Sevgidən eşqə...
...Sevdiyi qədər darıxar, özlədiyi qədər aşiqdir insan. İndi çoxu "sevirəm" deyir, ya da sevmək, sevilmək arzusundadı. Mən bunlardan çoxdan keçdim. Mənə görə bir hiss var ki, onun ifadə və təsviri yoxdu. Buna sadəcə cəhd etmək olar. Necə ki, hal-hazırda mən çalışıram.
EŞQ... Bütün inanclarıma and olsun ki, insanların çoxu bu duyğunu yaşamayıb. Bəlkə belə deməyim sizdə bir az qıcıq yarada bilər. Amma gerçək budur.
Hər eşqin içində sevgi var, amma hər sevgi eşq deyil. Bir həqiqəti də anlamaq lazımdır ki, eşqi insan gec dərk edir, bəlkə ömrünün erkən saatlarında rastlaşır bu möcüzə ilə, ancaq başa düşmək o qədər də asan olmur. Zaman keçir və keçən tək zaman olmur... Ağrılar, əzablar, aldanışlar, münasib münasibətlər, müsibətlər, xəyanətlər və ya xoş hesab etdiyin boş anlar, "hədiyyələr", diktələr və diqqətlər, saymaqla bitməyən dəqiqələr, səni bərkə-boşa salan acı həqiqətlər, bütövlükdə böyük bir yalan ötür həyatından. Və sən bu yalanlarına borclusan əslində ən böyük doğrunu - eşqi anladığına, dərk etdiyinə görə. Və sən bu olanlara borclusan, ruhunun özünü anlayıb üzünü eşqə çevirə bildiyinə görə. Onu gördüyünə və görüldüyünə görə...
...və qarşılıqsız olan hisslərin heç birinin eşqə dəxli yoxdu. Eşq bir bütünlükdür. Fərqli rakuslardan belə olsa eyni nöqtəyə baxmaqdır. Qarşılıqsız sevgi ola bilər, qarşılıqsız hörmət ya da tam əksinə, nifrət. Amma təktərəfli eşq yoxdur. Çünki eşq O-dur. O dediyimiz isə ikinci bir Səndir. Eyni dərrakəyə və ya ağılsızlıqlara sahib olan, ən əsası sənə aid olan və özünü onun bir parçası, ya da elə bütövlükdə varlığını gördüyün ikinci bir sən. Əslində burda "ikinci" sözü də artıqdır. Sənin sənlə rastlaşmasıdır eşq. Yəni bir olmaq... Burda digər rəqəmlərə heç ehtiyac da yoxdu. Sizə məxsus hər nə var və olacaqsa hamısı o BİRdə, yəni Sizdə cəmləşir.
Hər şey isə ona inanmaqla
başlar. Bilmədiyin,
hiss etmədiyin, anlamadığın,
amma varlığına
inandığın eşqə...
Və təbii ki, hər kəs eşqi dada bilməz.
Necə ki, hər oxuyan Molla Pənah Vaqif olmur... Siz uzağı sevə bilərsiniz. Aşiq olmaq
sizlik deyil, daha doğrusu, ruhunuz buna yaramır.
Əvvəl göz açdığın qucağı
sevməli insan... Sonra ayaq tutub
yeridiyi yeri... Əvvəl sevgini sevməli insan, yəni dayaq bildiyi yeri
və bu lap körpəlikdən başlayır.
Uşaqlıq etmək ən
böyük haqqın
olduğu bir vaxtda belə böyükləri düşünmək
və bu düşüncələrlə böyümək. Ya
da, sənə əziz olan insanları incitdiyinə görə özünü
uşaq ağlınla
danlamısansa, dilinin acısı ürəyinə
siraət edibsə ruhuna eşq olsun... Hər kəsin uşaqlığı
bir olmur, düzdür, amma hamı yoxluqlar görə-görə yaşa
dolur. Mənim dediyim budur ki,
aşiq olmağı bacaran insan, daha doğrusu dərk edən adam ruhunu
daha çox yoxluqlarla bəsləyib var edəndir. Əlbəttə ki, burada maddi ünsürlər neçəncisə sıraya
keçir. Əgər körpəniz
içinizdəki uşağı
xatırladırsa və
o Sizə daha ağıllı, düşüncəli,
həyatsevər, bir sözlə dolu gəlirsə evinizdə bir aşiq böyüyür,
bilin. Onun əlini sıxın, amma ruhunu əsla!
Sözümün canı
budur ki, hamımız ruhumuzla bərabər doğuluruq,
ancaq cismindən öncə ruhu ölənlər daha çoxdu təəssüf
ki...
Bütün bunlar sadə bir yanaşma tərzindən keçir. "Sənə sarı rəng yaraşır deməyin, hansı rəngdə paltar istəyirsən, deyə soruşun". Yəni cavabları
özü tapmağa çalışsın, çətinlik
çəksə, onsuz
da Sizdən soruşacaq. Siz isə
ona mümkün variantları təqdim edib, seçim şansını verməlisiniz.
Bütün məsələ
budur!
Nə istədiyini
bilən insan niyə istədiyini anlayandır. Bir münasibətdə hisslərin ayrılığı
yaşanırsa, bilin ki, yaşadığınız
ən yaxşı halda sevgi olub.
