Sabirşünaslığa yeni nəzər
PROFESSOR TƏRLAN NOVRUZOVUN "SABİRŞÜNASLIQ AZƏRBAYCANDA VƏ XARİCDƏ" ADLI MONOQRAFİYASI HAQQINDA MÜLAHİZƏLƏR
Sabir dünya ədəbi posesində dərhal seçilən,
hərəkətdə olan təfəkkürün canlı
simvolu, misilsiz fenomeni kimi insan idrakını dərindən
silkələyən, estetik şüuru öz cazibə
qüvvəsilə tərpədən bir möcüzə
olmaqla bərabər, həmdə böyük həqiqətlər
carçısı olan dahi sənətkardır. Onun heyrətamiz
fəhmi, uzaq görənliyi hadisələri qabaqlamaq qabilliyyəti,
peyğəmbərlik intuisiyası, poeziyasının səfərbəredici
gücü heç bir sənətkara müəssər
olmayan ilahi vergidir.
Sabir
poeziyasına fövqəladə marağın bir səbəbi
də ondan ibarətdir ki, yalanla həqiqət arasında
müdhiş dərinliyi onun qədər heç kim sərrast görə bilmirdi. İlk rus
filosofu adlandırılan P. Y.Çaadayev belə deyirdi: " Mən öz xalqımı
qamçılamağı, onu kədərləndirməyi ona
yalan deməkdən üstün tuturam". Sabir
məhz belə mütəfəkkir şairdir. Sabir xalqın arzularından və
ağrılarından qopan bir zərurət idi.
Böyük
Sabirimiz 1905-ci il inqilabının
dalğalarından təsirlənərək dini və məhəbbət
lirikasından ictimai satiraya keçdi, bu satirik janr şairin
yaradıcılığında hakim istiqamətə
çevrildi, o biri janrlar isə öz müstəqil mövqelərində
qalmaqla, həm də Sabir satirasının konkret məcazi ifadə
komponentlərinə çevrildi. Bu,
sözün əsl mənasında Sabir poeziyasında rasional və
dialekt metamarfozaya çevrildi. Bir qədər də
obrazlı desək, Sabirin əvvəl yazdığı dini və
məhəbbət lirikasının obraz və ifadə vasitələri,
bənzətmələri onun satirasının, tikinti
materialına çevrildi.Məsələn:
"Ah
eylədiyim nəşeyi-qəlyanın
üçündür,
Qan
ağladığım qəhveyi- fincanın
üçündür:
Sərgəştəliyim
xərməni - buğdalar ucundan,
Aşufətəliyim sərvətü samanın
üçündür.
Bu satirik şeir parçası öz formasına, ifadə
vasitələrinə görə Füzulinin məşhur
şeirinə parodiya kimi yazılmış və satiraya kəskinlik
gətirmişdir.
Təbii ki, belə bir sənətkarın
yaradıcılığını tədqiq etmək
üçün geniş və iti təfəkkürlü,
güclü analiz qabiliyyətli olan, yorulmaz alim tələb
olunur. Tərlan Novruzov məhz belə tədqiqatçılardandır.
O, əsl ədəbiyyatşünas səriştəsi ilə
tədqiqat zamanı problemi də, sualı da düzgün
müəyyənləşdirir, problemin sferasını
konkretləşdirir və sonra da ardıcıllıqla öz
fikirlərini əsaslandırmağa cəhd göstərir və
buna nail olur. Tərlan Novruzov Sabir haqqında deyilən fikirləri
deklorativ şəkildə bəyan etmir, bu fikirlərin
hamısını monoton intonasiya ilə çatdırmaq istəmir,
hər bir tədqiqatçının Sabirlə bağlı
fikirlərini həmin müəllifin
dünyagörüşü, sənətə
baxışı, idrak səviyyəsi baxımından səciyyələndirir
və qiymətləndirir, onları bir-birindən ədalətli
meyarla fərqləndirir və bununla da Sabirə olan
reaksiyaların rəngarəngliyini ağıllı məntiqlə
ümumiləşdirir. Beləliklə, Tərlan
həm Sabir haqqında tənqidi fikirləri, həm də
haqlı olaraq Sabir poeziyasını təhlilə cəlb edir.
Onun təhlili etüd, improvizasiya xarakteri
daşımır. Bu təhlil ciddi ədəbi-estetik
hazırlığın məntiqi nəticəsidir, rezonyorluq
deyil! Elmdə ümumiləşdirmə qabiliyyəti
güclü faktordur və biz bu qabiliyyəti monoqrafiyada
görə bilirik. Onun elmi təfəkkürünün
istinad nöqtələri həm antik elmin postulatlarına, həm
də yeni, obyektiv, analitik nəzəri düşüncənin
məntiqinə uyğundur. Fəal elmi
intuisiya, faktları həm ayrı-ayrılıqda, həm də
ümumilikdə, bütövlükdə təhlil etmək
onun bütün elmi kitablarının stixiyası,
ağırlıq mərkəzidir. Bütün
bu keyfiyyətlər onun tədqiqatına ciddi marağı
artırır, alim səciyyəsinin əsas parametrlərini
konkretləşdirməyə imkan yaradır.
