Səsin, sözün
sənətkarı
TANINMIŞ RADİO JURNALİSTİ, DƏYƏRLİ PUBLİSİST İNTİQAM MEHDİZADƏNİN FEVRALIN 14-DƏ 70 YAŞI TAMAM OLACAQ
İntiqam Mehdizadəni 1991-ci ildən
universitetdə oxuduğum
vaxtlardan tanıyıram.
Tələbəlik illərində
radionun "Gənclik"
redaksiyasının verilişlərinə
böyük həvəslə
ara-sıra kiçik həcmli süjetlər hazırlayırdım. Radioya
hər gəlişimdə
yeni-yeni simaları tanıyırdım və
hiss edirdim ki, o mühitdə öyrənəcəyim
şeylər həyat
yoluma işıq sala, taleyimin açarı ola bilər. Beləcə, radioya könül verdim və burada özümə sənətdə əsl müəllimlərimi qazandım.
O müəllimlərdən biri də "Gənclik" redaksiyasının
baş redaktoru, adı hörmətlə çəkilən jurnalist,
"Qızıl Qələm",
"Həsən bəy
Zərdabi" adına
media mükafatları laureatı
İntiqam Mehdizadə
idi.
Jurnalistika aləmində onun
nəsihətlərini dinləmək,
mövzunu necə seçdiyini, sözü müsahibinin boyuna necə biçdiyini öyrənmək həvəsindəydim.
İlk illər radioda ştatdankənar müxbir
kimi çalışırdım.
İntiqam müəllim
təkcə "Gənclik"
redaksiyasının rəhbəri
deyil, həm də tanıdığı
gənclərə böyük
qardaş idi. Ona hər dəfə
redaktə üçün
veriliş verəndə
ürəyim düşərdi
ki, birdən süjetimi bəyənməz
və mənə redaksiyaya gəlməyi qadağan edər. Halbuki sonrakı illərdə də şahidi oldum ki, İntiqam Mehdizadə radioda çalışdığı 34 il ərzində heç kəsin qəlbinə toxunmayıb,
hətta qələmsiz
gənclərə də,
"gözün üstündə
qaşın var" deməyib. Son məqama kimi çalışıb
ki, qələmi özünə məslək
seçənləri, radio sənətinin
sirlərindən hali etsin.
Xırda
süjetlərdən sonra
günlərin birində
nəhayət mənə
də böyük veriliş hazırlamaq üçün efir vaxtı planlaşdırıldı.
Çoxdan intizarında
olduğum həmin gün hazır verilişi qorxa-qorxa baş redaktora təqdim elədim. Taleyimin həll olunacaq məqamı sandığım həmin
dəqiqələrdə bütün
nəzərlərim İntiqam
müəllimə dikilmişdi.
Jurnalistikada özümü
təsdiqləməkdən ötrü ustad nəfəsinin xeyir-duasına
ehtiyacım olduğu üçün bu anlarda mənə deyəcəyi hər kəlməsi önəmli
idi. Süjetlərim kimi, iri həcmli
ilk verilişimə də
xeyli zaman ayırdı. Digər redaktorlardan fərqli olaraq təkcə o redaktə zamanı mətni ucadan oxuyar və cümlənin yerində olmadığını müəllifə
əsaslandıraraq, düzəlişlər
aparardı. Bu dəfə
də diqqətlə oxuyub əyər-əskiyi
düzəltdi və baxışları dənizə
açılan pəncərədən
Xəzərə dikildi.
Mən isə səssiz dayanıb, son nöqtəsini gözləyirdim
ki, qəfil otağa çökən
sükutu pozaraq, atamın adını soruşdu. Soyadımın
üstündən xətt
çəkib imza yerinə Şəlalə
Məhyəddinqızı yazdı.
"Pis hazırlamamısan,
yaxşıdır, bilirsən
də səni kəndinizdə eşidəcəklər,
hamı deyəcək
ki, Məhyəddin kişinin qızı danışır. Qoy bu veriliş atanın ruhunu şad eləsin, çalış atana layiqli qız ol, adını həmişə uca tut. O zaman nakam atanın
ruhu rahat olar, unutma ki,
sən bu kişinin qızısan, imzanla özünü və sözünü sənətdə təsdiqlə...".
Gözlərimin önündə atamın
sürəti canlandı.
Mən ikinci sinfə gedəndə atam cavan yaşlarında
qəfil infaktdan dünyasını dəyişmişdi.
