Bomboz bir günün əlvanlığı...
...Dünyanın darıxdırıcı,
bomboz bir günü idi. Dünyadan təcrid olunmuş kimi televiziyanın qarşısında oturdum.
Kompüterdən yazılarım da
silinmişdi, narahatlıq
içində düşünürdüm.
Beləcə, xeyli keçdi,
amma televiziyada göstərilənlərdən nə kimlərinsə ailəsində baş verənlər, nə şoular, nə də sağlamlıq haqqında verilişlər
diqqətimi çəkmədi.
Nəhayət, ANS televiziyasında Mir Şahinin "Milli Metr" verilişinin məqamı çatdı.
Verilişin budəfəki qonağı,
həm də ilk Aşıq qonağı,
"aşıq" deyəndə
adı birinci sırada çəkilən
ustad sənətkar - Aşıq Ədalət idi. Söylədikləri
bir tarix, bir qaynaq və
bir məktəb olan, sazına, sözünə qiymət
qoyan, adı-sanı dünyanın bu başından-o başına,
ellərə, dillərə
yayılan, özü
kirayədə yaşayan
Aşıq Ədalət
idi bu...
Deyirdi, 75 yaşım
var, amma, Mir Şahin demiş, maşallah, yaxşı idi, öz diliylə
desək, sazıydı. Onun sazlı-sözlü
sinəsindən qopan şeirlər, söyləmələr
sel kimi çağlayırdı. Saatlarla, bəlkə günlərlə danışardı...
Bir də deyirdi, heç kəsin sazında çala bilmir, kimsə də onun sazını çala bilməz, şübhəsiz... Onun sazına-sözünə
baxdıqca əlinə
saz alıb onu hörmətdən salanlar düşdü yadıma. Əlindəki
sazı əyləncəyə
çevirən, qaş-göz
atan, sinəsini-başını
açan, məzmunsuz
danışan o idrakı
dayazları, ədəbdən
uzaq olanları düşündüm...
Aşıq Ədalət nə həyatdan gileyləndi, nə də kimsədən narazılıq
etdi. Əksinə, öz millətini,
xalqını necə
bir təmənnasız
məhəbbətlə sevdiyi
göz önündə
idi. Aşıq Ədalət o qədər
maraqlı danışırdı
ki, bircə kəlmə sözünü
buraxmaq istəmirdim.
Sanki dərs zamanı
maraqlı bir mühazirə dinləyirdim.
Söylədikləri bir
möcüzə, sazı
ayrı bir möcüzəydi...
Mir Şahinə, bu "dərsi" təşkil etdiyinə görə təşəkkür
etməmək, düşünürəm,
nankorluq olar.
Aşıq deyirdi ki, 5 yaşında
əlinə caz alıb, o vaxtlar gözəl səsi olub. 15 yaşı olanda ona xain
əliylə bir zərbə vurulub. Düşünüb ki, daha bu sənət onluq deyil. Amma nurani bir insan,
Dədə Qorqud misallı qoca gecə yuxusuna gələrək ona uğurlu sabahlardan, böyük gələcəkdən
xəbər verir.
Onun nə bir xüsusi
müəllimi olub, nə də bir məktəbi. Amma aşıq ədəbiyyatını,
saz sənətini elə gözəl öyrənib ki, özü bir məktəbə çevrilib.
...Bomboz başlanan günüm sona yaxınlaşsa da, artıq rəngi-ruhu özünə gəlmişdi.
Bax, əsl sənətkar, gerçək
sənət belədir:
işığı aləmə
yayılır, ətri
dünyanı tutur. Əsl sənətkar lap özü kirayədə yaşasa da, Aşıq Ədalət kimi, sazı-sözü könüllərdə saraylar
ucaldır...
Mina RƏŞİD
525-ci qəzet.-
2015.- 3 fevral.- S.7.