Ana dilim

 

 

 

Mən bir türkəm. XX və XXI yüzilliklərin, ikinci və üçüncü minilliyin qovuşub ayrıldığı tarixi zamanda yaşayan bir türk və türk olmağımdan hədsiz qürur duyuram.

 

Bütün dünyada mənim kimliyimin əlaməti ana dilimdir. Türk dillərinin oğuz qrupuna mənsub zəngin, aydın, saf və ən şirin türkcə! Harada türk səsi eşidirəm, dönüb o tərəfə salavat çevirirəm...

 

Dünya ona görə gözəldir ki, orada türklər yaşayır.

 

Ana dilimlə ilk dəfə anamın səsi ilə tanış olmuşam. Bu səs, məni bələyəndə, əzizləyəndə çalınan ilk laylam, ilk eşitdiyim söz "can" kəlməsi olub. Anamın "can"ı az sonra vətənimin adı ilə qovuşub - AzərbayCan kimi əbədi həkk olunub varlığıma. Ayaq açıb yeriyəndə yıxılmışam, təəccübdən açılan ağzıma torpaq dolub - ilk dəfə vətən dadını bilmişəm. O şirin səsin və o torpağın dadı ağzımdan getmir, bu iki şey məni böyüdüb vətəndaş, alim, şəxsiyyət elədi - bu üç əlamətlə də altmış ildir ki yaşayıram.

 

"Dil hər bir millətin milliliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Bizim çox gözəl, zəngin dilimiz var. Azərbaycan dili şeiriyyət dilidir"  (Heydər Əliyev).

 

Azərbaycan dili müstəqil  Azərbaycan dövlətinin dilidir. Mənşəyi bizim eradan əvvəllərə gedib çıxır, IV-V əsrlərdən etibarən ümumxalq danışıq dili kimi işlədilir. Söz danışması və söz anlatması insanın təkamül tarixindən ən böyük mərhələ, mədəniyyətin başlanğıcıdır. İnsan duymağa və deməyə başlayandan sonra öz qüdrətini başa düşüb. Başa düşüb ki, canlı və cansız varlıqlar arasında da ən böyük sərvətin - Allah əmanəti olan Ruhun sahibidir və bununla da Allahdan sonra ən güclü varlıqdır "Təbiətin tacı, yaradılmışların əşrəfidir". (Nizami Gəncəvi).

 

Bütün canlılar, hətta cansız təbiət - külək, yağış, çaylar, dəniz, ildırım, vulkan... səs cıxarır. Lakin insan mənalı səs cıxardı və bu səsi itməyə qoymadı. Gələcək nəsillər üçün qoruyub saxladı. Səsin obrazını tapdı, onu əbədiləşdirdi, onu ifadə edən işarəni, hərfi yaratdı. Qədim türkün bəzi hərfləri səsin tembrinə görə incə oldu, bəzisi də qalın - yəni, saitlər və samitlər əmələ gəldi. Hərflər səslərin mənasına görə birləşib söz yaratdı.  SÖZ nadanlıqdan insanlığa doğru təkamülün başlanğıcı oldu. İnsanın sözlə yaratdıqlarını Allahın yaratdıqları ilə müqayisə etmək olar.

 

Hürufilər (Nəsimi) əbədi olan möhtəşəm Allah, Cahan, İnsan üçlüyünə Sözu də əlavə etdilər, Allahdan sonra gəldi Söz.

 

Bu SÖZlə insan xarüqələr yaratdı; Xaqaniyə, Nizamiyə, Nəsimiyə, Füzuliyə... əbədi şöhrət gətirdi. "Kitabi-Dədə Qorqud" kimi möhtəşəm epos yaratdı türk sözü. Məlum oldu ki, "Türk ədəbiyyatının bütün əsərləri tərəzinin bir gözünə, "Dədə Qorqud"  o biri gözünə qoyulsa, yenə də "Dədə Qorqud" tərəfi ağır gələr" (Mehmet Fuad Köprülü).

 

Oğuz türklərinin III-V əsrlərdəki həyatını, tarixini, təfəkkür və mənəviyyatını, etnik mədəniyyətini əks etdirən  "Kitabi-Dədə Qorqud" göstərir ki, miladdan əvvəl türklər  epos yaratmaq imkanları təfəkkür və obraz yarada bilən dilə malik olmuşlar. Həm də nəzərə almaq lazımdır ki, müştərək türk abidələri  - "Kitabi-Dədə Qorqud" eposu, Orxon və Yenisey kitabələri (VII əsr) meydana gələndə "Türklər artıq şəhərli olmağa başlamışdılar" (Əli Nazim) və həmin abidələrin  "dili imajlı dil idi" (Atababa Musaxanlı).

