Universal xarakterli
alim-filosof
İnsanlar şəxsiyyət kimi doğulmurlar, şəxsiyyəti
zaman yetişdirir. Bu adı qazananlar heç vaxt həyatı tam tərk etmirlər. Onların ideyaları, zəngin
həyat təcrübələri
daima yaşayır.
Dünya durduqca şəxsiyyətlər
bu dünyanın vətəndaşları statusunu
saxlayırlar. Cəmi altmış-yetmiş il yaşayıb sonradan min illərlə ömür sürən şəxsiyyətlər var
bu həyatda. Kim necə düşünürsə,
düşünsün mənim
üçün bu dünyada ən böyük xoşbəxtlik
sözün əsl mənasında başqaları
tərəfindən sevilən
insan ola
bilməkdir. Öz xalqının, qohum-əqrabanın,
dost-tanışın yaddaşında
yüz illərlə iz qoya bilmiş
böyük bir insandan - akademik Firudin Köçərlidən
söhbət açmaq
istəyim var.
Həyatımda çox istedadlı insanlar, çox şəxsiyyətlər görmüşəm. Sənətinə, şəxsiyyətinə, xeyirxahlığına,
həm də insanların taleyüklü
problemlərinin həllində
göstərdikləri təmənnasız
xidmətlərinə görə
yüksək qiymətə
layiq görülənlər
yaddaşlarda həmişə
yaşayır və yaşayacaqlar da. Gərgin zəhməti, çalışqanlığı, hünəri, uzaqgörənliyi,
intellekti və istedadı sayəsində
Azərbaycanın elm aləmində
çinar kimi boy atıb kök salan, gündən-günə
ucalan, əsl ziyalı mücəssəməsinə,
ziyalı etalonuna çevrilən Firudin Köçərli kimi. Onun kimi müdrik
el ağsaqqalının, mütəfəkkir
alimin bir ideyaya köklənmiş həyat yolu hər bir azərbaycanlı
gəncə örnək
ola bilər.
Bütün bunlar müəyyən mənada onun bu dünyadan köçməsinin bir illiyi münasibətilə
çap edilmiş mütəffəkkir alimin
həyat və yaradıcılığından bəhs edən “Firudin Köçərli ucalığı” kitabında
öz əksini tapıb. Kitabda görkəmli
alimlər, söz-sənət
adamları, dostlar, doğmalar öz məqalə, xatirə və şeirlərində
Azərbaycan xalqının
ləyaqətli oğlu,
akademikin - vaxtilə respublikamızın ucqar dağ kəndindən şəhərə
gəlmiş bir gəncin şərəfli
həyat yolundan, onun bir ailə
başçısı, şəxsiyyət,
rəhbər, mərd
azərbaycanlı kimi
formalaşmasından dərin
hörmət, ehtiram və məhəbbət hissi ilə söz açırlar.
O, el-obada, qohumlar, dostlar arasında böyük hörmət,
nüfuz sahibi idi. Gənclik illərində sadə
kənd müəllimi
olduğu vaxtlarda doğmaları, yaxınları
arasında ağlı,
zəkası, müdrikliyi
ilə seçilir və sevilirdi. Çoxları onun məsləhətinə
ehtiyac duyurdu, o da heç vaxt
heç kəsdən
nə mənəvi, nə də maddi köməyini əsirgəməz, necə
deyərlər, el ağsaqqalı
missiyasını ləyaqətlə
yerinə yetirər və bundan məmnunluq hissi keçirərdi. O, Qasım
müəllim kimi el-oba ağsaqqalının ailəsində boya-başa
çatmış, atasının
yolunu davam etdirmişdir. Həqiqətən də o, ziyalı
məfhumunun ən yüksək zirvəsində
durmağı bacardı
və atasının fəxr edə biləcəyi ləyaqətli
oğlu oldu. Xeyirxahlığı, təmənnasızlığı
nə qədər insan həyatına, taleyinə işıq salıb, onları elm fədaisinə çevirib.
