Azərbaycanda gənclər siyasəti:
parlaq ideyalar, məqsədyönlü addımlar
Gənclər sahəsində dövlət siyasətinin
hazırlanması və həyata keçirilməsində əsas
işlər Gənclər və İdman Nazirliyinin üzərinə
düşür. Gənclər, bədən tərbiyəsi
və idman siyasətini tənzimləyən hüquqi
bazanın təkmilləşdirilməsi məqsədi ilə
Nazirlik proqramların hazırlanmasını həyata
keçirir.
Prezident
İlham Əliyev artıq "2015-2025-ci illərdə Azərbaycan
gənclərinin İnkişaf Strategiyası"nın təsdiq edilməsi haqqında sərəncam
imzalayıb. Sərəncama əsasən, Gənclər
və İdman Nazirliyinə (GİN) Strategiyadan irəli gələn
vəzifələrin yerinə yetirilməsi istiqamətində
əlaqələndirməni təmin etmək
tapşırılıb. Həmçinin
"Azərbaycan Respublikasında bədən tərbiyəsi
və idmanın inkişafı üzrə 2014-2020-ci illər
üçün Milli Strategiya"nın
layihəsi hazırlanıb. Geniş miqyasda idman
tədbirlərinin təşkili ilə yanaşı gənclərin
vətənpərvərlik tərbiyəsi, onların asudə
vaxtlarının səmərəli təşkili istiqamətində
müxtəlif layihələr həyata keçirilir.
Ölkədə 300-ə qədər gənclər təşkilatı
fəaliyyət göstərir ki, onların da əksəriyyəti
GİN ilə bir çox qarşılıqlı layihələr
icra edir. Nazirlik müntəzəm olaraq gənclər təşkilatlarının
layihələrinin maliyyələşdirmək
üçün müsabiqələr elan edir və çox sayda
gənclər təşkilatının layihəsi Nazirliyin
maliyyə dəstəyi ilə həyata keçirilir.
Ötən il ərzində gənclər
təşkilatlarının 110 layihəsinin müaliyyələşdirilməsi
üçün GİN tərəfindən 2 milyon manatdan
artıq vəsait verilib. Həmçinin
Gənclər və İdman Nazirliyinin birbaşa təşkilatçılığı
ilə il ərzində bir neçə
mühüm layihələr həyata keçirilib. Belə
layihələrdən biri də respublikamızın müxtəlif bölgələrində
Nazirlik tərəfindən təşkil olunan "Azərbaycan
- doğma diyarım" - gənclər üçün vətənpərvərlik
yay istirahət düşərgələridir. Göygöl,
Qax,Xaçmaz, Quba, Lənkəran
rayonlarında təşkil edilmiş düşərgələrdə,
demək olar ki, bütün rayonlarımızı təmsil edən
gənclər iştirak edirlər. 1700 nəfərə qədər
gəncin iştirak etdiyi düşərgələr ölkəmizin
müxtəlif
bölgələrini gənclərin
tanımasın, müxtəlif
regionlardan olan gənclər arasında əlaqələrin
formalaşmasına və gənclərin vətənpərvərlik
ruhunda tərbiyəsinə müsbət təsir edir. Nazirlik elektron hökumət proqramı çərçivəsində
vətəndaşların və Gənclər Təşkilatlarının
fəaliyyətini stimullaşdırmaq, çevikliyi
artırmaq məqsədilə bir sıra prosesləri onlayn
formada həyata keçirir. Gənclər və İdman
Nazirliyi aşağıdakı sahələr üzrə
elektron xidmətlər təklif edir: Gənclər və
İdman Nazirliyi tərəfindən təşkil edilən
Beynəlxalq və Respublika səviyyəli tədbirlərdə
iştirak etmək üçün müraciətin və sənədlərin;
idman təsnifatına uyğun olaraq idman sahəsində fəxri
adların alınması üçün müraciətin və
sənədlərin; gənclər təşkilatlarının
layihələrinin maliyyələşdirilməsi ilə
bağlı qrant müsabiqəsində iştirak
üşün müraciətin və sənədlərin; gənclərin
beynəlxalq tədbirlərdə iştirakı
üçün müraciətin və sənədlərin;
idman mərc oyunlarının həyata keçirilməsi məqsədi
ilə hüquqi şəxsin akkreditasiya olunması
üçün müraciətin və sənədlərin;
yarış məqsədi ilə idman nəqliyyat vasitələrinin
dövlət qeydiyyatına alınması üçün
müraciətin və sənədlərin qəbulunun həyata
keçirilməsi.