Ölümündən sonra
ilk dəfə, verilişim
efirə gedən günün gecəsi atam yuxuma girdi.
Gözlərində sevinc,
üzündə xoş
təbəssüm boynumu
qucaqladı, hamıdan
birinci məni təbrik elədi... Qızı danışacaq
deyə, radionu gecə-gündüz dinləyən
anamı da qəfildən eşitdiyi bu kəlmə yaman heyrətləndirmişdi.
Bir çoxları kimi "nə yaxşı bu ağlına gəldi, atana ikinci həyat
bəxş elədin,
ay bala?" demişdi.
Mənim yox, İntiqam Mehdizadənin ağlına gələn
bu imza üçün o gündən bu günə, düz 23
ildir ki, müəllimimə minnətdaram.
İntiqam
müəllim yüksək ali keyfiyyətləri ilə
seçilən ziyalıdır. O təmizliyi və nəcibliyi
ilə radioda hamıya nümunə olub. Sözü qədər
özü də halal, nəfsi tox insandır. "Bu gün
dünəndən başlayır" silsilə
yazılarından birində özü haqqında belə
danışır: "...radio öz pərəstişkarlarının
taleyinə ağlı-qaralı, əlvan naxışlar
vura-vura bir zaman məni də öz ağuşuna
almışdı və 1973-cü il martın 21-dən 2007-ci
ilin martın 1-nəcən ona xidmətdə bulundum. Düz 33
il on bir ay, on gün. İstəsəydim, daha 20 gün də
qalıb bu illərin sayını 34-ə çatdırardım,
yəqin ki, xahişimi qəbul da edərdilər. Amma mən
gördüm ki,... gənclik gəlir. Və mən onları ləngitmək,
qapı dalında saxlamaq istəmədim... Radioda
ötüşən jurnalist ömrüm boyu çox talelərə
baş vurdum, saysız-hesabsız insanlarla
görüşdüm, söz-könül mülklərindən
hali oldum. Radioefir məkanına
"Nağıllı-dastanlı axşamlar",
"Sorğular, cavablar", "Şəbəkə",
"Astana", "Qayğı", "Qız
qardaşım", "Yeni üfüqlər",
"Üçbucaq", "Sovqat", "Dan yeri",
"Vaxt", "Yol", "Dayaq",
"Axtarış", "Duyğu" kimi onlarla
veriliş, sonralar iri həcmli proqramlara çevrilmiş
yüzlərlə rubrikalar gətirdim. O verilişlərdə
ölkəmizin sayılıb-seçilən yüzlərlə
sənət, elm, siyasət, mədəniyyət xadiminin səsləri
qalmaqdadır. Bu illər ərzində dəfələrlə
müxtəlif mətbu orqanlarından, televiziyalardan işləmək
üçün dəvətlər alsam da, ana radiomuza "xəyanət"
eləmədim... Bu mənim taleyim idi, onu dəyişməyə
lüzum yox idi..."
İntiqam
müəllim Universitetin Jurnalistika fakültəsini bitirib...
Radioya gələndə isə incəsənət şöbəsini
seçib. Vaxtilə Azərbaycan Radiosunda məşhur
olmuş "Səslər muzeyi" verilişinə
1973-cü ildən 1991-ci ilə qədər yeni nəfəs
verib. Paralel olaraq 1974-cü ildən 1991-ci ilə kimi
"Bulaq" verilişini yazanlardan biri olub. "Səslər
muzeyi" verilişinin 14 sayında əksini tapan, Azərbaycan
incəsənətində, mədəniyyətində rolu
olmuş 100-ə yaxın sənətkarın səs
yazısı, 26 "Bulaq"ı, ümumilikdə 300-ə
yaxın verilişi bu gün nadir fond nümunələri
sırasındadır. Radioya 30 adda veriliş gətirib. Onun
yaradıcılığında təkrarçılıq
yoxdur və hər bir verilişi ayrı-ayrılıqda
orijinallığı ilə seçilir. Dili zəngin, qələmi
tutarlı, hadisəyə öz xüsusi baxışı
olan, mütərəqqi fikir sahibidir.
İntiqam
Mehdizadənin ürəyini qoyub getdiyi radiodakı misilsiz zəhməti
qələm dostlarını onun haqqında ürək dolusu
danışmağa vadar edir.
