Ağdamda nəyim qaldı?

 

 avtobioqrafik roman

Dəyirman həyəti

 

Şəhərin bu hardasa ekzotik həyətində yaşadığım on il içərisində dəyirman özü tədricən ölürdü, şəhər adamları daha onun xidmətindən istifadə eləmirdi, hətta kəndlərdə də yavaş-yavaş dükan çörəyi, ağappaq un satılmağa başlayandan, buğda almaq, dən üyütmək həvəsi azalırdı. Adamlar dükandan daha keyfiyyətli hazır kisə unu almağa üstünlük verirdilər.

 

Dəyirman xaraba qalmış tikintiyə bənzəsə də, onun yanında dövrələmə kommunal evlərdə həyat öz axarı ilə gah ləng, gah da sürətlə gedirdi.  Burda on iki ailə, demək olar ki, ağız-ağıza yaşayırdı. Odur ki,  qonşulardan gizli heç nə eləmək mümkün deyildi. Yay-qış, dəxli yoxdu, hamı bir-birini görür, hətta güdürdü. Kimin evinə kim gəldi, nəyə gəldi, niyə getdi, nə vaxt getdi? Soyuq qış günlərində on iki evdən bir az aralıda yaşayan ailəsiz-uşaqsız Fatma arvad bu gün kimin qapısını açacaq, kimin evində bir az qızınıb söhbətlə, qeybətlə başını qatacaq, gününü yola verəcək?

 

Deyilənə görə bu evlər bir vaxt karvansara kimi bir şey olmuşdu. Dəyirmana dən üyütməyə gələnlər bəzən burada iki-üç gün qalmalı olurmuşlar. Odur ki, burda yaşayan hər bir ailənin ev şəraiti demək olar ki, eyni idi: bir otaq və həmin otağın qabağında iki-üç metr enində, qabağı açıq artırma. Sonradan gücü çatan, imkanı olan kommunal təsərrüfatı idarəsindən icazə alıb artırmanın qabağını şüşəbəndə çevirmişdi. Həmin şüşəbənd çox vaxt mətbəx rolunu oynayırdı.

 

 Ağdamlıların da Dəyirman həyəti adlandırdığı bu kiçik məhlə şəhərin lap mərkəzində yerləşirdi. Həyəti bir tərəfdən bir-birinə bitişik mənzillər özləri qövsvari formada əhatələyirdisə, digər tərəfdən, Müəllimlər evinin binası və bizim barı dediyimiz hündür daş hasar qapayırdı. Şimal tərəfdən həyət rayon prokurorunun iqamətgahını və meyvəli bağ-bağçasını mühafizə edən digər bir hasarla xarici aləmdən təcrid olunurdu.  Yeri gəlmişkən, üç ildən - beş ildən bir  rayona göndərilən hər təzə prokuror məhz bu “iqamətgah”da yerləşirdi.  Biz meyvə vaxtı prokurorun həyətinə oğurluğa gedirdik. Bu çox riskli və təhlükəli işdi; rayonda hamı prokurordan qorxurdu. Bunun səbəbini yaxşı bilməsək də, biz də çəkinirdik. Həm prokurorun özündən, həm də neçə prokuror yola salmış zəncirli qoca avçarkadan.

 

Həyətin ayaq hissəsi isə Dəyirmanın nataraz binası ilə hasarlanmışdı, başqa sözlə bu həyət başqa tikililərin köməyi ilə qapalı bir məkana çevrilmişdi ki, ordan yeganə çıxış Kommunist küçəsinəydi. Bu küçə çaxır zavodundan başlayıb bizim məhlənin qabağından keçərək İmarət deyilən tarixi yerə və İmarətin yanındakı məşhur Ağdam stadionuna gedib çıxırdı. İlk dəfə stadionu gedib görməyincə bu küçə mənə elə uzun görünürdü ki, inanmırdım o hardasa bitir.

