Xarici siyasət: Azərbaycan
nümunəsinin bir sıra məqamları
Müasir
şəraitdə dövlətlərarası
münasibətlər mürəkkəb
xarakter daşıyır.
Müxtəlif regionlarda özünü
göstərən münaqişələr
bütövlükdə ziddiyyətli
mənzərə yaradır.
Belə bir şəraitdə uğurlu
xarici siyasət aparmaq olduqca çətin məsələdir.
Lakin Azərbaycan rəhbərliyi bunun öhdəsindən böyük
uğurla gəlir.
2014-cü ildə bu istiqamətdə müşahidə
edilən proseslər həmin fikrin doğruluğunu tam təsdiqləyir.
Onların hətta bir qisminin belə
qısa təhlili Bakının son dərəcə
təmkinli strateji mövqe tutduğunu göstərir. Azərbaycanın
xarici siyasətini bütün region üçün
nümunə kimi qəbul etmək olar. Əslində, real proseslərin məntiqi bu qənaətin doğruluğunu sübut edir.
Mürəkkəb vəziyyət: geosiyasətin
ziddiyyətləri
2014-cü
ildə dünyanın
geosiyasi mənzərəsi
mürəkkəbliyi ilə
seçildi. Bir sıra ölkələr arasında münasibətlərdə
gərginlik müşahidə
edildi. Şərqi Avropada yeni münaqişə
ocağı meydana gəldi. İndi də Ukrayna ətrafında vəziyyət
qeyri-müəyyəndir. Burada
hərbi əməliyyatlar
şiddətlənib və
tərəflərin bir-birinə
güzəştə getmək
fikrində olmadığı
hiss edilir. Yaxın Şərqdə isə
İŞİD terroru davam
edir. Mütəxəssislər
bu hadisənin bir çox regionlara təsir edə biləcəyindən
ehtiyatlanırlar. ABŞ hərbi
komandanlığının yaydığı informasiyaya
əsasən, İŞİD-in komandir heyətinin 50 faizi məhv edilsə də, bu təşkilat böyük təhlükə
olaraq qalır. Hətta ona qarşı İran-ABŞ
koalisiyasının yarana
biləcəyi də vurğulanır.
Nəhayət, 2014-cü ilin sonlarında
neftin qiymətinin sürətlə aşağı
düşməsi faktiki
olaraq vəziyyəti dəyişdi. Bir sıra ölkələr böhrana düşdü,
neft idxal edənlər isə qazanmağa başladılar.
Bu isə qlobal miqyasda indiyə qədər mövcud olmuş balansın pozulmasına səbəb olur.
Bu cür şərtlər daxilində uğurlu xarici siyasət həyata keçirmək böyük ustalıq tələb edir. Azərbaycan buna nail olub. Rəsmi Bakı 2014-cü ildə bir çox istiqamətlərdə yaddaqalan
addımlar atıb. Bunu hər kəs
etiraf edir. Əslində, əldə
olunan konkret nəticələr təsdiqləyir
ki, Azərbaycanın xarici siyasəti kifayət qədər çevik və səmərəli prinsiplər
əsasında qurulub.
Bu aspektdə bir sıra məqamlar üzərində geniş
dayanmaq olar.
Hər şeydən əvvəl onu vurğulayaq ki, ölkə diplomatiyası Azərbaycanın
beynəlxalq aləmdə
mövqeyinin möhkəmlənməsi
üçün xeyli
fəallıq göstərib,
o cümlədən beynəlxalq
təşkilatlarla əməkdaşlığını
daha da genişləndirib.
İntensiv cərəyan
edən bu prosesdə iki səviyyəni ayrıca qeyd etməyə ehtiyac görürük: birincisi, ikitərəfli və üçtərəfli
əlaqələrin inkişaf
etdirilməsi; ikincisi,
müxtəlif təşkilatların
tərkibində fəaliyyətin
gücləndirilməsi.
Xarici siyasətdə bu cür aktivlik müasir dövrün tələbidir. Çünki
indi dünya üzrə qarşılıqlı
əlaqələr o dərəcədə
dərinləşib və
inkişaf edib ki, yaranmış vəziyyətdə yalnız
çoxvektorlu siyasət
yeritməklə uğur
qazanmaq mümkündür.
Sevindiricidir ki, Azərbaycan diplomatiyası
məhz bu metodla işləyir və böyük nailiyyətlər əldə
edir. Bir neçə misal göstərə bilərik.
Keçən il Prezident İlham Əliyev İran və Rusiyaya səfər edib. Türkiyə və Gürcüstan Prezidentləri
də Azərbaycana gəliblər. Bunlar adi səfərlər deyildi. Ölkə başçısı İlham
Əliyev olduqca səmərəli və aktiv fəaliyyəti ilə hər xarici səfərində milli dövlətçilik
üçün böyük
əhəmiyyətli razılaşmalara
nail olur.
