“Azərbaycan-Fələstin
əlaqələri son üç ildə daha da genişlənib”
Müsahibimiz
Fələstin Muxtariyyətinin Azərbaycandakı səfiri
Nasser Əbdül Kərimdir.
Cənab səfir, Azərbaycanla Fələstin
arasında əlaqələri necə dəyərləndirmək
olar?
- Azərbaycanla Fələstin
arasında həmişə
yaxşı münasibətlər
olub. Əlaqələrimiz son üç ildə
daha da genişlənib.
Azərbaycandan Fələstinə,
Fələstindən isə
Azərbaycana qarşılıqlı
rəsmi səfərlər
olur. Qeyd edim ki,
2011-ci ildə Fələstin
prezidenti Azərbaycana
səfər edib.
Həmçinin bizim xarici işlər nazirimiz iki dəfə ölkənizdə olub.
Beləliklə, münasibətlərimiz bütün sahələrdə
inkişaf edir.
- Azərbaycanla bağlı
təəssüratlarınız necədir?
- Hər şeydən öncə azərbaycanlılar
çox istiqanlı, xeyirxah və səxavətli xalqdır.
Burada olduğum müddətdə
Azərbaycanın bütün
regionlarına səfər
etmişəm. Ölkəniz çox gözəldir.
Eyni zamanda iqtisadi, mədəni baxımdan da zəngindir. Quba, Qəbələ, Zaqatala, Lənkəran və digərləri əsrarəngiz bölgələrdir.
Azərbaycanın zənginliyi musiqidə,
adət-ənənələrdə, incəsənətdə və
hətta regionların
həyatında da hiss
olunur. Məsələn, götürək Lahıcı. Kənd bütün
görünüşü ilə
çox maraqlı və təsirlidir. Bütün bunlar bizdə çox dərin təəssürat yaradıb.
Mən regionlara bəzən rəsmi, bəzən də ailəmlə birlikdə qeyri-rəsmi səfər edirəm.
Düşünürəm ki, Azərbaycanın çox yaxşı gələcəyi var. Sizin mədəniyyətiniz
bizim mədəniyyətimizə
çox bənzəyir.
Məsələn, muğamlarımız arasında tamamilə olmasa da, oxşarlıq
mövcuddur. Mətbəximiz isə demək olar ki, eynidir.
Biz də sizin
kimi dolmanı eyni məhsullardan hazırlayırıq, düşbərə
bişiririk və ona "şişpara"
deyirik. Ölkənizin regionlarını gəzdikcə, onun nə qədər təbii zənginliyə malik olduğunu görmək olur. Bunlar turist axını üçün böyük
potensialdır. Düzdür, Azərbaycanla Fələstin
arasında 1500 km yol
var. Bu, böyük məsafədir.
Lakin biz bir-birimizə rəğbət
bəsləyirik, tarixi
bağlarımız var. Münasibətlərin
daha da yaxınlaşması
üçün mədəni
əlaqələrin gücləndirilməsi
lazımdır. Əgər siz
Fələstinə getsəniz
və azərbaycanlı
olduğunuzu desəniz,
sizi qucaqlayacaqlar.
Çünki onlar Azərbaycana
böyük sevgi bəsləyirlər.
- Mədəni əlaqələri
necə dəyərləndirirsiniz?
Bu istiqamətdə hansı yeni layihələr nəzərdə
tutulub?
- Bu sahədə biz öz həmkarlarımızla, eləcə
də Mədəniyyət
və Turizm Nazirliyi ilə işləyirik və çalışırıq ki,
əlaqələrimizi inkişaf
etdirək. Azərbaycanda Fələstin səfirliyinin
açılmasının məqsədi
də ikitərəfli
əlaqələri, o cümlədən,
mədəniyyət sahəsində
münasibətləri inkişaf
etdirməkdir. Ümumiyyətlə, mədəniyyət və
incəsənət adamları,
rəqs, musiqi qrupları vasitəsilə
əlaqələr qurmaq
ölkələrimiz üçün
çox faydalıdır.
Lakin Fələstindəki məlum
vəziyyət imkanlarımızı
məhdudlaşdırır. Başqa ölkələrdən, eləcə
də Azərbaycandan Fələstinə gəlmək
adamlar üçün
o qədər də asan deyil. Digər tərəfdən, Fələstin
mədəniyyətinin Azərbaycanda
təqdimatına çalışırıq.
Bakıda bizim çox
kiçik icmamız var.
Daha çox tələbələri əhatə
edən icma 20 nəfərdən ibarətdir
və səfirlik olaraq onları biz koordinasiya edirik. İl ərzində burada keçirilən mədəniyyət
tədbirlərində iştirak
edirik. Məsələn, Azərbaycan Diplomatik
Akademiyasında xarici ölkə səfirliklərinin
illik sərgiləri keçirilir ki, biz də orada təmsil
olunuruq. Bu günə qədər 4 dəfə öz mədəniyyət nümunələrimizi
təqdim etmişik.
Məsələn, Fələstinin
"Dəkkə" rəqsi
bütün dünyada
məşhurdur və
biz bunu sərgidə Azərbaycan ali
məktəblərində təhsil
alan tələbələrimiz
vasitəsilə göstərdik.
