Mətbuat Şurası Bərdədə şair və jurnalist
Əliş Əvəzlə görüş
keçirib
Azərbaycan Mətbuat Şurasının
"Tanıyaq, tanıdaq"
layihəsi çərçivəsində
növbəti görüş
Moskvada yaşayan azərbaycanlı jurnalist,
publisist və şair Əliş Əvəzə həsr olunub. Tədbir jurnalistin doğulduğu
Bərdədə rayon icra
hakimiyyətinin yaxından
dəstəyi ilə baş tutub. Yeni Azərbaycan Partiyasının
yerli şöbəsində
baş tutmuş tədbirdə rayon ziyalıları,
ictimaiyyət nümayəndələri,
şair və yazıçılar, jurnalistlər
iştirak ediblər.
Toplantını giriş sözü ilə Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi
İsayev açıb. V.İsayev qədim
Azərbaycan torpağı
olan Bərdənin ziyalılar, işıqlı
insanlar yurdu kimi səciyyələndirib.
O, belə adamların
əməyinə hər
zaman qiymət verilməsinin vacibliyini vurğulayıb. V.İsayev
həmçinin Azərbaycandan
kənarda yaşayan soydaşlarımızın yaşadıqları
bölgələrin ictimai
həyatında iştirakının
ölkəmizlə bağlı
həqiqətlərin təbliği
baxımından önəmindən
bəhs edib: "Sözün cığırını
öz dəsti xətti, şeiri və publisistikası ilə Vətəndən kənarda qərarlaşmağı
bacaran həmyerlimiz Əliş Əvəzin müstəsna xidməti Azərbaycan dilini yaşatmaq və qorumaq üçün mətbu orqan yaratmaq kimi çətin
işin öhdəsindən
uğurla gəlməsidir.
O, ötən əsrin
80-ci illərinin əvvəllərində
dünyanın sayılıb-seçilən
ali təhsil
ocağı olan Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil
alıb. Həmin vaxtdan Moskva
mühitində yaşayıb,
işləyib. Ancaq
onu tanıyandan sonra görürsən ki, bu gün
də Bərdənin Piyadalar kəndində yaşayir və işləyirmiş kimi həmyerlilərindən seçilməyən saflığa, təvazökarlığa və
təəccüb doğuracaq
dərəcədə sadəliyə
malikdir, doğma Azərbaycan dilinə hədsiz bağlıdır.
Bu xarakteri şeirlərində,
publisistikasında dilimizə
vəfa möhkəmliyinə
və sədaqətinə
hopub", - deyə V.İsayev vurğulayıb.
Azərbaycan Mətbuat Şurasının
sədri Əflatun Amaşov rəhbərlik etdiyi qurumun "Tanıyaq, tanıdaq" layihəsi çərçivəsində
indiyədək görülmüş
işlərdən söz
açıb. MŞ sədri deyib ki, Ulu
Öndər Heydər
Əliyevin qeyd etdiyi kimi, Azərbaycan
harada yaşamasından
asılı olmayaraq hər bir soydaşımızın
Vətənidir: "Əliş
Əvəz yaradıcılığı
ilə bu sözün məsuliyyətini
tam mənada doğruldub.
O, hələ 20 Yanvar
faciəsinin baş verdiyi dönəmdə Moskvada azərbaycanlıların
etiraz nümayişində
iştirak edib. Jurnalist kimi faciənin miqyasını əks etdirən vərəqələri
dərc etdirərək
yayanlardan olub. Xocalı faciəsində 366-cı alayın
iştirakı Rusiya mətbuatında ilk dəfə
Əliş Əvəzin
silsilə məqalələrində
vurğulanıb", - deyən
Ə.Amaşov Ə.Əvəzin
Rusiyada Azərbaycan dilli mətbuatın təşəkkül tapmasına
yönələn fəaliyyətinin
müxtəlif spesifik
cəhətlərindən də
söz açıb.
Çıxış edənlərdən
şair Telman Hüseyn, şəhər
8 saylı tam orta məktəbin müəllimi
Vəsilə Hüseynova
və başqaları
şairin həyat və yaradıcılığının
örnək xarakter daşıyan tərəflərindən
söz açıblar.
Ə.Əvəz yaradıcılığına verdikləri
dəyərə görə
toplantı iştirakçılarına
təşəkkürünü bildirib. Ömür yolunun ayrı-ayrı
məqamlarından bəhs
edən jurnalist ona ünvanlanmış sualları cavablandırıb.
Şairə Mətbuat Şurasının
və Bərdə
Rayon İcra Hakimiyyətinin
xatirə hədiyyələri
təqdim olunub. Sonda Bərdə şəhər
3 saylı tam orta məktəbin şagirdləri
Ə.Əvəzin şeirlərindən
kompozisiya təqdim ediblər.
Qeyd edək
ki, jurnalist, yazıçı, publisist
və şair Əliş Əvəz (Qasımov Əliş Əvəz oğlu) əslən Bərdə rayonunun Piyadalar kəndindəndir. 1956-cı ildə bu kənddə
doğulub. Rayonun Kətəlparaq
kənd orta məktəbini bitirdikdən
sonra Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinə
daxil olub. Təhsilini Moskva Dövlət Universitetinin Jurnalistika fakultəsində davam etdirib.
Moskvada Sovet Rusiyasının Yerli Sənaye Nazirliyinin nəşriyyatında redaktor
və məsul redaktor (1987-1991), Ümumittifaq
"Neftyanik" kütləvi-informatik
jurnalında elmi redaktor, məsul katib-baş redaktorun müavini (1991-1995), "Rossiyskaya
Federasiya" qəzetinin
xüsusi müxbiri işləyib.
2000-ci ildən Moskvada Azərbaycan dilində qəzetlərin yaranmasında
("Azərbaycanın səsi",
"Azərbaycan diasporu",
"Asudə vaxt",
"Azərros") fəal
iştirak edib. "Azərbaycanın səsi" qəzetinin baş direktoru və redaktoru, 2004-cü ilin martından çıxan "Azərros"
qəzetinin şef-redaktoru,
sonra baş redaktoru olub. Dünyəvi "21 Azər" jurnalının Moskva təmsilçisi vəzifəsini
yerinə yetirib.
Hazırda "Diaspora inform" qəzetinin təsisçisi (2002-ci il) və baş redaktoru, Rusiya Federasiyası Dövlət Tarix Muzeyinin əməkdaşıdır.
Moskvada fəaliyyət göstərən
"Şəhriyar" Ədəbi-İctimai
Cəmiyyətinin təsisçilərindən
biri olmaqla, onun idarə heyətinin üzvü və sədr müavinidir.
525-ci qəzet.-
2015.- 4 fevral.- S.7.