 

Ağdamın çox səsli-küylü, dəli-dolu adamlarından biri, kinomexanik və yaxşı fotoqraf Qəzənfər də Dəyirman həyətində yaşayırdı, daha doğrusu, at oynadırdı. Qəzənfər hind kinolarından Rac Kapurun, onun ən uğurlu tərəf-müqabili və mənim ilk məhəbbətim Nərgizin, Gülçöhrə rolunda Leyla Bədirbəylinin şəkillərini böyüdüb rəngləyir, Ağdam bazarındakı piştaxtasında ya özü,  ya da bazar uşaqlarından biri satırdı. Sonralar, yuxarı siniflərdə oxuyanda bildim ki, Qəzənfər o vaxtlar üçün çox risqli bir işlə də məşğul olur, yəni lüt qadın şəkillərini çoxaldır və yaxşı qiymətə  satır. Daha sonralar Dəyirman həyətinin lap ucqar hissəsində on iki mənzildən ayrı xudmani bir həyət evində yaşayan, bir az əvvəl adını çəkdiyim  Fatma arvadın evində (qadının ölümündən sonra) əməlli-başlı qumarxana açıbmış. Rayonun ən qızğın qumarbazları bu “kazinoya” yığışırmışlar. Prinsipcə, Qəzənfər indiki əyləncə biznesmenlərini çoxdan qabaqlayıbmış.

 

Belə danışırlar ki, Qəzənfər zarafat məqsədi ilə qolboyun dayanmış üç lüt qadın şəklini (məşhur “Üç qratsiya” ilə səhv salmamalı!) xalası Fatmaya göstərir . Arvadın gözü pis görürdü, eynək də taxmırdı. O, şəkli bir o tərəfə çevirir, bir bu tərəfə, gözlərinə  yaxınlaşdırır, uzaqlaşdırır və nəhayət, deyir: “Ay Qəzənfər, nə yaxşı uruset inəkləridi! Bunun bircəciyi mənim oleydı, bağlardım həyətə, otdan-ələfdən tökərdim qabağına, süd-qatıx dərdim olmazdı.” Söhbətin nə qədər doğru olduğunu demək çətindi, amma Qəzənfər bunu elə bir məzə ilə danışırdı ki, adamlar gülməkdən qəşş eləyirdilər, xüsusilə də həyətin gülməyə bəhanə axtaran arvadları.

 

 Qəzənfər dəli-dolu xarakterinə uyğun bir gürşadlıq gətirirdi həyətə. O, həm də dediyim kimi, Ağdamın mədəniyyət evində kinomexanik işləyirdi, bir növ, incəsənət adamıydı; mədəniyyət evində Bakıdan gələn teatrlar, konsert briqadaları, hətta sirk kollektivləri də çıxış edirdilər. Söz sözü çəkər, mən Azdramanın 60-cı illərdə çox məşhur olan tamaşalarına elə bu mədəniyyət evinin səhnəsində baxmışdım.

 

Gərək ki, 1962-ci ildi. Azdrama çox böyük bir heyətlə Qarabağa qastrola gəlmişdi. Əsas ştab da, yəni dislokasiya yeri Ağdamdı. Ən yaxşı və ağır dekorasiyalı tamaşalar da məhz burda göstərilirdi. Onda mən bütün qastrol tamaşalarına baxa bildim. Bu, mənim üçün sehirli bir aləmdi. Qəzetlərdə haqqında  resenziyalar oxuduğum tamaşaların, adlarını eşitdiyim aktyorların özünü gördüm. “Otello”, “Vaqif”, “Pəri cadu”, “Fərhad və Şirin”də o dövrün ən məşhur aktyorları oynayırdı; Fatma Qədri, Hökümə Qurbanova, Barat Şəkinskaya, Leyla Bədirbəyli, İsmayıl Dağıstanlı, Ətayə Əliyeva, Həsənağa Salayev, Ağadadaş Qurbanov, Məhluqə Sadıqova, Əli Qurbanov, Əjdər Sultanov, Rza Əfqanlı, Fateh Fətullayev... İndi Fatma Qədrini səhnədə görənləri barmaqla saymaq olar, onlardan biri mənəm. O məşhur qastrolda Fatma Qədrini mən Emiliya (“Otello”), Hafizə (“Pəri Cadu”), Xuraman (“Vaqif”) və Məryəm (“Fərhad və Şirin”) rolunda gördüm.

