“Baş” romanı - nəsrimizdə yeni hadisə

 

 

 

Son illər Azərbaycan oxucuları roman sarıdan heç bir əziyyət çəkmir, istər kitab halında, istərsə də ədəbi dərgilərdə xeyli roman çap olunur və deyək ki, 90-cı illərin roman aclığından sonra bu canlanma həm kəmiyyət, həm də keyfiyyət baxımından əhəmiyyətli dərəcədə hiss edilir.

 

Məktəbli bir cocuqdan tutmuş ən qocaman, yaşlı sənətkarlarımıza qədər hamının qələmindən irili-xırdalı romanlar çıxır. Amma bu yazılan, çap olunan romanların müəyyən qismi yalnız kəmiyyət balansına daxildir. Ortada ROMAN adına çox az əsərlə qarşılaşırıq.  Roman yazmaq  ciddi, məsuliyyətli  bir işdir və bu canlanma olsun ki, XXI əsrin ədəbiyyata gətirdiyi xüsusi bir haldır, yazıçılarımız dünya ədəbiyyatında baş verən yeni meyllərə, xüsusilə, yeni roman axtarışlarına biganə deyillər. Eynən XX əsrin əvvəllərindəki roman yazmaq ehtirası bu əsrin əvvəllərində də hiss olunur. Bir də ki, roman janrının “çiçəklənməsi” üçün  çox münbit bir zəmin yaranıb: Sabir demişkən: “qarışıqdır hələlik millətin istedadı, Ələnirsə, safı bir yan, tozu bir yanlıq olur”. Roman da bu mənada cəmiyyətdə baş verən müxtəlif hadisələri, tarixdə bizim üçün qaranlıq qalan mətləbləri, müasir dövrümüzün son dərəcə dramatik, mürəkkəb və təzadlı olaylarını, bir sistemdən digər sistemə keçidin paradiqmalarını canlandırmağa ən münasib bir janr missiyasını həyata keçirir.

 

Vaxtilə, XIX əsrdə V.Q.Belinski yazırdı ki, roman və povest bizim zəmanəmizdə ədəbiyyatın bütün digər növlərini sıxışdırıb arxa plana keçirmiş və ədəbiyyatda hakim mövqeyə keçmişdir. Ancaq Belinski o dövrdə yazılan romanlardan söz açanda bu “hakim mövqeyi” hiss eləmədik, dahi tənqidçi yalnız bir neçə romanın adını çəkir, təhlil hədəfinə çevirirdi. Bəli, etiraf edək ki, bizdə də “roman kəmiyyəti” “roman keyfiyyətini” üstələyir. Bu, başqa bir söhbətin mövzusudur, ancaq sevinməyə dəyər ki, bu gün “kəmiyyət” romanları ilə yanaşı, sözün həqiqi mənasında  ideyaca dəyərli, bədii-sənətkarlıq baxımından yüksək səviyyəli romanlar da yazılır. Bir il öncə Xalq yazıçısı Anarın “Göz muncuğu” romanı ədəbi prosesdə bir canlanma yaratdı. “Göz muncuğu” romanının müəllifi sübut elədi ki, yaxşı roman yazmaq üçün müasir cəmiyyəti, eləcə də tarixi həqiqətləri dərindən öyrənmək lazımdır, bu həqiqətləri bədii həqiqətlərə çevirməlisən, müasir roman texnologiyasına bələd olmalısan, təsvir etdiyin hadisələr və obrazlar, istər mistik olsun, ister real, XXI əsr insanının düşüncəsini, dünya, həyat, mənəviyyat kredosunu əks etdirməlidir. Artıq “kolxoz”, “istehsalat”, şablon sevgi romanlarının vaxtı keçib, ƏSRİN İNSANI görünməlidir. Mürəkkəb taleyi ilə.

 

Xalq yazıçısı Elçinin “Baş” romanı “Azərbaycan” jurnalının xüsusi buraxılışı ilə oxuculara təqdim olunub və mən o romanı oxuyanda da  eyni hissi keçirdim. Bu əsəri də ƏDƏBİ  HADİSƏ kimi qiymətləndirirəm və olsun ki, mənim bu fikrim kiməsə subyektiv təsir bağışlasın, ancaq mən öz fikrimdə israrlıyam.