Yola saldığımız ildə
idmançılarımız beynəlxalq səviyyəli
turnirlərdə qazandıqları möhtəşəm qələbələrlə
xalqımızı sevindirdilər. İl ərzində müxtəlif beynəlxalq yarışlarda
idmançılarımız 275-i qızıl olmaqla 805 medal
qazanılıb. 2014-cü
ildə Çində 204 ölkənin nümayəndələrinin
iştirakı ilə keçirilən yeniyetmələrin II
Yay Olimpiya Oyunlarında gənc idmançılarımız 12
medal qazandılar və ölkəmiz medal qazanmış 86
ölkə arasında 10-cu oldu. Prezident İlham Əliyev 2014-cü
ilin idman sahəsində görülmüş işlərin
yekunları ilə bağlı keçirilən mərasimdə
idmançılarımızın naliyyətlərini yüksək
qiymətləndirdi: "Gənc
idmançılarımızın uğurları tarixi nailiyyətdir.
Əminəm ki, onlar böyüdükcə bu
uğurları təkrarlayacaqlar. Gənc,
peşəkar idmançılar bizim fəxrimizdir. Onlar Azərbaycanı dünyada ləyaqətlə təmsil
edirlər. Azərbaycan idman dövləti
kimi artıq özünü təsdiq edib. Bunu beynəlxalq idman qurumları da qeyd edirlər".
Qeyd etmək
lazımdır ki, ötən il ərzində
bir neçə nüfuzlu beynəlxalq idman tədbirinə Azərbaycan
ev sahibliyi edib. Bədii gimnastika üzrə 30-cu
Avropa çempionatı, kompüter oyunları üzrə
6-cı dünya çempionatı ölkəmizdə
keçirilib.
Hazırda ölkədə 30-dan artıq "Gənclər
evi" fəaliyyət göstərir. Hazırda bu
strukturların tikintisinin davam etdirilməsi nəzərdə
tutulur. Qeyd etmək lazımdır ki,
"Gənclər evi" kimi mərkəzlərin regionlarda
da fəaliyyətə başlaması gənclərin asudə
vaxtlarının səmərəli təşkilində, gənclər
arasında müxtəlif mövzularda fikir mübadiləsinin
təşkilində, onların sosiallaşmasında müsbət
təsirə malikdir. Mərkəzə nisbətən
inkişaf və sosial aktivlik proqramlarının kifayət qədər
olmadığı region mühitində gənclər
üçün belə mərkəzlərin yaradılması
onlara göstərilən diqqətin nümunəsidir. Həmçinin
ötən il ərzində çox sayda
digər iri miqyası layihələr
reallaşdırılıb. Bunlardan
Göygöl Olimpiya İdman Kompleksinin, Bakıda Milli Gimnastika
Arenasının, Respublika İdman Tibb, Diaqnostika və
Reabilitasiya İnstitutunun açılışlarını
göstərmək olar.
Gənclər sahəsində dövlət siyasətinin
həyata keçirilməsində Azərbaycan
Respublikasının Prezidenti yanında Gənclər Fondunun da
rolu böyükdür. Fond gənclər təşkilatlarının
layihələrinin maliyyələşdirilməsini, gənclərin
beynəlxalq tədbirlərdə iştirakı
üçün qrantların verilməsini, həmçinin gənclərin
fərdi layihələrinin maliyyələşdirilməsini həyata
keçirir. Fond
yarandığı dövrdən indiyə qədər 6 dəfə
qrant müsabiqəsi keçirib və nəticədə 598
yerli, 70 beynəlxalq və 1197 fərdi layihə maliyyələşdirilib.
Gənclər Təşkilatlarının və fərdi layihələrin
maliyyələşdirilməsi ilə yanaşı Gənclər
Fondu müxtəlif
tədbirlər də keçirib. Fondun
xarici layihələri də maliyyələşdirilməsi
ölkəmizin beynəlxalq nüfuzunun artmasına xidmət
edir. Ümumiyyətlə Gənclər Fondunun
yaradılması gənclər sektorunun inkişafına
böyük töhfə verdi.
Sözsüz
ki, 2015-ci il üçün ən
mühüm hadisələrdən biri Birinci Avropa
Oyunlarının Bakıda keçirilməsi olacaq. Belə böyük bir idman tədbirinin ölkəmizdə
keçirilməsi Azərbaycanın beynəlxalq səviyyədə
yüksək nüfuza malik olduğunu sübut edir.
Avroviziya ərəfəsində olduğu kimi bu mötəbər
tədbir ərəfəsində də bir sıra beynəlxalq
təşkilat və onların ölkəmizdəki "əlaltı"ları
Azərbaycan əleyhinə qarayaxma kampaniyasına başlasalar
da, istəklərinə çata bilmədilər. Ölkəmizdə belə böyük, beynəlxalq
miqyaslı tədbirlərin keçirilməsi
görünür hansısa dairələrdə narahatlıq
yaradır.