 

"Eramızın II əsrində Bizansdan Skiflərə (İskitlər) bir nümayəndə heyəti gəlmişdi. Onlar yazılı bir müqavilənamə gətirmişdilər. Skiflər də onlara yazılı cavab müqaviləsi göndərir. Bu müqavilənin yazıldığı dil indiki Azərbaycan türklərinin dilinə yaxın idi" (Bəkir Çobanzadə).

 

Bəli, bu mənim ana dilim idi - Azərbaycan türkcəsi!

 

Mən SÖZlə söhbət edirəm, söz mənim ən doğma müsahibimdir. Ürəyimi sözə açıram, dərdimi sözə danışıram - darıxanda Füzuli sözünün ətəyinə baş qoyuram, həyat məni sıxanda Sabirin "Hophopnamə"sinə pənah aparıram. Sözün mövlanəsi Füzuli onun qeyrətini çəkdi, çünki SÖZ "Ərşdəndir, gəlib hədiyyə bizə", "İlahi feyzdən bir xəzinədir söz", "Söz yaradanın mədhi sənası, nəğməsidir", "Sözün ölməzliyinə söz yoxdur", "Ver sözə ehya ki, tutduqda səni xabi-əzəl // Edə hər saət səni ol uyqudan bidar söz". Bu idi Füzuli sözünün sehri və qüdrəti. Müdrik sufilər Sözlə insanı Allaha qaldırdılar, cəngavər hürufilər Sözlə Allaha insana  endirdilər. Mənim ana dilim belə bir qüdrətə malikdir o, qramatik, leksik semantik, fəlsəfi poetik məzmununa görə dünyanın ən qüdrətli dilidir. O Azərbaycan türklərinin qədim və orta çağlar sivilizasiyalarının ensiklopediyası, bu dilin hər sözünə ehya verən xalqın genetik kodu, təfəkkür kitabıdır. Bu elə dildir ki, "hər sözü bir pəhləvandır" (Füzuli),  orada, "Söz var ki, kəsdirər başı // söz də var  kəsər savaşı" (Xətai).

 

Biz xoşbəxtik ki, əcdadlarımız bizə çox zəngin bir dil əmanət qoyub, nəsilbənəsil gözümüzü açıb bu ən qiymətli sərvətə yiyələnirik, onun şirin ləhcəsi ilə dil açıb dünya ilə danışırıq.

 

Ana dilinə ən müqəddəs varlıq kimi ibadət etmək, şəninə dualar oxumaq lazımdır. Hər səhər durub bu dildə danışmamış ağzımızı yumalıyıq. Ana dilini sevən, ona hörmət bəsləyən adam bu dildə söyüş söyməz, pis sözlər danışmaz.

 

Xətib Təbrizi (XI əsr) ərəb ölkəsində məşhur alim Məərrinin yanında  dərs keçirmiş, bu vaxt məscidə  iki təbrizli daxil olur. Xətib müəllimindən icazə alıb öz həmyerliləri ilə söhbət edir. Gözləri kor olan Məərri ondan soruşur: - Siz hansı dildə danışırdınız?

 

- Azərbaycan dilində - deyə Xətib Təbrizi cavab verir. Məərri Xətibin  həmşəhərliləri ilə danışdıqlarını əzbərdən deyir. Bu fakt  Azərbaycan dilinin erkən orta çağlarda işlənmə arealının hüdudlarını və aydınlığını, təmizliyini sübut edir.

 

XX əsrin önlərində rusların tərtib etdiyi xəritələrdə "Azərbaycan" ölkə adı silinib, "Qafqaziya" yazıldığı dövrdə Azərbaycan maarifçilərinin "Ana dili" uğrunda mücadilələri "Ana vətən" uğrunda mübarizəyə çevrildi. Cəlil Məmmədquluzadə   "Azərbaycan" məqaləsində yazırdı: "Ax unudulmuş vətən, ax yazıq vətən!

 

Dünyalar titrədi, aləmlər mayallaq aşdı, fələklər bir-birinə qarışdı, millətlər yuxudan ayıldı və pərakəndə düşmüş qardaşlarını tapıb dağılmış evlərini bina etməyə üz qoydular. Bəs, sən hardasan, ay biçarə vətən?!