 

ƏDƏBİ  HADİSƏ anlayışı ümumən ədəbiyyatın özünün daxili təkamül prosesindən yaranır, yəni elə əsər (janrından asılı olmayaraq!) meydana çıxır ki, o əsəri təbliğ edib-etməməyindən asılı olmayaraq şüurlara hakim kəsilir, o əsər bir ayın, bir ilin hadisəsi olmur, illər keçdikcə yenidən o əsərə qayıdırsan, dönə-dönə oxuyursan və hər oxunuşda bu əsər öz müasirliyini, sözün bədii qüdrətini sənə hiss etdirir. Zənnimcə,  Baş” romanı da belə bir əsərdir və biz illər keçəndən sonra bu əsərə dönə-dönə qayıdacağıq və hər dəfə “Baş”da yeni mənalar, düşündürücü məqamlar tapacağıq.

 

ƏDƏBİ  HADİSƏ  anlayışı, ilk növbədə, yenilik anlayışı ilə sıx bağlıdır və o əsər ki, özündə bədii -estetik meyarlar baxımından yeni deyil, bədii inikasın yeni çalarlarını aşkara çıxarmırsa, o əsərdə “müasirliyin ölməz himni” çalınmırsa, onu heç vəchlə ədəbi hadisə sferasına daxil etmək olmaz.  Bu məsələni “Baş”da araşdıraq. Görək, nə dərəcədə ədəbi hadisədir?

 

Elçin romana yazdığı ön sözə belə başlayır: “Bu romanın qəhrəmanlarının bir qismi tarixi şəxsiyyətlərdir, ancaq onlarla bağlı hər bir epizodda və ümumiyyətlə, romanın hər səhifəsində tarixi dəqiqlik axtarmaq lazım deyil, həmin tarixi şəxsiyyətlər bu romanda  artıq “müəlllifin qəhrəmanlarıdır”-müəllifin gördüyü, onun qiymətləndirdiyi knyaz Pavel Dimitriyeviç Sisyanov, yaxud da gənc şahzadə və vəliəhd Abbas Mirzə Qacardır.

 

Bu əsərdəki tarixi kolorit-tarixi faktlarla tanış olduqca, müəllifin hiss etdiklərinin, onun düşüncələrinin ifadəsidir və buradakı tarixi qəhrəmanlar da müəllif üçün qeyri-tarixi qəhrəmanlar səviyyəsində “özününküdür”... Romanda, olsun ki, tarix ilə üst-üstə düşməyən detal və ştrixlərə də fikir verməsinlər və bu baxımdan müəllifin təskinliyi ondadır ki, burada tarixlə üst-üstə düşən  müəllifin fikrincə, tarixilik baxımından əhəmiyyətli olan məqamlar da, güman ki, az deyil”.

 

“Baş” tarixi mövzudadır və bizim fikrimizcə, müəllifin tarixi hadisələrə nə dərəcədə riayət edib-etməməsindən asılı olmayaraq, bu əsər tarixi romandır, hətta dəqiq janrını müəyyən etmək də çətin deyil-tarixi-psixoloji roman da adlandırmaq olar onu. Çünki “Baş”da təsvir olunan hadisələrin birər-birər hamısı ayrı-ayrı başların (təkcə Sisianovun kəsilmiş başının deyil) psixoloji durumlarını, halət və vəziyyətlərini özündə əks etdirir.

