Qoy, elə beləcə də çağırsınlar: Ələsgər...

 

 

Ələsgər öldü, Ələsgər.  Qatarda” “Narsatan”ı,  150 qramlıq kitabın müəllifi olanşair”i deyirəm. “Mehmanxana sahibəsi”nın nökərini, doğum evində intizarla gözləyən Ələsgəri.

 

 Kiçik, bəzən özünün dediyi kimi, üçüncü dərəcəli rolların böyük sənətkarı. Sanki görməzdən gəlirdi bizim rejissorlar. Bu adamın istedadını sona qədər açan olmadı. Sanki candərdi verirdilər ona epizodik rolları da. Amma o, şedevrlər yaradırdı. AdamınQərib cinlər diyarı”ndakıƏsra”sı nəyə deyəsən dəyərdi. Sergey Filippov epizodik rollar oynaya-oynaya, İsmayıl Osmanlı epizodik roluna görə SSRİ Xalq artisti adı aldı. Başqa bir epizodik rol nəhəngi Kramarov da eləcə. Məşhurluğu bütün ittifaqa yayılmışdı. mən sizə əminliklə deyirəm ki, Ələsgər Məmmədoğlu bu insanlardan geri qalan aktyor deyildi.

 

Bəyin oğurlanmasıçəkiləndə Vaqif Mustafayev ona deyib ki, gəl gedək Şamaxıya, səni kinoya çəkəcəm. Ələsgər soruşub ki, hansı rola? Bir şey fikirləşərəm” - deyib rejissor. Şamaxıdan ən koloritli obrazlardan birinin ustası kimi qayıdıb Ələsgər Məmmədoğlu.

 

Gözütox adam idi. İnternetdə onun müsahibələrinə baxıram. Bircə dəfə də kimdənsə  şikayətlənmir. “Hələ də xəstəlik nədi, bilmirəm. Amma o ki xəstə olan vaxtı şikayətlənirlər, mənim ondan xoşum gəlmir. O saat nəsə pis-pis şeylər fikirləşirlər ki, bəs, “mənə baxmadılar, hörmət etmədilər və sairə”. Mənə elə gəlir ki, əksər aktyorlarımıza hökumət tərəfindən çox yaxşı baxılır. Mən özüm hardasa üç il prezident mükafatı aldım. Təbii ki, sonra dəyişdi, başqasına verildi. Teatrda işləyirəm, maaşım var, təqaüd alıram. Niyə şikayətlənəsən...”

 

Hə, birdeyirdi ki, 190 manat yaş təqaüdümü alıram, 60 manat Əməkdar artist fəxri adına görə verirlər, 350 manat da teatrdakı maaşımdır. 600 manata yaxın puldur, az deyil ki. Naşükür deyiləm.

 

Bircə incikliyi, unudulmağındaydı. Deyir, çağırmırlar bizi kinoya. Həm özünü deyirdi, həm də sənət yoldaşı Hacı İsmayılovu. Oynamaq, çəkilmək istəyirdi. Heç Xalq artisti adını almaması da umurunda deyildi.

 

Bizim Çelentano, Şaban ola bilərdi. Amma onu Çelentano, Şaban eləyə biləcək bir rejissorumuz oldu, bir əsərimiz. Həmişə fəxrlə “Tehran 43”dən danışırdı. Səhv etmirəmsə Qulam Rza roluna çəkilmişdi. Amma kimlərlə. Ehhh, təkcə İqor Kostolevski, Natalya Beloxvostikova, Armen Ciqarxanyan bu tərəfdən, Alen Delon, Kurd Örqens, Klod Jad kimi dünya ulduzları o biri tərəfdən.

 

Xaraktercə təvazökar, utancaq, həyalı adam idi. Hətta o qədər utancaq ki... hamının Ələsgər kimi tanıdığı sənətkarın əsil adı, sən demə, Əsgər imiş - Əsgər Məmmədoğlu... illər boyu heç kimin xətrinə dəymirmiş ki, qoy, elə beləcə çağırsınlar - Ələsgər...

 

Səbuhi MƏMMƏDLİ

Lent.az

525-ci qəzet.- 2015.- 26 dekabr.- S.17