İqtisadi inkişafa xidmət edən vergi sistemi

 

Azərbaycanda milli vergi sisteminin formalaşdırılması, inkişaf etdirilməsi modernləşdirilməsi zaman baxımından o qədər uzun olmayan bir dövrü əhatə etsə , bu tarix milli vergi xidmətinin müasir inkişafını təmin edən, hər bir ili islahatlarla zəngin olan mühüm inkişaf dövrüdür.

Ölkəmizdə sürətli iqtisadi inkişafın təmin olunmasında gələcək nailiyyətlərin təməlinin yaradılmasında əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş vergi siyasətinin müstəsna rolu olmuşdur.

 

Ulu öndər Heydər Əliyev Nazirlər Kabinetinin 1998-ci il noyabrın 6-da keçirilmiş geniş iclasındakı yekun nitqində dövlət müstəqilliyi əldə olunduqdan sonra vergitutma sahəsində qəbul edilmiş çoxsaylı normativ aktların Azərbaycanın vergi sisteminin ayrı-ayrı sahələrini əhatə etdiyindən vergi sisteminin idarə olunmasında bir sıra   problemlərin yaranmasını, vergi qanunvericiliyində mövcud olan boşluqların istər vergi ödəyicilərinin, istərsə vergi xidməti orqanlarının fəaliyyətində çətinliklər yaratdığını, vergitutmanın qanunvericilik metodoloji bazasının təkmilləşdirilməsinin zəruriliyini qeyd edərək, qısa müddətdə Vergi Məcəlləsinin layihəsinin hazırlanması ilə əlaqədar hökumətə tapşırıqlar verdi.

“Biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik” - deyən Heydər Əliyev   vergi sisteminin təkmilləşdirilməsi, onun vahid normativ-hüquqi bazasının yaradılmasının vacibliyi ilə yanaşı, Vergi Məcəlləsində vergi dərəcələrinin aşağı salınması və vergi yükünün azaldılması hesabına vergitutma bazasının genişləndirilməsi, iqtisadiyyata investisiya qoyuluşunun stimullaşdırılması, kiçik və orta sahibkarlıq üçün əlverişli vergi mühitinin yaradılması, habelə vergi xidməti orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində məqsədyönlü işlərin aparılmasının vacibliyini də həmişə xüsusi olaraq vurğulayırdı.

2000-ci ilin iyul ayında Vergi Məcəlləsinin layihəsi geniş müzakirələrdən sonra Milli Məclis tərəfindən qəbul edildi və 1 yanvar 2001-ci il tarixdən qüvvəyə mindi. Vergi Məcəlləsi ölkəmizdə vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyənləşdirdi.

Vergi sisteminin vahid normativ-hüquqi bazasını təşkil edən Vergi Məcəlləsinin tətbiqi nəticəsində vergi qanunvericiliyində olan boşluqlar, ziddiyyətlər və pərakəndəlik aradan qaldırıldı. Vergilərin sayı 14-dən 9-a endirildi, vergilərin dərəcələri, tətbiq olunan maliyyə sanksiyalarının məbləğləri aşağı salındı və vergi ödəyicilərinin hüquqları genişləndirildi.

Ölkədə müasir tələblərə cavab verən, beynəlxalq normalara uyğun çevik və səmərəli vergi inzibatçılığını həyata keçirən dövlət orqanının yaradılması məqsədilə Azərbaycan Prezidentinin 11 fevral 2000-ci il tarixli fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyinin bazasında dövlətin vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin vaxtında və tam ödənilməsini təmin edən, bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı - Vergilər Nazirliyi yaradıldı.

Sonrakı dövrlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında vergi inzibatçılığının modernləşdirilməsi ilə bağlı bir sıra uğurlu islahatlar həyata keçirildi. Dövlət başçısının 2005-ci il 12 sentyabr tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında vergi inzibatçılığının təkmilləşdirilməsi Dövlət Proqramı”nın (2005-2007-ci illər) reallaşdırılması nəticəsində vergilərin könüllü ödənilməsi sisteminin inkişaf etdirilməsi və vergi ödəyicilərinin hüquqlarının etibarlı qorunmasının təmin olunması, vergi dələduzluğu və vergidən yayınma halları ilə mübarizənin gücləndirilməsi, vergilərin məcburi ödənilməsi sisteminin təkmilləşdirilməsi və vergi borclarının yaranmasının qarşısının alınması, müasir tələblərə cavab verən kompüter informasiya sisteminin yaradılması istiqamətlərində mühüm işlər görüldü.

Azərbaycanda bir çox ölkələrin vergi orqanlarında maraq doğuran özünəməxsus vergi sistemi formalaşdırıldı. Aparılan vergi siyasəti bir tərəfdən tətbiq olunan vergilərin və onların dərəcələrinin iqtisadiyyatda fiskal situasiyanın nəticələrinə obyektiv qiymət verilməsinə, digər tərəfdən isə vergi sisteminin səmərəli, ədalətli, asan qavranılan və istifadə üçün sadə olmasına şərait yaratdı. Tam əminliklə deyə bilərik ki, hazırda ölkəmizin sosial qanunçuluğa və ədalətə söykənən iqtisadi sisteminə adekvat olan bir vergi sistemi formalaşıb.

