“Azərbaycanın sovet dövrü tarixini
yenidən yazacağıq”
Yaqub
Mahmudov: “Müsavatın xaricə oxumağa göndərdiyi
100 tələbə haqqında xüsusi monoqrafiyamız
çap olunacaq”
Azərbaycan
Milli Elmlər Akademiyası A.Bakıxanov adına
Tarix İnstitutunun direktoru, akademik, millət vəkili Yaqub
Mahmudovun APA-ya müsahibəsi
- Yaqub
müəllim, artıq on ildən çoxdur ki, Tarix
İnstitutuna rəhbərlik edirsiniz. Bu on ildə
sizin rəhbərliyiniz altında Tarix İnstitutunda ölkə
tarixi üçün hansı önəmli araşdırmalar
aparılıb?
-
Bildiyiniz kimi, Azərbaycan tarixi Gülüstan və Türkmənçay
müqavilələrindən sonra amansızlıqla təhrif
olunub, saxtalaşdırılıb. Biz tarixi
müqavilələrin əleyhinə deyilik. Hər hansı bir ölkəyə qarşı ərazi
iddialarımız da yoxdur. Amma biz tariximizə
sahib çıxmalıyıq. Tarixini bilməyən
xalq ölkəsi uğrunda mübarizə apara bilməz.
Ulu Öndər Heydər Əliyev Azərbaycan
xalqına qarşı soyqırımı haqqında,
deportasiyalar haqqında sənədlər
imzalamışdı. Hörmətli
prezident İlham Əliyev də Azərbaycan tarixinə aid təhlükəli
saxtakarlıqları tez bir zamanda aradan qaldırmaqla, xüsusilə
də ermənilərin Azərbaycan torpaqlarına
köçürülməsi ilə bağlı məsələ
qaldırdı. Bu, olduqca prinsipial məsələdir.
Sovet dövründə tariximizin
saxtalaşdırılması artıq o həddə gəlib
çatmışdı ki, ermənilər Cənubi
Qafqazın aborigen əhalisi olduqlarını aləmə car
çəkirdilər. Biz “İrəvan
xanlığı. Rusiya işğalı və
ermənilərin Şimali Azərbaycan torpaqlarına
köçürülməsi” kitabını hazırlayıb
çap etdik. Prezident İlham Əliyevin
göstərişi ilə bu kitab rus, ingilis, italyan, rumın və
başqa dillərə tərcümə olunub. “İrəvan xanlığı” kitabında biz ermənilər
haqda bütün faktları vermişik və sübut
etmişik ki, Cənubi Qafqazda erməni dövləti ilk dəfə
1918-ci ildə yaradılıb. Azərbaycanlılar
Cənubi Qafqazın aborigen əhalisidir. Bizim
5 min illik tariximiz var. Ermənilər Frigiya etnosudur, Balkan
yarımadasında yaşayıblar. Bunu mən
demirəm, tarixin atası Herodot deyib. Ermənilər
1828-ci ildə Şimali Azərbaycan torpaqlarına
köçürülüb. Mən
“İrəvan xanlığı” kitabını Tarix
İnstitutu üçün ən böyük uğur hesab
edirəm. “İrəvan xanlığı”
kitabı sənədlər üzərində qurulub. Hansı sənədlərlə nə qədər
erməni köçürülüb, hamısı verilib.
O cümlədən “İrəvan xalçaları”
kitabını ingilis dilində buraxmışıq. İrəvan xanlarının sarayı haqda da kitablar
çap etməyə hazırlaşırıq.
Bu gün
bizim əlimizin altında yüzlərlə sənəd, kitab
və sənəd toplusu var. “Qarabağ: real tarix, faktlar və
sənədlər” adlı fundamental bir əsər yazıb
sübut etdik ki, Qarabağ qədim və tarixi Azərbaycan
torpağıdır. Bu kitab 6 dilə tərcümə
olunub. “Qarabağ: real tarix, faktlar və sənədlər”
Tarix İnstitutu üçün çox böyük nailiyyətdir.