 

Dünya və Aləm dəyişildi, mənalar özgə təbir əxz elədi, yəni bizim dilcə söyləsək o şeylər ki, əsl mənalarını itirmişdi, qayıdıb əslini tapdı, inna ilahi və inna illahi raciun; amma buna hamı qail oldu ki, vətən, vətən, vətən, dil, dil, dil,millət, millət!... Dəxi bu dairələrdən bəni-noi-bəşər üçün nicat yolu yoxdur".  Vətən, dil, millət - bunlar XX əsrin önlərində milli - mənəvi intibahın əsas atributları idi.  bu  atributlar bu dövrdə sürətlə inkişaf tapan milli mətbuatın şüarına çevrilmişdi. Professional tənqidçi və ədəbiyyatşünas, böyük milli ziyalı Firidun bəy Köçərli əsrin əvvəllərində (1913)  tarixin tələbinə cavab verərək "Ana dili" məqaləsində yazırdı: "Hər bir millətin özünəməxsus ana dili var ki, onun məxsusi malıdır. Ana dili millətin mənəvi diriliyidir, həyatının mayəsi mənziləsindədir. Ananın südü millətin mayəsi olduğu kimi, ana dili də ruhun qidasıdır. Hər kəs öz anasını və vətənini sevdiyi kimi ana dilini də sevir. Bu Allah-taalanın  gözəl nemətlərindən birisidir, onu əziz və möhtərəm tutmaq hər kəsə borcdur". Ana dilini sevmək, imandandır, Vətənə məhəbbətin,  vətəndaşlığın yüksək ifadəsidir. Ana dilini yaxşı bilən, bu dildəki mürəkkəb elmi mövzularda rəvan danışan, parlaq nitqlər söyləyən adam xoşbəxtdir. Gözəl və mənalı danışıq ziyalılığın birinci əlamətidir. Gözəl nitq söyləyən adam böyük gücə malikdir. Gözəl və təsirli nitq bir orduya bərabərdir. Belə nitq cəmiyyəti də təbiəti də dinləməyə  məcbur edir. 

 

Müqəddəs kitabımız "Qurani-Kərim" də deyilir: "Ey rəbbim! Dilimdəki düyünləri aç ki, sözümü yaxşı anlasınlar". Bəşəriyyətin ən böyük kəşfi dildir, insanı insan edən ana dili. Bəşərin təkamülü nadanlıqdan insanlığa doğru gedir, bu ağır yolda bələdçi ana dilidir.

 

Yazıçı və həkim, dövlət xadimi N.Nərimanov ana dili məsələsinə xüsusi önəm verirdi. Dil hər cür siyasətdən güclüdür, çünki siyasət ötəri, keçici, dil isə əbədidir. Siyasət dövlətin, dil isə millətin varlığının əlamətidir. N.Nərimanov dilin mənəvi gücünə güvənirdi. "Bu gün" məqaləsində yazırdı: "Ana dili! Nə qədər rəfiq, nə qədər ali hissiyyat - qəlbiylə oyandıran bir kəlmə! Nə ədər möhtəşəm, müqəddəs, nə qədər əzəmətli bir qüvvə! Ana dili! Bir dil ki, mehriban bir vücud öz məhəbbətini, şəfqəti - madəranəsi sənə o dildə bəyan edibdir. Bir dil ki, sən daha beşikdə ikən bir lay-lay şəklində öz ahəng və lətafətini sənə eşitdirib ruhun ən dərin guşələrində nəqş bağlayıbdır! Bir dil ki, həyat və kainat haqqında ilk əvvəl dil sayəsində bir fikir hasil edibsən, cism və ruhun möhtac olduğu məvadi o dildə tələb eləyib sən...

 

