Yazıçılar Birliyi
ilə İLESAM arasında əməkdaşlıq müqaviləsi
imzalanıb
Bu gün Azərbaycan Yazıçılar Birliyində
(AYB) Türkiyə Elmi
və Ədəbi Əsər Sahiblərinin Məslək Birliyi (İLESAM) ilə AYB-nin müştərək əməkdaşlığına
dair müqavilənin imzalanması mərasimi keçirilib.
AYB-nin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid həyata keçiriləcək layihənin
bir neçə ay əvvəldən planlaşdırıldığını
bildirib:
"Hazırlanmış yekun müqavilə layihəsində ədəbi
sahədə hər il ən azı
iki əsərin qarşılıqlı tərcüməsi
və yayımlanması,
"XXI əsr Türkiyə-Azərbaycan
Şeir və Hekayə Antologiyası"nın
birlikdə hazırlanması,
yazıçı və
şairlərin ortaq bioqrafik əsərlərinin
nəşr edilməsi,
ildə bir dəfə növbəli şəkildə Azərbaycanda,
sonra Türkiyədə
şeir günlərinin
keçirilməsi nəzərdə
tutulur. Həmçinin qurumlar uşaq
ədəbiyyatı sahəsində
əməkdaşlıq edəcək,
hər iki ölkədə yazarların
imza günlərini keçirəcək. Əlbəttə ki, bunlar ilkin
əməkdaşlıq üçün
nəzərdə tutulmuş
şərtlərdir. Güman edirəm
ki, İLESAM-la Yazıçılar
Birliyi arasında qarşılıqlı işbirliyi
gələcəkdə daha
da genişlənəcək.
Məlumdur ki, Yazıçılar Birliyinin
Türkiyədə bir
sıra qurumlarla, o cümlədən, Avrasiya
Yazarlar Birliyi ilə geniş və sıx əlaqələri var. Keçən
ilin fevral ayında Əskişəhərdə
Avrasiya Yazarlar Birliyinin təşkilatçılığı
ilə Türkdilli Ölkələrin Yazarlar
Birliyi yaradıldı,
Anar müəllim də o qurumun sədri seçildi və bu fəaliyyətini
davam etdirir. Ümid edirəm ki, AYB və İLESAM-ın qarşılıqlı əməkdaşlığı
Azərbaycan-Türkiyə ədəbi
əlaqələrinin genişlənməsinə
öz töhfəsini
verəcək".
İLESAM-ın sədri Mehmet Nuri Parmaksız
tədbir iştirakçılarını rəhbərlik
etdiyi qurumun üzvləri adından salamlayıb:
"Düşünürəm ki, bu əməkdaşlıq
müqaviləsinin çoxdan
imzalanması lazım
idi. Bu müqavilə ilə
ədəbi qardaşlığımız artıq
yazılı bir şəkildə təsdiqlənmiş
olur. Əminəm ki, yazarlarımızın
qarşılıqlı şəkildə
tanınması, ədəbiyyatımızın
təbliği istiqamətində
genişmiqyaslı işlər
həyata keçirmək
imkanımız olacaq".
M.N. Parmaksız Türkiyənin
Azərbaycandakı səfirliyinin
mədəniyyət müşaviri
Seyid Əhməd Arslanın burada fəaliyyət göstərdiyi
üç il
ərzində iki qardaş ölkə arasında maraqlı mədəni və ədəbi layihələrə
imza atdğını
xatırladıb, onun bu sahədəki xidmətlərini yüksək
dəyərləndirib.
Sədr
səfər müddətində
Azərbaycan Bəstəkarlar
İttifaqı ilə
də önəmli bir layihəyə imza atılacağını
bildirib:
"Şeir sizdən,
bəstə bizdən. Artıq ilk addımlar
atılıb, Azərbaycanın
Xalq şairi Bəxtiyar Vahabzadənin şeirinə türk sənət musiqisi bəstələnib. Həmin layihəyə
əsasən, türk
bəstəkarları sizin
göndərdiyiniz şeirlərdən
uyğun bildiklərinə
mahnılar bəstələyəcək,
sonra isə həmin mahnılardan ibarət konsert təşkil olunacaq.
Mədəniyyət təkcə şeir,
sənət deyil, həm də ortaq ruhumuzdur. Bu ruhu birgə
yaşatmaq üçün
layihələr həyata
keçirməliyik".
AYB-nin sədri, Xalq yazıçısı
Anar qardaş ölkənin nümayəndə
heyəti ilə görüşdən çox
məmnun olduğunu önə çəkib:
"İllər boyu
çalışmışıq ki, Türkiyə Azərbaycanda tanınsın,
biz Türkiyədə tanınaq. Bu işin ən yaxşı vasitəsi ədəbiyyatdır. Son dövrlərdə Türkiyədə
xeyli Azərbaycan yazarının kitabları
nəşr olunur, təbliğatı aparılır.
