Yazıçılar Birliyində Ukrayna nümayəndə heyəti ilə görüş keçirilib
Ötən gün Yazıçılar
Birliyinin Natəvan klubunda (AYB) Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi, Bədii Tərcümə
və Ədəbi Əlaqələr Mərkəzinin
dəvəti ilə
"Azərbaycan-Ukrayna ədəbi
görüşləri" çərçivəsində Bakıda səfərdə
olan Ukrayna nümayəndə heyəti
ilə görüş
keçirilib.
Nümayəndə heyətinin tərkibində
Ukrayna Ali Radasının
deputatları- yazıçı
Mariya Matios, Sergey Taruta, "Vsesvit" jurnalının baş redaktoru Dmitro Drozdovski, Taras Şevçenko Milli Muzeyinin direktoru Dmitro Stus, Ukrayna
Yazıçılar Birliyinin
katibi Lesya Mudrak, Kiyev Beynəlxalq
Kadrlar Akademiyasının
professoru Möhlət
Hüseynov, Azərbaycan
Televiziyasının Ukraynadakı
xüsusi müxbiri Möhsün Aslanov təmsil olunub.
Görüş çərçivəsində
"Dünya ədəbiyyatı"
jurnalının "Ukrayna
ədəbiyyatı xüsusi
buraxılışı" ilə "Vsesvit" jurnalının
"Azərbaycan ədəbiyyatı
xüsusi buraxılışı"nın
təqdimatı da keçirilib.
Tədbiri AYB-nin sədri,
Xalq yazıçısı
Anar açaraq ukraynalı şair və yazıçılardan
ibarət nümayəndə
heyətini salamlayıb:
"Bu gün bura çox xeyirxah məramla toplaşmışıq. "Vsesvit" jurnalının "Azərbaycan
ədəbiyyatı xüsusi
buraxılışı"nın
nəşrini unikal hadisə kimi qiymətləndirirəm. Eyni zamanda
Azərbaycanda da "Dünya ədəbiyyatı"
jurnalının "Ukrayna
ədəbiyyatı xüsusi
buraxılışı" çap olunub. Hər iki nəşrin ərsəyə gəlməsində
əməyə olanlara
təşəkkür edirəm".
Bədii
Tərcümə və
Ədəbi Əlaqələr
Mərkəzinin rəhbəri,
şair Səlim Babullaoğlu xüsusi buraxılışların təqdim
olunması mərasimində
iştirakından, həmçinin
müasir Ukrayna ədəbiyyatının təmsilçiləri
ilə görüşdən
məmnunluğunu ifadə
edib: "Vsesvit" jurnalının
bir sayı bütünlüklə Azərbaycan
ədəbiyyatına, Mərkəzin nəşri olan "Dünya ədəbiyyatı"
dərgisinin bir sayı isə Ukrayna ədəbiyyatına
həsr olunub. "Vsesvit"də 3 bölmədə - proza, poeziya və ədəbiyyatşünaslıq bölməsində 62 Azərbaycan
müəllifinin əsəri
çap olunub. "Dünya ədəbiyyatı"
dərgisində isə
30 ukraynalı müəllifin
şeir, hekayə və ədəbiyyatşünaslıq
yazıları dərc
olunub.
Azərbaycan ədəbiyyatına həsr olunmuş xüsusi buraxılışın
ideya müəllifi həmkarım Dmitro Drozdovskidir. Layihəyə maliyyə dəstəyi
Kiyev Beynəlxalq Kadrlar Akademiyasının professoru - mesenat Möhlət Hüseynov tərəfindən göstərilib.
Eyni zamanda jurnalın hazırlanmasında Azərbaycan
Respublikasının Ukraynadakı
səfirliyi də iştirak edib. "Dünya ədəbiyyatı"
dərgisinin hazırlanmasına
isə Ukrayna Ali Radasının deputatı
Sergey Taruta dəstək
verib. Azərbaycanın Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə yanvarın 14-17-sində
Kiyev şəhərində
Ukrayna Xarici İşlər Nazirliyinin
Diplomatik Akademiyasında
və Taras Şevçenko Milli Muzeyində hər iki jurnalın təqdimatı keçirilib,
Azərbaycan ədəbiyyatçılarından
ibarət nümayəndə
heyəti, həmçinin
ölkəmizin Ukraynadakı
səfirliyi, şəxsən
səfir Eynulla Mədətli yaxından iştirak edib. Fakt budur ki, layihəmiz alınıb və bu, bizi
çox sevindirir.
Ümid edirəm ki, indiki təqdimat
mərasimi ilə
bizim əməkdaşlığımızın
ikinci mərhələsi
başlanır. Dünən Milli
Məclisin Mədəniyyət
məsələləri daimi
komissiyasında deputatlarımızla
Ukrayna nümayəndə
heyətinin görüşü
olub. Fürsətdən istifadə edib,
yüksək səviyyəli
görüş üçün
Milli Məclisin rəhbərliyinə, millət
vəkillərimizə minnətdarlığımı
bildirirəm".
Sonra
AYB-nin sədri Anar rəhbərlik etdiyi qurumun fəxri üzvlük vəsiqələrini "Vsesvit"
jurnalının baş
redaktoru Dmitro Drozdovskiyə, Kiyev Beynəlxalq Kadrlar Akademiyasının professoru
Möhlət Hüseynova
və Azərbaycan Televiziyasının Ukraynadakı
xüsusi müxbiri Möhsün Aslanova təqdim edib. Eyni zamanda ədəbi
əlaqələrin inkişafındakı
xidmətlərinə görə
Ukrayna Ali Radasının
deputatı Sergey Taruta
və Taras
Şevçenko Milli Muzeyinin direktoru Dmitro Stus AYB-nin diplomlarına layiq görülüb.
