisi-Müəssisan hazırlığı üçün bir komissiya təşkil edildi. Hala da işləməkdədir. Amma övzayi-siyasiyyə böylədir ki, şimdiki nazik və mühüm bir zamanda hadisatı təqib etmək belə qeyri-mümkündür. Səhər qeyri-mümkün ədd olunmayan bir şey axşam əmri-vaqe kibi araya çıxıyor. Böylə bir zamanda 2-3 ay gözləyib Məclisi-Müəssisan çağırmaq olmaz. Böylə bir zamanda hökumət bütün işlərdə yalnız özü məsul olmamaq üçün məcbur oldu 6 ay gözləmədən Milli Şurayı dəvət etsin, tainki onun göstərməsi və iştirakı ilə çalışsın. Hökumət və biz əminiz ki, istiqlal nə qədər çətin ələ gələn və çox qurban tələb edib, müşkülat çıxaran bir əmr isə də, müttəhidən çalışsaq müşküllər səhl olar. Necə ki, sədr cənabları ərz etdilər, firqə və sinif ixtilafını kənara buraxaraq müttəhidən istiqlalə çalışmalıdır.

 

Nitqinin axırında baş nazir həzrətləri hökumət namından hökumət işlərini Şurayi-Milliyə tapşırdığını bəyanla Şurayı yenidən təbrik ediyor.

 

Sədr - Şura namından parlaman dəvətinədək qüvveyi-icraiyyənin yenə hökumət öhdəsində qalmasını təklif etməklə izin istiyor.

 

Pepinov - Təklif ediyor tənəffüs elan olunsun.

 

5 dəqiqə tənəffüs elan ediliyor. Tənəffüsdən sonra Rüstəmbəyli Şəfi bəy cənabları “Əhvali-fövqəladəyi nəzərə alaraq hökuməti-hazirə iş başında qalıb qüvveyi-icraiyyədən istifadə ediyor” məzmunlu bir formula təqdimilə qüvveyi-icraiyyənin hökumət öhdəsində qalmasını təklif ediyor.

 

Pepinov - Sosialistlər ittifaqı namından bəyan ediyor ki, hökumətin təsisində iştirak etmədikləri kibi bu gün istefası münasibətilə də səs verməyəcəklərdir.

 

Şeyxülislamov - Menşevik “Hümmət” firqəsi namından eyni bəyanatı veriyor.

 

Sədr - Səsə qoyur. Məzkur iki fraksiya rəy vermədikləri üzrə ittihadi-ara ilə Şəfi bəyin təklifi qəbula keçiyor.

 

Məhəmməd Əmin bəy - Təklif ediyor ki, Şura izin versin Heyəti-rüəsa cəmaətə xitabən bir müraciətnamə və bəyannamə nəşr etsin. Bundan əlavə hüquq və istiqlalımız həqqində bəşəriyyət hüzurunda səsimizi ucaltmaq lazım gəldigindən Şura izin versin bəşəriyyət və mədəniyyət naminə Vilson və aləmi-mədəniyyətə xitabən bir müraciətnamə nəşr edilsin.

 

Bəyannamələrin tərtibi beynəlfərq şuraya həvalə olunur.

 

Gələn iclas axşam saat 8-də

 

"Azərbaycan”, 8 noyabr 1918, ¹43

 

Azərbaycan Milli Şurasını təbrik

 

Azərbaycan Milli Şurası aşağıdakı teleqrafları almışdır:

 

“Tiflis müsəlman gəncləri Milli Şuranın açılmasını təbrik edib Milli Şuranın axırıncı imkanına qədər Azərbaycanın Cümhuriyyətinin müsəlman gəncləri üçün əziz və qiymətli olan hürriyyət və istiqlaliyyətini mühafizə edəcəginə əmin oluruq.

 

Tiflis şəhərinin müsəlman gəncləri

 

- Şurayi-Milli əzasından Gürcüstan hokuməti Azərbaycan siyasi nümayəndəsi Məhəmməd Yusif Cəfərov Şura naminə bir teleqraf çəkərək Tiflis konfransı üzvü olmaq həsbilə Şura iclaslarında iştirak edəmmiyəcəklərini təəssüflə bəyan və Şurayı səmimi-qəlbdən təbrik etmişdir.

 

Gəncədən alınmış teleqraf

 

Nəşvü-nüma əsasları üzərində olaraq islamların möhkəm və böyük bir qüvvə təşkil etməsi amalı çoxdan bəri qəlblərimizdə bəslənməkdə idi. Axirüləmr həqiqət oldu. Azərbaycan xəlqi də türk qardaşlarının müavinətilə muxtariyyət və istiqlaliyyət gördü və bundan sonra xəlqdən seçilmiş Milli Şuraların təhti-idarəsində olaraq öz qüvvəsilə gələcəkdə tərəqqi və səadətə irə bilər. Müvəqqəti olaraq bir takım siyasi və hərbi vəsilələrdən dolayı Milli Şuraların susması ən qərib bir zamanda azadə bir millət üçün azadə və geniş bir yol aranılacaq və rifah və səadət üzrə vətən faidəsi üçün bir parlaq gün doğacaqdır. Böylə bir gün gəldi və bu gündə xəlq müntəxəbləri birinci dəfə toplaşaraq öylə bir əsasları müstəhkəm etməlidirlər ki, onların vasitəsilə xəlqdə qəvaninə hörmət olsun. Əmval və əmlakilə ailələrə edilsin. Zəhmət və ticarət nəşvü nüma bulsun. Tam bir əmniyyət bərpa edilməklə bərabər qonşularımız ilə hüsni-əlaqə edilsin. Sizi bir xəlq nümayəndələri kibi təbrik edərək Milli Şuranın bilafərq millət xəlqimizin səadəti və məmləkətin asayiş yolunda işləmək və möhkəm bir Azərbaycan Cümhuriyyəti bərqərar etmək üzrə Şuraya müvəffəqiyyətlər dilədigimi söyləməgi rica ediyoram.

 

Ərzaq nəzarətinin Gəncə mürəxxəsi Hacıbababəyov

"Azərbaycan”, 18 noyabr 1918, ¹43

 

Müntəxəb - seçilmiş

Müstəhkəm - möhkəmləşdirilmiş

 

Şirməmməd HÜSEYNOV

525-ci qəzet.- 2015.- 26 dekabr.- S.24-25