 

Ədəbiyyatşünaslıqda tarixi romanın inikası ilə bağlı fərqli mülahizələr söylənilib. Bir sıra müəlliflər tarixi hadisələri olduğu kimi əks etdirməyi, tarixi mənzərəyə heç bir xələl gətirməməyi vacib sanmışlar, onların fikrincə,yazıçı bədii təxəyyülə arxalana bilər, lakin əsas hadisələri və məlum şəxsiyyətləri əks etdirərkən heç bir uydurmaya yol verməməlidir. Yəni tarixə böhtan atmaq olmaz! Digər müəlliflər isə tarixi hadisələrə münasibətdə sərbəst yanaşma tərzini mühüm hesab etmişlər. Onların fikrincə: “Tarixlə (elm kimi) sənət şərtləri bir-birindən fərqlənir. Roman sənət əsəri olduğundan tarixi həqiqət burada məqsəd yox, həmişə tabe, müəyyən mənada təsvir vasitəsidir.  Digər tərəfdən, tarix elə dolğun, canlı mənzərə vermir ki, onu, sadəcə olaraq, əsərə gətirəsən. Ona görə də romançının vəzifəsi bu boşluğu doldurmaq, ölüləri canlandırmaq, onların hərəkətini izah etmək, simasını bizə göstərməkdir” (V. İ. Kraşevski- Polşa ədibi, tarixi romanlar müəllifi).

 

Azərbaycan bədii nəsrinin tarixi roman təcrübəsi hər iki müddəanı özündə əks etdirən nümunələrlə diqqəti cəlb edir. Ancaq bizim fikrimizcə, tarixi əks etdirmədə üçüncü bir prinsip də var- bu da ikinci prinsipdən yararlanaraq (lakin eynən onu təkrar etməyərək!) yeni bir tarixi mətn yaratmaqdır və Elçin bu prinsipi “Baş” romanında reallaşdıra bilmişdir. Diqqət yetirsəniz, romanda baş verən tarixi hadisələr, təsvir olunan tarixi şəxsiyyətlər bizə yaxşı tanışdır, Sisianovun Bakının Qoşa Qala qapısı yaxınlığında qətl edilməsi Mirzə Camal Cavanşirin “Qarabağ tarixi” (1847) və digər “Qarabağnamə”lər də öz əksini tapmışdır. Mirzə Camal bu hadisəni belə təsvir etmişdi: “Bu zaman xəbər çatdı ki, Hüseynqulu xan və onun adamlarından alçaq və pis hərəkətlərin baş verə biləcəyini güman etməyən böyük sərdar, Bakı vilayətində iki nəfər  bəyzadə ilə birlikdə (xanla) söhbət etməyə getmiş və bu zaman pusquda durmuş İbrahim bəy və iki nəfər başqa adam onu və yoldaşlarını güllə ilə yaralayıb öldürmüş və bununla da özlərini padşahın əsgərlərinə müxalif və düşmən olduqlarını bildirmişlər”. Tarixi “Qarabağnamə”lər də Sisianovun, eləcə də Ağa Məhəmməd Şah Qacarın, Fətəli şahın, Abbas Mirzənin, Valerian Zubovun Azərbaycana hərbi yürüşləri, ayrı-ayrı xanlıqlara qarşı müharibələri haqqında məlumatlar az deyil və tarix elmi də əsasən mövcud “Qarabağnamə”lərdə əks olunan bu məlumatlara da istinad edir. “Baş” romanında da bəzi tarixi hadisələr qətiyyən təhrif olunmayıb. Ancaq roman tarixə baxışın və münasibətin tamam fərqli bir çalarını əks etdirir. Bir var tarixi hadisələrə sədaqət ruhu-bu cəhəti bizim əksər tarixi romanlarda hiss edirik- bir də var tarixi mənbələrin əsiri olmadan tarixdə baş verən hadisələri müasir düşüncənin, bədii təfəkkürün işığında əks etdirmək prinsipi. Elçin  əsasən qısa bir zaman kəsiyində (1804-1806) baş vermiş məlum hadisələri təsvir edir, amma bu, heç də qısa zaman təəssüratı yaratmır. Bu qısa zaman əslində, çox geniş bir ZAMANdır, məkan da genişdir, Bakının Qoşa Qala Qapısı ağzında baş vermiş o qətl hadisəsinin əks-sədası Azərbaycandan Peterburq saraylarına yayılır, İrana gedib çıxır. Bir başın kəsilməyi fonunda nəinki Azərbaycanın, bütün Qafqazın, Rusiyanın və İranın tarixi BAŞLARININ (çarların, çariçaların, şahların, şahzadələrin, sərkərdələrin, dövlət və din  xadimlərinin) taleləri, onların bizə bu vaxta kimi məlum olmayan həyat tarixçələri, gizlinləri canlanır. Döyüşlər, vuruşlar, hərbi yürüşlər arxasında təkcə dövlətlərin deyil, bir-birilə amansız mücadilədə olan şəxsiyyətlərin mübarizəsi gözümüzün önündən çəkilmir. “Baş” bu mənada həm müharibələr, istilalar tarixi, həm də mənəviyyatlar toqquşması kimi çox gərgin, qəddar və amansız döyüşlərin  bədii salnaməsidir.