Deputat Sergey Taruta
çıxışında bir müddət əvvəl Azərbaycan Yazıçılar Birliyinin
fəxri üzvlüyünə
qəbul edilməsindən
qürur duyduğunu vurğulayıb. S. Taruto bu nəşrlər vasitəsilə Azərbaycanın
yeni nəsil ədəbiyyatçılarını tanımasından sevindiyini
bildirib: "Düşünürəm
ki, hər iki ölkənin müvafiq qurumları gücünü
birləşdirib gələcəkdə
də belə layihələrin sayının
artmasına
çalışmalıdır. Biz Ukrayna tərəfi olaraq belə görüşlərin daha
geniş formatda keçirilməsinin tərəfdarıyıq.
Həmkarım Mariya Matiosla
bu barədə müzakirələr aparmışıq,
mən də öz tərəfimdən
birgə əməkdaşlıq
məsələlərində əlimdən gələn
köməyi əsirgəməyəcəyəm.
Bir müddət bizim əlaqələrimiz
sanki dalana dirənmişdi, indi isə biz çalışmalıyıq
ki, münasibətlərdəki
durğunluğu aradan
qaldırıb yeni ədəbi- mədəni layihələr
həyata keçirək.
Ukrayna hazırda ağır günlər keçirir.
Ancaq Mariya Matiosun qeyd etdiyi kimi
ədəbiyyat adamın
ruhunu sağaldır.
Buna görə biz ədəbi əlaqələrimizi
genişləndirməli, ədəbiyyat
vasitəsilə yaralarımızı
sağaltmaq barəsində
düşünməliyik".
Kiyev Beynəlxalq
Kadrlar Akademiyasının
professoru Möhlət
Hüseynov çıxışında
həmvətənlərinin hər zaman Ukraynada Azərbaycanı layiqincə təmsil etdiyini bildirib. M. Hüseynov
deyib ki, Azərbaycanın torpağı
da işğal olunub və bu baxımdan Ukraynanın mövcud problemi anlaşılandır.
Jurnalların nəşrindən sevndiyini bildirən M. Hüseynov gələcəkdə
bu əlaqələrin
daha da genişlənəcəyinə
inamını ifadə
edib.
Ukraynanın Azərbaycandakı fövqəladə
və səlahiyyətli
səfiri Aleksandr
Mişenko bu xüsusi buraxılışların nəşrini
çox əhəmiyyətli
hadisə kimi qiymətləndirib: "Rusiyanın
əleyhimizə
informasiya müharibəsi
apardığı bir
zamanda bu jurnalların nəşri Ukraynada hələ ədəbiyyatın, sözün,
ruhun ölmədiyini sübut edir. Bütün bunlar göstərir ki, heç nəyə baxmayaraq Ukraynada həyat davam edir. Ümid edirəm ki, bu jurnallar vasitəsilə
bizim ədəbiyyatçılarımız
bir-birini daha yaxından tanıyacaq".
Millət
vəkili Elmira Axundova
ukraynalı həmkarı
Sergey Tarutanın iki ölkə arasındakı
əlaqələrdə yaranan
durğunluq fikrini təsdiqləyib və bildirib ki, gələcəkdə
bu durğunluğu aradan qaldırmaq naminə belə buraxılışların nəşri
əhəmiyyətli rol
oynaya bilər: "Düşünürəm ki,
bu əhəmiyyətli
hadisəni Azərbaycan
mətbuatı geniş
işıqlandırmalıdır, mən də bununla bağlı yazı hazırlayacağam.
Arzu edirəm ki, Ukraynadakı ağır günlər başa çatsın, sülh, əmin-amanlıq olsun.
Və
biz yalnız həyata
keçirilən ədəbi-mədəni
layihələri qeyd etmək üçün bir yerə toplaşaq.
Belə bir deyim var, əgər
yazıçılar bir
az siyasətçi,
siyasətçilər bir
az yazıçı olsaydılar, xoşagəlməz
hadisələr də
baş verməzdi. Ümid edirəm ki, biz tezliklə sülhə
nail olacağıq".
"Vsesvit" jurnalının
baş redaktoru Dmitro Drozdovski həyata keçirilmiş
layihənin tarixindən
söz açıb. Baş redaktor
bundan sonra da hər iki
ölkənin yazıçı
və şairləri arasında ədəbi əlaqələrini daha da dərinləşməsinin
zəruriliyini vurğulayıb.
Tədbiri yekunlaşdıran Xalq
yazıçısı Anar Ukraynanın
yaşadığı problemin
tanış olduğunu
və ölkələr
arasında güc vasitəsilə yox, ağılla aparılan siyasəti dəstəklədiyini
deyib. Xalq yazıçısı problemin
tezliklə aradan qalxmasını arzulayıb
və hər iki ölkə
arasında ədəbi
əlaqələrin bundan
sonra da inkişaf edəcəyinə
əminliyini bildirib.
Çıxışlardan sonra hər iki ölkənin yazarları arasında ədəbi müzakirə aparılıb. Sonda görüş iştirakçıları xatirə şəkilləri çəkdiriblər.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.-
2015.- 6 fevral.- S.6.