Tələbələrimiz peşəkar rəqqaslar
deyillər, lakin öz ölkələrini
çox gözəl təmsil edə bilirlər. Yaxud götürək hər il "Park Bulvar"da
keçirilən "Global village"
("Qlobal kənd")
layihəsini. Həmin tədbirdə
də artıq 4 ildir ki, iştirak
edirik. Bir sözlə, səfirlik
fəaliyyət göstərəndən
bəri Bakıda
40-dan çox mədəni
tədbirə qatılmışıq.
Rəqslərimizi, milli yeməkləri,
suvenirlərimizi nümayiş
etdiririk. Hətta
mən və həyat yoldaşım
"Space" telekanalında "Bizim mətbəx" verilişində iştirak
etdik. Xanımım milli mətbəximizdən
nümunələr hazırladı.
Bu da mədəniyyətimizin
bir təqdimatıdır.
Ümid edirik ki, yaxın
gələcəkdə Fələstinin
peşəkar sənətkarlarını,
tanınmış rəqs
qruplarını, musiqiçilərini,
rəssamlarını da
Azərbaycana gətirə
biləcəyik. Sadəcə koordinasiya lazımdır.
- Fələstin mədəniyyətinin
Azərbaycanda daha geniş təqdimatı üçün mədəniyyət
günləri və ya mədəniyyət həftəsi keçirmək
barədə düşünürsünüzmü?
- Qeyd etdiyim kimi,
səfirlik olaraq Azərbaycanda heç bir mədəniyyət tədbirini diqqətdən
kənarda qoymuruq. Biz mədəni baxımdan
bir-birimizə çox
yaxınıq. Mən "Azərbaycan-Fələstin
münasibətləri yeni
inkişaf etməyə
başlayıb" fikri
ilə razı deyiləm. "Yeni" sözü yalnız diplomatik əlaqələrə şamil
oluna bilər. Biz eyni dəyərləri,
tarixi məqamları bölüşürük, əlaqələrimizin
böyük keçmişi
var. Konkret layihələrə
gəlincə, məsələn,
Bakıda Fələstin
filmləri həftəsi
keçirə bilərik.
Bunun üçün koordinasiya
lazımdır ki, aktyorlarla əlaqə qurmaq, onları dəvət etmək mümkün olsun. İşğal altında olduğumuz
üçün bu
biz arzuladığımız qədər də asan deyil. Bilirik ki, bizim
azərbaycanlı qardaşlarımız
belə tədbirlərə
məmnuniyyətlə ev sahibliyi edər.
- Fələstinli tələbələr
Bakıda hansı sahələr üzrə təhsil alırlar?
- Burada 20 tələbəmiz
var. Əksəriyyəti tibb,
qalanları isə mühəndislik sahəsində
təhsil alırlar. İcmamız çox kiçik
olsa da, kifayət qədər aktivdir. Tələbələrimizin müxtəlif mədəniyyət
tədbirlərində çıxışları
da rəğbətlə
qarşılanır.
- Fələstində mədəniyyətin
daha çox hansı sahələri inkişaf etdirilib?
- Fələstin mədəniyyəti
çox zəngindir. Musiqi, rəqs, kino və s. Son 15 ildə 5
film çəkilib. 2014-cü
ildə "Ömər"
filmi "Oskar"a namizəd göstərildi
və Kann festivalında nümayiş
olundu. Müxtəlif teatr qrupları
fəaliyyət göstərir.
Mədəniyyətin digər aspektləri
isə geyimlərimiz,
əl sənəti nümunələrimiz, adət-ənənələrimizdir.
Məsələn, naxış salma
sənəti. Bu, Fələstinin ən qədim və məşhur sənət növüdür. Əl işləmələrinə
xüsusilə qadın
geyimlərində rast
gəlmək olar.
Təəssüf ki, mövcud
şərtlərdə biz bu
sənət növlərini
inkişaf etdirə bilmirik. Fələstinin çox qədim
tarixi var. Bizdə qədim sivilizasiyaya məxsus həm tarixi yerlər, həm də dini-tarixi yerlər çoxdur. Son arxeoloji qazıntılar göstərir ki, Fələstin ərazisi insanın köçəri
həyatdan oturaq həyata keçdiyi və əkinçiliyə
başladığı ilk yerlərdəndir.
Burada eramızdan 8 min
il əvvəl
dünyanın ən qədim Ariha şəhəri salınıb.
Fələstin müxtəlif mədəniyyətlərin
bir-biri ilə qaynayıb-qarışdığı bir ölkədir.
Hər bir müsəlmanın qəlbində
Fələstinin böyük
yeri var. Qurani-Kərimdə
buyurulduğu kimi, bura müqəddəs və mübarək yerdir. Burada müsəlmanların ilk qibləsi olmuş Əl-Əqsa məscidi yerləşir. Bu, Yer üzündə tikilmiş ikinci məsciddir. İslam dinində
müqəddəs sayılan
məscidlər arasında
üçüncü yerdədir.
Bura İsra (Merac) ərazisi də adlanır. Məhəmməd Peyğəmbər məhz buradan meraca yüksəlmişdi.
Fələstin xristian və
yəhudilər üçün
də müqəddəs
yer sayılır.
Fələstini "Peyğəmbərlər torpağı" adlandırırlar.
Çünki bir çox
peyğəmbərlər dünyaya
burada gözünü
açıb, ömür
sürüb və burada da dəfn
olunub.
PƏRVANƏ
525-ci qəzet.- 2015.- 6 fevral.- S.5.