Bundan başqa, müxtəlif kitablar, broşuralar,
“Naxçıvan: tarixi və abidələri” kitabını
çap etdik. Azərbaycan və ingilis dillərində
çap olunan kitabda Naxçıvanın da qədim Azərbaycan
torpağı olması faktlarla sübut olunub. Digər tərəfdən, Sovet dövründə
Azərbaycanın tarixi xəritələrini çap etməyə
başlamışdıq. O vaxt Azərbaycanın tarixi xəritələri
yox dərəcəsində idi. Sovet vaxtı biz
həmin xəritələri rəhmətlik Rəsul Rzanın
gücü ilə Ukraynada çap edib gətirdik. İlk dəfə mən Ukraynadan Azərbaycanın
14-ə yaxın tarixi xəritə gətirdim. 1972-ci ildə “Azərbaycan SSR xəritələri”
adı ilə ilk atlasımızı buraxdıq və ilk
tarixi xəritələrimizi də ora daxil etdik. Mən
Tarix İnstitutunun direktoru olandan sonra “Azərbaycanın Tarixi
Atlası”nı çap etdik, 55 xəritəni
ora daxil etdik. Bunun da üstündə nə qədər
mübahisələr oldu, notalar verildi. Amma
bütün bunlara baxmayaraq, “Azərbaycanın Tarixi Atlası”
vətəndaşlıq hüququ qazandı. Eldənizlər,
Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər dövlətlərinin
xəritələrini vermişik. Yenə təkrar
edirəm, biz heç kimdən torpaq istəmirik. Tarixdə Səfəvilər dövləti
olmayıb? Bu dövlət olub, onu azərbaycanlılar
idarə edib və bu dövlətin özünün sərhədləri
olub.
Bizim əlimizdə çox sənədlər yox idi. Biz xüsusi
layihə götürdük. Mahaçqala, Dərbənd,
Həştərxan, Moskva, Sankt-Peterburq, Berlin, Dehli, Paris,
London, Ankara və İstanbuldan tariximizə aid nə qədər
sənəd varsa, hamısını yığıb gətirdik
və bunların da çoxunu çap etmişik. İngiltərədən
gətirdiyimiz sənədlərin arasında xalqımıza
qarşı həyata keçirilmiş soyqırımları
haqda məlumatlar var. Biz Tarix İnstitutu olaraq 3 cilddə “Azərbaycan
xalqına qarşı 1918-ci il mart
soyqırımı” sənədlər toplusunu
hazırlamışıq ki, bu da çox ciddi uğurdur.
- Bəs
Cənubi Azərbaycan, Dərbənd, Car-Balakənlə
bağlı aparılan araşdırmalar hansı mərhələdədir?
- Tarix
İnstitutu tərəfindən “İlisu sultanlığı”
və “Car-Balakən camaatlığı” kitabları çap
olunub. Daha sonra mən “İngiloylar”
monoqrafiyasını yazdırdım. Bu
işləri yazanların hamısı mənim yetirmələrim,
o regionların sakinləridir. Biz “İlisu
sultanlığı” kitabını hazırlayanda məlum oldu
ki, Şimali Azərbaycan Rusiyaya qatılandan sonra İlisu
sultanlığının yarısını Dağıstan
vilayətinə birləşdiriblər. Car-Balakən
camaatlığının 11-ə qədər dağ
mahalını birləşdirərək Azərbaycandan
ayırıblar və Dağıstan vilayətinə veriblər.
Azərbaycan torpaqları hesabına
Dağıstan vilayəti yaradıblar. Dərbənd
tarixi Azərbaycan şəhəridir. Bunu kim
inkar edə bilər? Biz Dərbənd davası
aparmırıq, yenə təkrarlayıram ki, heç kimə
qarşı torpaq iddialarımız yoxdur. Axı
bu torpaqlar Azərbaycandan qoparılıb. Bunu
necə unutmaq olar? Ola bilsin, çox
böyük incikliklər olacaq, amma biz Azərbaycanın sovet
dövrü tarixini yenidən yazacağıq.
-
Zaman-zaman “Keşikçidağ” (David Qareci monastrı) Azərbaycan
və Gürcüstan arasında mübahisə predmetinə
çevrilir. Tarix İnstitutu olaraq bu məsələni
diqqətdə saxlayırsınız?
-
Bakıya futbola baxmağa gəlirlər. Gəlib
plakat açıb Azərbaycana qarşı torpaq iddiası ilə
çıxış edirlər. Azərbaycandan
qopardıqları torpaqlarla kifayətlənmək istəmirlər.
“Keşikçidağ” qədim alban məbədidir.
