Zəngin ənənələrə malik sənət və təhsil ocağı

 

YAXUD AĞDAMIN MƏŞHUR MUSİQİ "UÇİLİŞA"SININ FƏALİYYƏT TARİXİNƏ QISA EKSKURSİYA

 

 

 

Xeyli müddətdir Musiqi Kolleci adlanan, uzun illər Ağdamda yerli sakinlərin "uçilişa" dedikləri musiqi texnikumu ilə bağlı apardığım araşdıma görüşlərdə diqqətimi iki məqam daha çox çəkdi. Əvvəlcə bu məqamlara toxunmaq istərdim.

 

Danılmaz faktdır ki, Qarabağ Azərbaycanın inkişafına səbəb ola bilən hər bir sahəsinə öz layiqli töhfəsini verib. Ancaq mədəniyyət sahəsinin inkişafına verdiyi töhfələr əvəzsizdir.

 

Qarabağın Azərbaycana dünya mədəniyyətinə verdiyi ən böyük töhfə Üzeyir bəy Hacıbəyovdur. Adını çəkdiyim təhsil müəssisəsi məhz dahi bəstəkarın adını daşıyır. Qeyd edim ki, Üzeyir bəyin bir xidməti 30-40-cı illərdə Şuşada, Ağdamda, Şəkidə digər şəhərlərdə musiqi məktəb texnikumların yaradılması təklifi idi. Ermənilərin ciddi cəhdlə Şuşada fəaliyyət göstərən musiqi texnikumunun ləğvi istiqamətində atdığı addımlar bəhrə verdikdən sonra ilk olaraq Ağdam musiqi məktəbi, sonra isə musiqi texnikumunun yaradılması ideyasının məhz Üzeyir bəyə məxsus olması şübhəsizdir. Bu fikri professor Vaqif Əbülqasımov öz tədqiqatlarında faktlarla təsdiqləyir. Qeyd edək ki, sərt repressiya illərində Ağdamda yeddiillik musiqi məktəbinin yaradılması təklifini Üzeyir bəydən başqa heç kim vermək iqtidarında deyildi. Vaqif Əbülqasımov bu rəqəmin 1934-1935-ci illər olmasını qeyd edir. Professor, Milli Konservatoriyanın prorektoru Vaqif Əbülqasımovla söhbətim vəfatından bir ay əvvəl olmuşdu. Qeyd edim ki, mərhum professor da "uçilişanın" məzunu olmuşdu.

 

Beləliklə, bu gün dəqiq demək olar ki, Ağdam yeddiillik musiqi məktəbinin yaranması 1934-1935-ci ilə, musiqi texnikumunun -"uçilişanın "yaranması isə 1958-cı ilə təsadüf edir.

 

İkinci məqam isə texnikumun köçürülməsi ilə bağlı idi.

 

"Ötən əsrin səksəninci illərində Üzeyir bəy Hacıbəyovun yüzilliyi ərəfəsində Ağdam Musiqi Texnikumu ilə bağlı Mərkəzi Komitəyə təklif daxil olur. İnzibati binası müasir tələblərə cavab vermədiyindən texnikumun Ağcabədi şəhərinə köçürülməsi təklif olunurdu" - bu sözləri bizimlə söhbətində səksəninci illərdə Ağdam RPK-nın birinci katibi işləmiş Sadıq Murtuzayev dedi: "O illərdə Ağdam Qarabağın iqtisadi mərkəzinə çevrilmişdi. Bütün qonşu rayonlar, xüsusən Ağcabədi, Bərdə, Tərtər Dağlıq Qarabağdan bazarlığa, alış-veriş üçün məhz bu şəhərə gələr, bazardan hər növ, hətta "defisit" malı belə alıb gedərdilər. Hamımız yaxşı bilirik ki, Ağdam həm Qarabağın mədəniyyət mərkəzidir. Necə ola bilərdi ki, bu mədəniyyət mərkəzində olan bir ocaq başqa bir rayona köçürülsün... Bu faktla heç cür razılaşmaq olmazdı. Bir ayaqları Ağdamda olan ziyalılarımız Xudu Məmmədov, Famil Mehdi Şahmar Əkbərzadə təklifimə ciddi şəkildə dəstək verdilər. Bəstəkarın yüzilliyi ərəfəsində mərkəzi komitəyə texnikum üçün yeni inzibati binanın layihəsinin hazır olması tikintiyə başlamağımız barədə məlumat verdik. Bununla da söhbət bağlandı".

 

Məlumatı alan S. Murtuzayev səhəri günü rayonun bütün tikinti təşkilatlarının rəhbərlərini bir yerə yığaraq məsələni onlara danışır, ciddi bir məsuliyyətli işin öhdəsindən layiqincə gəlməli olduqlarını dilə gətirir. Görüşdə rayonun baş memarı Naiq Səmədov da iştirak edirdi. Naiq Səmədovun dediklərindən: "Sadıq müəllim bütün iştirakçılar qarşısında bir tələb qoydu: "Az müddət ərzində layihə hazır olmalı hər mərtəbənin tikintisini rayonun daxili imkanları hesabına bir tikinti müəssisəsi yerinə yetirməlidir".

