Alim zirvəsinin "Müzakirə
vaxtı"
Azərbaycan teleməkanından söhbət
düşəndə biz daha
çox bir "ekspert" bəyənməməzliliyi
ilə qarşılaşırıq.
Əlbəttə, bəyənməməzlik və
yeni iddialar bütün sahələrin
inkişafı üçün
əsas kimi qiymətləndirilir. Lakin bir sıra hallarda
təqdir faktının
özü də
inkişafa aparan bir pedaqogika kimi qiymətləndirir. İkinci istiqamətdən yanaşsaq,
Azərbaycan teleməkanında
bir sıra analitik teleproqram formatları cəmiyyətin
maarifləndirilməsi, insanın
kamilləşməsi işinə
özlərinin birbaşa
təsiri ilə maraq doğurur. Belə analitik proqram formatları, istisnasız olaraq, bütün telekanallarda mövcuddur.
Belə proqramlar, adətən və həm də çox düzgün olaraq, hər bir telekanalın
tipologiyasına, informasiya
siyasətinə görə
formalaşdırılır. Özəl TV kanallarında
efirə çıxan
və əsasən, reklam bazarına ünvanlanan və elə buna görə
də xeyli dərəcədə "səsli-küylü"
olan analitik proqramların bu xarakterinə təəccüblənmək
nə qədər doğru deyilsə, maliyyəsi dövlət büdcəsindən formalaşan
telekanalların maarifçilik
və bir sıra hallarda hətta ideologiya kanonlarına baş vurmaq kimi xarakterinə
də təəccüblənmək
o qədər düzgün
olmazdı. Bu mənada ictimai teleradionun da bir sıra proqram
formatları birbaşa
maarifçilik məqsədi
güdür və ona görə də həmin proqramları qiymətləndirərkən
mütləq bu tipoloji xarakter nəzərə alınmalıdır.
İctimai Televiziyada çox
sayda maarifçi analitik proqram var. Həmin proqramlar sırasında Vəsilə
Vahidqızının - bu
televiziyada on ildən artıq aparıcılıq
təcrübəsi olan
jurnalistin "Ortaq məxrəc", "Müzakirə
vaxtı", istedadlı
jurnalist Anar Yusifoğlunun "Aktual mövzu", tanınmış
publisist Xalid Niyazovun "Media və zaman" proqramlarını
misal çəkmək olar. Bu proqramlar heç
bir sensasiya, səs-küy arzulamadan və qəti şəkildə İctimai
Televiziyanın cəmiyyətə
yönəlik missiyasını
nəzərə alaraq
bu günümüz üçün çox vacib olan maarifçilik
vəzifəsini uğurla
yerinə yetirməkdədir.
Bu sırada biz "Müzakirə vaxtı"
analitik teleproqramın
yalnız bir buraxılışı üzərində
dayanmaq istərdik.
Çünki sözün həqiqi
mənasında, "Şöhrət
və sadəlik" mövzusunu əhatə edən həmin buraxılış efirdə
hadisə təsiri bağışladı.
"Şöhrət və sadəlik" mövzusu ilə bağlı "Müzakirə vaxtı"nın
maraqlı, ictimai mühitdə
tanınan qonaqları
vardı. Xalq artisti Alim Qasımov, onun müğənni qızı
Fərqanə Qasımova
və millət vəkili Fazil Mustafa.
Proqramın formatından
hiss olunurdu ki, əslində, əsas obyekt Alim Qasımovdur,
lakin Fazil Mustafa və Fərqanə Qasımova bu böyük sənətkarın
öz fikir və mülahizələri
ilə təqdim olunacaq xarakterinin açılmasına şərait
yaradacaqlar. Əvvəlcədən deyək ki,
proqrama dəvət olunmuş qonaqların hər biri ayrı-ayrılıqda
yaddaşlarda qalan və hər birinin sənətə, şöhrətə, şöhrətdən
doğan çeşidli
keyfiyyətlərə elmi-publisistik
münasibətləri ilə
tamaşaçıda sonsuz
bir maraq doğurdu.
Belə
bir məsələni
etiraf etmək yerinə düşərdi
ki, hansı ranqda olur-olsun, şou-biznes adamına heç də hamının marağı
olmur. Lakin Alim Qasımovun proqramın lap əvvəlində
aparıcının suallarına
çox elmi, fəlsəfi və səriştəli cavabı
onun şou əhlindən tamamilə fərqli bir ampluada görünməsinə
və bununla da ən etinasız
tamaşaçını belə
proqrama diqqət etməyə yönəltdi.
Proqramın lap ilk anlarından
tamaşaçı belə
bir qənaətə gəldi ki, İctimai Televiziya bu tipli proqramları
ilə təkcə mədəniyyəti təbliğ
etmək deyil, həm də cəmiyyətə mesaj verir ki, mənən
zəngin olmaq ən böyük sərvətdir. Alim Qasımov aparıcının
tamaşaçı ürəyindən
doğan suallarına
son dərəcə səmimi,
həm də müdrik cavabları ilə insanı və xüsusilə şöhrət zirvəsinə
yüksəlmiş hər
kəsi nəfsinə
cihad etməyə, Vətən, Azərbaycan naminə hər cür fədakarlığa
getməyə çağırdı.
Əlbəttə, bu bir didaktik çağırış
yox, özünün şəxsi nümunəsindən
gələn keyfiyyətlərin
aydın və bəzəksiz-düzəksiz ortaya
qoyması ilə bağlı oldu. Həm də bu nümunədən
belə bir nəticə çıxdı
ki, şöhrətin
və var-dövlətin
əsiri olmaq bu dünyanın və onu tutub
gedən insanın ən böyük faciəsidir.
