Elman Məbudun yeni
kitabı işıq üzü gördü
Gəlimli-gedimli dünyada özündən
sonra iz qoymaq hər adama qismət olmur. Müdriklər əbəs yerə
deməyiblər ki, insan sözü-söhbəti,
əməlləri yaşadıqca
yaşayır. Buna görə də ağıllı insan bütün ömrü boyu xalqı üçün, adının
təmizliyi üçün,
ailəsinin, el-obanın,
qohum-əqrəbasının yanında alnıaçıq,
üzüağ olması
üçün çalışıb
vuruşur.
Xeyirxah və incəqəlbli insan kimi tanınan, gözəl əməlləri
ilə ürəklərdə
özünə yuva salmış Elman İbrahimov
həyatda məhz bu prinsiplə yaşayan insanlardandır. İxtisasca həkim
olmasına baxmayaraq, poeziyaya marağı uşaq ikən yaranıb. Lakin Elman müəllim yeniyetmə yaşlarında
yazdığı şeirlərə
uşaqlıq həvəsi
kimi baxıb. Hətta qələmə aldıqlarının
bir o qədər də uğurlu olmadığını düşünərək
bir müddət poeziyadan uzaqlaşıb da. Yaşa dolduqdan sonra
həyatın çətinlikləri
ilə təkbətək
qalan vaxt onun şeir bulağının gözü
yenidən açılıb.
Həmin
dövr 1990-cı ilin
sonlarına təsadüf
edir. Elman Məbudun şeirləri əsasən sadə xalq dilində yazılıb. Vətənə, ata ocağına, qocalara və körpələrə bəslənən
məhəbbət onun
yaradıcılığının əsas mövzusudur.
Əyilsən hər yetən
nadana, oğul
Cavankən qəddini bükər qocalıq.
Düşsən öz gözündən
özün bircə yol,
Qırovtək saçına çökər
qocalıq.
Bir şeyi unutma, qadanı alım,
Böyüyə "ağ" olsan,
kiçiyə zalım,
Qaşların çatında dayanıb
daim,
Qurdtək gəncliyi sökər qocalıq.
Bu yaxınlarda Elman Məbudun
"Qibləgahım Vətəndir"
adlı ikinci şeirlər kitabı işıq üzü görüb. "Qibləgahım
vətəndir" poema
və şeirlər kitabında o, könüllə
canın ayrılmazlığını
bədii ifadələr
və obrazlar vasitəsilə oxucuya çatdırmağa çalışır.
Onu ən çox, vətənimizi sarsıdan, iri kapitalist dövlətlərinin
havadarlığı sayəsində
erməni dığalarını
qəsbkarlıq siyasətinə
cəlb edən, bununla da erməni
əli ilə Azərbaycanı güclü
dövlətlərin mənafelərinə
xidmət etmək məcburiyyətində qoyan
naqis qonşuların Dağlıq Qarabağı
işğal etmələri,
Vətən uğrunda
döyüşmüş, həlak olmuş, şikəst qalmış,
qaçqın düşmüş
soydaşlarımızın acı taleyi narahat edir. O, bütün həyatı boyu bu yükün
ağırlığı altında
yaşamış, Vətənin
xoş gələcəyi
bir an olsun belə onun duyğularından yan keçməmişdir. Bütün bu
hisslər "Qibləgahım
Vətəndir" şeirlər
toplusunun hər sətrində öz əksini tapmışdır.
Onun şeirlərində Vətən
eşqi, Vətən məhəbbəti hər
şeydən üstün
tutulur, xalqa "Öncə Vətəndir"
əqidəsi təlqin
edilir.
Şuşanın dağından oxudun,
gülüm,
Yaralı
yerimə toxundun, gülüm,
Nə danışdım, nə dilləndim, nə dindim,
Sanki bu dünyada
yoxudum, gülüm.
Xocalıyla ləkələnib adımız,
Şuşa - and yerimiz, qəm oylağımız.
İkiyə bölünüb bir
Ağdamımız,
Ağlayıb, sızlayıb, yoruldum, gülüm.
Əsən yellər! Car çəkiniz
hər yana,
Namus-qeyrət heç dözərmi bu qana?
Ünüm yetmək üçün
Azərbaycana,
Kül olub, göylərə sovruldum,
gülüm.
Elman Məbudun kitabını
vərəqlədikcə poeziyanın
fəlsəfi mahiyyətini
daha dərindən anlamış olursan. Saf, səmimi,
poetik və fəlsəfi axtarışlarla
şair belə qənaətə gəlir
ki, hər şeyin ölçüsü,
meyarı insandır -
insana sevinc gətirən hər şey xeyir, əzab-əziyyət gətirən
hər şey şərdir. Şair sanki
özü-özünə hesabat verir, bu millətə, bu torpağa layiqli övlad olmağı, həmişə
adının yaxşılar
sırasında çəkilməsini
arzu edir.
Hörmətli çəkilsin hər
yanda adım,
Mənimlə fəxr etsin qohum-övladım.
Bir təmiz ad olsun dünyada varım,
Qara siyahıda mən say olmayım.
Ümid edirik ki, Elman Məbudun hər sətrində Vətən
sevgisi duyulan "Qibləgahım Vətəndir"
kitabı sizin də stolüstü kitabınıza çevriləcək. Bu kitab övladlarınıza
vətənpərvərlik hissinin aşılanması
üçün ən
gözəl vasitədir.
Rafiq Əliyev
525-ci qəzet.-
2015.- 3 fevral.- S.8.