“Dünyanın üzü
dönüb, insanlıq
itib”, - deyə arzuları çirklənmiş,
ümidləri üzülmüş
yüzlərlə insanın
sönük qəlbində
həyata inam işığını geri
qaytarıb. Firudin Köçərli yamanlıq qarşılığında
yaxşılıq edən
ər kişilərdən
idi. İndi də onun adını eşidənlərin
üzündə istər-istəməz
xoş təbəssüm
yaranır. Bəli, Tanrı
ona böyük ürək bəxş etmişdi. Sanki bu dünyaya yalnız yaxşılıq
etməkdən ötrü
gəlmişdi. O, istər
insan kimi, istər alim kimi, istər pedaqoq kimi, istərsə
də ailə başçısı kimi
təkrarsız idi. Alim kimi nə qədər
böyük olsa da, insan kimi
çox sadə idi. Hamının dərdinə yanırdı.
Yıxılanı qaldırmaq, dara
düşənə arxa
olmaq elə bil onun həyatının
mənası idi.
Pislikləri və pisləri görmək istəmir, “Belələrindən
uzaq olun”, - deyərdi. Zərif, duzlu yumoru,
şuxluğu, iti ağlı və zəkası ilə yoldaşlarının, dostlarının,
tələblərinin sevimlisinə
çevrilmişdir.
55 ildən artıq müddət ərzində
Azərbaycanda fəlsəfə
elminin tədqiqi, inkişafı, fəlsəfə
elmi üzrə yeni kadrların hazırlanması naminə
yorulmaq bilmədən
böyük əzmkarlıqla
çalışan Firudin
Köçərlinin rəhbərliyi
və birbaşa iştirakı ilə yazılmış dördcildlik
“Azərbaycan fəlsəfə
tarixi” toplusu sözün əsl mənasında fundamental səciyyə
daşıyır. Akademik Firudin
Köçərli XIX əsrin
sonu və XX əsrin əvvəlləri
Azərbaycan fəlsəfi
və ictimai-siyasi fikir tarixinin nüfuzlu tədqiqatçılarındandır.
Akademikin
Azərbaycan fəlsəfə
elminin inkişafına,
xalqın mənəvi
mədəniyyətinin təbliğinə
həsr olunmuş 300-ə
yaxın əsəri çap olunmuşdur.
Firudin Köçərlinin dərin
məzmunlu xüsusi mahiyyət təşkil edən fəlsəfi tədqiqatlarının nəticəsi
olan elmi əsərləri öz aydınlığı, səlisliyi
və güclü məntiqliyi ilə fərqlənir. O, 42 irihəcmli
elmi əsərin redaktoru olmuşdur. Zamanın və ideya istiqamətlərinin
yenilənməsi, fəlsəfə
elminə münasibətdə
dəyişikliyin baş
verməsinə baxmayaraq,
bu əsərlər elmi mahiyyətini və dərinliyini heç zaman itirməmişdir. Onun həyatı,
elmi-pedaqoji, ictimai fəaliyyəti və əsərləri haqqında
onlarca rəy və elmi məqalələr
yazılmış, rus
dilinə tərcümə
olunmuşdur. O, həmişə
təkrar-təkrar deyərdi:
“Fəlsəfə elmi
universal xarakter daşıyır.
O, bir dövr, bir nəsil, bir millət üçün yox, bütün bəşəriyyət
üçün, bütün
tarixi dönəmlər
üçün böyük
əhəmiyyət kəsb
edir. Bunu unutmayın”.
Akademik Firudin Köçərli görkəmli
ictimai xadim, elm təşkilatçısı, təcrübəli pedaqoq kimi təkcə sovetlər məkanında
deyil, onun hüdudlarından kənarda
da tanınırdı. O, bir çox xarici ölkələrdə keçirilən
beynəlxalq konqres və simpoziumlarda Şərq fəlsəfəsinin
aktual problemlərinə
dair sanballı məruzələrlə çıxış
etmişdir. Akademikin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Elmlər Akademiyasının
tərkibində yaradılan
azsaylı işçisi
olan Fəlsəfə
bölməsi sonradan onun yüksək təşkilatçılıq səyi nəticəsində
Fəlsəfə və
Hüquq İnstitutuna
- Azərbaycanın ictimai
fikir tarixində qabaqcıl elm ocağına
çevrilmişdir. O, bütün gücünü
elmimizin inkişafına,
cəmiyyətimizdə ideya-siyasi
tərbiyə işinin
təkmilləşdirilməsinə, vətənpərvərlik hissinin
təbliğinə sərf
etmiş və bu işlərin davamı üçün
möhkəm fundament yaratmışdır.