Öyrəşmələri, adını "bağlılıq" qoyduğumuz
"birliy"i belə
bura aid etmək olar, amma eşqi
əsla. "Hisslərin ayrılığı"
deyəndə isə duyğuların natamamlığını
nəzərdə tuturam.
İkiniz də susayarsınız, amma içinizdəki yanğı
başqa ola
bilər. Belə anlarda sərinliyi
eyni dərəcədə
və daha çox istəməyə
bənzəyir eşq.
Eyni həvəslə,
eyni həyəcanla sevişmək kimi... Və hər dəfə yeni bir ada kəşf
edərsiniz duyğularınızda
Ona aid... Yəni məna və maraq daim artar
eşqdə... Nə gözündən düşər,
nə könlündən...
Bəlkə küsərsən
nə vaxtsa, incidiyin anlar da ola bilər, amma getməzsən, gedə bilməzsən.
İnsan özündən getsə,
ayılması çətin
olur çünki və çox vaxt mümkünsüz. Yenə deyirəm,
eşq sənin sənlə rastlaşmağındır.
Bunu sizə aşiq biri deyir.
Bir də məsafələr vardır
eşqdə. Sizinlə bu dünya və onun sakinləri
arasında. Ölçüsünü
düşünməyin belə.
Siz onlardan ayrısınız.
Onlar sizə yaxın ola
bilərlər, amma siz yadsınız əslində hamıya... Doğmalıqdır eşq, amma
heç bir əzizinizə hiss etmədiyiniz
bir yaxınlıqdan söz gedir burda. Hər nə qədər BİR olsanız da bu məsafə dediyim anlam sizin
də aranızda var. Bütün mövzularda əlbir olsanız da abır Sizin tək məsafənizdir eşqdə.
Bütün divarlar yıxıla
bilər, buna qəzəb deyə bilərik, amma ən hirsli anlarda belə hörmət pərdəsi
qədər bir məsafənin olmasıdır
eşq! Bəzən yollar, ya da qollar ayırmağa
çalışar sizi.
Yazılan, yazılmayan qanunlar
da bu işi
görə bilər.
Əslində isə eşqdə
ayrılıq deyilən
bir anlam yoxdur. Aradakı məsafələrin çoxluğu belə bir işə yaramır eşqdə.
Bir başqasına hopa bilməməkdir və qopa bilməməkdir eşq.
Yaşadığınız hər nə olur olsun, bir
təcrübədir, amma
eşq təəccübdür
- möcüzə kimi
sizi heyran edər və heyrətdə saxlayar. Yaşınız neçə olur olsun, yaşadıqlarınız
necə olur olsun, eşq gənc hiss etməkdir özünü.
Gücünü, əslində nə qədər qüvvətli
olduğunu anlamaqdır. Və bir də heç
kimə aid ola
bilməyən baxışlarla
baxmaqdır qeyri-ixtiyari
aşiqinin gözlərinə
və baxılmaqdır.
Eşq həm də ağrımaqdır. Daim bir sızıltı kimi hiss edərsən darıxdığın adamı
əzalarında...
Yazdıqca yazmaq istər...
Necə ki, azdıqca azmaq istərsən eşqin içində.
Bilərəkdən gəldiyin yolu
unutmaqdır eşq, geriyə dönmək, getmək ehtimalın olmasın deyə. Özünü Onda itirib elə Onda da
tapmaqdır yəni.
...və mükəmməldir.... Eşqə aid hər nə varsa, mükəmməldir.
Ağrısı da, acısı
da, xoşluğu da, boşluğu da gözəldir. Yaranması da yarası da ürəyini yarması da əvəzsizdir. Eşq
ya cənnəti yaşadar, ya cəhənnəmi və nə olursa olsun, tamlığı pozulmaz, tamı
qaçmaz....
Sözümün canı budur ki, bütün mənalarda
EŞQ
CAN VERƏR...
Dolarsan su qa bı
kimi,
Köhnə paltar dolabı kimi,
Küncündən, bucağından işıqlar
süzülər
İçindəki qaranlığa...
Yaşayarsan sınıq ağrısı
kimi,
Məlhəmlər birləşdirər çatlarını,
Amma bir sızıltı qalar
Ruh sarğısı kimi...
Çaparsan atlarını
Uzaqdan-uzaqlara
Gedə
bilmərsən amma bir piyada yolunu...
Söz olarsan kiminsə qulağında,
Gəlinlik sırğası kimi...
Cingildəyər adın,
Çiliklənər bir evin pəncərəsi,
Çirklənər gözlərində
Bütün rənglər ,
Göyqurşağı
İçindəki uşağı sevindirməz
artıq.
Aralıq
dənizi var aramızda,
Ayrılıq dənizi var.
Arazı atlamağa nə var?!
Ümmanları ötməli insan.
Boğulmaq qorxusu olmadan,
Eşqi içməli insan.
Keçməli insan,
Bütün sabahlardan,
Bütün günahlardan,
Arzulardan
və bütün sulardan,
Suallardan keçməli insan.
Bir ONDAN
başqa,
Bir
SONDAN başqa!..
Eşq onun olmaq
Eşq sonun olmaqdır!..
Bəhruz
NİFTƏLİYEV
525-ci qəzet.-
2015.- 29 dekabr.- S.8