Azərbaycanın dövlətçilik və
mədəniyyət tarixində Şamaxının yeri və rolu
Azərbaycanın tarixi yaşayış məskənlərindən olan
Şamaxı şəhərsalma
mədəniyyətinin ən
qədim mərkəzlərindən
hesab edilir. Tarixdən də
məlumdur ki, Şamaxı şəhəri
Albaniya dövlətinin
ən iri yaşayış məskənlərindən
biri idi. Tarix boyunca davam
edən dəhşətli
zəlzələlər zamanı
təkrar-təkrar yerlə-yeksan
olmuş və dəfələrlə yerini
dəyişmiş Şamaxının
arxeoloji qazıntılar
zamanı ən qədim yerini müəyyən etmək
mümkün olmasa da, antik müəlliflərinin
yazılı məlumatları
və Şamaxı şəhəri yaxınlığındakı
Xınıslı qazıntılarının
nəticələrinə görə, Şamaxı şəhərinin ən azı 2500 il yaşı var.
Şamaxının adı ilk dəfə antik mənbələrdə
- yunan coğrafiyaşünası
Klavdi Ptolemeyin "Coğrafiya" əsərində
Albaniya ölkəsinin
29 şəhəri sırasında
"Camaxeya" və
ya "Kemaxeya" formasında çəkilir. Sonralar mənbələrdə şəhər
"Kemaxiya", "Əşşamaxiyyə",
ərəblər adını
dəyişdirdiyi zaman
qısa müddət
"Yezidiyyə" və
sonra yenidən bu günə kimi "Şemaxi" və "Şamaxı"
adlandırılıb.
Qədim
yaşayış məskəni
yerində tədricən
bir şəhər kimi formalaşan Şamaxı obyektiv səbəblər üzündən
zaman-zaman sərhədlərini
dəyişdirməli olsa
da, bəzən hətta xarabalıqlar içindən yenidən baş qaldırsa da, erkən orta əsrlərdə də bir şəhər
kimi varlığını
və əhəmiyyətini
qoruyub saxlaya bilib, Xilafətin hakimiyyəti illərində
isə tədricən
mühüm ictimai-iqtisadi
və siyasi mərkəzə çevrilib.
IX əsrdən başlayaraq
Şamaxı şəhəri
haqqında mənbələrdə
çox geniş məlumat verilir. Bu 918-ci ildə hərbi-strateji baxımdan çox əlverişli mövqedə
yerləşən qədim
Şamaxının Şirvanşahlar
dövlətinin paytaxtına
çevrilməsi ilə
bağlıdır.
Dövrün ərəb coğrafiyaşünasları,
səyyahları Şamaxı
şəhərini "Şəməxiyyə"
adlandırırlar. Əl-Bəlazuri Şamaxı şəhərinin
əş-Şammax ibn
Şucanın adını
daşıdığını bildirir. Bir sıra araşdırmaçılar
isə Şamaxı sözünün "Şam"
və "əxi"
(Şamın qardaşı)
sözündən götürülməsini
güman edirlər.
Şamaxı sözünün ərəblər və ya ərəb dili ilə əlaqələndirən
digər mülahizələrin
də mövcud olmasına rəğmən,
bu şəhərin daha qədim tarixə malik olmasını nəzərə
alsaq onun adının, qədim kimak tayfalarının adı ilə bağlı olub, qədim Alban şəhəri
"Kemaxeya"dan yarandığı
daha düzgündür.
Orta əsr ərəb mənbələrində əl-İstəxri,
İbn Havqəl, Əl-Müqəddəsi, Yaqut
əl-Həməvi və
başqaları Şamaxını
"gözəl", "evləri daşdan tikilmiş", "axar suları, bağları və gəzməli yerləri olan şəhər" kimi təqdim edir.
XI əsrin son rübünün
əvvəlində naməlum
müəllif tərəfindən
yazılan "Tarix-i əl-Bab" əsərinə
görə Şamaxı
şəhəri Şirvanşah
Əbu Tahir Yezid ibn Məhəmməd
tərəfindən bərpa
olunaraq paytaxta çevrilib və onun şərəfinə
Yezidiyyə adlandırılıb.
Şamaxı şəhəri Azərbaycan
Şirvanşahlar dövlətinin
mərkəzi kimi inkişaf edib, nəqliyyat yollarının
əhəmiyyəti xeyli
artıb. Ərəb müəlliflərinin məlumatına
görə IX-XIII əsrlərdə
Şamaxı qərbdən
Bərdə-Gəncə-Tiflis,
şimaldan Şabran-Dərbənd,
şərqdən Xəzər
dənizi, cənubdan Pirsaat çayı kənarı ilə uzanan karvan yolları
vasitəsilə dünyanın
bir çox ölkələri ilə iqtisadi, mədəni əlaqələr saxlayırdı.
Qədim Azərbaycan şəhərləri
arasında Şamaxının
özünəməxsus yeri
var. Bu şəhər dəfələrlə
yadelli işğalçıların
başaqlarına məruz
qalıb, nəticədə
nəinki mədəniyyət
abidələri, hətta
qədim mütəfəkkirlərin
yaradıcılığının qiyməti məhsulları
da məhv olub. Məşhur rus səyyahı,
Tverli tacir Afanasi Nikitin "üç dəniz arxasına" səyahətə
çıxarkən burada
da olub.
XV əsrdə Şamaxıda
30-60 min nəfər yaşayıb. Bu şəhər Azərbaycan
miqyasında ən iri iqtisadi mərkəz
idi. Kontarinin verdiyi məlumata
görə, Təbrizlə
müqayisədə Şamaxı
həyat üçün
əlverişli olan məhsulların çoxluğu
baxımından Təbrizdən
üstün olub.