 

Romanın qəhrəmanı bütün Qafqazın baş komandanı-knyaz Sisianovdur. İlk tarixi romanımızdır ki, mənfi qəhrəman, bütün Qafqaz xalqlarının, xüsusilə, Azərbaycan xanlıqlarının bir-bir ələ keçirilməsində, böyük Derjavanın-Rusiya imperiyasının tərkibinə qatılmasında “misilsiz şücaətlər” göstərən, həm diplomatik, həm də hərbi yolla istəyinə çatan, bu yolda həm məğlubiyyət acısını dadan, həm də “şanlı qələbələrlə” zəfərlər qazanan Sisianov.  “O zaman -Bakıya ilk dəfə gəldiyi həmin 1796-cı ildə o, sadəcə, bu şəhərin komendantı, 41 yaşlı general-mayor idi, indi isə Bakıya Minsk quberniyasında iki minə qədər təhkimli kəndlisi olan 51-52 hələ tamam olmamışdı-yaşlı infanteriya generalı. Baş komandan idi və artıq Gürcüstanın Kaxetiya və İmeretiya çarlıqları, Minqreliya, Quriya knyazlıqları, Arazdan bu tərəfə, demək olar ki, bütün Şimali Azərbaycan-Qarabağ, Gəncə, Şəki, Şirvan xanlıqları, Car-Balakən camaatlığı ana Rusiyanın tərkibində idi və bu tarixi gün-1906-cı il fevral ayının 8-i -Bakı xanlığı da Rusiya imperiyasının ərazisinə çevrilirdi. Çox çəkməyəcəkdi ki, bütün bu ayrı-ayrı cırtdan çarlıqlar, xanlıqlar-hamısı Derjavanın quberniyaları olacaqdı və o zaman, bəlkə də, bu tarixi günlər yalnız tarixçilərin yazılarında qeyd ediləcəkdi, ancaq knyaz Sisianovun bu gümanı onun üçün bu günün əhəmiyyətini və sevincini, bu günün fərəhini və təntənəsini heç vəchlə azaltmırdı”.

 

Başdan-ayağa Şər və mənfilik mücəssiməsi olmasına baxmayaraq Sisianov olduqca qüvvətli xarakterdir və onun bu tərzdə təsvirini  Elçinin bədii uğuru sayırıq. Qüvvətli xarakterdir, ona  görə ki, qətl anına qədər də o öz ideyalarından dönmür.Bu gürcü mənşəli general öz əslinə, kökünə qətiyyən bağlı deyil və Arçil babanın ona aşılamaq istədiyi “Xmerti” (gürcü dilində “Yaradan”)  kəlməsinə tamamilə biganədir. Onu Derjavanın-Rus imperiyasının maraqları düşündürür və Sisianov o zamankı əsil-nəsəbi şübhəli rus çarlarından daha artıq Rusdur, daha artıq imperiya təcəssümüdür, daha artıq rus hərbçisidir. (“Knyaz Sisianov rus zabiti idi və rus zabitinin şərəfi müqabilində şəxsi həyatının da, milli köklərinin də onun üçün heç bir əhəmiyyəti yox idi”)

 