Bu gün Azərbaycanın vergi siyasəti institutları vergi potensialının və vergi gəlirlərinin monitorinqini, vergi siyasətinin iqtisadi, struktur və gəlir aspektlərinin qiymətləndirilməsini, vergilər toplananadək və toplandıqdan sonra xərclənməsinin təhlilini aparır, aktiv vergi siyasətinin formalaşması, vergi potensialının qiymətləndirilməsi, proqnozlaşdırılması üzrə və bunlarla məhdudlaşmayan geniş spektrdə ex-post və ex-ante təhlillər əsasında qəbul olunmuş qərarların ölkədə sahibkarlıq mühitinə təsiri nəzərə alınmaqla qanunvericilik və inzibatçılıq sahəsində  lazımi tədbirlər həyata keçirirlər.

Aparılan vergi siyasəti əsasən dövlət vergilərinin və digər büdcə daxilolmalarının düzgün hesablanmasına, onların vaxtında və tam həcmdə dövlət büdcəsinə köçürülməsinə, vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsinə, vergi nəzarətinin gücləndirilməsinə, vergi ödəyicilərinə xidmətin keyfiyyətinin yüksəldilməsinə, ölkənin vergi sisteminin beynəlxalq vergi  sisteminə inteqrasiya olunmasına və vergi sistemində insan resurslarından istifadənin səmərəliyinin artırılmasına yönəldilmişdir.

İnnovasiya və bilik iqtisadiyyatının inkişafının stimullaşdırılmasının zəruriliyi nəzərə alınaraq, innovativ sahibkarlığa və elmtutumlu məhsulların, yüksək texnologiyaların istehsalına investisiya qoyuluşlarının vergi stimullaşdırılması məqsədilə Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə sənaye  və texnologiyalar  parklarında sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin gəlirlərinin 7 il müddətinə gəlir vergisindən,  parkların idarəedici təşkilatının və operatorunun mənfəətinin parkın infrastrukturunun tikintisinə və saxlanılmasına yönəldilmiş hissəsi müddət qoyulmadan mənfəət vergisindən, sənaye və texnologiyalar  parklarının rezidenti olan hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri 7 il müddətinə mənfəət vergisindən, sənaye və texnologiyalar parklarının infrastrukturunun, istehsal sahələrinin yaradılması və tikintisi məqsədilə idarəedici təşkilat və operator tərəfindən idxal edilən texnikaların, texnoloji avadanlıqların və qurğuların idxalının müddət qoyulmadan ƏDV-dən, parkların rezidenti olan şəxslər tərəfindən  qeyd olunan məqsədlər üçün gətirilən  texnika, texnoloji avadanlıq və qurğuların idxalı 7 il müddətinə ƏDV-dən azad edilib. Eyni zamanda, Vergi Məcəlləsində parkların idarəedici təşkilatı və operatoru, parkların rezidenti olan hüquqi və fiziki şəxslər üçün əmlak və torpaq vergiləri üzrə də azadolmalar müəyyənləşdirilib.

Kənd təsərrüfatı 2001-ci il 1 yanvar tarixindən torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad edilib və bu güzəştin müddəti məcəllədə olan son dəyişikliklərə əsasən 2019-cu ilə qədər uzadılıb. Bank depozitlərindən əldə olunan gəlirlər uzun müddət vergidən tam azad idi və 2015-ci il 1 yanvar tarixindən həmin gəlirlərin 500 manatadək olan hissəsi yenə vergidən azad olundu. Məktəbəqədər təhsil-tərbiyə müəssisələri, ödənişli təhsil isə ƏDV-dən azad olunub.

Dünyanın ƏDV tətbiq edən bütün qabaqcıl ölkələrində olduğu kimi, Azərbaycanın da vergi sisteminin əsas inkişaf istiqamətlərindən biri olan ƏDV inzibatçılığının təkmilləşdirilməsi daim diqqət mərkəzində saxlanılır.

Beynəlxalq qurumların tövsiyələri və ƏDV-nin tətbiqi sahəsində əldə olunmuş təcrübə nəzərə alınmaqla  ƏDV məqsədləri üçün vergi ödəyicilərinin qeydiyyatı, ƏDV-nin hesablanması və əvəzləşdirilməsi mexanizmi təkmilləşdirilib. Vergi Məcəlləsində dəyişikliklər edilməklə ƏDV məqsədləri üçün qeydiyyata alınmalı olan vergi ödəyicilərinin müəyyən edilməsində hüquqi və fiziki şəxslər arasında mövcud olan fərqli yanaşmanın aradan qaldırılmasına, ƏDV-nin  hesablanması və  əvəzləşdirilməsinin vahid prinsip əsasında həyata keçirilməsinə, qeydiyyatla bağlı meydana çıxan mübahisəli məsələlərin həllinə və ƏDV inzibatçılığının sadələşdirilməsinə nail olunub. 

