Darıxan səbr
Hikmət Sabiroğlunun 50 yaşına
neçə günsə qalmış
Bir dəfə jurnalist Sevinc İltifatqızı
müsahibə üçün suallar göndərmişdi. Biri bu idi: “Azərbaycandakı
dostlarınız sizin üçün darıxır. Siz necə? Azərbaycan
üçün darıxırsınız?”
Belə
cavab vermişdim: “İki cür darıxmaq var: biri zamanı
saatla, günlə ölçənlərin
darıxmağıdı, o biri də illə, əsrlə
ölçənlərin. Bütün mənalarda
darıxmanın ünvanı insanın özüdü.
Məndə klassik anlamda darıxmaq hissi yoxdu.
Adam nə üçün darıxa bilər?
Gördüyü yer, yaşadığı an, sevdiyi adam üçün, siyahını uzatmaq da
olar, yəni, özünün iştirakçısı
olduğun zaman və məkan üçün. Sən
başqasının yaşadığı həyat, sevdiyi
insan üçün darıxa bilməzsən ki! Biz kim üçünsə darıxırıq
deyəndə əslində özümüz üçün
darıxırıq, sadəcə özümüzün konkret
bir həyat kəsimində olduğumuz zaman üçün. Darıxmanın səbəbi ayrılıq olanda
ağrılar başlayır. Ayrılıq
fizioloji duyğu olduğundan çətin yaşanır.
Sualınıza isə yarızarafat belə cavab verim:
Şuşayla Hikmət Sabiroğlunu versinlər mənə, bəsimdi,
darıxmaram!”
Hikmət darıxan adamdı, “zamanı saatla, günlə
ölçənlər”dəndi.
Son illər yazdığı məktublar durur. Maraqlı
yazışmalarımız var, saxlayıram, bəlkə gələcəkdə
dərc də elədim! Neçə məktubdan məhz bu
yerləri seçdim ki, ona niyə “darıxan adam”
dediyimi yaxşı izah edə bilim.
Hikmətin
məktublarından: “O gün şəkillərimizə
baxdım, çox qəribsədim”, “Yenə may ayı gəlir,
qaqa, Şuşa ayı”, “...Salamatçılıq və sənsizlikdir...” “Dədə, saa qurban
olum, ürəyim darıxır. Burda
olsaydın dərdləşərdik...”, “Salam, qaqa! Adam hərdən
lap boğulur... Dost-yoldaş da bəzən
adamı axıracan başa düşmür. Ən simsar
adamlardan da bəzən elə soyuqluq görürsən,
bilmirsən nə edəsən”, “... Sənin
Bakıdakı son aylarını xatırlayıram,
“Boğuluram” deyirdin. Mən səni
anlayırdım, çünki sənin daxilən nə qədər
təlatüm yaşadığını bilirdim.
İndi lap çox bilirəm...”, “Ayrılıqlar müvəqqətidir...
sevgilərsə əbədi... bir də darıxmalar”.
Çoxları
Hikməti xasiyyətcə ipək kimi bir adam
bilir. Mülayim, könülqırmaz, qəlbədəyməz,
söz-sovu özündə, uşaqla uşaq, böyüklə
böyük. Amma bu ipək kimi yumşaq
adamın sərt üzünü görməmisiniz. Ondan
danışım, bir az. Tutdusa, onu inadından heç kim döndərə bilməz. O baxımdan
çətin adamdı Hikmət. Hikmət Çətin! Bunu hamıdan yaxşı mənim tələbə,
onunsa ömür-gün yoldaşı Vəsilə
Vahidqızı bilir.
Bir gün arvad-uşağı da götürüb
dostlarla Xızıya getmişdik. Uşaqlar
oynaşır, xanımlar söhbətləşir, biz də
“dərdləşirdik”. Maraqlı
keçdiyindən ikinci gecəni də qalmağa hamı
razı oldu. Hikmətdən savayı! Fəxri, Yusif, mən,
xanımlar, uşaqlar olduq bir tərəfdə, o bir tərəfdə,
xeyri olmadı. “Siz qalın də. Mənim işim var, getməliyəm”.