 

 Həmin qastrol günlərində mən Barat Şəkinskayanı tək səhnədə deyil, küçədə də gördüm. Gərək ki, İsmayıl Dağıstanlı ilə mədəniyyət evinin qabağında gəzişirdilər. Mən məktəbdən qayıdırdım, onları görəndə, elə bil yerə mıxlandım. Mən Ağdamda bu ağlıqda, bu gözəllikdə arvad görməmişdim. İndi də onun ağappaq yalın ayaqları, “indiyski bezzadnik” deyilən qızılı çəkələkləri, çəhrayı platyası, balaca qızlar sayağı saçını iki yerə bölüb “kosiçka” bağlaması gözümün qabağındadır. Qadın xeyli qabarıq formaları olan ağır əndamını çox asanlıqla, xüsusi bir qratsiya ilə daşıyırdı. Barat xanımı belə detalları ilə (hamısını sadalamağı lazım bilmədim) aydın xatırlasam da kişinin kim olduğunu dəqiq deyə bilmirəm. Bəlkə də həqiqətən İsmayıl Dağıstanlı idi. Niyə İsmayıl Dağıstanlı, çünki Ağdamda göstərilən “Otello”da Dezdemonanı Barat xanım, Otellonu İsmayıl Dağıstanlı oynayırdı.

 

Bir dəfə də “Leyli və Məcnun” operasını gətirmişdilər Ağdama. Tamaşaya baxmaq istəyən o qədərdi ki, mədəniyyət evi darlıq elədi, tamaşanı Ağdamın məşhur stadionunda göstərmək qərara alındı. Bəlkə də ilk dəfəydi bu opera stadionda, açıq havada ifa olunurdu. O məşhur stadion tamaşasının bir özəlliyi də ondaydı ki, Leylinin partiyasını növbəliliklə dörd aktrisa-müğənni, səhv eləmirəmsə, Zeynəb Xanlarova, Rübabə Muradova, Rəsmiyyə Sadıqova və daha kimsə, bəlkə də Nəzakət Məmmədova ifa edirdi. Məcnunu da bir neçə müğənni oxuyurdu. Yadımda qalan Arif Babayev, Qulu Əsgərov və gərək ki, Bakir Haşımovdu. Sözüm onda deyil, sözüm Dəyirman həyətinin Qəzənfərindədir.

 

lll

 

Hərdən rayona yaxşı bir film gələndə Qəzənfər heç nədən, heç kimdən çəkinmədən nataraz ölçüləri olan kinoqurğunu evinə gətirib məhlə adamlarına kino göstərirdi. Səhər açılandan hamı bilirdi ki, bu axşam Qəzənfər hamınınkı kimi balaca, dardüddək evində kino göstərəcək. Bu, bakılılar demiş, bir özgə məərəkəydi: uşaqlar, arvadlar, kişilər yığışırdı Qəzənfərin evinə. Seans başlayırdı. Təbiidir ki, repertuarda çox vaxt hind filmləri olurdu. O vaxtlar “Avara” və bir qədər sonra “Cənab 420” filmləri çox populyardı. Mən bu filmlərə Qəzənfərin ev seanslarında dəfələrlə baxmışdım. Daha bir film də yadımdadı: “Xleb, lyubov i fantaziya”. Bu, hind filmi olmasa da, Qəzənfərin məzəli sinxron tərcüməsi, çox vaxt qaba, hədd bilməyən, abır-həya gözləməyən şərhləri, duzlu zarafatları və bir otaq arvadın ciyərdən gələn şaqraq zəngulə, kişnəmə xarakterli qəhqəhələri ilə böyük uğur qazandı. Dəyirman həyəti italyan neorealizminin bu məşhur şedevrini yüksək qiymətləndirdi.

