"Gecə bənövşələri"nin ətri

 

 

(Əvvəli ötən sayımızda)

 

...İki gənc. İki tələbə. İki dost. Polad və Ruslan.

 

Bu gənclərdən biri uşaqlıqdan həyatın sərt üzünü görüb, uşaq ikən atasını itirib. Anası onu min bir əziyyətlə böyüdüb. O, anasının dünyada tək pənahı və ümididir. Poladın xarakteri adına bənzəyir, polad kimi möhkəm, dostluğa sadiqdir. Ətrafında olanlardan da belə münasibət gözləyir. Amma onun tələbə dostu Ruslan tamamilə Poladın əksidir. Dəyişkən xarakterli, məsuliyyətsizdir. O, həyata yalnız bir məqsəd üçün gəldiyini zənn edir. Dünyada hər şeyi pul həll edir. Nə qədər imkan varsa həyatdan, yaşamaqdan ləzzət almalısan. Ruslanın universitetdə təhsil alması da bir məqsəd daşıyır: diplom almaq. Hansı sənətin sahibi olması da onu maraqlandırmır. Bütün bu çatışmayan cəhətləri ilə bərabər Ruslanda işıqlı hisslər də var. Bəzən başqalarına kömək edir, həddindən artıq səmimi olur. Polad kimi bir gənci Ruslana yaxınlaşdıran da onda sezdiyi həmin bu işıqlı cəhətlərdir. Polad dostu Ruslanın xarakterinin tam formalaşmadığını güman edir, düşünür ki, zaman keçdikcə ondakı çılğınlıq ahıllıqla, normal düşüncələrlə əvəz olunacaq. Bu cür gənclər cəmiyyətimizdə çoxluq təşkil edir. Onlardakı naqislik nədən rişələnir?

 

Polad Lənkəranda doğulub, heç vaxt zəngin yaşamayıb. Ruslanın ailəsi də əslən rayonludur. Bakıya sonradan köçüblər. Onların da ailəsi əvvəlcə kasıb olub. Atası əmisinin şirkətində işə düzələndən sonra vəziyyətləri düzəlib. "Əvvəllər atamı adam yerinə qoyub salam verən yox idi. Hərə bir cür dodaq büzürdü. Amma şirkətə isə düzələndən sonra vəziyyət dəyişdi..." Ruslanın gözləri önündə baş verən bu təbəddülat prosesi onun formalaşmasına təsirsiz ötüşmür, o, həyatda hər şeyin pulun, zənginliyin həll edəcəyinə inanır.

 

İnsan gerçəkliyə göz yumanda, həqiqəti qəbul etməyəndə onun faciəsi başlayır. Bəlkə də Ruslan həqiqəti qəbul edərdi, amma onu əhatə edən cəmiyyətin qara qüvvələri buna mane olurlar. Ruslan arxalandığı, güvəndiyi pulun hesabına, imtahanlardan asanlıqla qiymət alır, özü demiş "Piterdən, lap Ağ dənizin sahillərindən uçub gəlmiş lebedlə" gün keçirir, bahalı maşın sürür, yol hərəkət qaydalarına əməl etmir, istədiyi kimi geyinir, əylənir və s.

 

İnsan dərkolunmaz varlıqdır. İnsan bəzən başqalarını deyil, öz-özünü belə dərk edə bilmir. Polad xaraktercə dəyişkən olan Ruslanı daha yaxından tanıdıqca, ona qarşı qəlbində ikili hiss hakim olur. O, bir tərəfdən Ruslanın yüngül həyat tərzinin keçəcəyini zənn edir. Digər tərəfdən, onun azğın hərəkətlərindən əndişələnir. Bir tərəfdən, anası Səkinənin xəstə olarkən Ruslanın ona göstərdiyi təmənnasız yaxşılığından riqqətə gəlir, digər tərəfdən Ruslanı evlərinə qonaq gətirərkən onların evində yox, mehmanxanada qalmasından qəlbi qırılır. Amma yenə də Ruslanla münasibətlərinə son qoymur.