XVI əsrdə Cənubi
Qafqazda ipək istehsalı və ticarətinin cəmləşdiyi
şəhərlərdən biri məhz Şamaxı olub. Bu mənada
Cenkinson Şamaxını
" gözəl kral şəhəri" adlandırıb. Şamaxıda
rus, hind, türk, fars tacirlərinə
xidmət edən karvansaraylar var idi. Moskva tacirləri Şamaxı
bazarlarında Moskvada hazırlanmış sənətkarlıq
məhsullarını satır,
yerli malları, əsasən də xam ipəyi, ipək parçaları alırdılar.
XVII əsrin əvvəllərində
Şamaxı şəhəri
xeyli möhkəmləndirilib. Adam Olearinin verdiyi məlumata görə, Şamaxı hər iki tərəfdən ayrıca divarlarla əhatələnmiş və
iki hissədən ibarət olan bir şəhər idi." Şəhərin şimal hissəsi
cənub hissədən
bir qədər kiçik idi. Burada daşdan hörülmüş
5 qapı vardı".
Həmin dövrdə
şəhərdə 700 ev
və 26 məhəllə,
40 məktəb, 70 məscid,
7 hamam, 44 karvansara,
200-ə yaxın dükan
olub.
Şamaxının ipək yolu üzərində yerləşməsi
şəhərin iqtisadi
inkişafı üçün
əlverişli şərait
yaradıb. Lakin 1192-ci ildə baş
vermiş birinci və 1667-ci ildəki ikinci zəlzələ, müharibələr Şamaxının
iqtisadi inkişafına
müəyyən zərbə
vurub. Belə ki, 1670-ci ildə
Şamaxıya gəlmiş
hollandiyalı səyahətçi
Yan Streys qeyd edirdi ki, "məni ən çox təəccübləndirən
o idi ki, şəhəri tamamilə
yerlə-yeksan edən
və viran qoyan həmin zəlzələdən 3 ildən
də az müddət keçməsinə
baxmayaraq, şəhər
yenidən bərpa olunub". 1724-cü il Rusiya ilə Türkiyə arasında bağlanmış
İstanbul müqaviləsi,
Şirvana daxili muxtariyyətin verilməsi
Şamaxı şəhərinin
ticarət əlaqələrinin
əvvəlki səviyyəyə
çatmasına imkan
yaratmışdı.
Xanlıqlar dövründə Şamaxı
şəhəri xanlığın
mərkəzi kimi yenə də iqtisadi və siyasi əhəmiyyətini
saxlayıb.
1917-ci il fevral
inqilabı nəticəsində
çarizmin devrilməsi
Azərbaycanın ictimai-siyasi
həyatında ciddi dəyişikliklərə səbəb
olub. Şamaxıda da Müsəlman
Milli Şurası yaradılıb. Şuranın əsas məqsədi Şamaxının azərbaycanlı
əhalisini milli ideallar ətrafında birləşdirmək, onun
maraq və mənafelərini müdafiə
etməkdən ibarət
idi.
Lakin 1917-ci ilin
sonları - 1918-ci ilin
əvvəllərində Cənubi
Qafqazda, o cümlədən,
Bakıda formalaşmış
hərbi-siyasi şərait
Şamaxıya da təsirsiz ötüşməyib. 1918-ci ildə S.Şaumyanın fitvası ilə erməni silahlı dəstələri, Şamaxıda
Sovet hakimiyyəti qurmaq adı altında, Bakıda törətdikləri dəhşətli
qırğından sonra
ikinci qırğını
Şamaxı qəzasında
törədiblər. Şamaxı şəhəri və Şamaxı qəzası
1918-ci ilin iyul ayının 18-də Qafqaz
İslam Ordusu və Azərbaycan korpusunun birgə apardıqları uğurlu
döyüş əməliyyatları
nəticəsində azad
edilənə qədər
daşnak-bolşevik qüvvələrinin
işğalı altında
qalıb.
Azərbaycan Xalq Cümhuriyyətinin ictimai-siyasi, mədəni həyatında mühüm
rol oynamış mərkəzə çevrilib.
1969-cu ildə Heydər
Əliyevin siyasi hakimiyyətə gəlişi
ilə Şamaxının
yenidən inkişafı
və tərəqqisi
başlayıb.
Ölkəmiz müstəqillik qazanandan sonra Şamaxının inkişafı Azərbaycanın
digər regionları kimi diqqətdə saxlanılır.
Şamaxı elm və təhsil mərkəzləri, dini və tarixi abidələri, eləcə
də görkəmli şəxsiyyətləri ilə
seçilən bölgələrimizdən
biridir.
Şamaxı şəhərindən 12 km şimal-şərqdə, dəniz
səviyyəsindən 1400 metr
yüksəklikdə yerləşən
Pirqulu qəsəbəsində
Nəsrəddin Tusi adına astrofiziki rəsədxana fəaliyyət
göstərir. Bu rəsədxana ən müasir avadanlıqlarla və MDB məkanında ən böyük, güzgüsünün diametri
2 metrə bərabər
olan, teleskopla təchiz edilmişdir.
Pirquluda qışda dağ-xizək
idmanı ilə məşğul olmaq, yayda isə at belində maraqlı gəzintiyə çıxmaq
mümkündür.
El arasında "Qırxbulaq"
deyilən, saf sulu bulaqları
ilə məşhur olan mənzərəli yer də çox
məşhurdur. Buranın gözəl
təbiətini mühafizə
etmək üçün
sahəsi 1521 hektar olan "Pirqulu" qoruğu yaradılıb.
(Ardı var)
S.ABDULLAYEVA
525-ci qəzet.-
2015.- 5 fevral.- S.6.