 

Qəzənfərin arvadı çox gözəl bir rus qızı idi, əsgərlikdən gətirmişdi özü ilə. Nainanın uzun, sünbül rəngində çox gözəl saçları vardı. O, başını hamar darayıb ipək saçlarını bir hörüyə alar və boynunun dalında sancaqlayardı. Başqa rus qadınlarından fərqli olaraq, Nainanın çox abırlı gözəlliyi vardı. Görünürdü ki, Qəzənfəri çox sevir, həm də qısqanır. Tez-tez vuruşurdular. Hamı da bu davalara şahid olurdu. Dediyim kimi, bu həyətdə gizli, örtülü heç nə baş vermirdi. Dava da, sülh də, mehribanlıq da, hətta sevişmə və küsüşmə də hamıya dərhal əyan olurdu. Odur ki, Qəzənfərgilin ər-arvad döyüşləri də gizli qalmırdı. Belə döyüş məqamlarının birində bizim dili bilməyən Naina Qəzənfərin cibindən tapdığı bir şəkli sübut kimi ona göstərib qışqırır:

 

- Seyças ya yeyo cırım-cırım sdelayu!

 

- Dura, o şəkildəki arvadın mənə dəxli yoxdu, atkrıtkadı!

 

 - Yesli eta atkrıtka, to poçemu zdes yest nadpis? Ya seyças yeyo cırım...

 

- Qadın sifətində tapança kimi açılan şillədən sözünü bitirə bilməyib çarpayıya yıxılır. O, ağlaya-ağlaya “Ya uyedu, seyças je uyedu” deyib bir az da bərk hönkürür.

 

- Yesli uyedeş, ubyu tebya!

 

Qəzənfərin Nainadan bir qızı da vardı, buna baxmayaraq o gözəl gəlin Ağdam mühitinə, Dəyirman həyətinə çox dözə bilmədi, düşdüyü dar qəfəsin qapısının açıq olduğu əlverişli bir məqamda qızını da qoyub uçdu öz vətəninə, doğma yuvasına. Tez-tez arvadını “ubyu” ilə hədələyən Qəzənfər də ona mane ola bilmədi.

 

Bir şeyi də deyim ki, mənim xeyli xoş hisslərlə xatırladığım o qadının üstünə kölgə düşməsin. Naina çox istəyirdi qızını da aparsın özü ilə, amma Qəzənfərdən qanun yolu ilə, özü də Ağdamda uşaqmı almaq olardı?! Bir tərəfdən də qızın nənəsi, Qəzənfərin anası Güleyşə arvad! Bah-bah-bah! Gözəl anasını sarışınlığından başqa heç nəyi ilə xatırlatmayan Mila adlı bu qıza Güleyşə arvad elə heyvərə tərbiyə vermişdi ki, qız özünü nəinki ailənin, hətta həyətin ağası, tiranı hesab eləyirdi. Belə sonsuz-hüdudsuz hakimiyyəti hansı axmaq buraxıb naməlum yerə gedərdi? Nənəm demiş, ömür billah getməzdi. Getmədi də!

 

Dəyirman həyətində bu qıza gözün üstdə qaşın var deyən anasından olmamışdı. Əgər kimsə, istər, uşaq, istərsə, böyük, çaşıb belə bir cəsarət göstərsəydi, indi deyilən kimi, qabağında Güleyşəni görəcəkdi. Güleyşənin  ağzından salamat qurtarmaq  ilan ağzından çıxmaq kimi bir möcüzə olardı. O adam bir həftə, bəzən bir ay Güleyşənin qara qarğışlarının, tualet məzmunlu söyüşlərinin hədəfində olardı. Ümumiyyətlə, həyətdə hamı çalışırdı ki, Qəzənfərin ailəsinin qabağına çıxmasın.

