Rəsul Rza
yaradıcılığında Azərbaycan dili məsələləri
Rəsul Rza XX əsr Azərbaycan ədəbiyyatına
öz yaradıcılığı ilə – təkcə sərbəst
şeir yazmaqla deyil, həm də üslub və
düşüncə tərzi baxımından yenilik gətirib,
novatorluq nümayiş etdirib. Hər bir
yaradıcılığın orijinal cəhətlərinin ən
ümdə göstəricisi novatorluqdur. Rəsul
Rza yalnız bədii yaradıcılığında deyil,
fikir və düşüncəsində, mövqe və
münasibətində də orijinallıq, özünəməxsusluq,
novatorluq göstərib. Konkret olaraq dil məsələsinə
gəldikdə qeyd etmək lazımdır ki, o, dil məsələsinə
mədəniyyətin ən mühüm komponentlərindən
biri kimi yanaşıb və bu istiqamətdə müsbət
irəliləyişlər əldə etmək
üçün əlindən gələni əsirgəməyib.
Rəsul Rzaya görə, dil şüurun əsas
elementi olmaqla ictimai şəraitlə, tarixi dövrlə
bağlı dəyişir və inkişaf edir. Bu dəyişiklik, inkişaf dilin sadəliyinə xələl
gətirməməli, onun ruhuna və ənənəsinə
ziyan vurmamalıdır.
Rəsul
Rza dilin təmizliyi uğrunda mübarizədə solçuluq
mövqeyindən yanaşanların fəaliyyətini zərərli bir iş
sayırdı. Dili əcnəbi sözlərdən
təmizləmək istəyində olan cərəyan tərəfdarlarının
dili saflaşdırmaq pərdəsi altında çox pis bir təşəbbüsdə
olduqlarını tənqid edirdi. O, dilimizin lüğət
tərkibindəki bütün əcnəbi sözləri Azərbaycan
sözləri ilə əvəz etmək istəyində
olanlar barəsində yazırdı: “ ...
bütün azərbaycanca olmayan sözlərin
hamısını Azərbaycan sözləriylə əvəz
etmək istəyənlər vardı. Onlar
aeroplana uçquç, samovara qur- qur, parovoza buğla gedən
deyir və bu kimi yöndəmsiz sözlərlə dili düzəltmək
istəyirdilər. ... Bu adamlar dili təmizləmək
bayrağı altında dilə girmiş bütün ərəb,
fars sözlərini atmağı təklif
edirlər. Yaxud dilimizi saflaşdırmaq pərdəsi
altında dili dəmir hasar içinə almaq, ona heç bir
yeni sözün gəlməsinə imkan verməmək istəyirlər”.
(bax: Rəsul Rza. Azərbaycan
dilinin bugünkü vəziyyəti və gələcək vəzifələri
haqqında. –Rəsul Rza. Seçilmiş əsərləri.
Beş cilddə, V cild. Bakı,
“Öndər nəşriyyat”, 2005, s.36). Rəsul Rza
dilimizin ruhuna, təbiətinə uyğunlaşmış əcnəbi
sözləri dildən çıxartmağı zərərli
bir iş sayıb, çox haqlı olaraq məsələnin
mahiyyətini anlamayanları tənqid edib.
O, Azərbaycan
dilinə ənənəsi olan bir dil kimi yanaşıb,
dilimizin saflığını,
axıcılığını, gözəlliyini və sadəliyini
bu səbəbdən yüksək qiymətləndirib. Doğrudan da Azərbaycan dili ruhunu, təbiətini,
daxili imkanlarını, yaratdığı ənənələri
qoruyub saxlayaraq inkişaf edib və bu günümüzün,
gələcəyimizin dilinə çevrilib.
Rəsul Rza Azərbaycan dilindəki nöqsanları
şərti olaraq iki qrupa bölür. Nöqsanlardan
birini dilə yerli – yersiz yeni sözlərin gətirilməsi
ilə, ikincisini isə sözləri yerində işlədə
bilməmək, cümlə savadsızlığı, Azərbaycan
dilinin qayda – qanunlarına riayət etməməklə
bağlayıb. O, hər iki nöqsanı dil
üçün qorxulu sayıb, dildə
özbaşınalığın yaranmasına kömək edən
qüsurlu vasitələrdən hesab edib.