 

Bu povesti oxuyarkən qeyri-ixtiyari özünə sual verirsən. Axı həyatın bərkindən-boşundan çıxmayan Ruslan kimi gənclər nəyə görə onun girdabına, qaranlığına can atırlar. Niyə görə onlar insanların saf - təmiz inamlarından sui-istifadə edirlər. Nəyə görə işıqlı əməllərə arxa çevirib, bəd əməllərə qucaq açırlar?

 

Polad anasına yazdığı xəyalı məktubunda gələcəyini belə təsəvvür edir: "Təkcə özümü fikirləşmirəm. Mən həm də cəmiyyətimizi fikirləşirəm. Biz cəmiyyəti gözəlləşdirəcək, insanların bir-birinə inamını təmin edəcəyik. Sadə insanlar üçün adət-ənənə, təmizlik, sədaqət həyat tərzidir".

 

Bu həyat tərzi təəssüflər olsun ki, Ruslana yaddır. Polad Ruslana qarşı nə qədər səmimidirsə, o, Polada qarşı bir o qədər qeyri-səmimidir. Bu səmimiyyətinə görə Polad Sevda adlı qızı sevdiyini dostuna bildirir və onu görmək üçün qızın təhsil aldığı universitetin qarşısına Ruslanla birlikdə, onun maşınında gəlir. Hadisələr bundan sonra daha gərgin şəkil almağa başlayır.

 

Polad ürəyini Sevdaya açmaq istədiyi gün Ruslanın telefonuna zəng gəlir. Anası Poladı təcili Lənkərana çağırır. Poladı Lənkərana Ruslan özü yola salır. Hətta cibinə 200 manat pul da qoyur. Onu Lənkərana aparmaq üçün xüsusi maşın da tutur. Lənkəranda Polad xalasının vəfat etdiyini öyrənir. Yas mərasimini yola verib Bakıya qayıdır. Sevdanı görməyə can ataraq onun yaşadığı evin qarşısına gəlir. Sevda bir müddətdən sonra evdən çıxır. Həmişəki kimi avtobus dayanacağına gəlmək əvəzinə əks istiqamətə gedir. Polad bütün varlığı ilə vurulduğu Sevdanın ardınca gedir. Bu zaman baş verən hadisə Poladı sarsıdır. Sevda onu gözləyən "Mersedes"ə əyləşir. Ruslanın onu gözləyən "Mersedes"inə.

 

Dostuna xəyanət etmiş adamın yalnız bir adı ola bilər. Bu sözü Polad səhərisi gün öz əli ilə Ruslanın maşınının neçə gündən bəri yağan yağışdan tərləmiş şüşəsinə yazır: "Əclaf"...

 

Haqqında söhbət açdığımız beş povestdə qaldırılan bütün problemlər demək olar ki, hər gün qarşılaşdığımız hadisələrdir, bəzisi cəmiyyətimizin içərilərinə işləmiş qorxulu "yaralardır". Onlarda təlqin olunan ideya sağlamdır, insanları aydınlığa, işıqlı gələcəyə səsləyən fikirlər, düşüncələr yetərincədir. Hüseynbala Mirələmov obyektivi neqativlərə tuşlayır, meşşan dünyagörüşü tənqid hədəfinə çevirərək oxucunu nəticə çıxarmağa səsləyir.

 

lll

 

Hüseynbala Mirələmovun "Gecə bənövşələri" kitabındakı "Məhəbbət hekayələri"ni də oxuyarkən bu janrın imkanları çərçivəsində yazıçının ustalıqla etdiyi manevrlər məni riqqətə gətirdi. Bu hekayələrdə sevgi ilə bərabər taleyin qəzavü-qədərindən, onun insan həyatına vurduğu qəfil zərbələrdən, eyni zamanda, insan iradəsinin sarsılmazlığından, vətənə məhəbbətdən də söhbət açılır. "Gecə bənövşələri" kitabında çap olunmuş hər iki hekayə - süjet baxımından oxuduğumuz sevgi hekayələrindən fərqlənir. Lirik-psixoloji üslubda yazılmış bu hekayələri həyəcansız oxumaq olmur.

