“Azərbaycansayağı kulinariya lövhələri” özbək mətbuatına
Özbəkistanın kultura.uz portalında Rimma Sabircanovanın “Azərbaycansayağı kulinariya lövhələri” adlı məqaləsi rus dilində çap olunub.
Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə çap olunan məqalədə Azərbaycan mətbəxi haqqında ətraflı söhbət açılır.
Müəllifi qeyd edir ki, hər ölkənin tarixi yerlərinə ekskursiya dedikdə xalqın mədəniyyəti, milli mətbəxi ilə tanışlıq da nəzərdə tutulur, əhalinin psixologiyasının dərk olunması isə bu xalqın ləziz yeməklərini dadmaqdan keçir.
R.Sabircanova Azərbaycan milli mətbəxini bu ölkə sakinlərinin maddi mədəniyyətinin əsas hissəsi hesab edərək, bu diyarın füsunkar təbiəti ilə harmoniya təşkil etdiyini qeyd edir.
Azərbaycan xalqının qonaqpərvərliyindən yazan müəllif bildirir ki, azərbaycanlılar haqlı olaraq öz ləziz nemətləri ilə - dolma, bozbaş, kabab, piti, plov, çığırtma, bozartma, qovurma və s. ilə fəxr edir.
Azərbaycanda dolmanın bir sıra növlərinin - xüsusilə üzüm yarpağına bükülən və yarpaq dolması adı ilə tanınan xörəyin, həmçinin bir sıra tərəvəzlərdən hazırlanan dolmalarının məşhur olduğunu yazır.
Məqalədə Azərbaycan mətbəxinin şah əsəri olan dolmanın hazırlanması qaydaları da öz əksini tapıb.
Məqalə səfirliyimiz və AMM-nin Özbəkistan mətbuatında elan etdiyi “Azərbaycan haqqında ilin ən yaxşı məqaləsi” müsabiqəsinin “Azərbaycan mətbəxi” nominasiyası üzrə təqdim olunur.
S.Abdullayeva
525-ci qəzet.- 2015.- 4 fevral.- S.7.