İdrakın və vicdanın katarsisi
Sumqayıt Dövlət Musiqili Dram
Teatrında səhnəyə qoyulmuş
yazıçı-dramaturq
Hüseynbala Mirələmovun
"Vicdanın Hökmü" dramının
premyerasından bəzi fraqmentlər
Teatr
sənəti - Antik
çağdan üzü bəri
bəşərin mədəni-mənəvi həyatının
həm güzgüsü, həm də gör -götür
dünyası olub. Tamaşaçı zövqü daim dəyişən,
inkişaf edən, sosial statuslarından asılı olmayaraq cəmiyyətin kiçik bir hissəsini təmsil edən fərdlərdən
ibarətdir. Teatrşünasların dili ilə desək, adətən, üç cür
tamaşaçı olur: tamaşaçı-fərd,
tamaşaçı-kütlə, tamaşaçı-estet.
Teatr səhnəsi ilə tamaşaçı arasında canlı ünsiyyət
zamanı insan və dünya anlayışının
bütün mövzularda məna
qatları sərgilənir.
Bu mənada,
respublikanın Əməkdar artisti Namis Şirməmmədovun rejissorluq məharətiylə səhnəyə qoyduğu
"Vicdanın hökmü" dramı iyirmi beş il əvvəl
cəmiyyətimizdə baş verən olaylara təkcə
seyrçi gözüylə baxış deyildi. Tamaşada həm
də günahlardan arınmaq, izləyicilərdə daxili
saflaşma yaratmaq, milli yaddaşımızı cilalamaq və
cəmiyyətə əsərin məzmunundan ibrət
götürmək
ismarıcı vardı. Sumqayıt Dövlət Musiqili
Dram Teatrı "Vicdanın hökmü" ilə bir daha
sübut etdi ki, sənət və sənətkarlıq
varlıqdır, var olmaq deməkdir! R. Taqorun təbirincə,
incəsənət-gerçək yaradıcının
çağırışına yaradıcı qəlbinin hay verməsidir.
Əsərin
baş qəhrəmanı Rəhim (aktyor Habil Xanlarov) yüksək
amallarla yaşayan ziyalı
olsa da, şərait onu bir çox həmyerlisi
kimi Rusiya bazarlarında alver etməyə məhkum edib. Lakin o, sevdiyi kitabdan bir an da olsun əl çəkmir. Vətən,
ana, övlad sevgisiylə yaşayan Rəhimə alver
etdiyi Moskva
bazarlarının birində reketlik edən Qara Fedya ləqəbli Firudin adli biri havadarlıq etmək, onu öz
"qanadının altına almaq" istəyir. Aktyor Mətləb Səfərli Fedyanın nə əməl
sahibi olduğunu çox gözəl, tutarlı və
inandırıcı səviyyədə tamaşaçı
gözü qarşısında canlandırır. Lakin
Qara Fedyaya "nökərçilik"
edən erməni Aşot (aktyor Dağlar Rüstəmov) daxilində
"Böyük Ermənistan" arzusu ilə yaşayan maskalanmış
yaltaqdı. Öz çirkin məqsədinə çatmaq
üçün hətta bacısını Fedyaya peşkəş etməyə belə razıdır. Fedyanın
arvadı Güllü
isə (aktrisa Kifayət Burziyeva) Rəhimin sevgilisi olub.
Vətəndən
söz düşəndə "axı mənə nə
verib Vətən?" deyən Fedya ad günündə
Aşotun bacısına sarılaraq rəqs edir. Aşot da Güllünü rəqsə dəvət
etmək istəyir. Güllünün "murdar əlini
mənə vurma" deyə etirazına məhəl
qoymayan Aşotla əlbəyaxa olarkən Fedya sinəsini qabağa verir. Və
təsadüfən Rəhimin bıçağı
Aşotu müdafiə edən Fedyanın köksünə
saplanır. Gülünün ərinin cansız nəşinə
baxa-baxa "Bu da boş və mənasız keçən həyatın
sonu" ifadəsi, Rəhimin peşmanlığı
tamaşaçını həm
də məntiqlə düşünməyə vadar
edir. Bəlkə elə bu cür ölüm qəlbində Vətən sevgisi olmayan Fedya
kimi adama İlahi cəza
idi?!
Səhnə
dəyişir...Rəhim təslim olmaq qərarına gələndə Bakıda 20 Yanvar faciəsi baş
verir. Təslim olmaq, ya Vətən uğrunda savaşa
qatılmaq seçimi qarşısında qalan Rəhim ikinci yolu seçir.
Tamaşanın
quruluşçu rəssamı
Nizami Dadaşov, bəstəkar
və musiqi tərtibatçısı Anar Süleymanov tamaşaçılara həyəcanlı anlar yaşadan səhnə dekorasiyaları və musiqi lövhələri ön cəbhədə cərəyan edən hadisələrə işıq salır. Rəhim
yaralıdır. Onun həyatını xilas edən həkim Aslan (aktyor Vaqif Səmədzadə)
Fedyanın atasıdır. Ürək ağrısıyla
"kaş mənim oğlum da Vətən uğrunda
savaşda həlak olaydı" deyən ata oğlunun qatilinin
kim olduğunu bilmir. Onunla
birlikdə çalışan qızı - Rəhimi sevən
tibb bacısı Aygün (aktrisa Vəfa Qurbanova) də
qardaşının qatilinə aşiq olduğundan xəbərsizdi.