Arximed
böyük bir inamla deyirdi: "Mənə bir istinad nöqtəsi
verin, mən dünyanı çevirim". Alimin
bu obrazlı fikrində böyük həqiqət vardır,
çünki istinadsız hər bir istedad fəlakətə
uğraya bilər. Böyük Sabirimizin də istinad
nöqtəsi vardır ki, bu nöqtə də birinci növbədə
1905 -ci il inqilabı və onun güclü rezonansından
doğan " Molla Nəsrəddin"
jurnalı idi. Lakin sonralar Sabirin təkrarolunmaz
poeziyası da" Molla Nəsrəddin" in dayaq nöqtələrindən
biri oldu. Tərlan Novruzov bu həqiqəti
Sabirin öz poeziyası fonunda, o zamanki ictimai fikir tarixinin
dialektik axarı fonunda konkretləşdirə bilir.
O, Sabir
poeziyasının qüdrətinə mistik məna vermir, Sabiri
ideal şair hesab etsə də, bu ideallığın,
möhtəşəmliyin, güclü realist
baxışın mənbələrini göstərir. Sabir irsinin öyrənilməsi problemini
ayrı-ayrı mərhələlərə bölür və
bu zaman bu mərhələlərin ictimai, siyasi məzmununu
düzgün müəyyənləşdirir. Tədqiqatın
müəllifi Sabir irsinin öyrənilməsi problemini
ayrı-ayrı mərhələlərə bölür və
bu zaman bu mərhələlərin ictimai, siyasi məzmununu
düzgün müəyyənləşdirir, dövrün
siyasi xarakteristikası fonunda bu dövrün məzmunu ilə
bağlı olaraq Sabir şeirinin əsas estetik meyillərini,
ictimai , bəşəri funksiyasını və hər bir mərhələnin
Sabirə münasibətinin təfərrüatlarını
aça bilir. Tərlan Sabir haqqında deyilənlərə
bir seyrçi kimi baxmır, onları qruplaşdırır və
bu fikirlərə tənqidi yanaşır.
Monoqrafiya müəllifi Sabirşünaslığın
inkişaf mərhələlərinə sadəcə təsvir
eləmək, sadalamaq, xronikanı göstərmək yolu ilə
getmir, o, hər bir mərhələnin ədəbi,
ictimai-siyasi məzmununu, sənətə, varlığa
baxışlarını təhlil edir, siyasi və ədəbi
mühitin məramını özünəməxsus,
aydın təfəkkür süzgəcindən keçirir.
Tərlan Novruzov tənqidin Sabir
yaradıcılığına ciddi maraq dolu
baxışının bütün spektrlərini
açmağa çalışır, bu baxışların
dialektik vəhdətinin səbəblərini, tarixi aspektlərini
təhlilə cəlb edir. O, Sabirə olan tənqidi münasibətlərin,
estetik baxışların bu qədər
yaxınlığının, bir-birindən xəbərsiz ədəbiyyatşünaslan
fikirlərinin az qala eyni olduğunu, heyrətamiz ümumiliyini
hər şeydən əvvəl Sabir realizminin dərinliyində,
günəş kimi əhatə qüdrətində,
uzaqgörənliyində, tarixə, hadisələrə
çox həssas mütəfəkkir baxışlarında
görür və belə bir doğru nəticəyə gəlir
ki, Sabir bütün bu fenomenal xüsusiyyətləri ilə
şəriksiz, bənzərsiz, misilsiz bir şairdir. Müəllifın
öz mülahizələrinə diqqət yetirək: "Tənqidin
Sabir sənətinə az vaxt ərzində artan marağı
bir tərəfdən əgər bu poeziyanın
dolğunluğunun nəticəsi idisə, digər tərəfdən
də qabaqcıl tənqiddə realizm uğrunda mübarizənin
yeni bir mərhələsinin başlanması ilə şərtlənirdi.
Azərbaycan şeirində realizmin kökləri
və mənbələri heç şübhəsiz daha qədimdir,
lakin milli şeirin realizmin ən yüksək zirvəyə
Sabir yaradıcılığında qalxması, qənaətində,
ədəbi-estetik fikir tamamilə yekdildir. Sabir poeziyasında Azərbaycan şeirinin ənənələri
ilk dəfə sintez halında birləşir. Tərlan
Novruzov Sabir realizminə tənqidin belə yekdil münasibətini
çox dürüst, əsl ədəbiyyatşünas səriştəsi
ilə açmağı bacarır, öz sözünü
deyir, özü də birbaşa, qısıla-qısıla tərəddüdlə
yox, dərin bir inamla!