Azərbaycana gələn xarici
ölkə başçıları
ilə də yüksək səviyyədə
danışıqlar aparılır
ki, bunun da bəhrəsini hər bir kəs
görür. Eyni zamanda, 2014-cü ildə hökumət başçıları
və nazirlər səviyyəsində də
maraqlı görüşlər
olub. Məsələn,
20 ölkənin xarici
işlər nazirləri
Azərbaycana səfər
ediblər. Onların sırasında Niderland, İspaniya, İsrail, Rusiya, Avstriya və Almaniya kimi dövlətlərin
XİN rəhbərləri də vardır. Bu cür təmaslarda ölkələr arasında
ikitərəfli əməkdaşlığın
yeni səviyyəyə
qalxması üçün
əlavə fürsətlər
yaranır. Təsadüfi
deyil ki, məhz 2014-cü ildə Azərbaycanda Kolumbiya, Malayziya, İsveç, Meksika, Xorvatiya, İspaniya və Estoniya səfirliklərinin
ofisləri açılıb.
Prezident ölkəmizin
Əlcəzairdə səfirliyinin
açılması haqqında
sərəncam imzalayıb.
Bakıda Sloveniya və Makedoniyanın fəxri konsulluqları fəaliyyətə başlayıb.
Bu proseslərin fonunda Azərbaycan Prezidentinin bir təşəbbüsü
bütövlükdə müasir
diplomatiya üçün
nümunə ola bilər. Biz, üçtərəfli
əməkdaşlıq formatının
tətbiq olunmasını
nəzərdə tuturuq.
2014-cü ilin mayında
Türkiyə, Gürcüstan
və Azərbaycan dövlət başçıları
Tbilisidə görüş
keçirdilər. Bununla
bağlı ölkə
rəhbəri İlham
Əliyevin dediyi fikirlər olduqca maraqlıdır və məsələnin aktuallığını
tam olaraq göstərir:
''Hazırda bu üçtərəfli format nəinki
regionda, hətta dünya miqyasında belə böyük maraq doğurur. Bu, əslində, nadir bir formatdır. Çünki
burada üç müstəqil dövlət
artıq bərabərhüquqlu
münasibətlər – qarşılıqlı
maraq və bir-birinə hörmət əsasında müasir, mədəni, xalqlarımızın
maraqlarına cavab verən münasibətlər
qurmuşdur. Hesab edirəm ki, bu təcrübə başqa ölkələr
üçün də
cəlbedici ola bilər''.
Üçtərəfli əməkdaşlıq
formatı və beynəlxalq dəstək:
ağır zəhmətin
bəhrəsi
Həmin
kontekstdə üçtərəfli
əməkdaşlığın üstünlüyünü göstərən
iki faktora diqqət yetirmək olar. Birincisi ondan ibarətdir ki, regional miqyasda səmərəli əlaqələr
qurmağın yeni imkanları meydana gəlir. Buraya Azərbaycan-İran-Türkiyə
və Azərbaycan-Türkiyə-Türkmənistan əməkdaşlıq
formatını da əlavə etmək gərəkdir.
Coğrafi olaraq bu, geniş bir ərazidə inteqrasiya proseslərinə
güclü təkan vermək deməkdir. Buradan ikinci faktorla
bağlı fikir söyləməyə ehtiyac duyulur.
Bu,
faydalı təhlükəsizlik sisteminin formalaşdırılması
şansının meydana gəlməsidir. Məlumdur ki, təhlükəsizlik
hazırda son dərəcədə aktual bir problemdir.
Dünyanın heç bir regionu təhdidlərdən,
sabitliyi pozan proseslərdən sığortalanmayıb. Ona
görə də perspektivli təhlükəsizlik mexanizminin
axtarışı ciddi problemdir. Hesab edirik ki, Azərbaycanın
təklif etdiyi ikitərəfli və üçtərəfli
əməkdaşlıq formatı bu baxımdan olduqca
maraqlı görünür. Çünki burada faktiki olaraq
iqtisadi, sosial, enerji, hərbi və siyasi sahələrin
bir-birinə uyğun şəkildə inkişaf etdirilməsi,
həmin əsasda əməkdaşlığın genişlənməsi
nəzərdə tutulur. Hazırda bu istiqamətlərdə
Azərbaycan, Gürcüstan və Türkiyə arasında
ciddi əlaqələrin mövcud olduğunu deyə bilərik.
Bunun nəticəsidir ki, Cənubi Qafqazda sabitliyi qorumaq
mümkün olur.
Bu məqamda
Azərbaycan xarici siyasəti üçün də
böyük əhəmiyyəti olan bir faktı vurğulamaq gərəkdir.