Gürcülər “Keşikçidağ”la əlaqədar
saxta bir məsələ qaldırıblar. Azərbaycan torpaqları dəfələrlə hissə-hissə
Gürcüstana verilib. 2007-ci ildə
prezident İlham Əliyevin sərəncamı ilə həmin
ərazidə “Keşikçidağ” Dövlət Tarix Mədəniyyət
Qoruğu yaradılıb. Prezident şəxsən
özü qoruğun açılışında iştirak
edib. “Keşikçidağ” Azərbaycan
torpağıdır və bu gün də Azərbaycan ərazisindədir.
Gürcüstanda Şamaxıya qədər olan
torpaqlarımızı öz torpaqları kimi tədris edirlər.
Bu, bizim müttəfiqliyimizə zidd bir
addımdır. Mən həmişə
açıq çıxış etmişəm. Əgər gürcülər bunları yenidən
qaldırırsa, Azərbaycanın bu məsələdə
haqqı daha çoxdur. XII əsrə qədər
Tiflis müsəlman əmirliyi olub. Soruşmaq
lazımdır - bəs Tiflis əmirlərinin iqamətgahları
necə oldu? Şah Abbasın Kürün
üstündə tikdirdiyi məscidin aqibəti necə oldu?
Bunlar hamısı məhv edilib. Biz bunları araşdırırıq.
-
Üç ildən sonra Azərbaycan Xalq Cümhuriyyətinin
yaradılmasının 100 illiyi tamam olacaq. Cümhuriyyət
qurucularının əksəriyyətinin məzarları
ölkə sərhədlərindən kənardadır. Nəsib bəy Yusifbəylinin məzarının dəqiq
yeri barədə məlumat belə yoxdur. 100
illiklə bağlı cümhuriyyət qurucularının məzarlarının
vətənə gətirilməsi təşəbbüsü
ilə çıxış etmək niyyətiniz varmı?
- Heydər Əliyev Tarix İnstitutuna Azərbaycan Xalq Cümhuriyyəti haqda bir cildlik ensiklopediya buraxmağı tapşırmışdı. Tarix İnstitutu Yaqub Mahmudovun baş redaktorluğu ilə iki cildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” çap etdirdi. İnstitutda Xalq Cümhuriyyəti şöbəsi fəaliyyət göstərir. Cümhuriyyət xadimlərinin hər biri haqqında dissertasiya müdafiə olunacaq, monoqrafiya çap edəcəyik. Biz cümhuriyyət xadimlərinin hər birinin tərcümeyi-halını işləməyi qarşımıza məqsəd qoymuşuq. Çünki cümhuriyyət xadimləri o zaman Azərbaycanı fəlakətdən qurtarıblar. Qaldı ki, Nəsib bəy Yusifbəylinin məzarının aşkarlanması məsələsinə, fikrinizlə razıyam. Onların məzarlarının tapılması bizim tarixçilərin borcudur. Biz buna səy göstərəcəyik. Bu məsələni qaldırdığınız üçün də sizə təşəkkür edirəm və məsələni maraqla qarşılayıram. Ancaq Tarix İnstitutunun direktoru olaraq mən onların məzarlarının Azərbaycana köçürülməsinə razı deyiləm. Fətəli xan Xoyski və Həsən bəy Ağayev Tiflisdə, Məhəmməd Əmin Rəsulzadə Ankarada, Əlimərdan bəy Topçubaşov Parisdə dəfn olunublar. Qoy Fransa, dünya bilsin ki, Azərbaycanın Əlimərdan bəy Topçubaşov kimi dövlət xadimi olub. Bizim İngiltərədən gətirdiyimiz arxiv sənədlərində qeyd olunur ki, Azərbaycanın dövlət xadimləri çox mütərəqqi adamlardır. Həmin arxiv sənədlərində yazılıb ki, Qafqazda möhkəmlənmək üçün azərbaycanlılarla dost olmalıyıq. Nəsib bəy Yusifbəylini, Fətəli xan Xoyskini tərifləyirlər.
- Redaktoru olduğunuz iki cildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nda Müsavatın xaricə oxumağa göndərdiyi 100 azərbaycanlı tələbə haqda dolğun məlumat verilməyib. Bu məsələni ətraflı şəkildə tədqiq etmək fikriniz varmı?