 

"Gecə bənövşələr"i hekayəsi iki nəcib, təhsilli gəncin xoşbəxt həyatının təsviri ilə başlayır. Amma atalar demiş, sevinc ilə kədər əkiz qardaşdır, insanın həyatında xoş günlər olduğu kimi kədərli günlər də olur. İnsan taleyini özü seçmir ki... Bəzən həyatının ən xoş günlərində, ömrünün ən xürrəm çağında xəyalına belə gətirmədiyi bədbəxlik baş verir. Bu bədbəxtlik insanın həyatını alt-üst edir.

 

Kədərli mövzuda hekayə yazmaq yazıçıdan böyük cəsarət tələb edir. Xüsusilə, ədəbiyyatın əzəli mövzusu olan ölüm haqqında yazmaq, bir insanın ölümünü təsvir etmək, insanın ölümqabağı keçirdiyi əzab-əziyyətləri, düşüncələri qələmə almaq ədəbi mətnin bəlkə də ən çox peşəkarlıq tələb edən amilidir. Bunu dünyanın bir çox qüdrətli yazıçıları da etiraf ediblər.

 

"Gecə bənövşələri" hekayəsində cərəyan edən kədərli hadisəni Hüseynbala müəllimə Özbəkistanın Azərbaycandakı səfiri danışıb, hekayə o qədər kövrək, sentimental ovqatla qələmə alınıb ki, oxucu elə ilk sətirlərdən "Gecə bənövşələri"nin sehrinə düşür, həmin hadisələri sanki özü yaşayır. Bu hekayə həyatda yaşanmış olayların, gerçək hisslərin məcmusudur. Hekayənin qayəsi insanın qədərdən qaça bilməməsi haqqındadır. İnsan gəncliyində çox şeyə inanmır, həyatın yalnız xoşbəxtlikdən ibarət olduğunu zənn edir. Hekayənin qəhrəmanı gənc Adil kimi... Nənəsinin nə vaxtsa Məkkədən gətirilmiş sapsarı sünbül rəngli təsbehini çevirə-çevirə dediyi: "Eh, ay bala, qəzavü-qədərdən qaçmaq olmaz. Qismət nədirsə odur. Özünü ha oda-közə vur, ha çalış-vuruş, xeyri yoxdur", - sözlərinə etiraz edir, onu qocanın avamlığı kimi qavrayırdı. "Yox, ay nənə, elə deyil, hər şey insanın özündən asılıdır", - cavabını versə də tale bu fikirləri yenidən onun yadına salır.

 

Adilin kitabxanada tanış olduğu və ilk baxışdan vurulduğu qızla ilk söhbətləri ona nənəsinin sözlərini xatırladır. Adil ilk dəfə gördüyü Sənubərdən kitabxanadan hansı kitabları götürmək istədiyini soruşur. Sənubər "tibbə aid kitabları", - cavabını verir.

 

- Həkim olacaqsınız?

 

- İnşallah.. qismət olsa.

 

- Siz lap nənəm kimi danışırsınız. İnşallah, qismət olsa.

 

İnsan həyatda istənilən hadisə ilə qarşılaşmaqdan sığortalanmayıb, xoşbəxtliyin bir addımlığında olanda da başının üstünü qara buludlar ala bilər. Məşhur el şairinin dediyi kimi:

 

 "Fələyin yanına yaxınlaşanda

 

  Təkərin geriyə dönən vaxtı var".

 

Adil xarici dil mütəxəssisidir. Onu işləmək üçün xarici ölkəyə, diplomatik işə göndərirlər. Sənubər həkim olduğu üçün səfirlikdə həkim vəzifəsinə təyin olunur. Gənc ailə üçün bundan böyük xoşbəxtlik ola bilərmi? Onların həyatı hələ qarşıdadır. Və bu vaxt... Amansız xəstəlik qara yel kimi ailənin başının üstünü alır. Məlum olur ki, Sənubər xərçəng xəstəliyinin son mərhələsini yaşayır.