Hazırkı anlaşma
ilə bu iş daha sistemli
şəkildə həyata
keçiriləcək.
Mehmet bəy dəyərli şairimiz Bəxtiyar Vahabzadənin adını çəkdi. Bu il onun yubileyidir.
Müqaviləmizin bir bəndində
həm də qarşılıqlı yubileylərin
qeyd olunması nəzərdə tutulub.
İnşallah, Türkiyədə və Azərbaycanda bu işləri birgə həyata keçirəcəyik".
Çıxışlardan sonra AYB və İLESAM sədrləri sözügedən
müqaviləni imzalayıblar. Sonra Xalq
yazıçısı Anara
İLESAM adından hədiyyələr
təqdim edilib. Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai
Birliyinin sədri Bəhruz Axundov isə M.N.Parmaksıza Dağlıq Qarabağ həqiqətləri barədə
nəşrlər hədiyyə
edib.
İmzalanmadan sonra tədbir iştirakçıları fikir
və düşüncələrini
bölüşüblər.
Türkiyə səfirliyinin mədəniyyət
müşaviri Seyid Əhməd Arslan hələ ilk gənclik illərindən ədəbiyyatla
maraqlandığını, sonra isə Mühəndislik fakültəsini
ataraq ədəbiyyat üzrə ali
təhsilini davam etdirdiyini diqqətə çatdırıb:
"Mənim fikrimcə,
ədəbiyyat insanı
insan edən ən önəmli dəyərdir. Yazıçılar Birliyi ilə
İLESAM arasında imzalanan
bu müqaviləni çox önəmli hesab edirəm. Belə gözəl bir layihəyə xeyir-dua verməklə, könül
dünyasına xitab edən insanlarla eyni məclisdə olduğuma görə özümü çox xoşbəxt sayıram.
Və hər iki quruma
əməkdaşlıqda uğurlar
arzulayıram".
İLESAM-ın sədr müavini, qardaş ölkənin tanınmış
ədibi İlter Yeşilay Bakıda gördüyü qonaqpərvərlikdən
riqqətə gəldiyini,
geriyə çox gözəl xatirələrlə
dönəcəyini deyib:
"Bütün sizlərlə
köklərimizdən, qanımızdan
gələn bir qardaşlığımız var. İrəlidəki işbirliyimizə
azərbaycanlı qardaşlarımızın
da ürəklə qatılacağına inanırıq. Çox həyəcanlı
və xoşbəxtəm.
Bu duyğuları birliyimizin üzvlərinə
çatdıracağıma söz verirəm".
Sonra İ.Yeşilay şeirlərini
oxuyub.
Əskişəhərdə pedaqoji fəaliyyətlə
məşğul olan Tamilla Abbasxanlı bu müqavilənin imzalanmasına sevindiyini dilə gətirib və iki qardaş
ölkə arasında
gələcəkdə daha
geniş ədəbi-mədəni
əlaqələr qurulacağına
inamını ifadə
edib.
Şair Ələmdar Cabbarlı çıxış edib,
İlter Yeşilayın
yaradıcılığı haqqında söz açıb, indiyədək
onun xeyli şeirini dilimizə tərcümə etdiyini deyib.
Onun sözlərinə
görə, İ. Yeşilayın
şeirlərinə bəstələnmiş
məşhur mahnıları
Zəki Müren, Sezen Aksu kimi
görkəmli sənətkarlar
ifa ediblər.
Sonra Ə. Cabbarlı İlter Yeşilayın, Azərbaycan dilinə uyğunlaşdırdığı şeirini oxuyub:
Ağdənizin sərin yeli,
Günümün ilk işığısan.
Dodağımda bir təbəssüm,
Könlümün tək aşığısan.
Sevgilim, minnət borcum var
Sənlə doğan günə, aya.
Sənlə bağlı hər nə varsa,
Boyamışam narıncıya.
Həsrət, qürbət üzdü məni,
Düşdüm bir çəkilməz eşqə,
Portağal ətirli yarım,
Sənlə həyat tamam başqa.
Səndən gələn hər nə varsa,
Ürəyimdə saxlayıram.
Bircə gün görməsəm səni,
Zülüm- zülüm ağlayıram.
Ömrümə min sevgi qatan,
Sevgiylə əlimdən tutan,
Heca-heca eşq oxudan
Tanrım ayırmasın bizi!
Tədbirdə şairlər Abbas Abdulla, Akif Əhmədgil, tənqidçi Bəsti Əlibəyli, filologiya üzrə fəlsəfə doktoru Azər Turan, Atatürk liseyinin müəllimi, şair Dursun Elmas da söz alaraq, daha bir qarşılıqlı əməkdaşlıq aktının imzalanmasından məmnunluqlarını ifadə ediblər.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.-
2015.- 5 fevral.- S.3.