"Talelər dünyası"

 

CAMAL ZEYNALOĞLUNUN KİTABI BARƏSİNDƏ BİR NEÇƏ SÖZ

 

 

İki aya yaxındır ki, yazı masamın üzərində bir çanta var. Bu çantada mənə çox dəyərli hədiyyə göndərilib. Həmin hədiyyələr bir neçə kitabdı. Bu kitabların müəllifi şəxsiyyətini qələmini çox böyük sayğı ilə özümə doğma bilib qiymətləndirdiyim Camal Zeynaloğludu. Etiraf edim ki, bu gün mən öz kitab rəfimi daha çox dostların aftoqraflarla, bağışladıqları kitablarla zənginləşdirirəm. Bax, həmin dostların kitabların sırasında Camal Zeynaloğlunun da ayrıca yeri var. Burda onu da etiraf edim ki, mən Camal dostumun dövri mətbuatda çap olunmuş yazılarını daha çox oxumuşdum. onun mənim kitab rəfimdə aftoqrafla heç bir əsəri yox idi. Birdən-birə dostumun mənim arzumu nəzərə alıb göndərdiyi kitablar mənə doğurdan da böyük hədiyyə oldu. Elə həmin o gündən vaxt tapdıqca Camalın kitablarını gözdən keçirməyə, oxumağa başladım...

 

Öncə demək olar ki, əlimin altında olan kitabın dördünü vərəqlədim. Amma sonra adətim üzrə diqqətimi daha çox çəkən kitabdan başladım. Çünki bu kitabın adındakı "tale" sözü mənim üçün müəyyən nüanslarla bağlıdı mən həmişə yazı-pozumda talelə üz-üzə dayanmağı, talelə haqq-hesab çəkməyi daxilən istəmişəm buna da çalışmışam. Amma neyləyim ki, tale həmişə güclü olubdu. Çünki  onun kürəyində Tanrının əli var. Yazan, söz sahibi Tanrıdı...

 

Bax,  bu dediyim məqama söykənib talelər dünyası kitabını oxumağa başladım. Bəri başdan deyim ki, kitabda verilmiş  hekayə esselər ilk baxışdan bir-birinə çox bənzəyir. Çünki bu kitabdakı qəhrəmanların hamısı, eləcə həmin qəhrəmanların yaşadıqları, şahidi olduqları, iştirak etdikləri hadisələr, mənzərələr demək olar ki, hər gün görüb eşitdiyimiz hadisələrin az qala təkrarıdı. Yəni müəllifin özünün vurğuladığı kimi, bu həyat hekayələri demək olar ki, hər kəsin başına gələ bilən bir gerçəklikdi. İstər nakam məhəbbət olsun, istər quru böhtana düşmək, istər ailə xəyanəti, istər kiminsə evini yıxmaq, haqqını tapdamaq üçün atılan addımlar, göstərilən cəhdlər... Bütün bunlar yenə deyirəm, həyatımızın özüdü. Ona görə bu kitabdakı hekayələri mən nağıldan çox söhbətə bənzətdim. Mənə elə gəldi ki, müəllif bu hekayələri mənimlə çay süfrəsi arxasında üzbəüz əyləşib mənə danışır. mən onun söhbətinin qanadlarında az qala eşitdiklərimin iştirakçısına çevrilirəm. gözümün qarşısına orta məktəb, kənd həyatı, ilk görüşlər, tələbəlik illəri, daha nələr, daha nələr gəlir...

 

Hətta hərdən mənə elə gəlir ki, Camal Zeynaloğlunun yazıçı qələmiylə mənə söylədiklərinin hardasa şahidi olmuşam. Odur ki, mən hərdən hekayənin müəyyən bir yerində, kitabın müəyyən bir səhifəsində dayanıb bir anlıq düşünürəm, bu söhbət, bu epizod tanıdığım, bildiyim adamlardan kimlərin başına gəlib? Kimlərin həyat hekayələri ilə oxşarlıq, eynilik təşkil edir?..

 

Düşünürəm ki, yazıçının uğuru təkcə təsvirdə yox, həm təqdimatdadı. Çünki istənilən mənzərəni rəssam fırçasıyla təsvir etmək olar. Ancaq onun hər kəsin qəbul edə biləcəyi, hər kəsin dinləmək istəyəcəyi dildə danışmaq  artıq peşəkarlıqdı, oxucunun qəlbinə yol tapmaqdı. Təbii ki, indi barəsində danışdığım kitabda məhz bu məqam, bu üslub üstünlük təşkil edir. Yəni həyat hekayələrinin hər birində aydınca hiss olunur ki, müəllif öz hekayələrini, yəni özünün həyatdan götürdüyü hekayələri bu həyatın adamlarına həm səmimi, həm inandırıcı bir şəkildə danışır. biz onu oxuyub söylənilən hekayənin həqiqətini qəbul edirik. Çünki bu hekayə əvvəldə deyildiyi kimi, həyatımızın "şinelindən" çıxır, ordan boy göstərir. Mən böyük maraqla oxuduğum "Talelər dünyası" adlı kitabın birinci hissəsində qəhrəmanların adlarını da çəkmək istəyirdim. Ədaləti, Solmazı, həmçinin Sevinci, Rəmanı, Vaqif müəllimi, Rəşidi, eləcə digərlərini. Amma fikirləşdim ki, qəhrəmanların adlarını çəkib onların həyat hekayələrini bir-bir təhlil etməmək hardasa günah ola bilər. Ona görə   bu kitabın qəhrəmanları ilə ordakı həyat hekayələri ilə oxucuların baş-başa qalmasını daha doğru seçim saydım. Düşündüm ki, bu daha ədalətli qərar olar. Ən azından mənim bu hekayələri oxuyarkən yaşadıqlarımı, düşündüklərimi digər oxucular da bu ya digər formada yaşayar düşünər...

 

O ki, qaldı esselərə... Bu esselərin hər birində şeirdən, poeziyadan gələn bir hava var, bir ritm var. Ona görə həmin esselərin hər birində insanın içini dilləndirən duyğular şəxsən bir oxucu kimi məni öz aurasına alır. elə bilirəm ki, mən "Sən gedəni", "Həsrət"in yaxasından tutub "Sənsizəm" deyə-deyə "Yuxularına gələcəyəm". Onda "Şəhid anası" barəsində danışarıq. Yəqin ki, esselərin adları sizə mənim demək istədiklərimi , müəllifin qələmə aldıqlarını da az-çox anlatdı. O ki qaldı onları bütünlüklə duymağa, onda Camal Zeynaloğlunun "Talelər dünyası" adlı kitabını alıb oxuyun.

 

Əbülfət MƏDƏTOĞLU

525-ci qəzet.- 2015.- 4 fevral.- S.8.