Rəsul
Rza dilimizi ərəb və fars dillərinin təsiri ilə
mübarizə pərdəsi altında anlaşılmaz
sözlərlə dolduranlara qarşı qəti mübarizə
aparır və onlardan soruşurdu: “ Kasıb,
ağıllı, sovqat, fəhlə, fabrik, vaqon, xoruz, dilxor, məktəb,
adam, dünya, kolxoz, dəsmal, Sovet və yüzlərlə
belə sözləri işlədəndə kim bu sözlərin
Azərbaycan sözü olmadığı barədə
düşünür? Kim bu sözləri
anlamır? Dilin qüdrəti də
orasındadır ki, onillər sürən ərəb
istilası, fars təzyiqi, osmanlı təsirləri altında
öz ruhunu saxlamışdır”. Bu qəbildən
olan yüzlərlə söz Azərbaycan dilinin qayda –
qanunlarına uyğunlaşıb. Onların
mənşəyi isə dilçiləri çıxmaqla,
böyük əksəriyyəti
düşündürmür, heç Azərbaycan dilində
danışan üçün bunun o qədər də əhəmiyyəti
yoxdur.
Rəsul
Rza o vaxtkı “Ədəbiyyat qəzeti”ndə, “Kommunist” qəzetində,
“Revolyutsiya və kultura” jurnalında bir sıra ciddi dil
nöqsanlarını aşkarlayıb üzə
çıxarmış, belə nöqsanların islah
olunması yolunda öz prinsipial mövqeyini açıq şəkildə
göstərmişdi. O, qəzet əməkdaşlarına dilə
lüzumsuz sözləri gətirdiklərinə görə
irad tutur və bu sözlərin əvəzində onların
qarşılığını Azərbaycan dilində
tapmağı vacib sayırdı. Bununla da
qarşılığı Azərbaycan dilində tapıla bilən
sözlərə üstünlük verirdi. O
yazırdı: “Kommunist” qəzetinin bəzi əməkdaşları
da dilə lüzumsuz yeni sözlər gətirməklə, həqiqətən,
birinci yer tuta bilər. Natura, uçastok, mexanizator, mobilizasiya,
sort, pozisiya, transport, spekulyasiya, ekipaj, reys, produksiya, korpus,
uçot, xormeyster, avariya, prosent, prostoy, komissariat, masştab,
realizə etmək, maşinist, laryok, struktura, instruksiya,
populyarlaşdırmaq, buksir və bundan başqa yüzlərlə
belə sözləri yazan qəzetə işçiləri
bir balaca özlərinə zəhmət versələr, bu
sözlərin əvəzini Azərbaycan dilində tapa bilərlər”.
Rəsul Rza belə hesab edirdi ki, nüfuzlu qəzetlərdə
buraxılan dil səhvlərinin üstündən elə-belə
keçmək olmaz. Ona görə ki,
nüfuzlu qəzetlərdəki səhvləri sonralar o biri qəzetlər
də olduğu kimi verir, təkrar edirlər. Məsələn,
Rəsul Rza “Kommunist” qəzetinin buraxdığı səhvləri
“Gənc işçi” və “Ədəbiyyat qəzeti”nin buraxdığını, bu səhvin
ardınca getdiyini qeyd etmişdir. Bununla da Rəsul Rza qəzet
dilinin üzərində xüsusi olaraq dayanmış və qəzet
dilinə sobor, kupol, dvornik, eqoizm, kaşa, svita, interes, qeroik,
traktovka və s. sözlərin gəlməsini məqbul hesab
etməmişdir. Rəsul Rza səhvlər
buraxan qəzet və jurnalların yolu ilə getməməyi
tövsiyə etmişdir. Onun fikrincə,
traktorçu əvəzinə traktorist, yedək əvəzinə
buksir, qəza əvəzinə avariya, xəzəl əvəzinə
sarı yarpaq deyənlərin və yazanların bu cür fəaliyyəti
dilimizi xalq dilindən uzaqlaşdırmaqdan başqa bir şey
deyildir.
Rəsul Rza tərcümə prosesində dilin daxili
imkanlarına üstünlük verməyi vacib sayır, bu
zaman söz qondarmağın əleyhinə olub. Çox
haqlı olaraq tərcüməçilərin xalq dilinin zəngin
xəzinəsinə müraciət etmələrini onların
qarşısına bir vəzifə kimi qoymuş, tərcümə
zamanı sözlərin, ifadələrin Azərbaycan dilində
əvəzləyicisini, qarşılığını
tapmağı onların nəzərinə
çatdırmışdı. Eyni zamanda tərcümə
zamanı mexaniki surətdə sözləri başqa dilə
keçirməyin əleyhinə olub, birinci növbədə
tərcümə olunan dilin öz imkanlarından istifadə
etməyi lazım bilirdi. Bu barədə o, dil faktları
əsasında ümumiləşdirmə aparmaqla belə bir qənaətə
gəlirdi: “Azərbaycanda səhəng sözünün bir
çox şəkilləri vardır. Balaca
böyüklüyündən asılı olaraq cürdək,
sovça, bardaq, səhəng və sairə kimi adları var.
