İlqar Fəhminin 4 kitabı təqdim
edilib
“Kitabevim.az”
kitab mağazasında
Azərbaycan Yazıçılar
Birliyinin (AYB) katibi, şair, yazıçı-publisist
İlqar Fəhminin
“XAN” nəşriyyatında işıq üzü görmüş “Son reportaj”,
“Nostalji”, “Sən kimsən Səfəvi?” və “Bu gündən dünənə” adlı
4 kitabının təqdimat
mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, “Kitabevim.az”ın
direktoru, filologiya üzrə fəlsəfə
doktoru Şəmil Sadiq müəllifin kitablarının bədii
dəyərindən söhbət
açıb. Vurğulanıb
ki, yazıçı
və şair kimi əsərləri ədəbi ictimaiyyət tərəfindən yüksək
qiymətləndirilən İ.Fəhmi
“Axırıncı qatar”,
“Ölüm növbəsi”,
“Aktrisa”, “Dərvişin
qeydləri”, “Axırıncı
dayanacaq” və başqa əsərlərinə
yazdığı ssenariləri
ilə də rejissorların diqqətini
çəkib, ekran həyatı yaşayıb.
Onun bir sıra dramları
Mədəniyyət və
Turizm Nazirliyinin sifarişi ilə səhnələşdirilib.
Yazıçının qələm dostları Mail Yaqub, Arif Buzovnalı, Qəşəm Nəcəfzadə,
Aydınxan Əbilov, Mahcamal və başqaları onun yaradıcılığındakı rəngarəngliyi təfəkkürünün
zənginliyi və həyata nikbin baxışı əlaqələndiriblər.
Tədbirin təşkilatçılarına və iştirakçılarına
təşəkkürünü bildirən yazıçı-publisist
“XAN” nəşriyyatının rəhbərliyinə minnətdarlıq
edib. Bildirib ki, nəşriyyatda 12 cildlik külliyyatından daha 4 kitab “Kinoromanlar”, “Telepyeslər”, “Ssenarilər
toplusu” və “Bakı tarixindən kollaj” çapa hazırlanır.
Sonda yeni
şeirlərini oxuyan İ.Fəhmi
imzası ilə kitablarını oxuculara
təqdim edib.
525-ci qəzet.- 2015.- 26 dekabr.- S. 17