Zəngin ənənələrə malik sənət və təhsil ocağı

 

YAXUD AĞDAMIN MƏŞHUR MUSİQİ "UÇİLİŞA"SININ FƏALİYYƏT TARİXİNƏ QISA EKSKURSİYA

 

(Əvvəli ötən sayımızda)

 

"Tar ifaçılığı sənətinin Qarabağda, xüsusən Ağdamda məktəbi formalaşmışdı. Ötən əsrin 50-60-cı illərində Cəlal Əliyev, Xosrov Fərəcov tək Ağdamın deyil, həm Qarabağın gözəl tar ifaçıları idi. Onlar məhz Əlipaşa Daşdəmirovun təkidi ilə texnikumda təhsil almışdılar. Yuxarıda adını çəkdiyim tar ifaçıları öz dəstələriylə daim el şənliklərini mükəmməl şəkildə idarə edərdilər" - bu fikirləri Ağdam Musiqi Texnikumunun - "uçilişa"nın ilk məzunlarından olan dəyərli tarzənimiz Fərhad Paşayev söyləyir.

 

Ötən əsrdə Qurban Pirimov Məşədi Nərimanla davam edən Qarabağ tar ifaçılığı məktəbinin ənənələrini bu gün Xalq artisti Ramiz Quliyev, Əməkdar mədəniyyət işçiləri Fərhad Paşayev Rafiq Rüstəmov uğurla yaşadırlar. Rafiq Rüstəmovun rəhbəri olduğu Xan Şuşunski adına Ağdam Muğam Musiqi Məktəbində bu gün onlarca tələbəyə tar ifaçılığının incəlikləri tədris edilir.

 

Xatırladaq ki, hər üç sənətkar - Ramiz Quliyev, Fərhad Paşayev Rafiq Rüstəmov "uçilişa"nın məzunudurlar.

 

Texnikumun ilkin fəaliyyəti dövründə müəllim çatışmazlığı hiss olunurdu. Xosrov Fərəcov texnikumda oxumaqla yanaşı, həm muğamatdan dərs deyirdi. Texnikumun fəaliyyətə başladığı ildə Əlipaşa Daşdəmirov ixtisas müəllimi, Bahadur Mehralıyev muğam müəllimi, Alim Yüzbaşıyev nəzəriyyə (solfecio), musiqi ədəbiyyatından Məlahət Əliyeva, fortepiano üzrə Kira Davıdovna, Yefim Kastlevic Vladimir Leeçkis müəllim kimi çalışırdı. Fəaliyyətinin üçüncü ilində texnikumun tələbə heyətinin artması əlavə müəllimə ehtiyac yaradır bu məqamda muğam ustası Şelli Məhəmmədi texnikuma dəvət edirlər.

 

Texnikumun ilk buraxılışı isə 1962-ci ildə olmuşdu. Dövlət imtahanlarını tanınmış bəstəkar Nazim Kazım Əliverdibəyov qardaşları qəbul edir. İlk məzunların bir çoxu həmin illərdə qonşu rayon musiqi məktəblərinə direktor təyin edilmişdi.

 

"Uçilişa"nın tələbələrinin formalaşmasında "Şur" ansamblının əhəmiyyətli rolu var idi.  Xalq kollektivi kimi Ağdam Mədəniyyət Evinin nəzdində yaradılan "Şur"un məşqləri daim "uçilişa"da keçərdi. O illərdə Xosrov Fərəcovun təşəbbüsü ilə yaradılan ansamblın yetirmələri bir çox uğurlara məhz bu kollektivdə imza atmışdılar. Müxtəlif illərdə Aydın Məmmədov, Paşa Əsədov, Barat Fərhadov, Hafiz Sədrzadə, Sədi Məmmədov, Şahmalı Kürdoğlu xanəndəlik sinfində müəllim kimi çalışmışdılar.

 

1963-cü ildə Əlipaşa Daşdəmirov Sumqayıt şəhərinə göndərildiyindən onun yerinə Xosrov Fərəcov təyin edilir. Gözəl tar ifaçısı olan Xosrov Fərəcov Xalq artisti Hacı Məmmədovla sıx dostluq əlaqələri var idi. Bəstəkarlıq fəaliyyətilə məşğul olan X.Fərəcov "Ağdam", "Külək məni yaralama", "Qəşənglərdən qəşəngsən", "Sənə inanıram mən"  digər sevilən mahnıların müəllifi idi. Ağdam Dövlət Dram Teatrında tamaşa qoyulan "Əməllər yaşadır", "Niyə dirilmisən", "Vicdan" tamaşalarının musiqisi X.Fərəcova məxsusdr.

 

Xosrov Fərəcovun rəhbərlik etdiyi illəri "uçilişa"nın qızıl dövrü hesab etmək olar. Məhz onun rəhbərliyi dövründə "uçilişa"nın çəkisi bir xeyli artmışdı. Artıq respublikanın hər yerindən texnikuma oxumağa gəlirdilər. X.Fərəcovun musiqi savadı idarəçilik bacarığı yüksək idi. Onun dövründə Seyid Şuşunski Ağdama dəvət edilmişdi. 1964-1966-cı illərdə Seyid Şuşinski texnikumda dərs demişdi. Xalq artist Əbülfət Əliyev digər tanınmış mədəniyyət xadimləri tez-tez "uçilişaya" gələr, tələbələrin musiqi savadı ilə maraqlanardılar.