- Müsavat hökumətinin xaricə
oxumağa yolladığı 100 azərbaycanlı tələbə
haqda ilk dəfə iki cildlik “Azərbaycan Xalq Cümhuriyyəti
Ensiklopediyası”nda məlumat vermişik. Onlar haqda demək olar ki,
heç yerdə məlumat yox idi. İndi bir dissertant bu
mövzunu işləyir. Bu günlərdə
xüsusi olaraq 100 azərbaycanlı tələbə
haqqında bizim monoqrafiyamız çap olunacaq. Onlar haqqında müfəssəl arxiv materialları
ilə xalqımızı məlumatlandıracağıq.
- Tarix
İnstitutunda azərbaycanlı legionerlərlə bağlı
tədqiqat işi aparılır?
- Bu
mövzu ətrafında çox ciddi araşdırmalar
aparılmalıdır. Tarixin elə məsələləri
var ki, onlar haqda xalqa doğru-düzgün məlumat verilməlidir.
Biz legionerlərin hamısını tərifləmək
yolunu tuta bilmərik. Amma araşdırma
aparmaq lazımdır ki, bunların böyük əksəriyyəti
niyə vətəndən didərgin düşüblər?
Onların içərisində vətən
üçün yaşayanlar, mübarizə aparanlar olub ki, bu
imperiyanı dağıdaq və Azərbaycan müstəqil
olsun. Amma keçib faşizmin tərəfində
vuruşmaq... Azərbaycan xalqı faşizmin məğlub
edilməsində fəal rol oynayıb. Biz
bunu özümüzə şərəf bilirik və bu
gün torpaqlarımızı işğal etmiş ermənilərə
“faşistdən betər faşist” deyirik. Ona
görə də onların hamısını tərifləmək
doğru deyil. Yeri gəlmişkən, Rəsulzadənin
Almaniyadakı fəaliyyətini lazımi şəkildə
araşdırmalı, Polşa və Fransa arxivlərinə
baş vurmalıyıq.
- İstərdim
Lənkəran xanlığı ətrafında baş verənlərlə
də bağlı bir neçə kəlmə
danışasınız...
- Haradansa Tarix İnstitutuna atəş açırlar. Tarix İnstitutuna atəş açmaq doğru deyil. Tarix İnstitutu bu millətin tarixini araşdırır. Tarix İnstitutu ilk dəfə bu millətə öz milli atlasını verib. Tarix İnstitutu ilk dəfə ermənilərin bu torpaqlara köçürülməsini geniş əsərlərlə sübut edib. Tarix İnstitutu ilk dəfə İrəvan xanlığının tarixini yazıb. Bizim karvanımız yol gedir, nə qədər daş atsalar da, onlara fikir verməyəcəyik. Bu günlərdə də son daş atıldı. Mən o ittihamları qəbul etmirəm. Biz 5-ci sinif tarix dərsliyində Azərbaycanı birləşdirmək istəyən Hacı Çələbi xan, Cavad xan, Pənahəli xan haqqında məlumat vermişik ki, mənşəcə türk olan da, talış da, avar da bu məlumatları oxuyub fəxr etsinlər. Cənub bölgəsindən də “Ata yurdu” kitabına Azərbaycan xalqının böyük oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov haqda məlumat daxil etmişik. Azərbaycanın elə bölgəsi yoxdur ki, həmin dərsliyə salınmasın. Azərbaycan xalqının formalaşmasında bizim ərazimizdəki müxtəlif etnoslar iştirak ediblər. Mən Lənkəran xanlığının mövcudluğunu necə inkar edə bilərəm? Böyük dramaturq Mirzə Fətəli Axundov məşhur “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyasını yazmayıb? Bu faktdır, mən bunu necə inkar edə bilərəm ki, tarixdə Lənkəran xanlığı olmayıb?! Mən Lerik dağlarında, Cəngəmiran kəndində elmi konfrans keçirmişəm. Cəngəmiran kəndindəki 18 hektarlıq qəbiristanlıqda qoç başı abidələri var. Qədim türk sərkərdələrinin sinə daşlarıdır. Bu, bizim canlı tariximizdir. Cənub bölgəsi türklərin və talışların müştərək vətənidir. Əti dırnaqdan ayırmaq düz deyil. Azərbaycan xalqı min bir rayihəsi olan gül dəstəsidir. O gülün hər birinin öz rayihəsi var. Azərbaycançılıq bizim məfkurəmizdir. Biz bu məfkurədən bir addım da geri çəkilməyəcəyik.
525-ci qəzet.-
2015.- 4 fevral.- S.4.