 

Hüseynbala Mirələmov Adilin kədərli həyat tarixçəsini elə incəliklə, elə məharətlə qələmə alıb ki, oxucu onun keçirdiyi o amansız hissləri şəxsən özü yaşamış kimi olur. Adil artıq bilir ki, Sənubərin həyatda qalması mümkünsüzdür. Amma bunu bilə-bilə o yenə də sona qədər mübarisə aparmaq əzmindədir. Amma tale ilə, qəzavü-qədərlə mübarizə aparılırmı?!

 

Hekayənin adı "Gecə bənövşələri" adlanır. Etiraf edim ki, təbiətdə bu adda gül olduğunu Adil kimi, mən də ilk dəfə bu hekayədən öyrəndim. Bilmirəm, Azərbaycanda belə bir gül bitir ya yox, amma ona əminəm ki, "Gecə bənövşələri" - elmi adı "orxideya" olan bu gül Özbəkistanda bitir. Ümumiyyətlə, hekayənin üslubundan, obrazların davranışından, müğənninin adından (Gülbəyaz) hadisələrin Özbəkistanda baş verdiyini hiss edirsən. Amma Hüseynbala Mirələmov hadisələri Bakıya, Azərbaycanın dağ kəndlərinə keçirməklə, Bakı gecələrini, Yaşıl Teatrı təsvir etməklə hekayəni Azərbaycan ədəbiyyatının mükəmməl sənət nümunəsinə çevirə bilir. Bu hekayə bədii təsir qüvvəsinə, tutumuna görə bizə Azərbaycanın məşhur məhəbbət dastanlarındakı əfsanəvi sevgiləri xatırladır.

 

Gecə bənövşələri Sənubərin ən çox sevdiyi çiçəkdir. Adil ilə Sənubər eyni gündə doğulublar. Adil Sənubərin ad günündə ona Bakının gül mağazalarından çətinliklə tapdığı "gecə bənövşələri"ni hədiyyə edir. Amma bu dəfə Sənubər ölüm yatağındadır. Ağrılar içərisində qovrulan Sənubər son sevinc hisslərini yaşayır. O Adildən qəbrinin üstündə çox sevdiyi gecə bənövşələri əkməyi xahiş edir. Adil sevdiyi qadınının son xahişinə əməl edir, onun qəbrini gecə bənövşələri ilə bəzəyir.

 

Bu kədərli, ürək ağrıdıcı, insanın qəlbində kövrək və dərin hisslər oyadan hekayədə ən çox diqqət çəkən cəhətlərdən biri də yazıçının həyat həqiqətlərinə sadiqliyi, hadisəyə heç bir nikbin don geydirmədən qələmə almasıdır.

 

Sovet dövründə belə bir bayağı şüar var idi: İnsan hər şeyə qadirdir. Materializmə əsaslanan bu şüar o dönəmdə az qala bütün Sovet ədəbiyyatına hakim kəsilmişdi. Sovet ədəbiyyatının qəhrəman obrazları, sanki ölümə meydan oxuyurdular. Ona görə də əksər vaxtlarda, həyat hadisələri ilə ədəbi əsərlərdəki hadisələr üst-üstə düşmürdü. Düzdür, insan həyatda çox şeyə qadir ola bilər, amma insan hər şeyə qadir deyil. Həyat müvəqqəti, sevgi isə əbədidir. İnsan qəzavü-qədəri dəyişməyə gücü çatmasa da, sevgini yaşatmaqla güclüdür, yaşanmış hissləri uca tutması ilə dəyərlidir. Hekayənin aşılamaq istədiyi əsas ideya budur!

 

lll

 

AMEA-nın müxbir üzvü Nizami Cəfərov "Məhəbbət hekayələri"ni klassik hekayə yaradıcılığının parlaq nümunəsi sayır və bu hekayənin ədəbiyyat dərsliklərinə daxil olunmasının vacibliyindən bəhs edir. Hörmətli ziyalımız qənaətində haqlıdır.