Bir dil ki, ibtidai o dildə yaxşı-yaman bilibsən, səni yaradanı tanıyıbsan. Haman dil ki, diyari-qürbətdə, biganələr içinə düşəndə, ona həsrət qalırsan. Lakin ittifaqən onu eşidəndə ürəyin döyünməyə, üzün gülməyə başlayır, cəmi əsamın məhəyyüc edir. Beynin, fikrin, xəyalın işləməyə başlayır, bir dəqiqənin ərzində vətəni gözünün qabağına gətirirsən". Bu sözlər ömrü boyu bu dildə bədii əsərlər yaradan, bu dildə millətin taleyini yazan adamın qəlbindən qopub. Onların dəyəri səmimiyyətindədir. Sovet dönəmində dilimiz totalitar ideologiyanın basqısına məruz qaldı. Dilimiz ümumi ünsiyyət dili - vahid rus dili iddiasına qarşı əzmlə müqavimət göstərərək milli müəyyənliyimizi qorudu. Bu illərdə poeziyamız da rejimin imkan verdiyi hüdudlar daxilində  dilimizi müdafiə etdi. Əsrin önlərində Molla Nəsrəddinçi şair Əli Nəzmi "Dil məsələsi" şeirində yazırdı: "Dil var ikən gəlin lisan deməyək // Döndərib farscaya zəban deməyək". İranda yaşayıb, daima həsrət və təzyiq görən Şəhriyar "Heydərbabaya salam" poeması ilə fars dilinin hakim olduğu mühitdə ana dilimizə möhtəşəm bir Söz abidəsi qoydu, cənubda yaşayan 35 milyon həmvətənimizə "Türkün dili tək sevgili, istəkli dil olmaz" deyə dilinə hakim olmağa, onu qorumağa çağırdı.

 

Zaman-zaman istedadlı, milli qeyrətli, doğulduğu vətənlə, türk əsli ilə qürur duyan ədiblərimiz bu dili yad təsirlərdən qorumuş, hazır dildən istifadə etməklə kifayətlənməmiş, dil yaratmışlar.

 

Qədim zamanlarda iki tayfa bir-biri ilə vuruşur. Hamı qırılıb hər tərəfdə bir adam qalanda məcbur olub bir-birinə müraciət edirlər. Məlum olur ki, ikisi də eyni dildə - türk dilində danışır. Əgər vaxtında türk dilində bir-birini anlasaydı, böyük türklər Əmir Teymur İldırım Bəyazidə, Şah İsmayıl Sultan Səlimə qılınc qaldırıb dünyanı sevindirməzdi!

 

Dilimizdə də "Türkün sözü" ifadəsi var, bu söz qanundur, hikmət simvoludur. Nə yazıq ki, biz bəzən bu hikməti başa düşmürük.  Ana dili bizim arxamızdır, dayağımızdır, biz onu qorusaq o da bizi qoruyacaq, onda ürəkdən "Sağ ol, ana dilim" (Sabir Rüstəmxanlı) deyəcəyik:

 

Yollarım sınandı yad ölkələrdə,

Neçə yad dodaqda səsləndi adın.

Sağ ol, ana dilim, məni heç yerdə,

Köməksiz qoymadın, yalqız qoymadın.

 

Ana dilim! Bu dildə nə qədər dastanlar yazılıb, nağıllar, möhtəşəm romanlar, eposlar yaradılıb, poetik hüsnü ilə dünyanı heyrətdə qoyan Füzuli qəzəli yaradılıb. Bu dil hamıya əl tutub, qida və qüdrət verib. Dünyaya on yeddi imperiya vermiş türklər qılıncla tarixi yaradıb, dillə tarixi yaşadıb. Türklər qəhrəman idi. Bu qəhrəmanlığın əsasında zor, qəzəb, başqa xalqlara nifrət, özgə torpağına tamah, sərvət hərisliyi yox, vətən əxlağı, dünya sahmanı yaratmaq niyyəti dayanırdı. Ona görə də tarixdə atlı xalq olan  türkün atı qan yolları ilə yox, nur yolları ilə hərəkət edib. Türkün belində qılınc, çiynində qopuz olub. Türkün dil abidələri - "Kitabi-Dədə Qorqud" eposu, Orxan Yenisey kitabələri, Mahmud Kaşqarinin "Divani-Lüğət-it-Türk" ensiklopediyası Balasaqunlunun "Qutadqu bilik" poeması, "Manas" eposu, "Alpamış" dastanı, Yəsəvinin "Divani hikmət" əsəri, "Koroğlu" dastanı belə niyyətdən yaranıb Ana dilimizin mənşəyində Qobustan qaya rəsmləri  Azərbaycan türklərinin daş yaddaşı dayanır.

 

Yadın yaddaş üzərində hücumu başlanan çağlarda ana dilimiz yaddaşımızın  bütövlüyünü qoruyub. Bu gün də kürəsəllik prosesində  sərhədsiz dünya  siyasəti gedərkən mədəniyyətlərin inteqrasiyası adı ilə mədəniyyətimiz basqıya məruz qaldığı bir vaxtda ana dilimiz ədəbiyyat və mədəniyyətimizin milli müəyyənliyini qoruyur, milli müqavimətini artırır.

 

 

Nizaməddin Şəmsizadə

525-ci qəzet.- 2015.- 30 dekabr.- S.7.