Elçin bu ruslaşmış imperiya mücəssiməsinin içindəki qarşısıalınmaz ehtirasları (məqsəd və arzuları, tam reallaşdıra bilmədiyi, amma sonralar reallaşan niyyətləri) belə ifadə edir: “Qoy Zaqafqaziyada və bütün Qafqazda insanlar dinc yaşasın, ancaq bu məsələyə biz son dərəcə diqqət və ehtiyatla yanaşmalıyıq, çünki onların mehriban yaşamağı gələcək birlikləri deməkdir, bu isə bizim xeyrimizə deyil. Biz Derjavamızın maraqlarına uyğun olaraq, lazım gəldikdə onların bir-birilə ədavətindən, düşmənçiliyindən istifadə etməyi bacarmalıyıq...Başa düşürəm ki, mənim bu mülahizələrim humanizm dediyimiz dəyərlərdən çox uzaqdır, ancaq burada, bu Cənubi Qafqazda və ümumiyyətlə, Qafqazda humanizm dəyərləri ilə nəsə əldə etmək fikri bəsit utopiyadan başqa bir şey deyil”.

 

Doğrudanmı Sisianov -bu gürcü əsilli rus generalı... bütün ömrü boyu Rusiyaya xidmət edib və bundan həmişə daxili bir qürur duyub, əlindəki qılıncla  Rusiya imperiyası naminə evlənməyə də, ailə qurmağa da macalı olmayan bir insan...hətta Avropanı da rus qılıncından keçirmək xəyalı ilə yaşayan qəddar bir müstəbid... bizim romandan yox, tarixdən tanıdığımız  Sisianovdur?  Fikrimizcə, Elçinin bu təqdimatında heç bir uydurma, hiperbola nəzərə çarpmır və  hətta Sisianov haqqında heç bir məlumatımız olmasa belə, Elçinin yaratdığı Sisianovun tarixdə məhz bu qədər real, bu qədər inandırıcı olduğuna qətiyyən şəkk eləmirik. Lakin Sisianov obrazına (həm tarixi, həm də bədii rakursdan yanaşdıqda)  təkcə fərdi planda yanaşmır Elçin. Sisianov qayət istilaçı, işğalçı rus imperiyasının təcəssümüdür,  Puşkinin, Lermontovun, Çernışevskinin  də lənət oxuduğu  çar Rusiyasıdır, sonralar o Rusiya “Avropanın jandarmı”na çevrildi.

 

Fərdi planda da Sisianov mürəkkəb və ziddiyyətlidir. 1804-cü ildə Gəncəni işğal edib Cavad xanı və onun igidlərini qılıncdan keçirən Sisianov xanın əyalını bacısıgilə, Şəkiyə göndərir. Ayrı-ayrı xanlıqları rus imperiyasına qatmaq üçün öncə diplomatik üsullardan istifadə edir, məktublar yazır, xahiş edir, amma sonra qanı su yerinə axıdır. Rus əsgəri Suxaryovu isə onun əmrini müzakirə etdiyinə görə təhqir edir, otuz ilin hərbçisinə “donuz” deyir. Suxaryovla baş verən əhvalat oradaca bitə bilərdi, amma müəllif əsil-nəsəbi qatışıq olmayan Suxaryovun düşüncələrinə də etinasız qalmır, tamam fərqli bir düşüncə tərzini ortaya qoyur: “Aleksandr Avropanı yox-qoy, onlar orda bir-birlərini  qırsın-Rusiyanı azad etməlidir. Rusiyanı qohumbazlıqdan, tanışbazlıqdan, dvoryanların harınlığından, məmurların rüşvətindən, mülkədarların mujikləri aldatmasından  azad etməlidir, kəndliləri köləlikdən, ana Rusiyanı baronlardan, markizlərdən, pederas qraflardan azad etməlidir. ...Qoy Rusiyada Fransadakı kimi inqilab olsun, eybi yox, qoy, qan tökülsün, ancaq Rusiyanın da öz Bonapartı meydana çıxsın, o, Yemelka Puqaçov kimi savadsız və avam olmasın, Rusiyanı qorumaq onun üçün yalnız borc yox, həmin borcla bərabər, Rusiyaya sonsuz məhəbbətin ifadəsi olsun, Rusiya onun üçün sözdə yox, ürəkdə ana Rusiya olsun...Rus soldatını hərbi tribunaya vermək olar, onu güllələmək olar, ancaq onu təhqir etmək olmaz və əsl rus generalı heç vaxt rus soldatını təhqir eləməz... Əgər bir general beləcə bir soyuqqanlıqla Suxaryov kimi bir rus zabitini bu cür təhqir edirsə, “Donuz!”-deyib onu alçaldırsa, o generalda rus ruhu yoxdur”.. Bu, əsl rus soldatının,  Rusiyanı sevən bir insanın ürək sözləridir və təbii ki,  o da istilaçıdır, Qafqazın işğalında iştirak edib, amma Sisianovun fərqi ondadır ki, onun xəyallarındakı Rusiya “ana Rusiya”dır- əsl ruslar yaşayan, qatışığı olmayan, əcnəbilərə qucaq açmayan “azad” Rusiya.

