Yazıçılar Birliyində Yusif Səmədoğlunun 80 illiyi qeyd olundu

 

Ötəngün Azərbaycan Yazıçılar Birliyində(AYB) görkəmli ədib Yusif Səmədoğlunun 80 illik yubileyi ilə bağlı tədbir keçirilib.

 

Tədbirdən öncə Fəxri Xiyabanda yazıçının məzarı ziyarət olunub.

 

Yubiley tədbirini AYB-nin sədri, Xalq yazıçısı Anar açaraq Y.Səmədoğlu barədə xatirələrini bölüşüb, onun yaradıcılığından danışıb: “Bu gün xalqımızın ən işıqlı oğullarından biri olan Yusif Səmədoğlunun 80 yaşı tamam olur. Təəssüflər olsun ki, bu gün o, aramızda deyil. Yusif çox gözəl yazıçı, çox gözəl insan idi. Xarakter etibarilə həssas, ürəyiaçıq səmimi bir adam idi. Mən bu gün onu kədərlə xatırlamaq istəmirəm. Bu gün onun ad günüdür”.

 

AYB-nin birinci katibi, Xalq şairi Fikrət Qoca Y.Səmədoğlunu əsl ziyalı kimi səciyyələndirib: “Onda böyüklük, özündən razılıq hissi yox idi. Mən Yusifin həmQətl günü”nü, həm hekayələrini gözəl əsərlər kimi qeyd etmək istəyirəm. Onun yığcam hekayələri Avropa ədəbiyyatını xatırladır. Bunda həm onun mütaliəsi böyük rol oynayıb, həm müşahidə qabiliyyəti ədəbi istedadı”.

 

Professor Nizami Cəfərov çıxışında yazıçının ictimai və ədəbi mövqeyindən söz açıb: Yusif Səmədoğlunun həm “Ulduz” jurnalındakı fəaliyyəti, həm ictimai xadim kimi rəsmi fəaliyyəti, həm də qələmi, üslubusözü ilə ədəbi fəaliyyəti bütöv bir şəxsiyyətin canlı portretidir. Ümumilikdə, o, dövrünün zamanı aşmağı bacaran fundamental şəxsiyyətlərindəndir. Yusif Səmədoğlu Səməd Vurğunun ailəsindəndir və biz yazıçının şəxsiyyətiylə uyuşmayan çoxlu ailə mifləri eşitmişik. Bütün bu miflər onun əsərlərini oxuyarkən, əlbəttə, dağılır. Onun əsərlərində müdriklik və fəlsəfi məzmunla yanaşı, həm də ironiya, dərin bir zarafat var idi”.

 

“Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə çıxış edərək yazıçının kino fəaliyyəti və redaktorluğundan bəhs edib: “Yusifin çox müsbət energetikası var idi. Mən bu müsbət təsiri daima üzərimdə hiss etmişəm və onun əməyi, qayğısı mənim də həyatımda rol oynayıb. İlk öncə təcrübəsi, şəxsiyyəti! Onun rejimindən danışmaq istərdim. O, baş redaktor olduğu dönəmdə redaksiyaya müxtəlif yazılar gəlirdi. Onların müəllifləri arasında qrafomanlar çox idi. Ancaq onun yeganə metodu ancaq istedadlı və bacarıqlı adamları çap etmək idi”.

 

Tənqidçi Vaqif Yusifli yazıçının əsərlərinin əhəmiyyətini, xüsusilə, “Qətl günü” əsərini vurğulayıb: “Mən Yusif müəllimin həm daimi oxucularından biri, həm onun işçisi, həm də haqqında yazılar müəllifiyəm. Onun “Qətl günü” romanı Azərbaycan romantikasının ən yaxşı əsəridir. Dünya ədəbiyyatına çıxarıla biləcək ən gözəl əsərdir. Anar müəllimin də həmin əsər haqda yazısı var. Orada da qeyd olunduğu kimi, “Qətl günü” ədəbi faktın üzərindədir və ədəbiyyatımızın həqiqət günüdür”.

 

Sonda yazıçının ailə üzvləri çıxış edərək AYB-yə, tədbir təşkilatçılarına və iştirakçılara minnətdarlıq bildiriblər.

 

Müşfiq ŞÜKÜRLÜ

525-ci qəzet.- 2015.- 26 dekabr.- S.17