Sabir poeziyasına elmi münasibətin bir neçə
istiqaməti, profilləri vardır. Dünya ədəbi
prosesində, ədəbi-ictimai fikrində bəlkə də
Sabir yeganə hadisə, heyrətamiz fenomendir ki, onu
uşaqdan-böyüyə hamı sevir, onun parlaq istedadına
hörmət edir. Sabiri sevənlər içərisində
elələri var ki, onun şeirlərindəki ictimai
idealları, dərin həyat fəlsəfəsini dərk etməsələr
də, Sabir şeirinin musiqisinə, ritminə, ahənginə,
əsranəngiz poetikasına və ayrıca sözün
estetikasına vurulurlar və bu şeiri əzbər demək
onların özünə də xüsusi estetik zövq verir. Sabirin istedadı sanki dilimizin zəngın
çalarlarına, heyrətamiz ifadə imkanlarına heyran
qalır, Sabir şeirini əzbərləməklə nə isə
qazandığını dərk edir. Deməli,
Sabir uşaqla estetik idrak səviyyəsinə yaxın söz
deməyi bacarır, lakin yenə də bu yerdə də
böyük və nənəng olmağı bacarır, onun
idrakı, zehni infantil ibtidailikdən uzaq olur.
"Sabiri sevirəm" deyənlər içərisində elələri də vardır ki, onların özü də Sabirin məşhur tiplərindən, satira hədəflərindəndir. Özləri də başa düşürlər ki, Sabirin tipləridirlər, lakin onlar bu etirafı dilə gətirmirlər.
Sabir poeziyasına bir alim kimi müraciət edənlərin bir qismi də diletant səviyyəsindədir, onlar da istəyirlər ki, Sabir tədqiqatçılarının nomenklaturasında adları olsun. Sabir poeziyasına münasibətdə elələri də vardır ki, çalışırlar, Sabirdə nə isə neqativ bir nöqtə tapsınlar, onlar Sabir poeziyası haqqında bir qədər ikibaşlı, qorxa-qorxa danışırlar.
Bununla belə Sabir tədqiqatçılarının elə nümayəndələri də vardır ki, onlar Sabir poeziyasının müqəddəs məbədinə ehtiyatla, lakin müqəddəs inamla daxil olur, Sabirin böyük məramını dərk edərək onun şeirlərinə nüfuz edir, onun dediyi həqiqətlərə bütün varlığı ilə şərik çıxır, şairin Prometey əzablarını dərindən dərk edir, onun titanik qüdrətinin, enerjisinin canlı mənbələrini axtarıb tapırlar. Belə tədqiqatçılar Sabir poeziyasına könüllü olaraq "məhkum olunub".
Sabirin poeziyası yeri-göyü silkələyən bir ildırım şaqqıltısıdır. Lakin bu gurultu boş bir səs deyildi. O, parlaq, bir işıqla müşayiət olunur. Bu gurultu həyatın dərə-təpələrini, qaranlıq künc-bucaqlarını işıqlandıran güclü bir projektoru xatırladır. Sabir bir də ona görə böyük şairdir ki, o, təmsillərini çıxmaq şərtilə, bütün şeirlərinin ideyasını, məqsədini, idealı birbaşa, tərəddüdsüz bildirir, qorxub çəkinmir. Sabir bütöv söz deyir, yarımçıq danışa, "qanmaya" bilmir.
Sabir sözün həqiqi mənasında XX əsrin intibah şairidir. Avropa intibahını şərtləndirən bütün problemlər elə Sabir dövrü üçün də çox səciyyəvi idi.
Məgər o zaman üçün ictimai-siyasi, dini aspektləri Sabir dövrünün mühiti ilə oxşar deyildirmi?
Orta əsr intibah xadimlərinin elədiklərinin hamısını Sabir təkbaşına eləmirdimi? Həmin dövrün meydana atdığı suallar və problemlər Sabir dövründə yox idimi? Sabir antik dövrdə təsvir və təfsirə edilən bütün bəşəri əzabların qurbanlarını çəkdiyi ağır əzablardan az əzablar çəkmədi. Ona görə də Sabir vüqarla deyirdi: "Bənzərəm bir qocaman dağa ki, dəryada durar!"
Mən Sabirin istedadlı tədqiqatçıları sırasında Tərlan Novruzovun adını xüsusi qeyd etməkdən çəkinmirəm. Tərlanın adı qarşısında "professor" sözünü qəsdən yazmadım. Çünki professorluq mənim üçün heç vaxt elmi meyar olmayıb. Xəlil Təbrizi də, Nəsrəddin Tusi də, Lessinq də, Belinski də professor olmayıb, lakin onlar təkzibedilmez, dahiyanə sözlər deyə biliblər. Mən Tərlanı tanıyaraq onun kitablarına müraciət eləməmişəm, əksinə, onun yazılarını, xüsusən Sabirə olan alim, oxucu, vətəndaş sevgisini əyani olaraq görəndən sonra yorulmaz, ciddi alim olduğuna inanmışam.
Ağahəsən
BƏDƏLZADƏ
Filologiya elmləri
namizədi
525-ci qəzet.-
2015.- 3 fevral.- S.7.