 

“Baş” romanında kəsilmiş başın yollar, məsafələr qət edərək Fətəli şaha çatdırılması da  tarixi həqiqətlə səsləşir və romandakı  bu “səfər” marşrutu Şərq koloritini gücləndirir. Hüseynqulu xanın məşvərət məclisində, vəliəhd Abbas Mirzə və Fətəli şahın sarayında XIX əsr Şərq (Azərbaycan-İran) despotizmi, hakimiyyət iarerxiyası, dini-ruhani mühafizəkarlıq, ənənəvi işğalçılıq siyasəti ...bütün bunlar bizə tanışdır. Hüseynqulu xanın sarayındakı məsləhətləşmələr Axundovun “Aldanmış kəvakib” əsərindəki səhnəni xatırladır. Hüseynqulu xan neçə il öncə Bakını ruslara təslim etmişdi, Sisianov o zaman Bakının komendantı idi, sonra rus qoşunları çəkilib getdilər və indi rus ordusunun Bakıya yaxınlaşdığını hiss edincə  əməlli-başlı üşüyürdü və sükunət içində üşüyə-üşüyə də fikirləşirdi ki, əslində onu üşüdən, sızıldaya-sızıldaya  beləcə sümüklərini ağrıdan  xanlığın düşdüyü  bu çıxılmaz vəziyyət idi və sərdar Sisianov onu elə boğazlamışdı ki, heç bir iti qurdu elə boğazlaya bilməzdi”.

 

Hüseynqulu xan qorxaqdır, qətiyyətli deyil, lakin dərk edir ki, Bakının açarlarını sərdar Sisianova təslim etməkdən ayrı bir çıxış yolu da yoxdur. Ruslara nə qədər nifrət bəsləsə də, mövcud vəziyyəti anlayır, ancaq Mahmud bəyin və onun yanında dayanmış o iki nəfərin qəfil hərəkəti xanın vəziyyətini daha da ağırlaşdırır. Beləliklə, qorxulu bir situasiya yaranır. O zamankı Azərbaycan xanlıqlarının (o cümlədən, Bakı xanlığının) taleyi həm də İranla bağlı idi və birləşə bilməyən, hər birinin iddiası isə yerə-göyə sığmayan xanlar təkcə Rusiyanın deyil, İranın da qorxusunu hiss edirdilər. Elçin bu tarixi həqiqətləri: Azərbaycan xanlıqları- Rusiya-İran münasibətlərini təfərrüatı ilə, özü də əslində olduğu kimi təsvir edir. Onun təsvirlərində məlumat və informasiya bolluğuna heyrət edirsən, lakin bütün bunlar romanın bədii mətninə xələl gətirmir, sadəcə izahedici funksiya daşıyır.

 

Başın  yol səyahəti” öncə İran şahının vəliəhdi Abbas Mirzə sarayında yan alır. İran tarixindəki bu vəliəhd (sonralar şah)  haqqında da tarixçilərin “Qarabağnamə”lərin məlumatları bizə tanışdır. Azərbaycan uğrunda Rusiya ilə iki dəfə cəng-cidala çıxan Abbas Mirzə... Amma məğlub olan, məqsədinə çata bilməyən Abbas Mirzə.. Elçin bir anlığa onu Başla təkbətək qoyur . İki istilaçı, iki qan hərisi. Biri ölmüş, biri sağ. Romanın ideyası, Elçinin bütün roman boyu öz sevimli oxucusuna təlqin etmək istədiyi fikir bu təkbətək söhbətdə reallaşır: “...indi o Başla təkbətək dayanmış Vəliəhd  üçün dünyanın ən əbləh bir vaqiəsi kimi görünürdü. Sonra nə olajaq? Əvvəl-axır ölüb, gedəcəksən. Səndən heç nə qalmayacaq.  Nə qalacaq? Səltənət? Dünya bina olandan bu tərəfə nə qədər səltənətlər qurulub, sonra da yox olub, gedib...”