 

Burda yazdığım bəzi məqamları, çox ciddi ev redaktorum və senzorumun məsləhəti ilə silib etiraf etməliyəm ki, səkkiz - on yeddi yaş arasında tez-tez vurulurdum. İlk məhəbbətim, bir dəfə qeyd etdiyim kimi, hind kino aktrisası Nərgizdi, bu xeyli platonik məhəbbətdi, həyətdə isə ilk məhəbbətim Nərgizə çox oxşayan Nahidə adlı bir qızdı. Mən Dəyirman həyətinə gələn gündən ona vurulmuşdum. Mənim səkkiz, qızın doqquz yaşı vardı, sonra məlum oldu ki, biz bir sinifdə oxuyacağıq. Mən ikinci sinfi qurtarıb gəlmişdim Ağdama. Yadımdadı, uşaqlarla “dava-dava” oynayanda Nahidə şəfqət bacısı olurdu, mən də onun xidmətindən istifadə eləmək üçün tez-tez yaralanırdım. Məqsədim qızın əlindən tutmaqdı. O illərdə sevgi obyektim tez-tez dəyişsə də, Nahidəyə olan istəyim uzun illər, yəni məktəbi bitirənə qədər məni tərk etmədi, baxmayaraq ki, bu uzunömürlü məhəbbət başqa qızlara vurulmaqda mənə mane olmurdu. Onu da deyim ki, qız mənə tam biganəydi, deyəsən, mənim istəyimdən də xəbərsizdi. Və günlərin bir günündə düz qırx beş il sonra, altmış yaşı  arxada qoyduğum, çoxdan yazıçı kimi tanındığım bir vaxtda Nahidə mənə telefon açdı, kimliyini bildirəndə canımdan yüngül bir həyəcan dalğası keçdi. Çox sürətlə məktəb illərini və bu yaşlaşmış səsin sahibinə olan sevgimi xatırladım. Qadın hal-əhval tutandan sonra hansı rayondasa, gərək ki, bağça müdiri işlədiyini və keçmiş  sinif yoldaşı kimi mənimlə görüşmək istədiyini bildirdi. Mən onunla görüşdən çəkindim, axırıncı dəfə on yeddi yaşında gördüyüm, haçansa sevdiyim qızı bağça müdiri kimi, həm də pensiya yaşında görmək... Bu, ağ olardı!

 

lll

 

Həyətdə müxtəlif yaşdan olan qızlar diqqətimi çəkirdi. Onların içərisində məndən yaşca böyüklər də vardı, məndən yaşca xeyli kiçiklər də. “Kişi və qadın” adlı epataj komediyamda personajlarımdan biri arvadına günahsız olduğunu sübut etmək üçün deyir: “Nahaq sən mənə inanmırsan, əzizim. Mənim bircə məhəbbətim olub; qızğın, ehtiraslı, o da...” Qadın ərinin sözünü kəsir: “ Bilirəm, o da obyektini yüz on yeddi dəfə dəyişib”.

 

O vaxtlar mənim yeniyetməlik məhəbbətim də obyektini tez-tez dəyişirdi, amma reputasiyamı təmiz saxlaya bilirdim, xüsusilə böyüklərin gözündə. Sevgi məsələsində çox səliqəli və konspirativ davranırdım, oğlan tay-tuşlarıma da sirr vermirdim. Tərəf-müqabillərim olan qızlardan başqa heç kəs mənim gizli tərəfimdən xəbərdar deyildi. Mən hər bir cəhətdən tərbiyəli uşaq imicini Dəyirman həyətində yaşadığım on il müddətində qoruyub saxlaya bildim.

 

 

 

Əli Əmirli

525-ci qəzet.- 2015.- 26 dekabr.- S.22-23