Bizdə at təxminən 14-ə qədər sözlə ifadə
olunur: at, madyan, ürgə, qurquru, dayça, köhlən,
alaşa, ayqır və sairə. Heç bir
zaman azərbaycanca yazılmış bir əsər rus dilinə
tərcümə olunduqda bu sözlərin hamısını
mexaniki surətdə rus dilinə keçirmək olmaz. Birinci növbədə rus dilinin öz
ehtiyatlarından istifadə etmək lazımdır. Çünki rus dilinin öz qaydası, öz ifadə
formaları var. Bir şeyi, bir hadisəni ifadə eləmək
üçün ana dilində söz və ya söz birləşməsi
olmadığı halda dilə yeni söz gətirilə bilər”.
Rəsul Rza belə hesab edirdi ki, dilimizə daxil olmuş
əcnəbi sözləri öz dilimizin qayda – qanunlarına
uyğunlaşdıraraq işlətməliyik və qoruyub
saxlamalıyıq. Əcnəbi sözlər üzərində
dilimizin qayda – qanunlarını və dilimizin ruhunu hakim etməliyik.
Əksinə etmək, yəni əcnəbi
sözlərin hər biri üçün yeni bir qanun, qayda
yaratmaq Azərbaycan dilinin təbiətini, ruhunu, qayda –
qanunlarını əlindən ala bilər və nəticədə
on illərdən, yüz illərdən sonra Azərbaycan dilindən
əsər-əlamət qala bilməz. Odur ki, Rəsul
Rza yüzillərlə xalqımızın işlətdiyi
Ərəbistan, Hindistan, Almaniya, Gürcüstan, Ermənistan,
gürcü, erməni sözlərinin Araviya, İndiya,
Germaniya, Qruziya, Armeniya, qruzin, armyanin kimi yazılmasına
etiraz edirdi və bununla da mövqeyinin
dürüstlüyünə mütəxəssislər,
peşəkarlar tərəfindən rəğbət
yaradırdı.
Rəsul
Rzanın dilimizdəki nöqsanlarla bağlı
qaldırdığı məsələlərdə o qədər
həssaslıq, tələbkarlıq, məsuliyyət hiss
olunur ki, bunların müqabilində istər- istəməz əli
qələm tutan hər bir şəxs yazı-pozu işlərində
həssas və məsuliyyətli olmaq məcburiyyətində
qalır və başqa cür də ola bilməz. İndinin özündə də qəzet və
jurnal əməkdaşlarının həssas və məsuliyyətli
olanlarına böyük ehtiyac vardır. Odur ki, Rəsul
Rzanın bu istiqamətdəki mövqeyi nəşriyyatda, qəzet
və jurnallarda çalışan hər bir əməkdaşı
məsuliyyətli olmağa çağırır: “Bizim nəşriyyat
idarələrində, jurnal və qəzetlərdə işləyən
yoldaşlar bilirlər ki, Qlavlit işçiləri bir kəlmə,
bir vergül üstündə uzun-uzadı danışığa
başlayıb adamı on dəfə gedib-gəlməyə məcbur
edirlər”.
Rəsul Rza mətbuatda bəzi sözlərin, ifadələrin
yerində işlənməməsi barədə də dil
faktlarından çıxış edərək yazı
qaydalarında düzəliş işlərinin
aparılmasına ehtiyac olduğunu da qeyd edirdi. Məsələn,
cümlələrdə məntiqi və semantik cəhətdən
ehtiyac olmadan əlavə sözlərin işlədilməsini
məqbul saymırdı. Özü, özünün,
özünə və s. bu kimi sözlərin yersiz olaraq
cümlələrdə işlənməsini məntiqi və
semantik baxımdan düzgün hesab etmirdi. “Müşavirə
işini qurtardı” yerinə, “Müşavirə öz
işini qurtardı”, “Əhməd oğluna nəsihət elədi”
yerinə, “Əhməd öz oğluna nəsihət elədi”
kimi işlətməyi düzgün yazı qaydası kimi
götürmürdü. Bundan başqa, “öz”
sözünün bəzi cümlələrdə gərəkli
olduğunu, işlənməsinə ehtiyac olduğunu qeyd
edirdi. Məsələn, “Əhməd
uşaqların mübahisəsinə qulaq asdı, öz
oğlunu danladı”, “Əhməd kitablar arasından öz
kitabını götürdü” cümlələrində
olduğu kimi.