 

Nəhayət, Baş gəlir Fətəli şahın sarayına..Bu da ayrı bir despot. İran şahları həmişə Azərbaycan üstündə Rusiya ilə münaqişədə olublar və Fətəli şahı da narahat edən “yağlı tikənin”-Azərbaycanın əldən getməsidir. Ələlxüsus, Sisianovun Qafqazda at oynatması onun yuxusunu ərşə çəkib və Fətəli şah kimi böyük bir məmləkətin sahibi  “bir fırıldaqçı cadugər səviyyəsinə enib” ondan kömək umması, qətlini sifariş verməyi xalis Şərq padşahlarına məxsus düşüncə tərzidir.

 

Romanda Ağabəyim Ağanın (Fətəli şahın baş hərəmi)  obrazı da böyük məhəbbətlə yaradılıb və onun həyatı, sarayda keçirdiyi günlər, atasıyla  və Qarabağla bağlı xatirələri, şairliyi o qədər səmimi təsir bağışlayır ki, qarşında Ağabəyim Ağanı lap canlı, “qumaş parçadan tikilmiş əlbisəsinin xalis qızıldan olan  düymələrinin şamın işığında par-par parıldadığını” görürsən. Ağabəyim Ağanın ülyahəzrət Yelizavettaya təvəqqe məktubu yazıb Həsən xanı əsirlikdən azad etməsi yaxud Andre de Fokşla  görüşü olsun ki, tarixi həqiqət deyil, amma belə bir ağıllı xanımın həyatının Tehran dövrü hələ də bizim üçün gizlin qalmışdı, Elçin bu qaranlıq pərdəni aradan götürdü. Və sonda Ağabəyim Ağanın Sisianovun kəsilmiş başına lənətlər yağdırması məntiqi bir reallıq kimi nəzərə çarpır. “Ya Allah,-deyərək barmağını Başa tuşladı,- Bu, heç!.. Bu, buyruq quluydu!.. ...Mən ömrümün axırına kimi gecə-cündüz Sənə yalvaracağam ki,  Rusiya hökmdarı da öz övladları ilə, xanımı ilə birlikdə, bir-birinin gözü qabağında gülləbaran edilsin!”.

 

Elçinin “Baş” romanı onun bundan əvvəl qələmə aldığı fərdi üslubunu bir daha nümayiş etdirir və bu nümayiş bir qədər də yeni naxış və cizgilərlə müşayiət olunur. “Mahmud və Məryəm”dəki, “Ölüm hökmün”ndəki bədii sənətkarlıq, yüksək dil mədəniyyəti, təsvir etdiyi obrazların daxili, psixoloji aləmini incəliyinə qədər əks etdirmək məharəti “Baş”da bütün parlaqlığı ilə üzə çıxır. “Baş”da epizodik surətlər çoxdur, amma onların heç birini epizodik adlandırıb üstündən keçmək mümkün deyil. Bu- Hüseynqulu xan sarayındakı “türkçü” Mahmud. Hələ türkçulük ideyasının yaranmadığı bir dönəmdə bu adamın bütün türk xalqlarını birləşdirmək arzusu heç də külünc səslənmir. Hər hansı bir ideyanın kortəbii, bətn dövrü olur.

 

Babua Arçil. Öz kökünü, millətini, gürcülüyünü, hətta ləhcəsini unutmayan, Rusiyada yaşasa da rus ola bilməyən bu obraz son dərəcə xəlqi bir obrazdır.