 

"Məhəbbət hekayəti"ni oxuyandan sonra ürəyimdən bir təəssüf hissi keçdi. Niyə Hüseynbala müəllim bu hekayəni bədnam Qarabağ savaşı başladığı anlarda yazmayıb... Yaşlı adamlar danışırlar ki, II Dünya müharibəsinin ağır illərində, "Kazbek" siqaretinin qutusuna Rəsul Rzanın "Bəxtiyar" şeirini yazırdılar və həmin siqaretləri cəbhəyə - döyüşən əsgərlərimizə göndərirdilər. Əgər həmin şeirlərdəki coşğu əsgərlərimizin mübarizə əzmini gücləndirməsəydi, yəqin ki, qələbə marşını səsləndirə bilməyəcəkdik. İllər öncə oxumuşdum ki, məşhur Sovet yazıçısı və publisisti İlya Erenburqun cəbhə qəzetlərində çap olunan qələbə əzmi ilə dolu məqalələri haqqında "Erenburqun məqalələri Sovet İttifaqı üçün bir ordunun görə bilməyəcəyi işləri gördü", - kimi bir fikir söylənilib. Quru, pafoslu sözlərlə, bayağı televiziya verilişləri, bəsit mətnli ədəbi əsərlərlə gənclərin qəlbində Vətən məhəbbətini alovlandırmaq olmaz. Vətən sevgisini gənclərin qəlbində "Məhəbbət hekayələri" tipli əsərlərlə gücləndirmək, möhkəmləndirmək olar.

 

Bu hekayə yalnız Xəyalla Günayın, az qala "Leyli və Məcnun" əfsanəsini xatırladan məhəbbəti haqqında deyil, vətəni üçün hər şey eləməyə qadir olan övladlarımızın sədaqəti, rəşadəti haqqındadır. Bu məhəbbətin təməlində daha güclü, daha ülvi bir hiss durur. Hekayədən bir parçaya diqqət edək:

 

"Gənclərin Nizami parkında son görüşləri zamanı Xəyal onun əllərindən tutub könüllü müdafiə alayına qoşularaq düşmənlə savaşa gedəcəyini söyləyəndə "mən də səninlə gedirəm", - deyib Günay ona sarıldı. Xəyal onun bu sözləri ürəkdən söylədiyinə zərrə qədər də şübhə etmirdi.

 

- Birincisi, valideynlərin institutu yarımçıq qoymağına razı olmaz. İkincisi də əzizim, bu müharibədir, uşaq- muşaq oyunu deyil.

 

- Mən səni qoruyuram, sən də vətəni.

 

- Kaş ki, bütün nişanlı qızlar sənin kimi düşünsəydi.

 

- Nə olardı?

 

- O olardı ki, düşmənin qabağına dəstələrlə yox, böyük bir orduyla çıxardıq".

 

Xəyal döyüşlərdə ağır yaralanaraq gözlərini itirir. Bu xəbərdən Günayın atasının əlinə fürsət düşür. O əvvəldən əleyhinə olduğu izdivacı pozmağa qadir olacağını zənn edir. Amma sevgidə zor olmaz, deyiblər. Qəlbə hökm etmək qeyri-mümkündür. Valideynlərinə qızını fikrindən döndərmək müyəssər olmur.

 

Xəyal gözlərini Vətən yolunda itirib, o indi qəhrəmandır. Vətənin belə övladları ilə yalnız qürur duymaq olar. Gözlərini Vətən yolunda itirmiş Xəyala xəyanət etmək Günaya vətənə xəyanət etmək qədər dəhşətli görünür. Buna görə qohumlarının bütün səyləri, müdaxilələri təsirsiz qalır, Günayı fikrindən daşındırmaq mümkün olmur. Gənclər qovuşurlar. Burada yalnız sevgi deyil, Vətən eşqi də qalib gəlir. Bu mənada, hekayə əsl sevgi, vətənin müqəddəsliyi haqqında təntənəli bir himni xatırladır. İnsana qürur gətirən, ülvi hisslər aşılayan müqəddəs bir himni...

 

***

 

"Gecə bənövşələri" kitabı maraqlı və lazımlı bədii mətnləri ehtiva etməsi baxımından çağdaş Azərbaycan ədəbiyyatının uğurlu örnəklərindən biridir. Azərbaycan oxucusunun belə kitablara ehtiyacı həmişə olub və olacaq...

 

Etibar ƏBİLOV

525-ci qəzet.- 2015.- 5 fevral.- S.7.