Görüşünə tələsirəm

 

Gözəl nemət səadətdir,

Saf sevgidir, məhəbbətdir.

Görüşmürük nə müddətdir,

Görüşünə  tələsirəm.

 

Darıxmağım deyil əbəs,

Qəlbimdədir istək, həvəs.

Səninlə alıram nəfəs,

Görüşünə  tələsirəm.

 

Gözlərimi dikib yola,

Boylanaraq sağa -sola.

Buludtək boşala-dola,

Görüşünə  tələsirəm.

 

Gül əlləri tutmaq üçün,

Dərdi-qəmi atmaq üçün.

Xoşbəxtliyə çatmaq üçün,

Görüşünə tələsirəm.

 

Yanıma gəl, hardasan

 

Göz yaşlarım dəniz kimi çağlayır,

Çağladıqca ürəyimi dağlayır.

Tənha könlüm sənsizlikdən ağlayır,

Yanıma gəl, ömrüm-günüm, hardasan.

 

Bil ki məndə səni sevən ürək var,

Hələ öndə neçə arzu, dilək var.

Sənlə birgə yaşamağa gərək var,

Yanıma gəl, ömrüm-günüm, hardasan.

 

Dözümmü var ayrılığa, həsrətə,

Gəl son qoyaq bu  fərağa, möhnətə.

İnanaraq Tanrı yazan qismətə,

Yanıma gəl, ömrüm-günüm, hardasan.

Həsrətli günlərim

 

Üzümə bağlanıb sevginin yolu,

Bilmirəm bu işdə günah kimdədir.

İçimi yandırır məhəbbət odu,

Günahkar fələk, bəndədi.

 

Telində daraqtək gəzən əllərim,

İndi tellərinin həsrətindədi.

Tənhalıq içində keçir illərim,

Bilmirəm bu həsrət görən nədəndi.

 

Bəlkə bu sevgimiz gənclik həvəsi,

Bəlkə əzəldən sevgi yoxuymuş,

Dərdindən olmuşam illər xəstəsi,

Deyirəm bəlkə bu bir yuxuymuş.

 

olar yadına yenə sal məni,

 Qayıdaq o gözəl çağlara bir .

Yenidən qoynuna yenə al məni,

Gül kimi bitirim səni sinəmdə.

 

Gümanım qalmayıb gələn sabaha,

Həyat başdan-başa tamam dəyişmiş.

Səni qınamağa yox haqqım daha,

Alnıma yazılan yazı beləymiş.

 

Səni sevəcəyəm

 

Rəsmini gözlərimə əbədi toxumuşam,

Səni sevəcəyəm mən bütün ömrüm boyunca.

Məni duyub-sevməyi gözündən oxumuşam,

Səni sevəcəyəm mən bütün ömrüm boyunca.

Sən məhəbbət bağçamın təzə -tər çiçəyisən,

Sən şəhli nilufərin ətirli ləçəyisən.

Sən bütün gözəllərin gözəli, göyçəyisən,

Səni sevəcəyəm mən bütün ömrüm boyunca.

Elnuram, bu həyatda sənə salmışam meyl,

Sevən qəlbi duymağa daha söz lazım deyil.

Ötsə aylar, fəsillər il üstünə gəlsə il,

Səni sevəcəyəm mən, bütün ömrüm boyunca.

 

Ünvanıma yaz

 

Sərvi boylum ayaq saxla sözüm var,

Ala gözlüm, gözlərində gözüm var.

Sanma belə tənhalığa dözüm var,

Bəs eyləyər bir bu qədər naz, gülüm,

Gəl özünü ünvanıma yaz gülüm.

Ver əlini əllərimdə saxlayım,

Gül ətirli nəfəsini qoxlayım.

Sinən üstə şirin-şirin yuxlayım,

Könlümüzü ovundursun yaz, gülüm,

Gəl özünü ünvanıma yaz gülüm.

Qoşa gəzək gül-çiçəkli çəməndə,

Bu sevgimiz kaş düşməyə kəməndə.

Eşqimizə şahid olsun çəmən də, 

Bülbüllər söyləsin xoş avaz, gülüm,

Gəl özünü ünvanıma yaz gülüm.

Qəbahətdir məhəbbətdə yubanaq,

Yatmışıqsa bu qəflətdən oyanaq.

Elnur deyər özümüzə inanaq,

Qoy olmasın sevincimiz az, gülüm,

Gəl özünü ünvanıma yaz gülüm.

 

Elnur ƏBÜLFƏZOĞLU

525-ci qəzet.- 2015.- 30 dekabr.- S.8.