 

Lal Qafaroğlu, qəssab Balarza, Qurd Kərim, Molla Müzəffər Ağa..Xalis Bakı  əhli, koloritli, təbii obrazlar. Xüsusilə Molla Müzəffər Ağa.Əsl din xadimi: “Ağa bütün qəlbi ilə müvəhhid idi, eyni zamanda, bütün ömrünü ibadətlə keçirən bu adam canı-qanı ilə ata-babalarının vücudu qarışmış Abşeron torpağına bağlı idi...Bu ağır zəmanədə Bakı camaatının əmin-amanlığı Molla Müzəffər Ağa üçün vacib bir məsələ olmuşdu və onun elə bir namazı olmazdı ki, bu əmin-amanlığı Allah-Təaladan təvəqqe etməsin”. Xarakteristika dəqiqdir və ona görə dəqiqdir ki, Molla Müzəffər Abanın əməllərində də özünü göstərir .

 

Məsələ burasındadır ki, Elçin epizodik adlandırdığımız o surətlərin heç birinin taleyini yarımçıq təsvir etmir, sonadək izləyir.

 

Elçin nəsri həm də təsirli səhnələr, lirik, dramatik, tragik vəziyyətlər, situasiyalar nəsridir. “Baş”da da belə səhnələr (ən çox da faciəvi) az deyil. Ancaq bir səhnə olduqca təsirlidir, hətta dəhşətlidir, deyə bilərik. “Qarabağnamə”lərdə mayor Lisaneviçin İbrahim Xəlil xanı və onun ailəsini qətlə yetirməsi ilə bağlı sadəcə quru informasiyalar var. Elçin isə bu səhnəni-bu amansız qətli belə təsvir edir: “...Görünən o məkanda gecənin yarısı idi...Hər əlində bir tapança tutmuş mayor Lisaneviç Ay işığında qaça-qaça İbrahim Xəlil xanın  yay iqamətgahının həyətinə girdi və qəfillikdən özlərini itirmiş qarovulçulara, nökərlərə, qulluqçulara atəş aça-aça: “Vurun onları!..” Doğrayın!..- qışqırdı.- Bu xainlərə aman yoxdu!.. Doğrayın onları.

 

Mayor Lisaneviçin ardınca həyətə doluşan soldatlar  onun qışqırığından, elə bil, vəcdə gəlirdilər və yuxudan oyanıb dəhşət içində həyətdə, iqamətgahın dəhlizində, pilləkənlərdə ora-bura qaçışan, imdad istəyən kişiləri, qadınları, uşaqları güllə ilə vurur, süngüdən keçirirdilər.

 

O, uşaqların çığırtısını, qadınların qışqırığını eşitmək istəmirdi, ancaq bu ONDAN asılı deyildi. Mayor Lisaneviç sürətlə pilləkənləri qalxıb, ikinci mərtəbənin arakəsməsinə sıçradı.

 

Gecə paltarında yataq otağından çıxan İbrahim Xəlil xan mayor Lisaneviçlə üz-üzə gəldi.

 

...Və mayor Lisaneviç dəhşətdən gözləri böyümüş xana ağzını açmağa macal vermədən atəş açaraq, İbrahim Xəlil xanı yerə sərdi, ağzından qan axan və xırıldaya-xırıldaya ona baxan xana: “Hə, necədi?”-dedi.- Bizim təzə peyda olmuş general-leytenantımız, necəsən?  General-leytenantımıza baxın! ..və mayor Dimitri Tixonoviç Lisaneviç  ikinci tapançadan İbrahim Xəlil xanın düz ürəyinə atəş açdı”.

 

Mübalibə olmasın, lap Varfolemey gecəsiymiş bu səhnə...

 

Və bu dəhşətli səhnə bizdə belə bir fikir oyatdı ki, Sisianovun başı da kəsilməliymiş.Müstəbidliyin amansız vəhşətin qisasını belə alarlar!

 

Və sonda: Elçin bugünkü  “roman axını”na sözün əsl mənasında meydan oxudu. “Baş” doğrudan da milli roman sənətimizin gözəl bir nümunəsidir, ƏDƏBİ HADİSƏdir və onu tezliklə başqa dillərə çevirmək mütləq lazımdır.

 

 

Vaqif YUSİFLİ

525-ci qəzet.- 2015.- 26 dekabr.- S.20-21