Azərbaycan Respublikası qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyinə   uyğunlaşdırılması istiqamətində həyata keçirilən son tədbirlərdən biri kimi yerli istehsalda tütün məmulatlarına tətbiq edilən aksizin advalor qaydada hesablanmasından spesifik qaydaya keçildiyini (malların dəyərinə tətbiq olunan aksiz dərəcəsindən onların həcminin kəmiyyət ölçüsünə tətbiq olunan aksiz dərəcəsinə keçilməsi), Azərbaycan Respublikasının ərazisində istehsal olunan içməli spirtə, pivə və spirtli içkilərin bütün növlərinə, tütün məmulatlarına tətbiq olunan aksiz dərəcələri ilə bağlı dəyişiklikləri göstərmək olar.

Ötən dövr ərzində Vergi Məcəlləsində edilmiş dəyişikliklər, əsasən, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi güzəştlərinin verilməsində ünvanlılığın təmin edilməsi, vergidən yayınma hallarına qarşı səmərəli vergi nəzarətinin təşkili, innovasiyalar üçün əlverişli investisiya mühitinin yaradılması, vergi ödəyiciləri ilə partnyorluq əlaqələrinin genişləndirilməsi ilə bağlı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2012-ci il tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq, Vergilər Nazirliyi tərəfindən   təsdiq olunmuş “Vergi sisteminin inkişafı üzrə 2013-2020-ci illər üçün Strateji Plan”da ölkə qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması,  passiv vergi siyasətindən aktiv vergi siyasətinə keçid, vergilər üzrə güzəşt və azadolmaların səmərəliliyinin qiymətləndirilməsi, vergi bəyannamələrinin əvvəlcədən doldurulma sisteminə mərhələlərlə keçidin təmin olunması, ümumi bəyannamə sisteminə keçidlə bağlı hazırlığın görülməsi kimi tədbirlər müəyyən edilib.

Qeyd etmək lazımdır ki, vergi sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən bütün tədbirlərdə dövlət, biznes və istehlakçılar arasında qarşılıqlı etibar və korporativ sosial maraqların təmin edilməsi vergi siyasətinin əsas vəzifələrindən biri olub. Bu vəzifənin yerinə yetirilməsi üçün ölkəmizin iqtisadi sisteminin xüsusiyyətləri və əhalinin mentaliteti, psixologiyası və sosial-iqtisadi-demoqrafik imkanları əsas faktorlar kimi həmişə diqqət mərkəzində saxlanılır. Səmərəli maarifləndirmə və məlumatlandırma sisteminin yaradılması məqsədilə vergi ödəyicilərinin sosial-demoqrafik göstəricilərinə əsasən vergidən yayınmanın motivlərinin aşkar olunması, vergidən yayınma riskinə meyilli və risklərə neytral olan vergi ödəyicilərinin ayrılması və vergi ödəməkdən yayınmanın institusional xüsusiyyətlərinin müəyyənləşdirilməsinə imkan verən metodologiya hazırlanıb.

Artıq ölkədə büdcə planlaşması və vergi siyasətinin  həyata keçirilməsinin kifayət qədər təkmil metodları formalaşıb. Belə ki, hər maliyyə ilinin sonunda büdcə planlaşdırılması sahəsində mövcud məsələlərin həlli ilə yanaşı, dövlətin vergi siyasəti institutları tərəfindən Azərbaycan Respublikasının növbəti və yaxın üç il üçün vergi siyasətinin əsas istiqamətləri işlənib hazırlanır. Vergi siyasətinin əsas istiqamətləri normativ sənəd statusuna malik olmasa da, bu istiqamətlər ölkə iqtisadiyyatının struktur komponentinin xüsusi çəkisinin artırılması, dünyada baş verən siyasi və iqtisadi konyukturdan asılı komponentin təsirinin neytrallaşdırılması, iqtisadi agentlərdə öz gələcək biznes-planlarının tərtibi zamanı biznes mühitinin sabitliyi və müəyyənliyi ilə bağlı əlavə imkanlar yaradır.

Vergi siyasəti sahəsində yuxarıda qeyd olunan prioritetlər və müəyyənlik orta və uzunmüddətli dövrdə vergi sisteminin səmərəliliyinin artırılması ilə yanaşı, bir tərəfdən, büdcənin dayanıqlığının təmin edilməsini nəzərdə tutan büdcə gəlirlərinin əldə olunmasına, digər tərəfdən isə ölkənin xarici iqtisadi inteqrasiyada vergi rəqabətliliyini təmin edən  sahibkarlıq və investisiya aktivliyinə  xidmət edir.

 

Akif MUSAYEV,

vergilər nazirinin vergi siyasəti

məsələləri üzrə müşaviri.

 525-ci qəzet.- 2015.- 5 fevral.- S.2.