 

O illərdə Bülbüllə yaddaqalan görüş keçirilmişdi. Bülbülün səfəri 1961-ci ilin yayına təsadüf edirdi. Texnikumu ziyarət edən Bülbül sonradan Ağdam RPK-nın Lenin prospektindəki binasının yanında olan Siyasi-Maarif Evində tələbələr üçün konsert verir. Bu konsertdə müğənnini tarda Xosrov Fərəcov müşaiyət etmişdi.

 

1976-cı ildə Xosrov Fərəcov vəzifəsini tərk etməli olur. Təxminən bir il ərzində direktor vəzifəsini Azadə Bədəlbəyli icra edir. 1977-ci ildə "uçilişaya" direktor təyin edilən Əvəz Məmmədəli oğlu Rəhmətov 1938-ci ildə Masallı rayonunda anadan olmuşdu. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Əvəz Rəhmətov uzun illər mədəniyyət idarəçiliyi sahəsində müxtəlif vəzifələrdə çalışıb. Bir neçə monoqrafiyanın, o cümlədən, "Əhməd Bakıxanov" monoqrafiyasının onlarca elmi məqalələrin müəllifi idi. 1982-ci ildə "uçilişa"dakı vəzifəsini tərk edən Əvəz Rəhmətov Asəf Zeynallı adına Bakı Orta İxtisas Musiqi Texnikumunda direktor vəzifəsinə təyin olunur. Əlavə olaraq qeyd edim ki, direktorun kənardan göndərilməsinin bir səbəbi Xosrov Fərəcovun rəhbərliyə təsirini azaltmaq neytrallaşdırmaq idi. 1977-ci ildən Xosrov Fərəcov Ağdam Dövlət Dram Teatrına direktor müavini təyin edilir.

 

1982-ci ildən "uçilişa"ya Əməkdar artist Mais Salmanov direktor təyin edilir. M.Salmanov dünya şöhrətli azərbaycanlı neftçi-alim Fərman Salmanovun qardaşı idi. Bu məqam onun idarəçiliyi dövründə əsaslı rol oynamışdı. Texnikumun həyətində əlavə korpus məhz onun rəhbərliyi dövründə inşa edilmişdi.

 

Mais Salmanovun rəhbərliyi dövründə atılan addımlardan biri "Opera studiyası"nın yaradılması oldu. "Opera studiyası"nda "Leyli və Məcnun" , "Şah İsmayıl" əsərlərindən pərdələr hazırlanmış və o dövrdə Akademik Milli Dram Teatrı ilə sıx əməkdaşlıq əlaqələri qurulmuşdu. Hətta məşqlər korifey sənətkar Arif BabayevinXalq artisti Qəndab Quliyevanın iştirakıyla aparılmışdı. Məcnun rolunda İlham Sadıxov, Leyli rolunda isə Leyla Bayramovanın iştirakı ilə tamaşadan hazırlanmış parçalar rayon mədəniyyət evində uğurla nümayiş etdirilmişdi.

 

Texnikumun fəaliyyətiylə bağlı əldə etdiyimiz digər maraqlı faktlara diqqət yetirək: 1973-cü ilədək məktəbi bitirənlərin 58 nəfəri Azərbaycan Dövlət Konservatoriyasında təhsili davam etdirib; respublikamızın 34 rayonunda fəaliyyət göstərən musiqi məktəblərinin direktorları ilk musiqi təhsilini məhz bu texnikumda alıb.

 

Göründüyü kimi, texnikum tanınmış bəstəkar və Avropa alətləri üzrə ifaçı yetişdirməsə də, bu musiqi ocağından kifayət qədər tanınmış xanəndə, tar ifaçısı və mədəni-maarif idarəçiliyi üzrə rəhbər vəzifəli şəxs pərvazlanıb...

 

Hazırda Ağdam Orta İxtisas Musiqi Kolleci Quzanlı qəsəbəsində fəaliyyətini davam etdirir.

 

1989-cu ildə seçki yolu vəzifəyə təyin edilən Laura Ağayeva bizimlə söhbətdə maraqlı məqamlara toxundu: "1993-cü ilin ağır günlərində Qərvənd və Xındırıstan kəndində qəbul imtahanlarını keçirməyimizi unuda bilmirəm... İnzibati bina axtarışı ilə bağlı Ağdaş, Ağcabədi və Bərdəni dolaşsaq da, sonda Bərdə Mədəniyyət evində məskunlaşdıq və on üç il burada fəaliyyət göstərdik...

 

2006-cı ildən isə indiki fəaliyyət göstərdiyimiz binaya göçdük...

 

Hazırda kollecdə altı şöbə fəaliyyət göstərir - fortopiano, xalq çalğı alətləri, xanəndəlik, xor-dirijorluq, skripka və nəzəriyyə..."

 

Laura Ağayeva maraqlı bir məqamı da söylədi ki, xanəndəlik sinfində hazırda üç nəfər təhsil alır.Və hər il bu ixtisas üzrə daxil olanların sayı azalır.

 

Elə bil ki, Qarabağsızlıq gözəl səsə malik insanların sayında azalmaya səbəb olub...

 

İşğal altında əlli beş royalın qaldığını dilə gətirən Laura Ağayeva "uçilişa"nın əvvəlki şöhrətinin qayıtması üçün var qüvvəsiylə çalışdığını dedi...

 

Biz, qısa şəkildə də olsa, Ağdam "uçilişa"sının fəaliyyət yoluna nəzər saldıq. Bu gün Musiqi Kolleci üçün Quzanlı qəsəbəsində yeni bina inşa edilir. İnanırıq ki, müasir üslubda inşa edilən binada "uçilişa" daha böyük uğurlara imza atacaq.

 

 

Vüqar Tofiqli

525-ci qəzet.- 2015.- 4 fevral.- S.6.