Professor
Abid Tahirli yazır: "...Mehdizadənin publisistikasını
səciyyələndirən üstün cəhətlərdən
birincisi onun səmimiyyətidir. O həm də kamil ədəbiyyatşünasdır.
O sözün vasitəsi ilə sevib seçdiyi qəhrəmanına
başqalarının qəlbində əbədi yuva qurur.
İfaçılıq sənətindən, musiqidən,
müğənnidən yazanda oxucuya nə qədər
emosional, duyğulu təsir bağışlayırsa, ədəbiyyatdan
bəhs edəndə ciddi ötkəmi və cəsarəti ilə
əsl tənqidçidən daha yaxşı təhlil
aparır".
Yaxın
dostu Ramiz Rövşənin fikrincə: "İntiqam
dostluğa sadiqdir və öz sifətini saxlayan adamdır... O
müsahiblərinin mahiyyətindəki yaxşı,
işıqlı məqamları açmağı bacarır.
Həmsöhbətinin içindəki işığa üz
tutur, qaranlığa yox...".
Filologiya
elmləri doktoru, professor Kamil Vəli Nərimanoğlu deyir:
"İstər xalq yaradıcılığını əhatə
eləyən "Bulaq" verilişində, istərsə də
mədəniyyətimizə həsr olunmuş müxtəlif səpgili
verilişlər və bunların əsasında
hazırlayıb üzə çıxartdığı
kitablar İntiqam Mehdizadənin adını Azərbaycan
jurnalistikasının və
folklorşünaslığının qızıl səhifələrinə
yazıb".
Publisist
Rafiq Səməndərin qənaətinə görə,
İntiqam Mehdizadə "...
yazıçılığı jurnalistikaya qurban verdi. O
jurnalistikaya yeni nəfəs verdiyi üçün burada idi.
Etolon sayıla biləcək, qeyri-adi formada yazmaq
bacarığı olan sənətkar idi..."
Həmkarı
Aybəniz Məmmədəliyeva deyir: "İntiqam müəllim
təkcə radiojurnalist deyildi, o həm də ideyalar müəllifi
idi və hər birimiz, ən əsası auditoriya, onun
düşüncələrindən bəhrələnirdik.
Öz ideyalarını, mövzularını məmnuniyyətlə
paylayır, onların həyata keçdiyini görəndə
bir uşaq kimi sevinir. Radionun bir çox verilişləri onun
yaradıcılıq təxəyyülünün məhsuludur.
Təmənnasız adamdır. Radioda öz məktəbi olan
jurnalistdir...".
Çağdaş
Azərbaycan radiopublisistikasının inkişafında
xüsusi xidmətləri olan İntiqam Mehdizadənin
yaradıcılığı bu gün radiojurnalistika aləmində
çalışan gənc nəsilə örnəkdir. Onun
radiojurnalistikası canlı məktəbdir. İntiqam Mehdizadənin
radio yaradıcılığı fundamental elmi
araşdırma tələb edir.
Təəssüf
ki, İntiqam Mehdizadə 60 yaşına 24 gün
qalmış bu dünyada ən əziz varlıq
saydığı Xanbacı ananı, 70 yaşına
üç ay qalmış ömür-gün yoldaşı
Züleyxa xanımı itirdi. Bu ağır itkiləri
yaşayan bir ədibin ədəbiyyatımıza necə qiymətli
əsərlər gətirə biləcəyinə, yəqin
ki, kimsə şübhə etməz. Həyata
bağlılıqda, insanlara münasibətdə, elinə-obasına
sədaqətdə, dostluğa dəyanətdə, vətənə
məhəbbətdə tayı-bərabəri olmayan sənətkarımız,
inanıram ki, hələ bir neçə onillik boyu ədəbiyyatımıza,
incəsənətimizə çox dəyərli əsərlər
bəxş edəcək. Çünki güclü iradəsi,
dərd qarşısında əyilməz qaməti, həssas
qəlbi, incə duyumu, psixoloji ustalığı, təsirləndiyi
hadisənin fonunda insani hisslərlə mövzuya adekvat
münasibəti onun başlıca yaradıcılıq keyfiyyətləridir.
Bir sözlə, sinəsi dolu olan İntiqam Mehdizadənin
söz xəzinəsi suyu qurumaz "Bulaq"dır.
Şəlalə
MƏHYƏDDİNQIZI,
Azərbaycan Radiosunun redaktoru
525-ci qəzet.-
2015.- 4 fevral.- S.8.