Hikmətsiz
kimdi orda qalan! Yığışıb
qayıtdıq Bakıya. “20 yanvar” dairəsində
maşınları saxladıq ki, sağollaşaq.
“Neynirsiniz?”, “Ta neyləyəcəyik?”,
“Arvad-uşağı yola salaq gedək”.
Elə də oldu. Dağ havasını qoyub Bakının
istisində “dərdləşməyə” getdik.
“Ay Hikmət, bəs, sənin
işin vardı, axı!” - birimiz də
soruşmadıq. Tanıyırdıq, ona görə!
Xızıda Hikməti bir başqa yandan müşahidə
elədim. “Kəşf”im əlimdən tutdu. Həmin yay “Kuba dəftəri”nə köklənmişdim.
Kitabın “Söz yolu” hissəsini o səfərdən
sonra yazdım.
Həmin
bölmənin girişi belədir:
“Allah gildən
adam yaradıb nəfəs verəndən
sonra hər şeydən qabaq bəndəsinə yol
bağışlayıb, axırını göstərməsə
də, yolun başlanğıcını nişan verib, taleyini
də elə bu yola yazıb. Yol Allahın “Ol!” əmrindən
sonra ikinci böyük hadisədi.
Adamlar bir-birinin qəlbinə yol salmazdan öncə
bir-birinin mağarasına yol tapıb. Sonra birlikdə bəşəriyyətin
ilk ovuna çıxıblar. Ov yolu
insanın çıxdığı ilk düz yoldu.
Ovdan dönəndə, yeyib doyanda, doyub rahatlayanda
gözlərdən gözlərə yollar baş alıb
gedib. Gözdən başlayan yol qəlbə keçəndə
dünyanın ilk sevgisi yaranıb.
Görən
mağara dünyasının ilk sevəni kim idi, onun ilk kəlməsi
nə olub?..
Dünyanın ilk sevgi yolu çəkilən gün ona
paralel bir yol da başlayıb - nifrət yolu. Mağara əhli
dünyanın ilk aşiqini həzm eləməyəndə
burunlamağa başlayıb. Beləcə
qaydalara ilk etiraz yaranıb. Dünyanın
ilk azad sözü azad sevgi üçün deyilib. Və dünyanın ilk aşiqi elə
dünyanın ilk azad söz cəfakeşi olub.
Mağara başbilənləri dərhal duyublar ki, azad
söz təhlükəli virusdu, onu deyən də bu virusu
daşıyan xəstə. Odur ki, onu mağaradan
qovublar. Dünyanın ilk dissidenti bax beləcə
yaranıb. İnanmayanlar inansınlar, hal-qəziyyə
belə olub: insan özünü dərk edən kimi
özünü ifadəyə başlayıb, bununla da öz
sözünün qurbanına çevrilib.
O vaxtdan
başlayan proses hələ də davam etməkdədi...
Mağaradan
qovulan aşiq əvvəl əmin idi ki, tənha azadlıq
birgə asılılıqdan yaxşıdı! Sonra qurd-quşdan, məsələn, dinozavrdan,
aclıqdan, soyuqdan, tənhalıqdan qorxur, xiffətdən
havalanır. Fikri dəyişir,
qayıdır mağaraya - şərtlərin ən
ağırını qəbul edir. O andan dünyanın
ilk köləsi yaranır. İnsan xislətinə
yeni çalar qatılır - köləlik.
Köləliyin canı yarınmaqdadı. Min illərdi
insan bu vərdişindən əl çəkə bilmir,
çünki kölə təkcə yarınmağa
çalışan yox, həm də bu yarınmanı qəbul
edəndi.
O vaxtdan
başlayan proses hələ də davam etməkdədi...”
Xızı gəzməyi bu yazıya səbəb oldu. Hikməti bir
başqa yöndən gördüm, nə qədər azad
olduğunu bir də kəşf elədim. Onun
azadlığının mənbəyi
darıxmağındadır. Yalnız azad adam
elə darıxa bilər.
Darıxmağım
- azadlığımdır! Qəribə səslənir,
deyilmi?