Hətta
təqaüdə çıxdıqdan
sonra da öz doğma institutunun professoru, fəxri direktoru kimi kollektivlə sıx əlaqədə olmuş, onlara elmi tədqiqat işlərində dəyərli
məsləhətlər vermişdir.
Ölkəmizdə filosoflar nəslinin
- ictimai-fəlsəfi fikrin
formalaşıb zənginləşməsində
əsas rol oynamış akademik F.Köçərli bu irsi davam etdirərək
alimlərin yetişməsində
faydalı işlər
görmüşdür. Universal xarakter daşıyan
fəlsəfə elminin
yeni dövrdə tətbiqi yollarını göstərmişdir. Mən deyərdim ki,
bu, onun elmi fəaliyyətinin ən məsuliyyətli dövrü olmuşdur.
Fəlsəfə elminin universal xarakter
daşıdığını sübut etmək hər filosofun işi deyil. Buna yalnız keçmişdən
gələcəyə körpü
çəkməyi bacaran
alimlər nail ola bilərlər. Yeni dövrdə elmdəki hərc-mərcliyi
nizama salıb yaranmış onlarla yeni cığırı magistral yola çatdırmaq kimi çətin bir missiyanı öhdəsinə
götürməklə o, sanki
ağır “qaya”nı yerindən tərpətməyə başlamışdır.
Təəssüf ki, ömür
macal vermədi. Amma bu ideya özünə
yol tapıb davam etdirildi. Yeni dövrdə Azərbaycan fəlsəfi fikrinin yeni elementlərlə zənginləşmə işi
başlandı.
Firudin Köçərli nəinki görkəmli elm tədqiqatçısı, eyni zamanda yorulmaz elm təbliğatçısı idi. O, elmi-praktiki konfranslara, elmi diskussiyalara, simpoziumlara mühüm əhəmiyyət vermiş, azad fəlsəfi fikir söyləmək üçün münbit şərait yaratmışdır.
Akademik Firudin Köçərli görkəmli alim və ictimai xadim olmaqla yanaşı, el-obası ilə sıx bağlı insan idi. Erməni təcavüzünün ilk günlərindən o, sərhəddə yerləşən doğma kəndi və bütövlükdə Gədəbəy əhalisi ilə sıx əlaqədə olmuşdur. Kənd camaatına imkan daxilində göstərdiyi maddi və mənəvi yardımla yanaşı, onun tez-tez rayona baş çəkməsi, xüsusilə hər il yay aylarını kənddə keçirməsi əhaliyə müəyyən mənada dəstək idi. Akademikin İsalı kəndindəki yay evi iki aylığa ziyarət məkanına çevrilərdi. Onun nurani üzünü, insanpərvərliyini görmək, maraqlı söhbətlərini dinləmək istəyənlərin sayı-hesabı olmazdı.
Firudin müəllimi səciyyələndirən mühüm keyfiyyətlərdən biri də qayğıkeş ailə başçısı olması idi. O, zəhmətkeş, sadə və səmimi insan olan həyat yoldaşı Zərifə xanımla birgə beş övlad tərbiyə edib böyütmüşdür. Ailənin bütün qayğılarını Firudin müəllimlə çiyin-çiyinə daşıyan Zərifə xanım onun hər dərdinə, sevincinə şərik çıxardı. O qədər də geniş olmayan evində hər gün Firudin müəllimin yaşlı və gənc aspirantlarını qəbul edər və onları bişirdiyi dadlı yeməklərə mütləq qonaq edərdi.
Bəli, Firudin Köçərli şəxsiyyəti Azərbaycan elmində zirvəsi hər yerdən görünən dağdır. Firudin Köçərli yaradıcılığı əsl ziyalılıq, əsl alimlik məktəbidir. Akademik F.Köçərli unudulmaz, əbədiyaşar şəxsiyyətdir. Onun ibrətamiz, şərəfli həyatı və zəngin fəlsəfi irsi hər zaman tədqiq olunacaq, öyrəniləcək, yeni dövrdə də elmi fəlsəfi fikrin milli zəmində hərtərəfli inkişafına yardım edəcəkdir. İnanıram ki, Firudin müəllimin əziz və unudulmaz xatirəsi, qohumlarının, yaxınlarının, onu tanıyanların və bütövlükdə qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq və əziz tutulacaqdır.
Rafiq Əliyev
525-ci qəzet.- 2015.- 26 dekabr.- S.10