Belə kampaniyalara baxmayaraq Azərbaycan Avropa
Oyunlarına ciddi hazırlaşır. İdmançılar
üçün yaşayış yerləri,
yarışların keçiriləcəyi arenalar,
Bakının nəqliyyat sistemi və.s xüsusi proqram əsasında
hazırlanır. Oyunların təşkilatçılıq
işləri yüksək səviyyədə həyata
keçirilir. Böyük əksəriyyəti
yerli mütəxəssislər olmaqla 940 nəfərdən
ibarət Əməliyyat Komitəsi formalaşdırılıb.
Birinci Avropa Oyunlarında 20 idman növü (Su idmanı, Kamandan Oxatma, Atletika, Badminton,
Basketbol 3x3, Çimərlik futbolu, Boks, Avarçəkmə,
Velosiped idmanı, Qılıncoynatma, Gimnastika, Cüdo, Karate,
Sambo, Atıcılıq, Stolüstü tennis, Taekvondo, Triatlon,
Voleybol, Güləş) üzrə yarışlar
keçiriləcək. Bunlardan 16-sı olimpiya
idman növüdür.
Avropa Oyunları zamanı Albaniya, Andorra, Avstriya,
Belçika, Xorvatiya, Danimarka, Fransa, Böyük Britaniya,
İslandiya, İtaliya, Lixtenşteyn, Makedoniya, Monako,
Norveç, Rumıniya, Serbiya, İspaniya, Türkiyə,
Bosniya və Hersoqovina, Kipr, Estoniya, Gürcüstan,
Yunanıstan, İrlandiya, Kosovo, Litva, Malta, Monteneqro, Polşa,
Rusiya, Slovakiya, İsveç, Ukrayna, Ermənistan, Belarus,
Bolqarıstan, Çexiya, Finlandiya, Almaniya, Macarıstan,
İsrail, Latviya, Lüksemburq, Moldova, Niderland, Portuqaliya, San
Marino, Sloveniya və İsveçrədən 6000-dən
çox idmançı ölkəmizə gələcək.
Avropa Oyunları ilə bağlı müxtəlif idman
qurğularının tikintisi həyata keçirilir. Bunlardan biri də
65 min nəfər tamaşaçı tutumuna malik Milli Stadionun
tikintisidir. Avropa Oyunlarının
açılış və bağlanış mərasimlərinin
də keçiriləcəyi Milli Stadionun ərazisində
yaşıllıq parkları və avtoparklar da olan, atletlər
üçün nəzərdə tutulmuş təlim-məşq
yerləri mövcuddur. 6000-dən artıq
idmançının yerləşməsi üçün nəzərdə
tutulan Atletlər Kəndində iştirakçılar
üçün optimal şərait yaradılıb. Avropa Oyunları üçün nəzərdə
tutulmuş möhtəşəm idman komplekslərindən
biri də Milli Gimnastika Arenasıdır. 6 min 800 nəfərlik
tamaşaçı tutumuna Milli Gimnastika Arenası gimnastika
yarışlarının keçirilməsi
üçün nəzərdə tutulub. Həyata
keçirilən genişmiqyaslı infrastruktur layihələri
Azərbaycanın Avropa Oyunlarını yüksək səviyyədə
təşkil edəcəyindən xəbər verir. Bütün bu layihələr ölkəmizdə gənclər
və idman sektoruna dövlətin diqqətinin nəticəsidir.
Bu sahədə həyata keçirilən
dövlət proqramlarının nəticəsi olaraq artıq
ölkəmiz dünyada nümunə kimi göstərilir.
Azərbaycan
Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan
Partiyası sədrinin müavini Əli Əhmədov YAP Gənclər
Birliyinin 2 fevral Gənclər günü ilə bağlı
keçirdiyi tədbirdə vurğuladığı kimi, ulu
öndər Heydər Əliyev tərəfindən əsası
qoyulmuş dövlət siyasəti prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir və bu siyasətin tərkib hissəsi
olaraq, ölkədə gəncliyin inkişafı
üçün hər cür şərait yaradılıb:
"Hər bir ölkənin malik olduğu resurslar var. Azərbaycanın
çoxsaylı resurslarından biri də ölkəmizin gəncləridir.
Azərbaycan əhalisinin tərkibində gənclər
yüksək çəkiyə malikdir. Bu,
bizim resursumuzun ən dəyərli cəhətlərindən
biridir. Deməli, bizim gələcəyimiz
daha parlaqdır".
Emin HƏSƏNLİ
525-ci qəzet.- 2015.- 3 fevral.- S.2.