Proqramda maraqlı bir trio vardı. Alim Qasımovun verilən
suallara müdrik cavablarını Fazil
Mustafa özünün fəlsəfi
interpretasiyaları ilə
zənginləşdirərək, sənətin-şöhrətin və sadəliyin psixologiyasını təhlilə
cəlb etməklə
tamaşaçını kamilliyə
çağırırdı. Fərqanə Qasımova atasının
onun üstündə
olan "kölgəsini"
xeyli dərəcədə
ümumiləşdirməklə məktəb səviyyəsinə
yüksələn sənətkarın
müasirlərinə ustad
təsirini izah edirdi.
Alim Qasımovun
fikrincə, mügənninin
ifa məqamı rəqs üçün deyil. Bu məqamda Alim
Qasımov bəzi həmkarlarını narahat
etməməyə nə
qədər cəhd göstərsə də, əslində susa
da bilmir və əvvəlki - yəni klassik toylarla bugünkü toylarımızın fərqini
açır: əvvəlki
toylarımız sənətkar
üçün bir sınaq meydanı idisə, indiki toylar ancaq rəqs
etmək meydanıdır.
Bu yerdə Fazil Mustafa
söhbəti davam etdirir: "Niyə bu gün daha
çox sənət adamı cəmiyyətin qəhrəmanına çevrilir?
Bəlkə qələbələr qazanan qəhrəmanlar yoxdur?" F.Mustafa "əsl sənət adamını cəmiyyət
elə bütün şıltaqlığı ilə
də qəbul etməlidir"- deyir və buna yaxın
tarixi keçmişdən
misallar göstərir.
Musiqinin sirlərindən söhbət
düşür və
məlum olur ki, musiqi Alim
Qasımovu Allahın dərgahına aparır. Trionun qənaətinə
görə, bugünkü
ötəri xarici musiqilər gündəlik
həyata hesablanıb,
milli musiqimiz isə dünyanı dərk etməyə çağırır.
Xüsusi qeyd edək ki, studiyanın auditoriyasında sənəti
dərk edən, sənətkarı qiymətləndirən
çox sayda gənc oturub. Və onların
mövzunun kontekstinə
uyğun sualları da qonaqları hər dəfə razı salır və bu suallar
da Alim Qasımovun
sənətə münasibətinin
dərindən açılmasına
xidmət edir. Həmin suallardan biri muğamda ifa olunan qəzəllərin,
adətən yalnız
sevgi, məhəbbət,
ayrılıq həsrəti
kimi monotom mövzudan ibarət olduğunu bildirir. Bu suala Alim Qasımovun öz cavabı, Fazil Mustafanın öz cavabı var. Qəzəllərin
monoton mövzuları
müəyyən dərəcədə
Alim Qasımovu da qayğılandırır.
Lakin həm də eşq bu sənətkarın
həyatıdır. Fazil Mustafa isə
bu məqamda musiqinin bütün insanlar üçün eyni dildə olduğunun və bir sıra məqamlarda
musiqinin aparıcı
şərhini verir.
Bir də məlum olur ki, sənətin
zirvəsinə qalxmış
bu adam
obyektiv tənqidə laqeyd deyil. Və bu
məqamda onun ümumiyyətlə obyektiv
və qərəzli tənqid barədə, müasir günlərimizdə
musiqi tənqidinin olmaması barədə fikirləri öz elmi dəyərləri ilə diqqəti cəlb edir. Onun öz ailəsi, övladları haqqında
səmimi fikirləri də sadəliyindən xəbər verir.
Fazil Mustafa sənət zirvəsinə yüksəlməyi istedadın və zəhmətin vəhdətində görür. Zəhməti uğura aparan yol kimi təhlil edir.
Alim Qasımov çox da yuxarı qalxmaqdan ehtiyatlanır, çünki qalxmağın haçansa enmək təhlükəsi də var.
... Və sonda aparıcının Alim Qasımova bəlkə də bir az kəskin, cəsarətli sualı: ömrün sonu barədə. Sənətkar harada dəfn olunmaq istərdi. Bütün söhbət boyu Vətən, Azərbaycan sevgisini dilə gətirən, sənətinin zirvəsində Azərbaycana xidmət missiyasını hər şeydən uca tutan bu insan, bu vətəndaş yenə doğma torpağa-uşaqlıq illərini keçirdiyi Şamaxıya üz tutur. Şamaxı-doğulub-böyüdüyü Vətən torpağının bu hissəsi onun haçansa qayıdacağı əziz bir məkan kimi hər şeydən qiymətlidir.
Proqramda qoyulan sualları və bu suallara cavabları dinlədikcə belə bir nəticə çıxır: "Müzakirə vaxtı"nın bu buraxılışı sənətdən daha çox sənətin fəlsəfi mahiyyətini təhlilə çəkən bir akta çevrildi. Yay Avropa Oyunlarının dünyanı heyran qoyan açılış məqamında Alim Qasımovun və həm də Azərbaycan muğamının qədim nağıllardan gəlmiş uçan xalça üzərinə çıxmasını ən ali məqam kimi qiymətləndirməsi Alim Qasımovun Azərbaycan sevgisinin möhtəşəm ifadəsi kimi səsləndi.
Və ümumiyyətlə "Müzakirə vaxtı" bir proqram formatı kimi sübut etməkdədir ki, analitik proqrama mövzu seçilməsi və bu mövzu ətrafında söhbətə kimin dəvət olunması uğuru təmin edən hər şeydir. Telejurnalistikamızın uğurlu aparıcıları sırasında olan Vəsilə Vahidqızının proqram uğurları xeyli dərəcədə həm də bu cəhətə diqqəti ilə ölçülür.
Zaur BABAYEV
Filologiya üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet.-
2015.- 30 dekabr.- S.8.