Rəsul Rza danışıq və yazılı dilimizdə
düzgün olmayaraq işlədilən sözlərlə
bağlı maraqlı və orijinal fikirlər söyləyib. Məsələn,
“artıqlaması ilə”, “plana dair” kimi sözləri o,
uydurma sözlər adlandırıb. “Daha
çox”, “daha artıq” demək mümkün olduğu halda, “artıqlaması
ilə” deməyin eybəcər bir forma olduğunu qeyd edib.
Doğrudan da “çox” və “qalıq” mənalarını
ifadə edən artıq sözündən artıqlama və
bundan da artıqlaması formasını yaratmaq eybəcər
və uydurma görünür, halbuki bunun əvəzinə
daha artıq demək mümkündür. Bu sözlərlə
yanaşı, dilimizdə işlətdiyimiz kol
sözünün gül kolu, pambıq kolu kimi işlənməsini
düzgün hesab etməyib, kol sözünün Azərbaycan
dilində iki halda işləndiyini göstərib:
böyürtkən kolu, qaratikan kolu.
O, qeyri,
anti, əks, na, bi, baz morfemlərinin hər
birindən yaradıcı şəkildə istifadə etməyin
tərəfdarı olub. Hətta bir dildən
başqa dilə keçən sözlərin, ifadələrin
həmin dili zənginləşdirməsini də nəzərə
alıb. Rəsul Rza bu barədə yazırdı: “Bu
götürmələr, gətirmələr ana dilinin ruhuna,
deyiminə, ahənginə, qrammatik qaydalarına, bir sözlə,
qanına – canına yatırsa, xaric səslənmirsə, bu,
dili zənginləşdirir. Vay o haldan ki, o,
başqa xalqın dilindən alınmış kəlmə,
qanun və ahəng xüsusiyyətlərimizi nəzərə
almadan dilə pərçim edilsin”.
Dil mədəniyyətdir. Mədəniyyətdən
danışdıqda onun görünən və görünməyən
tərəflərini açmaq, təhlil etmək
lazımdır. Deyərdim ki, mədəniyyətin
özünün tərcümeyi-halını yazmaq və təqdim
etmək olduqca vacibdir. Bu mənada dil adlı mədəniyyətin
heç də az olmayan problemləri vardır.
Həmin problemlərin hər biri öyrənilməli
və tədqiq edilməlidir. Bax bu
baxımdan da Rəsul Rzanın mövqeyi çox dəqiq və
dürüst idi. O yazırdı: “Dil mədəniyyətindən
danışmaq o dilin hələ görülməmiş
problemlərini açmağa çalışmaqla
bağlıdır. Bu vaxta qədər Azərbaycan
dilində olan idiomların izahı, onların tarixi
bioqrafiyası, ifadə zənginliyi haqqında tutarlı bir əsər
yoxdur”.
Rəsul Rza gəlmə sözlərin dildə necə,
nə şəkildə işlənməsindən, onların
mənfi və müsbət məna ifadə etməsindən də
bəhs edib. Belə sözlərin dildə özümləşməsini
çox vacib sayıb. O, özümləşmə deyəndə
dilə gələn sözlərin dilin təbiətinə,
ruhuna, qayda – qanunlarına uyğunlaşmasını nəzərdə
tutub. Rəsul Rzaya görə, dilə gələn
sözlər dildə özümləşmirsə, onda
onları Azərbaycan sözləri ilə əvəz etmək
lazımdır. Məsələn, rifahi –
hal yerinə dolanacaq, yaxud güzəran, əhvali – ruhiyyə
yerinə qırım işlətmək yaxşı deyilmi?
Onun fikrincə, belə işlətsək vərdişə
çevrilər, qulağa yatar və nəticədə dilin
axarına düşər, adi sözə çevrilər.
(Ardı var)
Buludxan XƏLİLOV
filologiya elmləri doktoru, professor
525-ci qəzet.-
2015.- 7 fevral.- S30.