O, Rəhimə vətənin cəsur bir əsgəri
aşiqdir. Ata və qızı üçün gizli qalan sirri yalnız onlarla
birlikdə hərbi xəstəxanada
çalışan Fedyanın
dul qalmış arvadı, Rəhimin keçmiş
sevgilisi Güllü bilir.
Güllü onu da yaxşı bilir ki, Rəhim öz vicdanının səsini
eşidən insandır. Ayağından ağır yara almış Rəhim hər şeydən agah olanda yenidən
döyüşə
atılır... Və meşədə general olmaq arzusuyla yaşayan
Aşota rast gəlir.
Aşot rus zabitlərinə verdiyi rüşvətin sayəsində
erməni quldurlarına
başçılıq edir. Onun əsir aldığı
qızı ( gənc aktrisa Şəhla Məmmədova) xilas
edərkən Rəhim atışma zamanı
ölümcül yaralanır.
Aktyorlar
Siyavuş Mahmudov (Kamran), Rövşən Əsgərov
(Sabir), Elmir Mehdiyev (Karo), Cavanşir Eyyubzadə (Akop) İlahə
Səfərova və İradə Zeynalova özünəməxsus oyun tərzi
nümayiş etdirdilər. Ən kiçik
epizodik rol belə tamaşaçının yaddaşına həkk
olundu.
Səhnə
əsərin finalını təsirləndirən Rəhimin
anasının fəryadıdır...
Aktrisa Ulduzə Nəsir Azərbaycan
anası obrazını o qədər
canlı oynadı ki,
tamaşaçı zalında hıçqırtı səsləri
eşidildi…Düşmənə qaşı nifrət oyadan
ana oğlunun silahına,
yapıncısına və Azərbaycan bayrağına
sarılıb mənfur
düşməndən qisas
almaq üçün savaşa qatılır.
...Tamaşaçıların
Sumqayıt Teatrının aktyorlarının məharətini ayaq üstdə
uzun müddət alqışlaması, rejissorun, müəllifin
səhnəyə dəvət olunması, Ana rolunu ifa edən
aktrisa Ulduzə xanıma gül
bağışlanması dramın bir daha müasirliyindən
və hələ uzun müddət
aktuallığını itirməyən səhnə əsəri olacağından soraq verən məqamlardan
oldu.
Sürəkli
alqış sədalarından sonra Teatrın baş rejissoru,
bir çox maraqlı teleserialların ssenari müəllifi Firudin Məhərrəmli
mikrafona yaxınlaşıb bu tamaşanın uzun müddət
repertuardan düşməyəcəyini bildirir. Müəllif
Hüseynbala Mirələmov da öz növbəsində tamaşaçılara və aktyorlara minnətdarlığını
bildirir.
Millət
vəkili Hadi Rəcəblinin tamaşa barədə öz təəəsüratını kövrək notlarla tamaşaçılarla
bölüşəndən sonra aktyor kollektivinin
qarşısında baş əyməsi
sənət məbədinə etiramın mücəssəməsi
kimi yaddaşlara həkk olunur. Sumqayıtlı seçiciləri
Milli Məclisdə təmsil edən professor Musa Quliyevin
"Vicdanın hökmü"nün
tamaşaçını haldan-hala salmasını dilə gətirərək
aktyorlara və teatrın direktoru İslam Həsənova minnətdarlığı əslində bütün
tamaşaçıların şərik olduğu fikir idi.
Tamaşadan sonra hamının diqqətini özünə
cəlb edən bir "səhnə" öz əlil
arabasında oturan bir xanım tamaşaçı oldu. Foto-jurnalist Rafiq Salmanov bu qeyri-adi səhnəni
əbədiləşdirmək üçün özünə mövqe seçir və bu əlahəzrət
tamaşaçıyla həmsöhbət olan müəllifin
şəklini çəkir.
Düzü,
tamaşanı lentin yaddaşına köçürən
jurnalist həmkarlarımın da,qələm
dostlarım İlqar Rüstəmovun, şair Əli Nəcəfxanlının,
iş yoldaşlarım Mail Kərimovun, Əminağa və
Zahidin də, elə özüm qədər mənəvi katarsisə məruz
qaldığımı düşünürəm. Duyğulara saflıq gətirən,
mübarizlik əhval-ruhiyyəsini
artıran "Vicdanın hökmü" özünə
Sumqayıt Teatrının ən
uğurlu tamaşaları cərgəsində yer qazandı.
Sonda bir
tamaşaçı kimi telekanallarda xalqın ruhunu korşaldan
bayağı verilişləri göz önünə gətirib,
düşünürəm. Axı niyə bugünəcən
bir çox teatrların səhnəsində tamaşaya qoyulan,
Azərbaycan tamaşaçısına "Vicdanın
hökmü" kimi
Vətən sevgisi aşılayan dramlar televiziya
tamaşaçılarına tam şəkildə təqdim
olunmasın?!Axı özgələri, xüsusilə qərb
dünyasını yamsılamaqla milli ruhumuzu
korşaldırıq!!!
Nurəddin ƏDİLOĞLU
525-ci qəzet.-
2015.- 6 fevral.- S.7.