Hikməti
dünyanın ilk insanlarından biri kimi təsəvvür edə
bilirdim, o təsəvvürə başqa heç kim gəlmirdi. Çünki Hikmət
bəşər övladının sözlə yox, səslə
danışdığı çağın adamıdı.
Dünyanın hələ kirlənmədiyi zamandan gələn
Adamdı!
lll
Bir 8 may
günü feysbukda belə cümlə yazdım: “Hikmət
Sabiroğlu” ilə “Şuşa” sinonim
sözlərdi dostlar üçün”. Onu ən
azından mənim qədər tanıyan bilir ki, bu
sözümdə nə qədər həqiqət payı var.
Şuşa
Azərbaycandan ötrü hansı dəyərdədisə,
Hikmət də dostları üçün elə qiymətlidi!
Şuşanın dəyərini biləndə
Hikmətin də dəyərini biləcəyik - giley
olmasın - aylar uzunu işsiz qaldı, gündə bir qəzeti,
saytı açılan məmləkətdə. Ölkənin üç-beş peşəkar
redaktorundan biridi, amma.
Sözə həssas yazı-pozu adamı
üçün yazdığı mətnin nə qədər
dəyərli olduğunu elə yazı əhli bilər. Yazılarımı
etibar etdiyim adamdı - Hikmət. Hikmətin
redaktəsindən sonra taleyindən bilmərrə
nigarançılıq keçirdiyim nə bir yazım, nə
də bir kitabım var. Bu həm də yazının vicdan
süzgəcindən keçirilməsinə bənzəyir.
Hikmətin
gözündəki nisgil gəlmələr - yayda
Şuşaya dincəlməyə gələnlər - çəkilib
gedəndən sonra boşalıb qəribsəyən
Şuşanın payız halıdı eynən!
Hikmətin könül tarixi bəşərin sevgi
tarixiylə yaşıddı, şişirtmirəm, elə
bilirəm.
lll
Yanvarın 1-də onun 50 yaşı tamam olur. Elə
bilirsiniz bu, ona yubiley yazısıdı? Yox! Hikmət
haqqında yazını indi yazmıram ki! Tanıyandan
yazıram - 27 ildi...
Yazıya köklənəndə Nazim Hikməti
xatırladım. Bilirəm, Qarabağda ağlına, zəkasına
görə hamının “Kəllə Sabir”
çağırdığı atası Sabir əmi Hikmətə
o böyük şairin adını verib. Görəsən,
Nazimin bu misrasının onun həyat devizi olacağını
da bilirdimi rəhmətlik? “Sen şimdi
yalnız saçımın akında, enfarktında
yüreğimin, alnımın çizgilerindesin memleketim,
memleketim”.
Hikmət səbrli adamdı, “zamanı illə, əsrlə
ölçənlər”dəndi həm də.
İlk
insanın mağaradan çıxıb günümüzə
dikələ-dikələ gəldiyi təkəmülü kənardan
izləyəcək səbrdən danışıram...
Hikmət adamları kədərlərindən
tanıyır.
Onun insanlara, lap dünyanın o başındakı
bir bəndəyə hər kəsdən fərqli
baxışı var. Allahı insandı - o, insana inanır.
Bütün qara kədəri fonunda insandakı
dümağ ümidə inanır. Hikmətin
sehri də elə bu inamda, ümiddə, işıqdadı.
1 yanvar sərhəd məntəqəsinə bənzəyən
tarixdi. Yeni ilin sərhəd qapısından keçirsən.
Yeni arzunun, yeni umudun... ya da köhnə arzunun
yeni qapısından. Nə qədər arzu var,
qapısı döyüləsi...
Səni təbrik edirəm, əziz dostum - millətin, məmləkətin dərdini daşıyan - darıxan adam, dərdə gülməyi bacaran adam! Darıxmaların ən uzunu 50 yaşdan sonra başlayır, deyəsən - havası gəlir, ondan bilib, duyuram. Zamanı illə, əsrlə ölçənlərin darıxmağıdı bu. Səbrin Darıxmağıdı!
...Amma darıxma! Özün demiş:
“Yaxşı olacaq!”
Vahid
QAZİ
525-ci qəzet.- 2015.- 26 dekabr.- S.23