 

Tez bir zamanda beşmərtəbəli binanın layihəsini hazırlayıb ilkin formada katibə təqdim etdim. Torpaq sahəsində ölçmələr apardım. Fəaliyyətdə olan binaya perpendikulyar istiqamətdə olan bir ərazidə tikintiyə start verdik. Heç üç ay çəkmədi ki, binanın "qara işləri"ni başa çatdıra bildik.

 

Naiq Səmədovun sözlərinə görə, bütün tikinti müəssisələri verdikləri sözə layiqincə əməl etdilər.

 

Təxminən iki il ərzində binada əsaslı tikinti işləri başa çatdırıldı 1989-1990-cı illərdə, regionda siyasi proseslərin gərginləşdiyi bir vaxtda, istifadəyə verildi.

 

Qayıdaq texnikumun yaranmasına.

 

Texnikumun yaranması və formalaşmasında Əlipaşa Daşdəmirovun xüsusi xidmətləri vardır.

 

Əlipaşa Museyib oğlu Daşdəmirov Ağdam Musiqi Texnikumunun yaradıcısı və ilk direktoru olmuşdu. Bundan əvvəl isə Ağdamda yeddiillik musiqi məktəbinə xeyli müddət rəhbərlik edən Ə.Daşdəmirovun qurucu bir insan olduğu deyilir. Əslən Qarabağdan olan Ə.Daşdəmirov 1963-cü ilədək texnikuma rəhbərlik edib. Bundan əvvəl isə onun Şuşada fəaliyyət göstərən musiqi məktəbinə də rəhbərlik etdiyi deyilir. Ağdamdan sonra xeyli müddət Sumqayıt Musiqi Texnukumuna rəhbərlik edən Ə.Daşdəmirovun sonuncu yeri isə 20 saylı İncəsənət Gimnaziyasında tədris işləri üzrə direktor müavini vəzifəsi olub. Paralel olaraq gimnaziyanın həmkarlar təşkilatına rəhbərlik edib.

 

Ə.Daşdəmirov gözəl xanəndə və tar ifaçısı kimi də tanınırdı. Onun 1939-cu ildə Filarmoniyanın səhnəsində konsert verdiyi deyilir. Türkiyədə yaşayan övladları Murad və Əminənın yanına köçən Ə.Daşdəmirov 96 yaşında vəfat edib.

 

Bakı və Gəncədən sonra Ağdamda musiqi texnikumunun yaradılmasında məqsəd musiqi beşiyimizdə formalaşan mədəni mühitə təsir etmək, bu regiondakı istedadlı gəncləri üzə çıxarmaqla, onlara musiqi təhsili vermək idi.

 

Əlipaşa Daşdəmirovun ilk addımı texnikumun inzibati binası ilə bağlı oldu. Bundan əvvəl o illərdə beynəlmiləl-rus məktəbi yeni binaya köçürüldüyündən onun üçmərtəbəli binası texnikumun sərəncamına verildi. Binanın vaxtiylə bəyə məxsus olduğu deyilir. Mülk sahibi haqqında, təəssüf ki, məlumat əldə edə bilmədik.

 

Bina kürsülü və ikimərtəbəli idi. Yarımzirzəmi olan birinci mərtəbəsində texnikumun ehtiyat avadanlıqları yerləşdirilmişdi. Bu hissəni texnikumun anbarı  da hesab etmək olardı. Binanın künc tərəfində isə çayxana fəaliyyət göstərirdi. On pilləkən qalxmaqla ikinci mərtəbəyə daxil olurdun. Ortada direktor, müəllimlər otağı və kitabxana gəlirdi. Hər mərtəbədə səkkizə yaxın böyük və artırmadan kəsilmə bir neçə otaq var idi. Əlipaşa Daşdəmirovun özüdə texnikumda yaşayırdı. Əvvəllər texnikuma giriş "voyenkomat" tərəfdən idi. Təxminən "armud ağacı" istiqamətindən başlanan aralıq üzü texnikumun həyətinədək gedirdi. Yetmişinci illərdə texnikuma giriş dəyişdirilərək Lenin prospekti tərəfə keçirildi. Şahidlərin söylədiyinə görə, ilk tələbə heyətini Əlipaşa müəllimin özü kəndbəkənd gəzərək ətraf rayonlardan yığıb seçmişdi. İlk buraxılışda respublikanın on beş rayonundan yüzdən artıq gənc təhsil alırdı. İlk qəbul olunan tələbələr sırasında Fərhad Paşayev, Şəhla Poladova, Davud Ələkbərov, Elmira Muradova, Yadigar Əliyev, Qəşəm Abdullayev, Nayibə Rəcəbova, Mustafa İsmayılov, Sabir Ağamirzəzadə öz istedadları ilə seçilirdilər. Fəaliyyətə başlayarkən texnikumda vokal, nəfəsli çalğı alətlər, fortepiano, xanəndəlik və xor- dirijorluq şöbələri fəaliyyət göstərirdi. Texnikumun ilk məzunlarından olan Fərhad Paşayevin söylədiyinə görə, o, xalq çalğı alətləri şöbəsində oxumaqla yanaşı, həm də Bahadur Mehrəliyevin muğamat sinfində ifaçıları tarda müşayiət edirmiş.

 

(Ardı var)

Vüqar Tofiqli

525-ci qəzet.- 2015.- 3 fevral.- S.6.