Ermənistan Azərbaycanın təklif etdiyi əməkdaşlıq
formatlarında yoxdur. Bu, kimisə süni surətdə təcrid
etmək yox, qonşu dövlətin torpaqlarını
işğal etmiş təcavüzkarı sülhə dəvət
etmək deməkdir. İrəvan zəbt etdiyi Azərbaycan ərazisindən
qoşunlarını çıxarsa, onun üçün də
regional əməkdaşlıq formatlarında iştirak etmək
imkanları yaranacaq. Deməli, ermənilərin üçtərəfli
əlaqələrə cəlb edilməməsi şüurlu və
məqsədyönlü şəraitdə, regionun sabitliyi
naminə baş verir. Bütün bunlara görə, Prezident
İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın
təklif etdiyi əməkdaşlıq formatları ümumən
dünya üçün cəlbedici ola bilər.
Niyə hələ
də savaşın davam etdiyi Ukrayna və terrorun hər
gün can aldığı Yaxın Şərq həmin
yanaşmadan istifadə etməsin? Əgər Kiyev
qonşuları ilə üçtərəfli formatda
münasibət qura bilərsə, müharibənin
dayanması asan olar. Yaxud Yaxın Şərqdə ölkələr
bu cür əlaqələr vasitəsi ilə İŞİD-ə
qarşı səmərəli mübarizə apara bilərlər.
Azərbaycan
isə öz təşəbbüskarlığı və fəallığı
ilə beynəlxalq miqyasda Ermənistanın təcavüzkarlığının
qınanması, Dağlıq Qarabağ məsələsinin ədalətli
həlli istiqamətində uğurlar əldə edib. Onlardan
sadəcə bir neçəsini sadalamaq istərdik. İslam
Əməkdaşlıq Təşkilatının Xarici
İşlər Nazirləri Şurasının sessiyasında
qəbul edilən qətnamələrdən biri ''Ermənistan
Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü
nəticəsində işğal olunmuş Azərbaycan
torpaqlarında İslam dininə aid tarixi və mədəni
irsin və ibadət ocaqlarının dağıdılması
və təhqir olunması'' adlanır. Burada mədəni
obyektlərə qarşı ermənilərin vəhşiliklər
törətməsinin ayrıca vurğulanması ciddi hadisədir.
Çünki Ermənistan dünyaya car çəkir ki, onun mədəniyyətini
azərbaycanlılar dağıdırlar. Reallıq isə,
yuxarıda qeyd edilən qətnamədən
göründüyü kimi, tamamilə başqa cürdür.
Həmin təşkilatın yekun Ciddə bəyannaməsində
isə Dağlıq Qarabağ məsələsində
Bakının tutduğu mövqe tamamilə müdafiə
olunub.
Bundan
başqa, NATO-nun Uels sammitində Azərbaycanın ərazi
bütövlüyü dəstəklənib, Ərəb
Dövlətləri Liqası buna uyğun sənəd qəbul
edib. Bunların fonunda Azərbaycanın keçən il Avropa
Şurası Nazirlər Komitəsinə sədrlik etməsi
kifayət qədər cəlbedici görünür.
Bütövlükdə AŞPA-da ölkə nümayəndələrinin
fəallığı ayrıca qeyd edilməlidir. Dövlət
başçısı İlham Əliyev AŞPA-da keçən
ilki çıxışında vurğulayıb ki, ''Əlbəttə,
bilirdik ki, Avropa Şurasına qoşulmağımız həmçinin
öhdəlikləri nəzərdə tutacaqdır. Biz isə
bunlara hazır idik. Bu günə qədər biz öhdəlikləri
yerinə yetiririk. 60-a yaxın konvensiyaya qoşulmuşuq.
Qanunvericiliyimizi təkmilləşdirmişik. Bu gün həyata
keçirdiyimiz islahatlar cəmiyyətimizdə çox
müsbət mühit yaradır''.
Şübhəsiz,
ölkə rəhbərinin Avropa dövlətlərinə,
onların başçılarının isə Azərbaycana
çoxsaylı səfərlər etməsi də əhəmiyyətlidir.
Bu cür əlaqələr indi çox geniş sahələri
əhatə edir ki, onlar haqqında da KİV kifayət qədər
məlumat yayıb.
Başqa
misallar da göstərə bilərik. Onların
sırasında dünya əhəmiyyətli ''Cənub qaz dəhlizi''nin
təməlqoyma mərasiminin 2014-cü ildə keçirilməsini
xüsusi qeyd etmək istərdik. Çünki bu layihə
enerji təhlükəsizliyinin təmini məsələsində
irəliyə doğru atılmış ciddi bir
addımdır.
Təbii
ki, bir yazıda xarici siyasət sahəsində həyata
keçirilən bütün işləri əhatə etmək
mümkün deyil. Ancaq yuxarıda vurğulanan bir sıra məqamlar
da göstərir ki, 2014-cü ildə Azərbaycan xarici siyasətdə
dövlətçilik üçün böyük əhəmiyyəti
olan uğurlar əldə edib. Bunun memarı isə Prezident
İlham Əliyevdir. Heç bir şübhə yoxdur ki,
2015-ci il də həmin istiqamətlərdə yeni
uğurların əldə edilməsi ilə yadda qalacaq.
Newstime.az
Leyla Məmmədəliyeva
525-ci qəzet.-
2015.- 3 fevral.- S.5.